Page 1 of 2

Vaqe olur Rüstəm bəyin otağında, Avropa qaydasında bəzənmiş, Rüstəm bəy əyləşib səndəli üstə, tək.

Rüstəm bəy (tək). İndiyə kimi tamam ömrümdə düşmən qabağından qaçmamışam, həmişə və hər yerdə düşmənə faiq gəlmişəm, bir Allahdan savayı heç kimdən qorxmamışam... (Səktə) Mən haman Rüstəməm ki, topdağıtmaz Cümşüd bəyin evini xaraba qoydum... Mənə bir təşəxxüs satmaqdan ötrü Kərim xanın yurdun xaraba qoydum, tar-mar elədim, evinə od vurdum, külün havaya sovurdum... İndi mən bir ağzından süd iyi gələn cavandan qorxacağam?! (Durur ayağa) Bir at görməmiş, tüfəng əlinə almamış, övrət sifətdə uşaqdan çəkinəcəyəm? Mən, mən Rüstəmi-zəmanə? Heç vaxt. (Təbəssümlə) Hmm... Görək Fəxrəddin atası Heydər bəydən qoçaqmı olacaq ki, əli qılınclı, qabağımda dovşan tazı qabağında qaçan kimi vazıyırdı. (Səktə.) Özün öldürtdüm, qızın güclən oğluma gətirtdim, qardaşların bu vilayətdən itirtdim... İndi məgər mən ölmüşəm ki, Fəxrəddin gəlib burada ad alıb, san çıxartsın və mənim oğlum Rəşid bəy, Rəşid kimi oğlun qanı yerdə qalsın? O mən deyiləm. (Uzun səktə, çağırır.) Əhməd, Vəli!.. Hərgah onu atası yolu göndərməsəm, bu papaq mənə övrət ləçəyi olsun. (Əlin vurur başına.) Bir tək Fəxrəddin oğlum Rəşidin qanına layiq ola bilər... Mən gərək o evi xaraba qoyam!..

Əhməd, Vəli bellərində xəncər-tapança daxil olub baş əyirlər.

Rüstəm bəy. Fəxrəddin bəy Heydər bəy oğlu, deyirlər gəlibdir, onu görəniniz varmı? Ölənəcən mənlən əlləşən atası Heydər bəyə bənzəyirmi?

Əhməd. Xeyr, ağa, görməmişik. Ancaq belə söyləyirlər ki, çox qəribə oğlandır; alçaq, mülayim. Əlavə deyirlər ki, öz rəiyyəti üçün mülkündə azarxana və məktəbxana açıbdır, həkim gətirib, mama gətirib.

Rüstəm bəy. Eşitmişəm... Fəxrəddin tamam dünyanın gözü olsa, genə mənim oğlum Rəşidin əvəzi deyil ki, onu Heydər bəy para-para eləmişdi... Nə qədər Fəxrəddin gözəl olsa, nə qədər kamallı, ağıllı olsa, mənə bir elə artıq xoşdur, çünki onu qəza oğlumun qanına layiq əvəz göndərib və mənim üçün məqami-intiqam. (Səktə) Əhməd! Vəli!.. (Səktə.) Rəşidimin yadigarları! O bədbəxt gecə, Rəşid can verən zamanı biz əhd-peyman elədik, öz aramızda əl tutuşduq, o əhd-peyman yadınızdan çıxmayıbdır ki?..

Əhməd. Xeyr, ağa, elə halət, elə məqam yaddan çıxa bilməz, mümkün deyil... Və adın kişi qoyanın sözü bir gərək. Başımızdakı papaqdır, ağa, övrət ləçəyi deyil!

Vəli. Əvvəl-axır ölümdür. Ağa, qoy can puç olsun, qeyrət yolunda, namus yolunda... Rəşid ağamın müsibətini unutmaq olmaz.

Rüstəm bəy. Mərhəba, mərhəba!.. Cavabınız mərd igidin cavabıdır; çörəyim sizə halal olsun... Əgər sizlən bir yerdə oğlum, biçarə Rəşidim sağ olsaydı, o da mənə belə cavab verərdi... Haradasan, oğul, belimi sındıran oğul? Yaraların yadıma düşəndə dünyavü-aləm başıma aylanır, bədənim od tutub yanır, başımdan tüstü çıxır... Oğul, oğul! Sənin qanını yerdə qoymaram, oğul! Qəbirdə rahat yat... Hərgah meydanda tək də qalsam, genə düşməndən əl çəkməyəcəyəm.

Əhməd. Nə buyurursunuz, ağa, məgər biz qırılmışıq ki, siz meydanda tək qalasız? Nə qədər bədəndə canım var, nə qədər nəfəsim gəlib-gedir, and olsun Rəşid bəyin öz canına, mən düşməndən intiqam almamış, ondan əl çəkməyəcəyəm!

Vəli. Ağa, məni güllə ilə vurub öldürseydiz bundan yaxşı idi ki, o sözü buyurduz. Məgər Rəşid yaddan çıxa bilər?! Rəşid ağanın qanın tək mən alacağam və bir adam başı kəsməklə ürəyim soyumayacaq, onu yəqin bilin!

Rüstəm bəy. Bu qeyrətdən, bu namusdan sonra – ki sizdə gördüm, – mənim dərdimin yüzdən biri qaldı... Allah sizdən razı olsun. Ancaq, oğlanlarım, tələsmək lazım deyil. Mən necə tədbir töksəm, o qayda rəftar edərsiz. Amma o vədəyə kimi bu barədə lal-kar olmaq gərək... Başa düşürsüz ki, nə deyirəm?

Əhməd və Vəli. Əlbəttə, ağa, necə ki, başa düşmürük. Düşməni ayıltmaq olmaz, onlar da güclüdürlər.

Rüstəm bəy. Çox yaxşı, gedin, gedin, Allah sizdən razı olsun. Mahmudu buraya göndərin.

Əhməd və Vəli baş vurub gedirlər.

Rüstəm bəy (tək). Hərgah mənim oğlum Mahmudda namus-qeyrət olsaydı, mənim nişanələrimin yüzdən biri onda tapılsaydı, o indiyə kimi qardaşının intiqamını almışdı və məni bu dərddən xilas eləmişdi... Heyf sənə, oğul, heyf sənə, Rəşid!.. Of.. (Uzun səktə) And olsun Rəşid bəyin qəbrinə, hərgah Mahmud övrətin sözünə baxıb, biqeyrətliyi qəbul eləsə, mən onu bir də oğul deyib çağırmayacağam, ölüb, ya itmiş hesab eləyəcəyəm... Mənim oğlum gərək mənim özümə oxşasın, biqeyrət oğul mənə lazım deyil. Rəşid əlimdən getdi, ölmədim, Mahmud gedəndə nə olacaq?.. (Səktə) Dünyada ömr eləmə, elədin qeyrəti, namusu əldən vermə, vəssalam.

Mahmud bəy (daxil olub). Nə buyurursunuz?

Rüstəm bəy. Gəl otur.

Mahmud bəy (kənar səndəli üstə oturub). Gədələr dedilər ki...

Rüstəm bəy. Səndən bir sual edəcəyəm, ona cavab ver.

Mahmud bəy. Buyurun.

Rüstəm bəy. Mahmud, sənin məhəbbətin məni vadar elədi, mən də gedib düşmən qızın gətirdim cəbrən və evimdə gəlin elədim və mən öləndən sonra dövlətimə şərik... Demirəm pisdir, göyçək deyil, ağılsız-kamalsızdır... Amma düşmən qızıdır və bu düşmənçilik ki, bu saat bizim aramızda var və həmişə olacaq, Gülbahar mənim evimdə qala bilməz, əlavə müsibətlən gələn qızı düşmən qapısına geri qaytarmaq özü bir böyük müsibətdir... Gülbahar gərək getsin. (Səktə.) Qandın ki, tələbim nədir? (Səktə.) Səndən cavab gözləyirəm, de görüm sözün nədir?!

Mahmud bəy. Məni bağışlayın, ata, hərgah məhəbbət necə ki, buyurursunuz, sizi vadar elədi gəlin barəsində cəbrən iş görməyə, ola bilərmi ki, haman məhəbbət mane ola ikinci cəbrə və zülmə?

Rüstəm bəy. Ola bilməz... İkinci təklif: hazırsanmı Heydər bəyin evin tar-mar etməyə, yurdunda bayquş ulatmağa, Rəşid bəyin qanını almağa?

Mahmud bəy. Sahib-ixtiyarısınız... Amma Fəxrəddin bəyin haqqında doğrusu insaf yol vermir; çünki o biçarə bitəqsirdir və özü o vaxt burada olmayıb.

Rüstəm bəy. Hay, hay, hay, hay, Mahmud! Mən elə qabaqcadan bilirdim sənin cavabını... Heyf sənə, Rəşid! Yaraların sübut edirdilər ki, düşmənə asanlıqla can verməmisən. Biçarə oğul, belimi sındıran oğul!..

Mahmud bəy. İnanın, ata, Rəşid bəyin müsibəti necə ki, sizə rahatlıq vermir, elə də mənim özümə. Ancaq, ata, Allah xatirinə məni vadar eləməyin nahaq qan tökməyə və zülm etməyə...

Rüstəm bəy (rişxənd ilə). Xa, xa, xa!.. “Nahaq qan tökməyə”. Hm... Rəşid yəqin ki, mənə belə cavab verməzdi! Mahmud, Mahmud, bu mərtəbədə sənə tuman əsər edib? A bədbəxt!

Mahmud bəy. Məgər insaflı iş görmək binamusluğu sübut edər, ata?

Rüstəm bəy (acıqlı). Kifayətdir, gedə bilərsən... Ancaq qaçıb Gülbahar xanım ilə pıçı-pıçı danışmayasan, təvəqqe eləyirəm.

Mahmud bəy. Ata, mən ölümə getməyə...

Rüstəm bəy. Kifayətdir, mürəxxəs, gedə bilərsən!

