Dördüncü məclis
Page 1 of 2
Vaqe olur həmin otaqda.
Hacı Qəmbər (tək). Paho, ay!.. Axır ki, Cavahiri yola saldım getdi. İndi görüm mən nə qayırıram... Doğru deyiblər bir cahıllıqda, bir də qocalıqda baş gərm olar. Göz qızışıb, gecə yuxusuz, gündüz əlamanda... Belə ruzgarı uzun çəkməz olmaz... Dünyavü-aləm olub peşəm. Hər bir saat, hər bir dəqiqə, vaxtbivaxt Yetər durub gözümün qabağında... İş düzələr, bir neçə müddət istirahət elərik... Dünya beş gündür, beşi də qara. Süleymana qalmayan dünya kimə qalacaq? (Cəbi daxil olur.) Hə, Cəbi, necə oldu?
Cəbi. Cəbini Allah yer üzündən götürsün... Cəbini buyurursuz bitməz işə, adını qoyursuz yarıtmaz! Cəbi neyləsin?.. Nə qədər əlləşirəm, nə qədər çalışıram, qancıq tora girmir ki, girmir... Deyirəm ay qız, axmağın balası, belə dövlətdən, cah-calaldan kim əl çəkər... İndiyə kimi qulluqçuluq eləmisən, bundan sonra xanımlıq elə... Ye, iç, yat, gəz! Allaha da gündə min kərə şükür elə... Əlac olmur. Çox da bərkə çəkəndə, deyir vallah Dilbər xanıma deyərəm... Dəxi saqqalımda yer qalmayıbdır ki, lomba ilən tüfürməmiş olsun.
Hacı Qəmbər. Get onu bəri çağır görüm... (Cəbi gedir.) Nainsafın balası nainsaf, gör necə nəməkbəharamdır. Bir mənə deyən gərək nə düşmüsən həpənd Cəbinin üstünə, çağır mollanı, kəbini kəsdir, qurtarsın getsin... Yetərin harayı onda görək hara çatar.
Dilbər xanım (daxil olur, acıqlı və təəccüblü Hacı Qəmbərə xeyli baxıb). Yağışdan çıxdıq, yağmura düşdük. Ay bihəya oğlu bihəya, tfu sənin bihəya saqqalına! Bu saqqaldan utanmırsan heç?!
Hacı Qəmbər. Başına at təpibdirmi nədir, arvad? Nədən ötrü və nə cürət edib bu föhşləri mənə deyirsən, hə?
Dilbər xanım. Nə cürət eləyirəm?! Nədən ötrü?! Bilmirsən, ay bihəya? Vallah, bu evə bir od qoyaram, bir oyun oynayaram inqirazi-aləməcən danışılar! Bir gözümün içinə dürüst bax! Təzədən dəli olmusan, ay mürtəd, ay məlun? Tfu, sənin saqqalına!
Hacı Qəmbər. Bihəyanın qızı, şəriətdən çıxıb üzümə ağ olursan? Mənim cinimi bilirsən ki! Bu saatda bu evdən səni it qovan kimi qovaram.
Dilbər xanım. Çaxır içmisən, yoxsa qarğa beyni yemisən, məni evdən qovursan?.. Bəxtəvər başıma, altmış yaşında sahibim təzədən eşqə düşüb!.. Boyunu yerə soxum!..
Hacı Qəmbər. Dinc, farağat otur, heç atlanıb-düşmə, yoxsa axırda peşman olarsan. Məni yaxşı tanı.
Dilbər xanım. Yetər, Yetər! Buraya gəl, ay qız! Buraya gəl görüm, indiyə kimi sənə “qızım, qızım” deyən, səni nə tövr zərzibaya münəvvər eləyib bu evdə xanım qayırır. Tfu sənin saqqalına!
Hacı Qəmbər. Sənin cürətin yoxdur ona “buradan dur, orada otur” deyəsən! Murdarın qızı murdar, sürün gözümün qabağından!
