Son ümid
Üç yoldaş… Çar hökumətindən qalma üç töhfə… zəhmətkeşlərin sabiq suluqları, yeni məişətin üfunətli mikrobları.
Biri burjuaziya sinfinin zəngin və şöhrət sahibi, müvəkkili, ismi Həzrətqulu. Sabiqdə iki ağa kəlməsinin izafəsilə, biri başda, biri axırda, Ağa Həzrətqulu ağa.
Digəri sabiqdə mülkədar, kəndlilərin ağası, yə’ni cəllad. İndi işsiz Səfdərqulu.
Üçüncüsü, çar hökumətinin «xalis» qulluqçusu, qoçaman qurdu, ləqabi «rüşvətxor», ismi Qulam.
Klubları: şəhər bağçasının az şənlik bir küşəsində, hasar dibində qoyulmuş bir skamya.
Müəyyən vaxtları: günəş qürubə enər zamanından batana kimi. Yəvmiyyə məşğuliyyətləri; iri dənəli, sarı rəngli təsbehləri şaqqıldadaraq, «bəlayi-əzim»-dən xilas olmaq münasibətilə tükənməz laqqırtı, bitməz bəhs etmək.
İndi özlərini dinləyək.
– Qulam, bu gün qəzetdə nə yeni xəbər var? – deyə Həzrətqulu soruşdu:
– Həzrətqulu ağa, dostlarımızın işləri çox pisdir. Həm daxildə və həm xaricdə. Bir sözlə, axır nəfəsləridir.
– Sizə demişəm və yenə də deyirəm ki, Şura hökumətini yıxacaq bir qüvvə varsa, o da İngiltərə hökumətidir.
– Onun çənkəsindən qurtarmaz! – deyə Səfdərqulu bəy təsbehini şaqqıldatdı.
– «Avropa hökumətləri birləşirlər, Şura hökumətinin son nəfəsidir, bu sənəni salamat çıxartmaz»... Bu sözləri siz cənablardan tam yeddi ildir ki, eşidirəm, lakin bu dinsizlər indiyə kimi sağ və salamat yaşayıb üstümüzdə ağalıqlarını sürürlər, – deyə Həzrətqulu ah çəkdi.
– Yox, Həzrətqulu ağa, daha bu rəng o rəngdən deyil, Səfdərqulu bəy doğru buyurur. Çemberlen bu hökuməti yıxmayınca sakit olmaz. Bu yaxın zamanda Fransa, İtaliya və başqa Avropa hökumətlərini də Şura hökuməti ilə əlaqələrini qırmağa vadar edəcəkdir. Ondan sonra...
Sədəfqulu bəy onun sözünü kəsərək:
– Ondan sonra İnkiltərə hökuməti donanması ilə Baltik dənizindən Leninqrada, qoşun ilə Hindistandan Türküstana, Çindən Sibirə hücumunu başlar. Bu tərəfdən Polşa, Rumıniya və qeyriləri yürüş edib, on gün içərisində bunları məhv edib biz məzlumları da onların çənkəsindən xilas edərlər...
– Səfdərqulu bəy, bəs türklər? Onları meydana gətirmək? – deyə Qulam soruşdu.
– Kimlər bu müharibədə iştirak edəcək məsələsi ilə mənim işim yoxdur. Hər kəs olursa-olsun, mənim mülkümü qaytarıb özümə versin. Küçələrlə getdikdə o gözəl, yüksək, geniş saraylarımı gördükdə, ürəyim qan dolur, – deyə Həzrətqulu dəsmalını çıxarıb yaşarmış gözlərini silməyə başladı.
Onun belə pərişan halı bəhsinin xitamına səbəb oldu. Səfdərqulu bəy dedi:
– Həzrətqulu, qəm etmə. Mən də sabiq mollapapaq, ayağı çarıqlı rəiyyətlərimi gördükdə ağlım başımdan çıxır. Lakin qayım iman etmişəm ki, bu yaxın zamanda onların boğaz kəndirlərini yenə də mənim əlimə verəcəklər. Onda görərsən ki, analar neçə oğlan doğmuş!
