İkinci məclis
Vaqe olur həmin otaqda. Göhər xanım bikef əyləşib səndəl üstə.
Səfdərqulu daxil olur.
Səfdərqulu. Anam hara gedib, bilmirsən?
Göhər xanım (üzünə baxmayıb). Xeyr, bilmirəm.
Səfdərqulu. Nöşün bilmirsən?
Göhər xanım. Mən anana keşikçi deyiləm. Bilmirəm hara gedib.
Səfdərqulu. Burnuna tüstü verilən it kimi ağzını nə o yan-bu yana oynadırsan? Adamsan, adam kimi sözümə cavab ver.
Göhər xanım. Cavab elə o idi ki, verdim... İt mən deyiləm.
Səfdərqulu. İtsən də, itdən betərsən də! Özün də qudurub azmısan.
Göhər xanım. Hər nə kefin istəyir, buyura bilərsən. Buyur, eybi yoxdur.
Səfdərqulu. Bu bəyzadə qızıdır, buna it demək olmaz.
Göhər xanım. Ta bundan artıq nə qalıbdır ki, deyəsən?
Səfdərqulu. Səsini kəs! Yoxsa vallah, dişlərini tökərəm... O qoca məlun gələndən, eşidirəm, hələ boşanmaq da istəyirsən... O sənin xam xəyalındır...
Göhər xanım. Ondan savayı bir qeyri fikrimiz yoxdur və ola bilməz. Xam xəyaldır ya yox, sonra məlum olar.
Səfdərqulu. Ölsən də, çatlasan da, canın bu evdə çıxacaq... Artıq danışsan da, dilini yerindən qopardaram... Sən gərək məni yaxşı tanıyasan.
Göhər xanım. Səni yaxşı tanıseydik, mən burada olmaz idim, işlər də belə olmazdı.
Səfdərqulu. Sən nə böyük zibilsən ki, özünü dartmısan belə yuxarı?.. Budur, aşkar sənə deyirəm: canın bu evdə çürüyəcək. Ayağını da bu otaqdan kənara qoymusan, vay sənin halına!
Göhər xanım. Qoçaq, elə danış sonra utanmayasan.
Səfdərqulu. İş elədir ki, sənə dedim. Heç kəsin ixtiyarı yoxdur mənim işimə qarışsın...
Göhər xanım. Roza xanımın evində doğrudu, amma mənim haqqımda xeyir, belə deyil...
Səfdərqulu. Artıq mırıldama...
Göhər xanım. Afərin, maşallah...
Səfdərqulu. Heyf olsun o qoca məlun burada yoxdur. Sənin gözüyun qabağında onun dişlərini tökərdim, onda bilərdin ki, mənnən zarafat etmək olarmı, ya yox.
Göhər xanım. Mən səni dürüst inandırıram ki, ona çırtma da vurmaq olmaz. Adamın dilini boğazından qopararlar. Siz nə fikir edirsiniz.
Səfdərqulu. A bəyzadə qızı, sən məni kimnən qorxudursan, buyur görək kimnən?.. Necəsən, bu saat sənin özünü saçlayıb bu otaq uzunu sürüyüm?..
Göhər xanım. Hərgah başın sənə ağırlıq edirsə, buyur.
Səfdərqulu. Əstəğfürullah, lənət sənə kor şeytan ha...
Göhər xanım. Bir neçə gün bundan sonra görərik şeytana sən nə cür lənət oxuyacaqsan... (Gedir.)
Səfdərqulu. Vay qoca, gör sənin başına nə müsibət açacağam. Taparam səni, taparam, qoca. (Gedir.)
Bir az keçmiş Nurcahan daxil olur.
Nurcahan (çağırır). Göhər xanım, ay Göhər xanım, gözlərinə qurban olum, bircə bəri gəl... Bəri gəl görək, nə var, nə yox... Gəl, qurban gedim sənə...
Göhər xanım (daxil olub). Bizə görə nə qulluq?
Nurcahan. Qurban olum o ahu gözlərinə... Canım qurban o açılmayan qaşqabağına, bircə əyləş.
Göhər xanım. Baş üstə, əyləşdim. Sonra?
Nurcahan. Bir iş var, ancaq cürət edib aça bilmirəm... Amma sizin xeyrinizdir...
Göhər xanım. Buyur görək, necə işdir?..
Nurcahan. Göhər xanım, mənim bir kəsim yoxdur iki nəvədən suvayı. Onların mən xeyrini görmüyüm əgər sənin fikrini çəkib gecəni sübh etməmişəmsə... Deyirəm xudaya, sən necə rəva gördün, bu mərtəbədə gözəl cuvanəzən düçar olsun Səfdərqulu təki heyvana...
Göhər xanım. Sonra...
Nurcahan. İzn versən, ərz elərəm.
Göhər xanım. Buyura bilərsən
Nurcahan. Bir oğlan var nər döşlü, uca boylu, ala gözlü, yer üzündə misli olmayan, dövlət həddən ziyada... Bilmirəm səni harada görübsə, olub dəli-divanə, gəlib yıxılıb ayağıma, Nurcahan xala, aman günüdür mənə bir əlac.
Göhər xanım. Sonra?
Nurcahan. Deyir ölənədək ona nökər olaram; canımı, malımı onun uğrunda qoyaram...
Göhər xanım. Axır sözünü de...
Nurcahan. Yalvarmağı odur ki, xanım izin versin, onu basıb faytona aparım, Səfdərquludan boşadım, olsun mənim halal arvadım...
Göhər xanım. Görünür ki, o çox namuslu oğlandır, hə?
Nurcahan. Nə buyurursan?.. Onun qorxusundan qonşu arvadlar səslərini çıxara bilmirlər... Kimin cürəti nədir onun bir sözünü iki eləsin...
Göhər xanım. Kifayətdir, qoy mən də sözümü deyim: bir müsəlman ki, müsəlman arvadına belə namərbut təklif edə, elə adama bilirsən nə deyərlər? Elə müsəlmana deyirlər: ana-bacı tanımayan biqeyrət, binamus heyvan.
Nurcahan. A... a... a... vaxsey, gör qız nə deyir? Məlum olur ki, bu evdə bir köhnə palaz kimi atılıb qalmaq sənin üçün xoşbəxtlikdir, hə?..
Göhər xanım. Məlun! Sürün buradan! Sürün, bu dəqiqə!.. Bihəya qızı bihəya, nə cürət edib belə təklifi mənə edirsən?.. Sürün bu saat!.. Rədd ol, sürün deyirəm sənə!..
Nurcahan. Vaxsey, bu da mənim yaxşılığım... Özünə bax, sözünə bax! Qadam ağzına!
Göhər xanım (qapıya tərəf). Dayı, Nurəddin dayı, bir bəri çıx.
Nurcahan. Çağır gəlsin, ondan qorxan yoxdur... Ağzı nədir, nəkarədir mənə güldən ağır söz deyə bilsin...
Göhər xanım. Nurəddin dayı, bircə tez buraya gəl. (Nurcahan qaçmaq istəyir.) Dayan, qaçma... Gör sənin başına nə gətirəcəyəm...
Nurcahan. Mənə də Nurcahan deyərlər. Gör sənin başına nə işlər gətirəcəyəm, səni necə rüsvay edəcəyəm. (Qaçır.)
Göhər xanım. Xudaya, gör mən nə günə qalmışam ki, bir gədə oğlu gədə mənə belə binamus təklif edir... (Ağlayır.)
Nurəddin ağa daxil olub.
Göhər xanım. Dayı, qurban olum sənə, dəxi tab edə bilmirəm... Qardaşım nə vaxt gələcək?..
Nurəddin ağa. Bir-iki günədək İsmayıl durmayıb gələcək. Arxayın ol, darıxma, səbr elə...
Göhər xanım. Dayı, burada çox iş var, nağıl etməyə həya edirəm... Bunlar belə bidin, nainsaf, bivicdan adamlardır ki, bir təmiz adımız var, onu da batırırlar... Amandı dayı, tez qaçaq.
Nurəddin ağa. Bir saat bundan irəli söz verdilər ki, oğlanı da gətirsinlər, işi qurtaraq getsin. Hərgah baş qaçırtsalar, onda gözlərik İsmayıl gələnədək... Ümidim var ki, İsmayıl sabah gəlsin...
Göhər xanım. Qurban olum, dayı, sən bular bir az mülayim danış... Çox qudurğandırlar, qorxuram səni bihörmət edərlər.
Nurəddin ağa. Qorxma, hər nə varları isə elə dillərində var, cürət edə bilməzlər.
Heydər, Sərvinaz xanım, Səfdərqulu daxil olurlar, Göhər xanım qaçır.
Sərvinaz xanım. Ağa, budur, bax, Səfdərqulu, hər nə sözünüz var, danışa bilərsiniz...
Səfdərqulu. Nədir sözün, cənab ağa, buyur görək.
Nurəddin ağa. Mən sizdən rica edirəm Göhər xanımın talağını verib, bizə yol verəsiniz gedək öz yerimizə, vəssalam.
Səfdərqulu. Ağa, buyurunuz görək talaq vermək kimin ixtiyarındadır, ərin ya arvadın?
Nurəddin ağa. Şərən talaq vermək ərin ixtiyarındadır.
Səfdərqulu. Belə olan surətdə, mən talaq verməyəcəyəm, heç zəhmət çəkmə, necə ki, gəlmisən, elə də qayıt get evinə...