Mahmud bəy (gedə-gedə kənara). Belə ki, sən başlamısan, öz evində bayquş ulayacaq.

Rüstəm bəy (tək). Rəşid! Qanını yerdə qoymaram. Yoxsa oturduğum yerdə sinəm partlayıb bağrım çatlar!.. Bir qaranlıq gecədə gədələri götürüb gedərəm, od vuraram evlərinə, tayalarına və çölə çıxanı gülləbaran edərəm. Rəşid! Bilsəm ki, evim tar-mar olacaq, yurdum itəcək, genə sənin qanuvu yerdə qoymayacağam, oğul!.. Evlərini Qars qalası da eləsələr, yüz nəfər adam da orada olsa, genə gərək mən intiqamımı yerdə qoymayam... Mənə iki etibarlı nökərim, Cahangir bəy, yoldaşları kifayətdir... Vay Mahmud, vay Mahmud!.. (Gedir.)

Gülbahar xanım (daxil olub). Uy, ay qardaşlarım, uy, yazıq atamın evi!.. Qulaqlarım kar oleydi, bu günə əhvalatı eşitməyəydim... İndi mən neyləyim, Allah? Dərdimi kimə deyim, Allah?.. Kağız yazıb kimlən göndərim? Nə tövr onları xəbərdar eləyim?.. Ağlım çaşır, Allah!.. Mən Fəxrəddinin ölümünə tab eləyə bilmərəm, Allah! (Ağlayır.) Uy, yazıq qardaşlarım, yetim canım, yazıq canım, qərib canım sizə qurban, ölüm mənimdir, Allah! (Yıxılır səndəli üstə gözlərin örtüb ağlayır.)

Sədayi-qayibanə oxuyur:

Yaran, bu gərdişi-fələkin kəcmədarı var,
Dövrü zəmanənin nə yaman ruzigarı var!
İbrət gözün açıb hər kim yəqin görər
Kim bu xərabə çölündə müsibət baharı var.

Səadət xanım (daxil olub). Gülbahar, nə olubdur? Gülbahar! De görüm nə olub?! Səsini çıxart, Allah xatirinə, məni qorxutma?!

Gülbahar xanım. Müsibət yerdən göyəcən... Səadət, Səadət, canım sənə qurban, bağrım çatlayır, aman günüdür!

Səadət xanım. Gülbahar, sən məni həqiqət qorxudursan. Allah xatirinə tez ol, sözünü de!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Balaca mütəfərriqələr 45

Keçən pəncşənbə günü dövrədən mənzilə qayıdan zaman bəndəyə bir cənab rast gəlib mənə hücum etdilər.– Ağa Dərviş! Nə tutmusan bizim yaxamızdan, qardaş, əl çəkmirsən? “Uşaqlarınızı oxudunuz, nicatımız elmdədir” – deyərək bizi təngə gətirdin... Atam, bəs deyilmi?!

19112 min
Balaca mütəfərriqələr 46

– Yenə nə olub, ağa Dərviş, əhvalını pərişan görürəm?– Əhvalım pərişandan pərişandır. Bu gecə sübhədək yatmamışam. Ancaq göz yaşına elə güc vermişəm.

19112 min
Balaca mütəfərriqələr 47

– Kərbəlayı, qardaşım! Buyurursan ki, dərviş yenə dəli olub, ağzına gələni danışır. Qulaq as, atam, görüm sən də dəli olarsan, olmazsan! Bu günlərdə bir alicənaba rast gəlib sual etdim: ağacan, qlasnılar intixabı yaxınlaşır, halınızı pərişan deyirlər, doğrudurmu? “Bu işlərə mən qarışmıram və qarışmayacağam da”, – deyib ağam özünü vurdu kantora... Dayandım... Fikrə getdim... Ciyərim odlandı. Üz qoydum bazara... Rast gəldim bir qeyri-cənaba. Ərz elədim: ağacan, qlasnılar intixabı yaxınlaşır, fikriniz nədir? Ağamın cavabı belə oldu: “Cəhənnəmə yaxınlaşsın, gora yaxınlaşsın... İntixab bir yol olar, iki yol olar, nəinki... Təngə gəlmişik, mən bu işə yaxın durmayacağam, canları çıxsın!” Bu sözləri deyib mindi faytona. Afərin bu cavaba, – deyib mən də uzaqlaşdım... Rast gəldim bir nəfər əhli-ürfana. Başladım şikayəti ruzigardan...– Ağa Dərviş! Əmin-amanlıqdan dəm vurursan, əfəndim... Məgər bizim sözümüzə baxan var! Nahaq zəhmət çəkmə, ağa Dərviş, bizlərdən adam olmaz!

19112 min
Balaca mütəfərriqələr 48

– Kərbəlayı, doğru buyurursan, keçən vaxtlar mən də bazara, dükan qabağına çıxıb yanıqlı qəsidələr oxuyurdum. Camaat yığılırdı başıma, mən də səslənirdim:Qonşu köçdü, biz qaldıq,

19112 min

Poems by other poets