– Səfdərqulu bəy! Haçan? Haçan? – deyə Həzrətqulu nalə etdi.
– Müəyyən vaxtmı istəyirsən? – deyə Səfdərqulu soruşdu.
– Bəli, daha mənim səbir kasam dolub daşmış, gözləməyə taqətim qalmamış! Allah-taala ağlımı necə aldısa, yoldaşlarım kimi xarici ölkəyə qaçıb canımı bu bidin zalımlardan xilas etmədim, – deyə Həzrətqulu ah-zar etdi.
– Həzrətqulu, bu möhtərəm yoldaşımız Qulamın hüzurunda sənə qəsəm edirəm ki, üç aya kimi bunlar məhv olacaqlar! Şura hökuməti onillik bayramını görməyəcəkdir! İstəyirsən, səninlə bu barədə əhd-peyman edim.
– Səfdərqulu bəy, hərgah bu dediyin əmələ gələrsə, mən and içirəm ki, bolşeviklər tutmuş o gözəl sarayımda sizə elə bir ziyafət verim ki, misli indiyə kimi şəhərimizdə olmasın.
– Həzrətqulu ağa, Səfdərqulu bəyin dediyinə mən də qayım inanmışam. İran təqvimi yazır ki, bu sənə Avropa hökumətinin bir cəsimi məhv olacaqdır. Hətta vaxtını da müəyyən edir. Biz hesaba vurduq, gəlib oktyabr ayının sonu çıxdı. Buna nə deyirsən? – Qulam soruşdu.
– Allah-taala hər ikinizin dediklərini doğruya çıxartsın.
Daha günəş batmaqda idi. Yenə ümidlə Şura hökumətinin «dostları» qalxıb yola rəvan oldular.
Sabah Böyük Oktyabr inqilabının onilliyi tamam olurdu. Şəhər bu bəzək və zinəti tarixində görməmişdi. Hər yan yanır, parlayır. Al bayraqlar, rənkin ziqimət xalılar, ipək xalçalarla bəzənmiş şəhər binaları laləli və rənkli çiçəkli dağlara bənzəyirdi.
Sənət və texnika yeni bir təbiət meydana gətirmişdi.
Şəhər bağçasında keniş bəzək tədarükü bitmişdi. Ağaclar və əski həsarlar kənkbərənk fənər və elektrik lampaları ilə bəzənmişdi. Çarhovuzlarda fəvvarələr düzəldilmişdi. Bağ tamaşaçılarla dolu idi. Günəş qürubə enib qayıb olduqda, qəflətən elektrik enerjisi buraxılıb, fəvvarələr açıldı. Heyrətli bir mənzərə zühur etdi. Bunu gördükdə cəmi qəlblərdə fəxr və heyrət doğdu.
Ağızlardan şadlıq sədası ucaldı. Xeyr, səhv etdim. Əllərində sarı təsbeh, öz skamyasında hazır olmuş üç yarasa buna heç də şad deyildilər. Gözləri qamaşdıran bu nurdan başlarını aşağı salıb pərişan-hal oturmuşdular. Birdən Həzrətqulu başını qaldırıb yoldaşlarına dedi:
– Səfdərqulu bəy, qəsəmin necə oldu? Qulam, İran təqvimin harada qaldı?
Səfdərqulu bəydən səs çıxmadı. Qulam isə öz-özünə: qayıb olan günəş, sabah nə xəbərlə tülu edəcək...
– Qulam, bununla nə demək istəyirsən? – deyə Həzrətqulu soruşdu.
– Heç, Ağaməhəmməd şah Qaçarın qanlı vəq’əsini yad etdim.
– Demək, hələ ümidini kəsməmişsən?
– Ümid kəsmək – ölmək deməkdir. Kim bilir, bəlkə sabah göydən şadlıq atəşi təküldükdə, dostlarımız tərəfindən də partlayan bombalar yağacaqdır!..