Heydər. Ağa, bir mənə buyur görüm Göhər xanımın bu evdə yeməyə çörəyi yoxdur? Geyməyə libası yoxdur? Ya gərək onu bu evdə döyən var, söyən var? Nə olubdur ki, Göhər xanım boşanmaq istəyər?..
Nurəddin ağa. Oğlum, bu söhbət keçmiş ola... Bizə pul, cəvahir lazım deyil idi. Bizə insaniyyət, qeyrət, namus lazım idi, onu da ki görmədik...
Səfdərqulu. Qoca, ağzını dağıtma, əməlli danış!..
Heydər. Ağa, bir azca aşağıdan get, baş aparma, başından böyük danışma.
Nurəddin ağa. Hədyan eləmə. Binamus adamın qeyri adı yoxdur və ola da bilməz.
Heydər. Sübut elə, yoxsa sənin üçün pis keçər.
Nurəddin ağa. Sübut, baş üstə... Səfdərqulu, Göhər xanımın üzüyünü onun yanında hansı arvada bağışlamısan? Necə arvaddır o? Onu bu otaqda qoyub, yan otaqda kimin arvadı ilə eyş-işrətə məşğul olmusan? Prakurorun? Ada, hansını deyim?.. Ağzımı açdırmayınız...
Səfdərqulu. Pajalsta, baş-beynimizi aparma, bizim dərdimiz sənə qalmayıb.
Heydər. Allah xatirinə xatanı başımızdan rədd elə, mətləb üstə gəl...
Nurəddin ağa. Mən sözümü deyib qurtarmışam. Siz nə fərmayiş edirsiniz, buyurun.
Sərvinaz xanım. Mən ərz eləyim: hərgah kəbindən əl çəkdiniz, onda bəlkə iş düzələ. Kəbindən əl çəkmədiniz, talaq verilməyəcək. Axır söz budur, kefinizə baxın...
Nurəddin ağa. Bu saat mətləb talaq barəsindədir. Kəbin məsələsi sonrakı işdir.
Səfdərqulu. O ixtiyar məndədir... Məndən talaq verdi yoxdur. Qoy canı çıxa-çıxa qalsın dörd divar arasında.
Nurəddin ağa. Yoxsa fikrində var ki, biz hələ sənə bir kəbin haqqı da verək, aparıb Roza xanımın modnu paltarına, ətrinə xərcləyəsən? Vallah, yaman olmaz idi...
Səfdərqulu. Əstəğfürullah, lənət sənə kor şeytan, ha... A kişi, talağı güclən alacaqsan?
Nurəddin ağa. Xeyr, mən istəmirəm bu işi güc ilə olsun... Gücə qalanda özgə cürə olar.
Səfdərqulu. İş gücə qalanda heç kim yel də olub yanımdan ötə bilməz... Onu bil yəqin...
Nurəddin ağa. Eybi yoxdur, bu iş qalsın İsmayıl bəy gələnədək.
Heydər. Ağa, sən bir az azğın danışırsan. O yaxşı iş deyil. Burada heç kimdən qorxan yoxdur. Bizə də Hacı Muxtar övladı deyərlər. İsmayıl bəy gələndə nə böyük iş olacaq? Görək qiyamətmi qopacaq?
Xəlil (daxil olub). Nə durmusan, ay xozeyin? Məgər başımıza gələn müsibətdən xəbərin yoxdur?
Səfdərqulu. Nə olub, ay gədə?
Xəlil. Nə olacaq, var-yoxumuz əldən gedib...
Səfdərqulu. Adə, necə var-yoxumuz əldən gedib? Hə söyləyirsən, dəli olmamısan ha?
Xəlil. Ta bundan artıq nə olacaq? Roza xanım məni bağa göndərmişdi üzüm, əncir gətirməyə. Evə qayıdıb gördüm ki, nə lələ var, nə yurdu... Zalım qızı zalım otaqları elə silib-süpürüb aparıbdır ki, kağız-kuğuzdan suvayı bir şey qalmayıb...
Səfdərqulu. Yoxsa genə içmisən, a gədə? Əməlli danış, elə iş ola bilməz.
Xəlil. Çox ağıllı danışıram... Dərd burasıdır, bilmək də olmur hansı tərəfə qaçıb.
Heydər. Bir adamdan soruşa bilmirdin şeyləri hansı tərəfə apardılar?
Xəlil. Soruşdum, biri dedi dənizə sarı, biri dedi vağzala tərəf getdilər. Hər iki tərəfə qaçdım, tapa bilmədim.
Səfdərqulu (Heydərə). Dayı, durmaq yeri deyil, var-yox əldən gedib. Dərd burasındadır ki, namərd qızı namərd şeylərin hamısını öz adına alıb.
Xəlil. Başın üçün, kafir qızı sənə bir turp yedirdibdir ki, qiyamətəcən dadı damağından getməyəcək, sən nə deyirsən...
Səfdərqulu. Dayı, gəl, Xəlil zalım oğlu, sən də gəl, görək başımıza nə çarə qılırıq.
Sərvinaz xanım. Vay, vay!.. Evi yıxılan canım vay!
Səfdərqulu, Heydər, Xəlil gedirlər.
Nurəddin ağa. Bəli, fəziləti-axund məlum şüd... Buna deyirlər: nə əkərsən, onu biçərsən...
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-ne-ekersen-onu-bicersen-ikinci-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Vaqe olur Xəlilin qovurma dükanında... Xəlil əyləşib, qabağında tas, içalat qovurur... Kəfgiri tasa döyüb müştəri çığırır...*Xəlil**. Qaşını, gözünü tükmü basıb, ay kasıb? Yeməli, nə deməli!.. İstiotlu, duzlu, narlıca qovurma... Pəh, pəh, pəh, qarın dərmanı, məcuni-İsfəhani! Pambıq kimi çörək, göy soğan, dadlı, yağlı qovurma... Cəm-cümlətani bircə manat... Pulun yox, ya xəbərin yox, ay kasıb?
Pəhlivanani-zəmanəƏhli-məclisAslan bəy – 37 yaşında, sahibi-elm, Avropa libasında*
Əvvəlinci məclisVaqe olur Cahangir bəyin mənzilində, otaq Avropa qaydasında bəzənmiş.*Əhməd** (ayaq üstə, tək). Görəsən mən olmasam bizim bu ağa Cahangir bəy necə dolanar? Əlindən nə gələr və nə qayıra bilər? Nə qayıra biləcək?.. Ağzına belə qurd düşüb acından ölər. Bu canım ölsün ki, o mənəm ki, tülək quş kimi gecə-gündüz dünyayi-aləmi vururam bir-birinə, bir xaraba qalmır ki, mən oraya baş təpməyim... Atlanıb ora-bura, hazırca gətirirəm bəyin qulluği-şərifinə, deyirəm buyur əfəndim. Belə yumşaq qulaq olmaz. (Səktə.) Başların qırxıb, qulaqların dibindən xırpıdıb yola salıram. Mənim əlimə gələn də nə olur? Bir tula payı... Afərin mənim kimi oğlana!.. Pəh, pəh, pəh! Maşallah!.. Dəxi nə deyim? (Səktə.) Xeyr aaa, belə dolanmaq olmaz ki, mən dolanıram. Belə dolanmaq olmaz. (Səktə.) O qədər çalışdım, ciddi-cəhd elədim, axırı nə qazandım? Ləqəb, o da nə? Pişik... “Pişik Əhməd”. Afərin mənim kimi oğlana!.. Maşallah, maşallah! Bərabərin ki tapılmaz (Təbəssüm ilə.) Tfu sənin içinə, a bəxt!
İkinci məclisVaqe olur Aslan bəyin otağında, Avropa qaydasında bəzənmiş. Divara tərəf miz, ətrafında səndəlilər, miz üstündə cürbəcür əntiqə şeylər. Qapılarda, pəncərələrdə pərdələr, xəlilər. Aslan bəy tək səndəli üstə əyləşmiş, başı açıq, əlində papiros, fıştırıq çalır.*Aslan bəy**. Да а аа... Иначе невозможно... Дальновидность орла необходима, быстрота ястреба... Нельзя зевать, тогда, когда люди никому очнуться не дают – ловят на лету... Везде речь только о миллионах: еще бы!.. За переуступку дела Подлезский получил 75 т. рублей отступного. Шутка сказать, в два дня, не тратя ни одной копейка, палец о палец не ударяя, получить 75 т.! Ныряев Петя тоже самое. Досадное же всего то, что Микиртум Каспарич продал свое сравнительно небольшое дело за 3½ миллиона-мужичье и 3½ миллиона. Hay-hay... Hacı Sadığın dövləti məndə olaydı, onda görərdilər analar necə oğul doğublar... Qoyardım ki, mənsiz belə işlər olaydı?! Qoyardım ki, firənglər, ya ingilislər özbaşına burada iş götüreydilər?! Heç vaxt!.. Nə edəsən?! Ah, Allah kərim padşahdır. Нечего Бога гневат, и мои дела идут недурно. (Zəng vurur. Qulu daxil olur.) Bircə bax, Qulu, sən bir iş elə. Balaca kəndli Qurban kişini tanıyırsan ki?
Poems by other poets
Ala gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.
BayatılarBağça barın arzular,Aşiq yarın arzular,
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
MəsnəvilərNeçə şərt ilə ölçülərsə camal,Şərt-əvvəldir hüsnə əqlü kamal.