Ağıçı
Ağıçı Bədircahanın evi şəhərin qiblə tərəfində, qayanın üstündə, çox basəfa olan yerdədir. Evinin qabaq tərəfi eniş dağdır, dal tərəfi şəhərə baxır. Həməvəq sərincə yel əsər. Yaz fəsli dağın çiçəklərinin iyin gətirir. Dağın dibində yaxşı bulaqlar var. Bulaqların üstə həmişə növbət gözləyən qız-gəlinlər əllərində səhəng görmək olur. Qabların su ilə doldurub, bir az zarafat edib, səhəngi atırlar çiyinlərinə, kəklik kimi dırmanırlar dağ yuxarı.
Bədircahanın evinin sağ tərəfində, qayanın ortasında üç kaha var, çox dərin. Belə deyirlər ki, guya o kahalar cin və şəyatin ovlağıdırlar. Hər gün o kahalara cavan oğlanlar ətləs arxalıq, mahut çuxa dolurlar. Ora nə səbəbə gedirlər, onu bilərik öz yerində. Bədircahanın evinə dürüst olur koma demək, çünki bir otaq, bir sandıqdan suvay qeyri təmirat yoxdur.
Bədircahanı tanımaqdan ötrü lazım deyil onun ata və anasını tanımaq, çünki Bədircahan onlardan yüz kərə məşhur arvaddır. Bədircahanı necə tanımaq olur? Zəmani ki, o həmi həkimlik bilir, həmi ağıçıdır, həmi mamaça, ağıçılığa çatıncan, bir neçə gərək qeyri işlərlə məşğul olasan, ta ki aləm səni tanıya. Bədircahan cavanlığında o sənəti yaxşı bilirdi. Bilmirəm nə səbəb ondan şəhərin xanımları və bəyimləri aşkara qorxurlar. Hər nə onlardan istəsə, ona verməyə bilmirlər. Bədircahanın dövlətindən onun alagöz, qaraqaş qızı xanım kimi durub-oturur. Hələ desən bəzən anasına buyurur:
– Ana, pastav sanavar! (поставь самовар!)
Necə ki, bir neçə xanımlar öz nökərlərinə buyururlar.
Qışın böyük çilləsində, qəzadan, hava çox xoşdur. Gün iki ağac boyu qalxmış, evin divarına yavuq yer qurumuşdu. Bədircahan həmin yerdə, daşın üstündə ayağını sallamış əyləşib, yanındakı daşların üstdə yarımcorabın qurudurdu ki, “həqqi-hu” deyib düşsün şəhərin canına. Şəhərin heç bir tərəfindən səda gəlmirdi... Ala pişik günün qabağında tənbəl uzanıb, kənarda gəzən toyuqlara, sərçələrə baxırdı. Bunlardan suvay qeyri şey gözə dəymirdi. Hər kəs Bədircahanın qırışılmış üzünə baxsaydı, yəqin ki, sual edərdi öz-özündən: görəsən bu zənan nə fikir edir?
Hər dəqiqə onun surəti dəyişilirdi. Bəzi vaxt dodağını dodağının üstünə qoyub, əlini ağzına yapışdırıb, guya ki, mürgülüyürdü, bəzi vaxt gülümsünürdü. Xülasə, cürəbəcürə şəkillər göstərirdi. Çünki Bədircahanın ağzında otuz iki dişdən birisi də qalmamışdı, gözləri ağrıyırdı və həmişə su axırdı. Mümkün deyil ki, Bədircahana küpəgirən qarı, ya ki, cəhənnəmdən biletsiz qaçan deməyəsən. Bədircahan o qərar ilə əyləşib məscidlərdən münacat səsi eşidib, tez qalxıb ayağa, əvvəl bir öz səsini imtahan etdi ki, görsün ağlaşmada necə cavan qız-gəlinlərin ürəyinə dağ vura bilər. Ağı havası ilə oxudu ucadan: İnna lillahi və inna ileyhi raciun.
Bir tövr oxudu ki, guya ayənin mənasını da bilir.
Tələsik yarımcorabını qurumamışdan ayağına geyib, necə ki, tazı dovşan görəndə qulağını şəklərdi, bizim Bədircahan xala da eləcə qalxdı ayağa, istədi dübarə eşitsin münacat səsin ki, bilsin haraya üz qoysun getməyə. Mətləbinə çatıb düzəldi yola. Günün istisindən qar əriyib, qiyamət palçıq etmişdi, amma Bədircahan elə səkirdi ki, guya əvvəl-axır palçıq nişanı yoxdur. Qoçağın tələsik getməsinə səbəblər çoxdur. Əvvəla, qızı Gülsənəmdən ötrü tezliklə bir xeyir iş, ancaq xəlvət düzəltmək istəyirdi. Bu axırıncı söz Bədircahan xalanın öz sözüdür. İkinci səbəb əvvəlincidən vacib: Bədircahan iki həftə idi ki, ağlaşmada olmamışdı. Çox pis adət eləmişdi. Hərgah ağlaşma olmasaydı, bir qeyri işə məşğul ola bilməzdi. Ona görə günü qara keçirdi. Nə qədər cavandı, təziyə yerində ağlardı... Amma oyun odur ki, onun gözü bir azacıq səlamət deyil idi. Ona görə ağlaşmaya adət etmişdi, getməyə bilmirdi. Bir də elə yerlərdə bir az mənfəət var, bir top şal Gülsənəmin çiyinliyi üçün, ya ki zərbaf, üç manat pulcığaz. Niyə getməsin?
Bədircahan təəccüb ilə öz qızı Gülsənəmə nağıl edirdi ki, ay qız, indi mənim heç ağlaşmada ürəyim yanmır, axı görəsən buna səbəb nədir?
Bədircahan həqiqət doğru deyir ki, onun ürəyi yanmır. Nə səbəb ilə gərək Bədircahanın ürəyi yansın, zəmani ki, onun borcu xanımları, bəyimləri ağlatmaqdır ki, ay xanım və ya ki ay filan bəyxanım, sizə qurban olum, əlinizdən gedən marala canım qurban.
O, canın zərbafa, bir top tirmə şala qurban edər. Ölənə maral demir, zərbafın ipək güllərinə deyir. Heç kimin həddi yoxdur Bədircahanı taqsırlı tutsun.
Bədircahan palçığı yara-yara gedirdi ki, bir bədbəxtlik ona üz verdi. Başmağı ayağından çıxıb palçığın içində fövt oldu. Bir çöp tapıb istədi başmağı çıxartsın, amma çifayda, zəhməti nahaq oldu. Durdu öz-özünü qınamağa: “Mənə bir deyən yoxdur ki, ay başın batsın, niyə gedib üç gün irəlidən naxoşun yasdığının dibini kəsmirsən, indi tamam ağıçılar: kor Ümmi, piçalaqlı Anaxanım və kaftar Göhər bir-birinə növbət vermirlər?”
Bədircahan xalaya deyən olmadı ki, sənin özünün ləğəbin nədir. Yaxşı ki, olmadı, əgər olsaydı, savaşardı.
Bədircahan artıq başmağı axtarmadı, əlini altdakı tumanına silib, düzəldi yola. Niyə başmaqdan ötrü saatlar ötürsün. İndi təziyə yerində arvadlar zibil kimidirlər. Onların birisinin təzə başmağını Bədircahan götürsə, ona kim deyə bilərdi ki, a xala, qoltuğunun altın bircə göstər. Bu sözü deyənin ata-anasını və təzə ölən qardaş-bacısını qəbirdən çıxardar.
Bir az keçmiş ikinci bədbəxtlik Bədircahandan uzaq olmadı, çünki münacat səsi gələn tərəfə gedirdi və münacat dəxi oxunmurdu, bilmədi hara getsin. Qaldı naçar, geri getmək mümkün deyildi, başmaq itibdir. Ağlaşmanı görməsəydi, bağrı çatlar, hara qayıtsın.
– Əmican, qadan alım, mərhum olan kimdir?
Bazara gedən baqqal Məhəmmədcəfər cavab verdi ki, bilmir mərhum olan kimdir.
Bədircahan xala bir tövr sual ilə istədi ki, getdiyi yeri bilsin. Amma düz gəlmədi. “A kişilər, belə zad olmaz, axır üç saatdır ki, küçədən-küçəyə dürtüləsən, bilməyəsən ki, getdiyin yerin haradır”. Bədircahanın bağrı çatlamağa gəlirdi. Nə eləmək gərək?
– Başına dönüm əmi, mən gərək tez gedəm təziyə yerinə.
Çünki sonra bilmədi nə desin, fəqir Bədircahan özünü lap itirmişdi. Böylə ittifaq indiyədək ona üz verməmişdi. O bilirdi tamam şəhərdə olan mərizləri, amma mərhum olan, yəqin ki, zəhərdən, ya ki bir qeyri tez öldürən naxoşluğa mübtəla imiş, sill naxoşluğu kimi.
Məhəmmədcəfər çox baməzə kişilərdəndir. Tez deyə bilmədi, o ki lazımdır. Çünki onun öz fikri idi ki, bu necə zənəndir tələsir ağlaşmağa, amma bilmir hara getsin. Əgər mərhum olan qohumlarındandır, bu gərək bilsin öz qohumunun evini, əgər ölü bunun qohumlarından deyil, niyə belə tələsir ki, başmağı da yadından çıxarıb evdə qoyub?
– Ay ağılsız, sən ki bilmirsən ölən kimdir, nə borcundur ora boğulmuş it kimi gündə gedirsən? Məgər evin yoxdur, ayağını basıb altına, bir iş görəsən?
Bədircahan bilirdi nə səbəbə gedir və onun mətləbini qanmaq olur. Məhəmmədcəfərin xəbəri yoxdur ki, yüz bu tövr ağlaşma axtaran zənən tapmaq olur, hansılar ki, şəhərin o küçəsindən bu küçəsinə ləhləyə-ləhləyə, gəlib-gedəndən sual gücü ilə təziyə yerini tapırlar. Ax, neçə cüt corab Tiflis ipindən qəzet çap edənlərə bu zənanlar verərlər, əgər o, elamnamələr yaza, nə vaxt və harada ölən var və kimdir. Bilmək mərhum olan kimdir. Çox vacibdir, çünki bəzi yerlərdə doyunca ağlayandan sonra bir balaca nahar da olur, nahar vaxtı şirincə söhbətlər olur:
– Ay qız, Hacı Məhərrəmin, deyirlər, qızcığazı qoşulub qaçıbdır axı.
Bir ayrısı deyir:
– Neyləsin, balam? Onun anası o qədər...
Məhəmmədcəfər yaxşı vaxt tapmışdı ki, tamam baməzəliyindən göstərsin...
Bədircahan üzünü tutdu Məhəmmədcəfərə:
– Allah qoysa, bir neçə aydan sonra sənin özünə elə ağılar deyəcəyəm ki, canına dəysin...
Məhəmmədcəfərin saqqalı ağarmışdı, yəqin ki, ona görə Bədircahan bu sözü ona dedi.
– Buna bax, ay qız, deyəsən ölməz... imansız kaftar.
Bu sözü Bədircahan elə dedi ki, guya özü on səkkiz yaşında gəlindir. Məhəmmədcəfər:
– Arvad, toxumunuz yer üzündən götürülsün! Kişilər, belə də bihəya olurmu?
Bu sözləri deyə-deyə Məhəmmədcəfər düzəldi bazara sarı. Bədircahan bir az uzaqlaşmış şaxsey səsi eşidildi, bildi getdiyi yeri və bir neçə dəqiqədən sonra yetişdi mətləbə. Bədircahanın dərdi bir az artdı gec gəlməyinə görə, çünki icma həddən artıq çox idi. Bildi ki, ölən dövlətlidir, onu qeyri ağıçılar qabaqlayıblar. Bir otaq qalmamışdı ki, övrətlərlə dolmamış ola. Qapının qabağında oturan övrətlər içəridə ağlayanlara səs verirdilər. Bədircahan bildi ki, ay qız, kənar dur, qadan alım, yol ver, – demədən, gedib öz yerinə çata bilməz. Əl atıb başından yaylığını kənar edib, tüklərini dağıdıb üzünə, gözünün suyunu çoxaldıb, uzaqdan hönkürə-hönkürə yetişdi meydana. Qapıda duran övrətlər biəlac yol verdilər Bədircahana. Övrətlər bir-birlərindən sual etdilər:
– Ay qızlar, bu arvad, görəsən, bəyin qohumudur?
Birisi dedi ki, yəqin ki, xalasıdır. Birisi dedi ki, yox, əmisi arvadıdır.
Amma mümkün deyil ki, burada duran övrətlərdən Bədircahanı bilən olmaya. Həqiqət birisi ucadan başladı?
– Ay qız, bu simtən Bədircahandır. Allah buna lənət eləsin. Belə pis dəyən gözü var ki, onun gözü pırtlasın. Hər nə ki yaxşıdır desə, mümkün deyil ki, o itməyə, ya ki ölməyə. Mənim balaca nəvəm onun gözü dəyməkdəncə öldü. Onu görüm öləndə dili lailahə illəllah tutmasın!