Dilbər xanım. Bu saat qaçaram bazara başıaçıq, ayağıyalın; çağırram aləmi, tökərəm başıma ki, camaat, Hacı Qəmbər təzədən dəli olub, məni, beş uşaq anasını, Fərhad kimi otuz il külüng çalanı öz evindən qovur. Səni bir saatda rüsvayi-cahan elərəm.
Hacı Qəmbər. Əstəğfürullah! Lənət sənə kor şeytan ha! Sözün nədir, gözünə dönüm, məndən nə istəyirsən, məndən, nə istəyirsən, ay dəli Xudaverdinin nəvəsi?
Dilbər xanım. Səndən nə istəyirəm ki, pinəçi Kazımın oğlu? Ay dünənəcən çərçilik eləyən! Yetəri buraya çağır, onda sənə deyərəm.
Hacı Qəmbər. Əstəbfürüllah! Xataya düşdük camaat da.
Dilbər xanım. Axır deyirəm nədən ötrü Cavahiri başından tez rədd elədi, qızışıb eyşi-işrətə məşğul olmaq istəyirmiş... Tfu, məlun! Heç utanmırsanmı? Yetər xanım, nazlı xanım, norəstə xanım, gəl! Tfu, biqeyrət!
Hacı Qəmbər. Yetər səndən pisdir? Yetəri sənin kimi yüz arvada vermərəm. Yavaş, onu xanım eləyəndə görək mən şəriətə namüvafiq iş görürəm?.. Əgər xoşuna gəlmir gözüm üstə yolun var, buyur təşrif apar... Buyur elə bu saat buyur.
Dilbər xanım. Sən bu evdə qan salmaq istəyirsən, qan, qan, qan! Vəssallam. Abrı yeyib, isməti atmısan dalına!
Hacı Qəmbər. Axmağın qızı axmaq! Bircə onu başa düş ki, Yetərin on beş ya on altı yaşı var, biz olmuşuq naməhrəm, istəyirsən ki, məni günaha batırıb cəhənnəm odilə yandırasan?
Dilbər xanım. Bihəyanın üzrünə bax, üzrünə! Xeyr, elə deyil. Sənə belə dikməmə qız gərəkdir, norəstə! Tfu saqqalına, tfu etibarına!
Hacı Qəmbər. Dəxi bəsdir, kifayət elər?.. Dur itil gözümün qabağından, yoxsa vallah sür-sümüyünü əzərəm. Dur deyirəm sənə!.. Sən məni lap biqeyrət elədin, sürün!..
Cəbi daxil olur.
Dilbər xanım (Cəbiyə). Ay bihəya oğlu bihəya! Yaxşı, hələ bu Məkkə belini sındırmış ağlın itiribdir, sənə nə düşüb, mürtəd oğlu mürtəd, girmisən meydana, çöp altında dəyirman tikirsən? Ay çörəyim səni hər iki gözündən eləsin!
Cəbi. Ay xanım, başına dönüm, mənim taxsırım nədir ki, söyürsüz? Mən neyləmişəm?
Dilbər xanım. Gözümüz aydın olsun, pişiyimiz oğlan doğub... Allah kişilərin hamısına lənət eləsin ki, bir az yalları artıq düşəndə it kimi kürsəyə gedirlər.
Hacı Qəmbər. Yalım artıq olanda, gərək mən də gedib qeyrilər kimi rus arvadı kənarda saxlayıram? Allahın əmrindən, peyğəmbərin şəriətindən çıxıram?
Dilbər xanım. Neynək, əgər saqqalına, getdiyin Məkkəyə yaraşar, sən də get bir rus arvadı saxla.
Cəbi. Xanım, heç acığın tutmasın... Rus xanımlarında belə naz var, qəmzə var, şivə var, o ki, müsəlman arvadlarında tapılmaz. O yaraşıb rus xanımlarına ki, hər tərpənişi adamın canını alır.
Dilbər xanım. Elə o deyilmi hacının beynini qarışdıran?
Hacı Qəmbər (ayağa durub). Dəxi sən mənim canımı yığdın boğazıma! Bu saat itil mənim evimdən! Tünbətünün qızı, sürün buradan! (İtələyir.) Get, bu gün mehrini sayaram qabağına. (Güc ilə qovur.)
Dilbər xanım (ağlaya-ağlaya). Allah, belə zülmü götürürsən də!
Hacı Qəmbər. Hara gedirsən get. Sənin o biri otaqda işin yoxdur, düz get!
Dilbər xanım. Gör, a bihəya oğlu, sənin başına nə gətirəcəyəm. (Gedir.)
Hacı Qəmbər. Mən belə deməmişdim... Cəbi, bu saat Molla Səfini çağır buraya, artıq məndə səbr qalmayıb, dəxi dözə bilmərəm!.. Bu nə arvad oldu mənim canıma!
Yetər (daxil olub). Ağa, indiyə kimi mən sənin üzünə dik baxmamışam, bu evi öz atamın evi hesab eləmişəm. Siz bu fikrə düşəndən bəri mən gecə-gündüz ağlayıram. Bu evi nə üçün dağıdırsız? Heç ola bilərmi ki, Dilbər xanım bu evdən qovulsun, axır o mənə analıq eləyibdir... Mən bu işə razı ola bilmərəm.
Hacı Qəmbər. Mən tamam qohum-əqrəbadan əl çəkirəm, otuz il bir yerdə mənimlə yoldaşlıq edən övrətimdən əl çəkirəm, gör bu axmağın balası mənə nə vəz eləyir.
Cəbi. Neyləyim ay ağa, başına dönüm, Allah mənə bir elə qız verməyibdir ki, sənə xoş gələ, atam özümü ayaqlarının altına, deyəm: “Ağa, qurbandır sənə, buyur”. Bu veyil qızı veyil öz xoşbəxtliyin qanmır.
Yetər. Ağa, Allah xatirinə. Dilbər xanımı qaytarın evə! Xudaya, bu nə işdi mən düşdüm! Allah rizasına, ağa, mənə zülm eləməyin, məni çevir uşaqlarının başına... Mən Dilbər xanımın göz yaşına dözə bilmirəm, camaatı özünüzə güldürməyin.
Hacı Qəmbər. Səsini kəs! Dilbər də cəhənnəmə, camaat da cəhənnəmə... İşivü gör, ay gədə, Cəbi, tez ol get Molla Səfini buraya çağır, tez ol! (Cəbi gedir.) Mənim malımın, canımın bundan sonra təəllüqü var sənə. Gör səni necə saxlayacağam! Zər-zibanın içində. Görən desin: afərin, Hacı Qəmbər! Molla gələnəcən... Alıb gətirmişəm. (Tələsik gedir.)
Yetər. Anasız, atasız, qardaşsız yetim canım vay... Xudaya! Mən nə günah eləmişdim? Mən Dilbər xanıma nə cavab verim? Cavahir xanıma nə deyim? (Oturub ağlayır.)
Hacı Qəmbər (əlində bir kəllə qənd və bir qutu nabat daxil olur). Dinim, imanım, dövlətim, malım, niyə ağlayırsan? Bu canı qoymuşam yolunda. (Yetərə tərəf gedir, Yetər qaçır) Qız uşağı elə belə olar, qabaqcan bir az ağlar, xiffət elər, sonra öyrəşər. Bir az da keçər başlar ki, filan arvada niyə baxdın? Gül kimi Yetəri qoyub kənara kim baxar?.. Bundan sonra namazımız pakizə qılıb əyləşərik evdə, başımızı qoyarıq Yetərin dizi üstə, bir neçə müddət istirahət elərik, Əzrayıl da gələndə deyərik, buyur.
Mahmud (daxil olub). Salam əleyküm, ağa!
Hacı Qəmbər. Əleykəssalam. Nə var, nə yox, Mahmud? Cavahir necə dolanır, yaxşıdırmı?
Mahmud. Allaha şükür, keyfləri kökdür, damağları çağ... Cavahir xanım məni göndərib ki, get gör necə dolanırlar, salamatdırlarmı? Əlavə gəlmişəm bir neçə şeylər alıb aparım, bir də xanım bir az yağ, qaymaq göndərib, onu da verdim Yetərə. Mürəxxəs olum qulluğunuzdan. İşim çoxdur, axşama düşərəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-yagisdan-cixdiq-yagmura-dusduk-dorduncu-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Doğru buyurursan, kərbəlayı, amma “bağa çanağından çıxıb, çanağın bəyənmir” – məsəlinin qeyri-mənası da var. Bizim ata-babalarımız bir çuğun aftafada darçın, zəncəfil çayı qaynadıb içiblər. Hətta bu növ çay çox adamlara məqdur olmayıb. Qəddin arxalıq, naşur tuman geyib, ayaqda başmaq ilə ömr keçirdiblər. O zamana keçib gedib. Atam, indi çal papaqlar başlarda, ayaqda cır-cır çəkmə, libas ala firəngi. Guya ki bu cənablar Paris darülfünunlarında elm təhsil edib kurs qurtarıblar.Bu sözləri ərz etməkdə mənzurum budur ki, sənə zəmanənin dəyişməyindən söhbət edim. Aşkar görünür ki, ömr və zəmanə insanı həmişə çanaq altında qalmağa qoymur.
Balaca mütəfərriqələr 45Keçən pəncşənbə günü dövrədən mənzilə qayıdan zaman bəndəyə bir cənab rast gəlib mənə hücum etdilər.– Ağa Dərviş! Nə tutmusan bizim yaxamızdan, qardaş, əl çəkmirsən? “Uşaqlarınızı oxudunuz, nicatımız elmdədir” – deyərək bizi təngə gətirdin... Atam, bəs deyilmi?!
Balaca mütəfərriqələr 46– Yenə nə olub, ağa Dərviş, əhvalını pərişan görürəm?– Əhvalım pərişandan pərişandır. Bu gecə sübhədək yatmamışam. Ancaq göz yaşına elə güc vermişəm.
Balaca mütəfərriqələr 47– Kərbəlayı, qardaşım! Buyurursan ki, dərviş yenə dəli olub, ağzına gələni danışır. Qulaq as, atam, görüm sən də dəli olarsan, olmazsan! Bu günlərdə bir alicənaba rast gəlib sual etdim: ağacan, qlasnılar intixabı yaxınlaşır, halınızı pərişan deyirlər, doğrudurmu? “Bu işlərə mən qarışmıram və qarışmayacağam da”, – deyib ağam özünü vurdu kantora... Dayandım... Fikrə getdim... Ciyərim odlandı. Üz qoydum bazara... Rast gəldim bir qeyri-cənaba. Ərz elədim: ağacan, qlasnılar intixabı yaxınlaşır, fikriniz nədir? Ağamın cavabı belə oldu: “Cəhənnəmə yaxınlaşsın, gora yaxınlaşsın... İntixab bir yol olar, iki yol olar, nəinki... Təngə gəlmişik, mən bu işə yaxın durmayacağam, canları çıxsın!” Bu sözləri deyib mindi faytona. Afərin bu cavaba, – deyib mən də uzaqlaşdım... Rast gəldim bir nəfər əhli-ürfana. Başladım şikayəti ruzigardan...– Ağa Dərviş! Əmin-amanlıqdan dəm vurursan, əfəndim... Məgər bizim sözümüzə baxan var! Nahaq zəhmət çəkmə, ağa Dərviş, bizlərdən adam olmaz!