Page 3 of 4 · 50%

Şükür olsun bir Allaha,
Bu gələn Eyvaz səsidi.
Məni yadına salıbdı,
Bu gələn Eyvaz səsidi.

Girər meydana xan kimi,
Dolar gözləri qan kimi,
Bir alıcı tərlan kimi,
Bu gələn Eyvaz səsidi.

İndi bağladar qolunu,
Qırar sağını, solunu,
Yada salıb Koroğlunu,
Bu gələn Eyvaz səsidi.

Koroğlu hələ sözünü tamam eləməmişdi ki, şəhərdə vurhavur qopdu. Ərəb Reyhan belə baxanda gördü vallah, budu, bir dəstə siyirməqılınc atlı elə gəlir, elə gəlir ki, elə bil bir dəstə tərlandı ördəyə, qaza gəlir. Tez keçdi meydanın bu biri tərəfinə ki, qoşun böyüklərini çağırsın. Baxdı ki, bir belə dəstə də bu tərəfdən gəlir. Belə dönəndə gördü budu, bir dəstə atlı da bu biri küçədə, olar bir üç yüz-dörd yüz əskəri qatıb qabağına qarqa-quzğun kimi qova-qova gətirir. Ərəb Reyhan özünü itirdi. Bilmədi nə eləsin. Elə bu dəmdə Qars paşasının qoşun böyüyü özünü yetirdi ki:
– Nə durubsunuz? Dəlilər şəhərə ətdən divar çəkiblər. Başınızın
çarəsini eləyin.
Ərəb Reyhan dedi:
– Görürəm. Qoy gəlsinlər. Sən qoşunu hazır saxla! Elə ki, onlar
gəlib buraya doldular, sən dallarını kəs!
Qoşun böyüyü dedi:
– Nə dallarını kəs? Bunlar nədi ki? Beş-altı min dəli şəhərin
ətrafını tutub. Bunlar elçilərdi belə gəlirlər.
Ərəb Reyhan baxdı ki, bir su içim saatda dəlilər meydanın ətrafını
aldılar.
Bu dəmdə bir dəli nərə səsi gəldi. Ərəb Reyhan döndü ki, budu bir
dəstə gəlir, qabaqlarında da Eyvaz.
Eyvaz Ərəb Reyhanı görcək tanıdı. Dedi:
– Ya budu ki, bu saat Koroğlunu ver, ya budu ki, bir hay vurub
şəhərin torpağını torba ilə daşıtdıracağam.
Ərəb Reyhan da igid adam idi. Yeridi qabağa dedi:
– Eyvaz, Koroğlu bax, odu minarədə.
Eyvaz belə baxanda Koroğlunu gördü. Ərəb Reyhan dedi:
– İndi bura bax!
Bunu deyib Ərəb Reyhan minarənin dibinə işarə elədi. Eyvaz baxdı
ki, minarə elə handa-handadı yıxılsın. İki yüzəcən külünglü adam da
hazır dayanıb əmr gözləyir. Ərəb Reyhan dedi:
– Koroğlu mənim əlimdədi. Bircə dəfə işarə eləsəm minarə
gedəcək. İndi sən gəlmisən onu qurtarmağa. Yaxşısı, budu ki, nə sənin
qoşunun qırılsın, nə də mənim. Gəl bu meydanda ikimiz vuruşaq, sən
məni öldürdün, Koroğlu da sənin, hər şey də sənin. Nə eləyərsən
özün bilərsən, yox, mən səni öldürdüm, genə də nə eləyərəm özüm
bilərəm.
Eyvaz bir Ərəb Reyhana baxdı, bir dönüb Koroğluya baxdı, bir də
belə dönəndə baxdı ki, Hürü xanım gəlib meydanın bir tərəfində
dayanıb bunlara baxır. Elə bil dünya-aləm Eyvazın başına fırlandı. Bir
dəli nərə çəkib meydanı dolanmağa başladı. Koroğlu da minarədən
baxırdı. Gördü yox, deyəsən Eyvaz vuruşmaq istəyir. Koroğlu Ərəb
Reyhanın gücünə bələd idi. Bilidi ki, Eyvaz onun öhdəsindən gələ bilməyəcək. Odu ki, qışqırıb dedi:
– Eyvaz, məbada meydana girəsən. Əgər igiddi, qoy mənnən vuruşsun.
Gördü yox, Eyvaz heç eşitmir. Dedi:
– Ayə, minarənin yıxılacağından mənə ziyan yoxdu. Qorxma, qoy uçursunlar.
Eyvaz hara, söz eşitmək hara? Elə idi, elə idi ki, dönmüşdü bir aslan balasına, zəncir gəmirirdi. Bir dəfə meydanı gərdiş eləyib üzünü tutdu Ərəb Reyhana. Dedi:

Mərdsən, gəl meydana, paşa!
Savaşaq indi sənnən mən.
Gör gücümü, eylə haşa,
Savaşaq indi sənnən mən.

Götürrəm əlimə nizə,
Mərdlər əhsən desin bizə,
Duraq meydanda üz-üzə,
Savaşaq indi sənnən mən.

Demə mənə bu hədyanın,
Yəqin bil ki, allam canın,
Qılıncla tökərəm qanın,
Savaşaq indi sənnən mən.

Gərək dost, düşmanın seçəm,
Çətin olar qorxam qaçam,
İstərəm ki, meydan açam,
Savaşaq indi sənnən mən.