Bədircahan hərçənd bu sözü eşitdi, amma yeri deyil idi ki, cavab versin. Bədircahan öz yerində əyləşmiş idi, bir neçə xanımlar daxil oldular. Onlara hörmət lazımdır. Ona görə iyirmiyədək övrət qalxdılar ayağa... Övrətlər uca əllərin qovzuyurdular ki, guya çox bərk dizlərinə vururlar. Amma... Bədircahan qiyamət edirdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-agici
Use ← → keys to move, R for a random poem
More by this author
Bu gün də əlimdə nacağ məddah keçib bir evin darvazasının qabağında dayandım. Bir nəfər cavan sədamı eşidib, əlində “Baku” qəzetinin 52-ci nömrəsi mənə yavıqlaşıb, məndən sual etdi:– Ağa Dərviş, siz bilərsiniz, bu necə xəbərdi, bu qəzetdə yazıblar ki, guya bir neçə nəfər adamlar təəccübanə libaslarda döşlərində ərəbi yazılmış nişanələr, başlarında əmmamə, Balaxana kəndində müsəlmanlar arasında görünüblər. Qəzetin yazmağına görə, bu növ şəxslər Naxçıvan fəqərəsində həm olublar.
Balaca mütəfərriqələr 4Pəncşənbə günü bazarı dövr edib mənzilə qayıdan zamanı cənabi-sahibkəramət, ağa Rəcəbəli bəndəyə rast gəlib buyurdular ki, ağa Dərviş, bu axşam bir neçə nəfər qonağım var, təvəqqe edirəm siz də buyurasınız. Baş üstə, göz üstə – deyib mən də ağanın qulluğuna təşrif apardım. Mənzildə bir xeyli söhbətdən sonra ortalığa küftəbozbaş gəldi, göftgu şirinləndi... Qonaqlardan biri sual etdi ki, ağa Dərviş, sən bir cahandidə, kühənsal adamsan, buyur görək dünyada nemətlərdən hansı gözəlraqdır?Mən suala cavab verməmiş sahibi-xanə buyurdular ki, dünyada puldan şirin, ləzzətli, gözəl şey yozdur və heç vaxt ola da bilməz. Pulsuz adam Allah vara Ərəstu olsun, ya Bəhlul-Danəndə olsun, nə fayda! Onun ağlından, kamalından nə çıxar. Xeyr, bu dünyanınkı bişəkk-şübhə puldur, canım, pul. Vəssalam, nəğmə tamam...
Balaca mütəfərriqələr 5– Salam əleyküm, ağa Dərviş! Oğlan, nə olub yenə, səsin tamam karvansaranı alıb başına, gözlərin gülüb, üzündən şadlıq tökülür? Mən ki səni həmişə dərd-qəmə aludə görmüşəm... İndiki halətinə səbəb nə, ağam?– Əfəndim, mən bu gün bir neçə xəbərlər eşitmişəm, ruhpərvər və pakizə, ona görə şadlığımdan bilmirəm nə edim. Allah təbarək və taala müxbirə ömri tulanı əta eləsin, hər bir xətadan və bəladan hifz eləsin, inşallah!
Balaca mütəfərriqələr 6Necə ki, ağasın sevən nökər şad olur ağası şad olanda və qəmgin olur ağasına bədbəxtlik üz verəndə, elə də qulami-millət Dərviş üçün toy-bayram olur milləti insaniyyət yolunda tərəqqi edəndə. Necə şad olmasın Dərviş?.. Pəh, pəh, pəh! Fəda olum sizə, ey sahibi-kəramət, səxavəti-millətpərəst ağalarım Məşədi Hacağa, Kərbəlayı Nemətqulu, Ağa Rəcəbəli, Kərbəlayı Şeyx Qulu və qeyriləri! Fikriniz dürüstdür, ağalarım: şüurlu oğul neylər ata malını, bişüur neylər... Dövlətimiz çox çoxdur, kifayətdir övladbəövlad. Allah daha artıq etsin! Yəqin bilin, ağalarım, siz rəhmət edəndən sonra adınız itməyib baqi qalacaq və həmişə sizə rəhmət oxunacaq, ələlxüsus indi duaçı, sonra rəhmət oxuyanlar siz bina etdiyiniz məktəbxananın şagirdləri olacaq və necə olmasınlar, küçələrdə axırı puç bisərüpa qalan uşaqlar elm oxuyub gələcəkdə adam olacaqlar. Dərviş ölənədək sizə duaçı. Təbrik edər bu gözəl, illər ilə gözlənən nicatxananı. Mübarəkdir! Ancaq qurban sizə, ağalar, bir azca tezcə olsun, çünki indi fəsli-bahardır. Bundan sonra görüm kim cürət edib dilinə gətirə biləcək ki, belə iş yoxdur, bu əhvalatı Dərviş öz sinəsindən icad edib?Xudaya pərvərdigara, bu xəbər yalan isə də doğru olsun, yoxsa qulami-millətin işi lap zayedir.
Poems by other poets
Məcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
DustNədir eşqindən özgə canım ey dustOdur can ilə çün cananım,ey dust
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,