Dedi: – Oxumuram təzə şerini,Xeyli var heç yanda görünmür imzanElə kürsülərdə görürəm səni,Bəs nə vaxt oturub şeir yazırsan?

Dostum, qədrini bil saatın, günün.Həyat nəfəsidir sənət həvəsi.Qırxı adladımı –şair ömrününİnan ki, qızıldır hər dəqiqəsi.

Gün var əllərindən uçub şar kimi,Yerində nə qalıb? –Yersiz hay haray.Dövlət bankındakı hesabdar kimiAyları, günləri xəsisliklə say.

Hesabla, görərsən bu səxavətinÖmür bahasına başa gəlibdir.Tərifi, xumarı hər ziyafətin,Evə günahınla qoşa gəlibdir.

Dostum, çox gedirsən toya, matəmə,Gərək bu gedişdə bir ölçü olsun.Şeir yaz, təskinlik gətirsin qəmə,Şeir yaz, toylarda bir elçi olsun.

Xərcləmə ömrünü, tükənir varın,İllər köçəridir, qayıtmaz bir də.İnan ki, həqiqi sənətkarlarınÖzü bir yerdədir, sözü min yerdə.

Ötəri fikirlər qatıb başını,Uşaq tək uymusan boş təsəlliyə.Sən çoxdan ötmüsən Müşfiq yaşını,Artıq qədəm qoyub ömrün əlliyə.

Şair qocalırsa, bu şadlıq deyil,Ömrə güman hanı, etibar hanı?Şairlik döyüşdür. Rahatlıq deyil,Yürüş meydanıdır, yarış meydanı...

Onun qəzəb dolu həqiqətinəBircə yol “haqlısan” deyib kiridim.Yoldaş gileyinə, dost töhmətinəÇoxdan həsrət idim, tamarzı idim.

Bu gün hakim kimi durdu qarşımdaÖz şair qardaşım, sınanmış dostum.Hər sözü od töküb çaxdı başımda,Bildim günahkaram, hörmətlə susdum.

Necə xeyirxahmış dostun qəddarı. –O məni yandırdı öz əvəzimə.Üzümə çırpdığı bu günahlarıQorxmuşam deməyə özüm-özümə.

Qorxmuşam görməyə zəifliyimi,Tərif kölgəsində daldalanmışam.Günləri sovurub köhnə pul kimi,Şirin yuxularda çox talanmışam.

Uçdü beynimdəki alqış xumarı,Keyimiş təbimə zəlzələ düşdü.Yolumu gözləyən ağ varaqlarıÖz kəfənim kimi yas bürümüşdü.

Gördüm ki, dəyəndə şair nəfəsi,Kağız da sevinir qaralmağına.Bəlkə bir ölkənin sözü, nəğməsiYazılır kitabın bir varağına.

Sanki təzələndi ruhum, varlığım,Qəlbim də, evim də işıqla doldu.Dostun töhmətinə minnətdarlığımTəzəcə yazdığım bu şeir oldu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets