Dördüncü məclis
Vaqe olur Xəlilin qovurma dükanında... Xəlil əyləşib, qabağında tas, içalat qovurur... Kəfgiri tasa döyüb müştəri çığırır...
Xəlil. Qaşını, gözünü tükmü basıb, ay kasıb? Yeməli, nə deməli!.. İstiotlu, duzlu, narlıca qovurma... Pəh, pəh, pəh, qarın dərmanı, məcuni-İsfəhani! Pambıq kimi çörək, göy soğan, dadlı, yağlı qovurma... Cəm-cümlətani bircə manat... Pulun yox, ya xəbərin yox, ay kasıb?
Dörd müştəri yaxınlaşırlar: Məşədi Əli, bir nəfər hambal, əkinçi, bir də qarasaqqal cavan oğlan, köhnə libasda, axırda Sərvinaz xanım.
Xəlil. Hazırdır, qadanız alım, buyurunuz... Bu sərayi-qəriban, kərxaneyi-Azərbaycan sizə qurbandır... Əyləşiniz, buyurunuz, içiniz! Qurşağın altını pərkarlayandan sonra, bığları eşib, buğlana-buğlana gediniz.
Müştərilər əyləşirlər. Usta Xəlil nəlbəkilərə qovurma qoyub, soğan, çörək ilə bərabər paylayır.
Xəlil. Məşədi Əli! Adına qurban, buyur! Həmşəri qardaş, altı pud tayı götürən palanına qurban olum, buyur! Əkinçi qardaş, kotanına, öküzlərinə qurban, buyur! Kömür kimi qaraca saqqalına qurban, buyur...
Müştərilər şirin-şirin yeyirlər.
Məşədi Əli. Pəh, pəh, pəh, nə gözəl, dadlı qovurmadır bu! Usta Xəlil... heç yerdə mən belə qovurma yeməmişəm. Afərin, usta Xəlil!
Xəlil. Əli qardaş, bunu mənə bir qaşı qara, kirpiyi qara, ay üzlü, ala gözlü yəhudi balası öyrədib və iki il yarım mən o xanıma qulluq etdim... İçdiyim oldu çay, kakao, şakalad, yanında perojna... Naharda, şamda ağlına gəlməyən naz-nemətlər. Həftədə iki-üç dəfə qonaqlıq, yastı balaban, oynamaq, gülmək. Amma çifayda çox hirsli xanım idi... Bircə dəqiqə qapını gec açanda, zalım qızı qışqırırdı: balvan, durak, von!.. Nəinki bir tək mənlən belə rəftar edirdi, dəxi betər onu saxlayan oğlannan dolanırdı... Çox yalvardım, çox dedim oğlana: xozeyin, bu zalım qızını boşla getsin, sözümə baxmadı... (Qarasaqqal müştəriyə.) Qardaşım, nöşün dayandın, yoxsa qovurma xoşuna gəlmir?.. Qovurmanın ləzzəti elə ondadır ki, isti-isti yeyəsən, özü də bax, həmşəri qardaş kimi: tikəni böyük götürüb, dəvə navala udan kimi, ötürəsən yerinə.
Məşədi Əli. Hər nə təhər olsa, o xanımın qulluğunda kef çəkmisən, ay usta Xəlil.
Xəlil. İnanırsan, Əli qardaş, mən indiki halımın bircə saatını yüz keçən günlərimə dəyişmərəm, çünki ancaq indi olmuşam asudə, öz-özümün ağası... Burada işimi qurtarıb gedirəm mənzilə, bir-iki piyalə çay içib başımı qoyuram yerə. Bir də sübh ayılıram. Ta dövlətlilər kimi yorğan altında ağnamıram, ay aman, filan iş necə oldu. Heç bir işin fikrini çəkmirəm...
Məşədi Əli. Mən sizi inandırıram ki, milyonçular tamam ömründə dünyanın naz-nemətlərini o ləzzətnən, iştahlan yeməyiblər, necə ki biz bu saat bu qaraca qovurmanı yeyirik... Bizimki mərhəməti-ilahidir, onlarınkı qəzəbi-ilahi.
Əkinçi. Bəri bax, usta Xəlil, dərdin alım, bəs o xanımı saxlayan necə oldu, o xanimanı bərbad olan oğlan?
Xəlil. O bir çöldə qalmış yəhudi qızının ucundan puç oldu... Dörd yerdə evləri... Atadan qalma gözəl bağları, dükanları, qızıl-gümüşləri-hamısı əldən çıxıb, qaldı lat, lüt! Bu saat onu gördüm deyən yoxdur ki... Kimi deyir baş götürüb gedib. Kimi deyir özünü həlak edib... Xülasə, yazıq öz-özünü bədbəxt elədi.
Əkinçi. O dövləti öz zəhməti ilə qazanmış olsaydı, yəqin qədrini bilərdi və o hala düşməzdi...
Hambal. O da mənim kimi tay daşısaydı, o yaman günə düşməzdi...
Xəlil. Elə indicə bilmişəm ki, zəhmətnən qazanılan çörək halal, müqəddəs çörəkdir... Zəhmət özü əziyyət deyil, hətta böyük şadlıqdır qanan üçün...
Məşədi Əli. Xoşbəxtlik varsa, o da əkinçidədir... Mən belə qanmışam...
Xəlil. Söhbətiniz çox şirindir, meyliniz çəkirsə, tədarükü boldur...
Hambal. Söhbət şirin isə də, genə iş dalıncan getmək gərək. (Bir manat verib) Xudahafiz!
Xəlil (pulu alıb). Allah min bərəkət versin, xoş gəldin.
Hambal gedir.
Məşədi Əli və əkinçi. Kifayətdir, çox sağ ol, usta Xəlil. (Adama bir manat verib gedirlər.)
Xəlil. Xoş gəldiniz, siz də sağ olunuz...
Sərvinaz xanım (yaxınlaşıb, başında boğça, üzü örtüklü). Oğlan! Yarımca manat pulum var, o pula görə təvəqqe eləyirəm ki, bir az çörək və bir azca da qovurmadan ver mənə...
Xəlil (zəndlə baxıb). Bacı? Sən Sərvinaz xanım deyilsən? Gözlərindən ona oxşayırsan... Tanımışam, heç üzünü gizlətmə... Vallah, tanımışam... Mən səni göydə axtarırdım, amma yerdə əlimə düşübsən. (Qalxıb ayağa boğçanı alıb qoyur yerə, Sərvinaz xanım ağlayır.) Ağlama, anam, sənə qurban... Mən sənin o qədər duz-çörəyini yemişəm, anamdan görmədiyim mehribançılığı səndən görmüşəm, ölənədək sənə qulluq etsəm, əvəz deyil. Ağlama, canım sənə qurban... De görüm harada olursan?.. Hələ bircə əyləş!
Sərvinaz xanım (əyləşir). Dərdimi söyləsəm yer, göy ağlar, necə ağlamayım, Xəlil?
Xəlil. Ağlama! Allah qoysa, işlər hamısı düzələr... Heç fikir eləmə, mən ölməmişəm ki.
Sərvinaz xanım. Necə ağlamayım... Dost-aşna, qohum-əqrəba hamısı məndən üz döndərdilər. Heç kimdə rəhm, mürüvvət görmədim... Naəlac qalıb, pənahlandım qardaşım evinə, o qardaşımın evinə ki, diriliyinə biz bais olmuşuq. Üç gündən sonra arvadı məni evdən qovdu... Pay-piyadə düşdüm küçələrə, başladım yazıq oğlumu axtarmağa. Tapa bilmədim... Gedib şəhərin kənarında bir zirzəmidə yerləşdim. Qonşuların paltarını yuyub, bir parça çörək tapıb dolanıram... Dərdim bu deyil Xəlil, yox! Oğlum itibdir, başıaçıq qalmışam... Oğlum tapılmasa, qeyri əlacım yoxdur özümü həlak etməkdən savayı...
Xəlil. Allah qoysa, oğlunu taparam, heç fikir eləmə.
Sərvinaz xanım. Atam-anam sənə qurban, ay Xəlil, aman günüdür, səndən savayı bir kəsim yoxdur, gətir ayaqlarından öpüm, tap oğlumu!
Xəlil. Buyur gedək mənim mənzilimə... Arxayın ol, Səfdərqulunu taparam... Sonra gedərəm sənin şeylərini daşıyaram... Ya Allah!
Müştəri. Yazıq ana! Sənin bədbəxt oğlun mənəm... Ana... Ana!.. Ana!.. Ana, keç mənim taxsırımdan... (Qucaqlaşıb ağlayırlar.)
Sərvinaz xanım. Anan gözlərinə qurban, oğul! (Bihuş yıxılır oğlunun qucağına.)
Xəlil. İş rastına düşəndə belə olar... Nə yaxşı oldu... İndi durmaq yeri deyil... Gəliniz gedək bir yerdə başlayaq kasıblığı... Yaşasın zəhmət, yaşasın kasıblıq! Keçmiş günlər yaman günlər idi, xoş günlərimiz qabaqdadır. Yaşasın elə günlər...
Gedirlər.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-ne-ekersen-onu-bicersen-dorduncu-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Ağıçı Bədircahanın evi şəhərin qiblə tərəfində, qayanın üstündə, çox basəfa olan yerdədir. Evinin qabaq tərəfi eniş dağdır, dal tərəfi şəhərə baxır. Həməvəq sərincə yel əsər. Yaz fəsli dağın çiçəklərinin iyin gətirir. Dağın dibində yaxşı bulaqlar var. Bulaqların üstə həmişə növbət gözləyən qız-gəlinlər əllərində səhəng görmək olur. Qabların su ilə doldurub, bir az zarafat edib, səhəngi atırlar çiyinlərinə, kəklik kimi dırmanırlar dağ yuxarı.Bədircahanın evinin sağ tərəfində, qayanın ortasında üç kaha var, çox dərin. Belə deyirlər ki, guya o kahalar cin və şəyatin ovlağıdırlar. Hər gün o kahalara cavan oğlanlar ətləs arxalıq, mahut çuxa dolurlar. Ora nə səbəbə gedirlər, onu bilərik öz yerində. Bədircahanın evinə dürüst olur koma demək, çünki bir otaq, bir sandıqdan suvay qeyri təmirat yoxdur.
Mənim vaqiəm– Ay ağa, Allaha bax! A bəy, Allaha bax! A sövdəgər, Allaha bax. Molla, amandır!Bu nəfəslər ilə yuxudan ayıldım. Bir neçə dəqiqə fikrimi başıma cəm edə bilmədim. Axırda məlum oldu ki, vaqiədə Ş. şəhərinə səyahətə təşrif aparmışam. İttifaqən xan qapısına rast düşürəm. Gördüm xan öz oğlanları ilə xam tərlan quşa uçurtma verirlər. Yanlarında bir neçə xanlıq tula. Xanın ağlını (nə danışırsan?!), sözün tərbiyətini kənara qoyaq. Biz öz xanlarımızı yaxşı tanıyırıq. “A gədə, o qırqovulları apar İvan İvaniçə deynən ağam klans eləyir. Dünən arvadı məni şəkəlüdə qonaq edib, ona gərək bir yaxşı şey bağışlayam, xəcalətindən çıxam. Bizim müsəlmanın handa bir yaxşısından İvan İvaniç mənə xoşdur. Arvadı nə, özü nə! Kişilərdə ədəb var, hörmət var. O günləri balaca qızı gəlib əlimdən öpüb “diyada, diyada” – deyə-deyə...”
Paho?– Kərbəlayı, həmişə sən gələsən! Buyur, buyur, a kişi, görək nə var, nə yox, ay kərbəlayı? Ay oğlan, görünür ki, ramazan olmağına görə səfərə çıxmışsan?– Xeyr, bəy, sənin başın üçün heç bilmirəm ki, bu ay ramazan ayıdır və ya ramazanın neçəsidir. Ancaq arvadın qorxusundan evdə otura bilməyib qaçmışam.
Keçmişdə qaçaqlarƏhli-məclisİvan bəy Sərdarov – uyezd naçalniki. 50 yaşında, rəsmi libasda*
Poems by other poets
Gedin deyin, mənim mələk yarıma,Bir zahmat çakiban buraya gəlsin.
Mirzə Şəfi Vazehlə Naci və Nasehin müşairəsiVazeh:*Şəbxpuş olmuş qədin ruxsari-atəşgunilə,
Ey şanlı Ərkim!Əziz qardaşım Abbas Zamanova*Salam, ey qəhrəman, ey şanlı Ərkim!
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.