– Səfdərqulu bəy, nə dərin fikrə getmişsən, söyləsənə? – deyə Həzrətqulu soruşdu. Səfdərqulu başını qaldırıb dedi:
– Hər halda sərvaxt olmalı, sabah evdən bayıra çıxmamalı. İndi isə gedək, burada qalıb şadlıq etmək bizə yaraşmaz.
Həzrətqulu dedi:
– Onda sabah bizə yığılınız, görək başımıza nə gəlir!
Yeni və son ümid ilə qalxıb getdilər.
Noyabrın yeddisi... Böyük Oktyabr inqilabının onilliyi! Sosialist Şura Cümhuriyyətinin şanlı bayramı! Dünyanın altıda bir hissəsi al bayraq altında bu gün yürüş edir:
Sağın! Yeni həyata keniş yol!..
Hekayəmizin qəhrəmanları, Axund Mir Cəfərlə bahəm, həmin gün Həzrətqulunun otağında oturub arası kəsilməyək qızıl əskər, matros, komsomol, pioner, və müxtəlif ittifaqlar dəstələrinə tamaşa edirdilər. Axund Mir Cəfər dedi:
– Allah-taalanın səbri çox isə də, qəzəbi də az deyil! Çox belə asilərin cahi-cəlalını bir göz qırpmada fəvt etmiş!
Həzrətqulunun səbir kasası aşıb daşmışdı. Axundun bu sözlərinin üstündə əsəbi bir hal ilə bağırdı:
– Yalan, bir də yalan!
– Həzrətqulu ağa, allahı inkar edirsən? – deyə axund gözlərini bərəltdi.
– Bəli, inkar edirəm! Allah, peyğəmbər, imam, din, məzhəb, axirət heç biri yoxdur. Hamısı yalandır!..
– Kişi əstəğfir et, yoxsa, xudavəndi-aləmin qəzəbinə kiriftar olarsan!..
Bu halda müsəlman qadınlarının dəstəsi gəlib keçirdi.
– Bax, axund, bax! Odur, müsəlman qadınları əllərində qırmızı bayraqlar, üzləri açıq, naməhrəm kişilərlə dəstəbazlıq edirlər. Daha dini-islamdan nə qalmış? Bəs nə üçün allahın qəzəbi onları tutmur. Nə üçün ona asi olan bu dinsizləri on il yaşadıb belə bayram etməyə qoyur? Nə üçün qəzəbi tutmur?
– Tutar! Lut qövmü kimi onları da dənizə qərq edər. Ad qövmü kimi dağ-daşa çapıb tələf edər, – deyə bağırdı.
– Yalan! Bunların hamısı uşaqlar üçün düzəltmə nağıllardır...
– Sus! Nadürüst! İndi də qur’anı inkar edirsən? – deyə Axund Mir Cəfər ayağa qalxdı. – Belə bidinin evində mən oturmaram.
İşi belə gördükdə Qulam və Səfdərqulu bəy münaqişəni yatırmağa sə’y etdilər.
– Axund Mir Cəfər ağa, rica edirəm əyləşəsiniz. Ağa, Həzrətqulu ağaya bu işlər artıq tə’sir etmiş, bir qədər sərsəm etmişdir, – deyə Qulam axundu sakit etməyə başladı.
Səfdərqulu bəy dedi:
– Binəva nə etsin? Buna davam etmək olarmı? Mənim də ağlım çaşır? Az qalmışam mən də onun kimi asi olam.
Bu dəmdə göy üzündə seyr edən aeroplanlardan buraxılan çervon iriliyində kağız parçaları xazan yarpaqları kimi havada uçuşmağa başladı. Bunu gördükdə adamlar başlarını yuxarı qaldırıb baxdılar.
– Qulam, yoxsa dediyin doğruya çıxır, – deyə Həzrətqulu heyrətlə gözlərini göyə zillədi.
Qulam cəld özünü küçəyə atdı.
– Axund, məni bağışla, təqsirimdən keç!.. Xudaya, sənə asi düşdüm, mən aciz bəndəni əfv et! – deyə Həzrətqulu dua etməyə başladı.
Bu vaxt kağız vərəqləri yavaş-yavaş yerə təkülməkdə idi. Adamlar onları qaparaq oxumağa məşğul oldular. Qulam da birini uşağın əlindən qapıb tez içəri girdi. Böyük təlaşla, iztirabla, əlləri əsərək titrək səslə oxumağa başladı:
«Yoldaşlar, vətəndaşlar!
Qızıl hava Donanması tərəfindən, Böyük Oktyabr inqilabının onilliyi münasibətilə bərabər, bu günkü şadlığımızı artıran yeni bir xəbərlə də sizi təbrik edirik. O da budur havas telegraf akentliyinin verdiyi xəbərə görə, Hindistan proletariatı öz azadlığı üçün İnkiltərəyə qarşı üsyana başlamışdır.
Yaşasın Böyük Oktyabr inqilabı!
Alovlansın onun cahana saçdığı qığılcımları!».
Bu da son ümid!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-sani-son-umid
Use ← → keys to move, R for a random poem
More by this author
Birinci şəkilDördüncü pərdədən üç il keçmişdir. Səhnə meşə içində bir bulaq göstərir. Pərdə qalxdığında Şəmsi bəy, Qəmər, Zöhrə xanım və Cəbi görünür.*
YuxuYuxumda özümü bir qaranlıq yerdə gördüm. Gözlərim heç şey seçmirdi. Lakin ayaqlarımın altında torpaq olduğunu hiss edirdim. Bir müddət keçərək gözlərim zülmətə öyrəşdi. Yavaş-yavaş etrafımdakı əşyanı seçməyə qadir oldum. Müqabilimdə bir səhra açıldı, orada qoyun sürüsü göründü. Sürüyə tərəf yönəldim, yaxınlaşdıqda belə bir şəkil gördüm; qoyunlar başlarını yerə əyib, gözlərini ota dikib kuya otlamaq istəyirlər, lakin hərəkətsiz durmuşlar. Çobana gəldikdə o da çomağının ucunu ovuclarına alıb çənəsinə dirsək vermişdi. Onda da heç bir hərəkət yox idi. Mən təəççübdə ikən gözlərimə meşə və çay sataşdı. Oraya getdim. Meşədə çoxlu heyvan və quş var idi. Fəqət bunlar da hərəkətsiz, sükuta getmişdilər. Hətta çayın suyu görünərək sanki yuxuya dalıb dayanmışdı. Məni heyrət götürdü. Bu anda sağ tərəfimdə qəbiristan və orada insanlar göründü.– Gedim, onlardan harada olduğumu soruşum, – deyə yola düşdüm. Gəlib çatdıqda gördüm ki, qəbirlər arasında əmmaməli, fəsli, papaqlı, sarıqlı insanlar dərin yuxuya getmişlər.
Kövkəbi-hürriyyətŞahzadə nağıla başlayaraq deyir:– Şahim, zamani-sabiqdə, Süleyman peyğəmbərin əsrində, tərəfi-şimalda bir tayfeyi-əzim sakin idi. Bu tayfanın vətəni bir cənnət misal məkan idi ki, təbiət öz gözəlliyini orada sübuta yetirmişdi. Lakin bu torpaq bir mərəzi-bidərmana mübtəla olub, o gözəl nə’mətlərdən məhrum qalmışdı. Bu mərəz pirlik mərəzi idi: belə ki, 18 yaşında cavanın saçı-saqqalı ağarıb, beli ikiqat olurdu. Əlləri, ayaqları əsib, gözlərinin nuru gedirdi. Həştad yaşında bir qocaya dönürdü. Bu xalqdan iyirmi beş yaşına çatan olmamışdı.
QonaqlıqBol yedilər, bol içdilər. Qəhvə gəldi. İçərkən ortalığa belə bəhs düşdü.Hökumətin sütunu kimdir?