Mən Eyvazam, durmuşam mərd,
Yaman ürəyə ollam dərd,
İgidsənsə ol meydangərd,
Savaşaq indi sənnən mən.

Eyvaz sözünü tamam eləyib atı vurdu, Ərəb Reyhan da öz atını cövlana gətirdi. Koroğlu gördü day ayrı əlac yoxdu, bir dəli nərə çəkib dedi:

Eyvazım minəndə Dürat belinə,
Gərək göydə quşlar qanad saxlasın,
Dava günü hər kim düşsə əlinə,
Qabağında diz çökübən ağlasın.

Şığıyıb düşmana qəddini bükər,
Girəndə şəhərə bürc-barı sökər,
Paşalar başında acı turp əkər,
İgid gərək zərbəsini haxlasın.

Mərd böyüyüb mərd ağası, mərd xanı,
Tutacaq şöhrəti cümlə-cahanı,
Gəzəcək Misiri, Şamı, Osmanı,
İgid gərək qabağında tablasın.

Qərəz, Ərəb Reyhanla Eyvaz başladılar davaya. Şeşpərdən, gürzdən murad hasil olmadı, əl elədilər qılınca. Qılınclar sındı, töküldü, əl elədilər nizəyə, nizədən də kar çıxmayanda atdan düşüb başladılar küştüyə. İlan kimi sarmaşdılar bir-birinə. Kotan kimi başladılar meydanın torpağını sökməyə. Eyvaz cavan, bərkə-boşa düşməmiş adam, Ərəb Reyhan min ilin pəhləvanı. Day, o necə deyərlər, pəhlivanlıq elminin bir dəlmə-deşiyi yox idi ki, Ərəb Reyhan oraya baş vurmamış ola. Neçə-neçə adlı pəhlivanlar basmışdı. O necə deyərlər, ad çıxartmışdı.
Girələyib Eyvazın çiyin damarlarını saldı cənginə. Eyvazın gözləri başladı qaralmağa. Elə bil ki, dünya, aləm durdu başına hərlənməyə.
Koroğlu baxdı ki, Eyvaz gedir. Ürəyi tablamadı. Elə bir nərə çəkdi ki, dağ-daş titrədi, dedi:

Canım Eyvaz, gözüm Eyvaz,
Bir bəri dön, bax bu yana!
Amandı qoç dəlilərim
Qoyma dönsün qəlbi qana!

Ondan üzünü meydanda duran Hürü xanıma tərəf tutub dedi:

Dayanıbdı o, xan kimi,
Baxır sənə sultan kimi,
Qalx, alıcı tərlan kimi
Təzədən gir bu meydana!

Qılıncın ağzı zağlıdı,
Dostunun yolu bağlıdı,
Koroğlu qəlbi dağlıdı,
Qoyma batsın çən-dumana!

Elə bil ki, Koroğlunun sözlərindən Eyvaza qüvvət gəldi. Bir güc verib Ərəb Reyhanın əlindən qurtardı. Dəlilərin əhsən səsi göyə ucaldı.
Eyvaz bir dəfə meydanı hərlənib dedi:

Koroğlu buyurub buyruğu,
Gərək mən sənin, mən sənin.
Çəkib qopardam boynunu
Gərək mən sənin, mən sənin.

Bir ac qurdam, gəldim bura,
Əyri qılınc boynun vura,
Gözaltını alam sora
Gərək mən sənin, mən sənin.

Eyvazam, gərək yetirəm,
Hürüyə qulluq bitirəm,
Adın dünyadan itirəm
Gərək mən sənin, mən sənin.

Sözünü qurtarıb qızmış nər kimi özünü atdı Ərəb Reyhanın üstünə.
Elə birinci həmlədə Ərəb Reyhanı vurub sərdi yerə. Day aman verməyib düşdü üstünə. Bu dəfə də Eyvaz Ərəb Reyhanın çiyin damarlarını keçirtdi barmaqlarına. Ərəb Reyhanın ağzı başladı köpüklənməyə, Koroğlu işi belə görəndə dedi:

Yaxşı yerdə axşamladın,
Ərəb oğlu, Ərəb oğlu.
Boynuna kəfən doladın,
Ərəb oğlu, Ərəb oğlu.

Döyül bir də bac verəsi,
İndi alar can kirəsi,
Sənsən yer-yurdun birəsi,
Ərəb oğlu, Ərəb oğlu.

Tanı Koroğlu soyunu,
Gör cida təki boyunu,
Açdı başına oyunu,
Ərəb oğlu, Ərəb oğlu!

Eyvaz birdən Ərəb Reyhanın çiyinlərini buraxıb yapışdı bel kəmərindən.
Bir “ya mədəd!” – deyib dik qaldırdı göyə, vurub yerə, çökdü sinəsinə.
Meydan qarışdı bir-birinə. “Əhsən, əhsən!” səsindən qulaq tutuldu.
Koroğlu minarədən üzün Ərəb Reyhana tutub dedi:

Uca dağların başında
Duman olu, çiskin olu.
Qar yağıban girdə bağlar
Acı yellər əskin olu.

Bir igidin zatı olsa,
Qolunun qüvvəti olsa,
Meydan görmüş atı olsa,
Zülfüqarı kəskin olu.

İgidə yoldaş olmasa,
Bir qoşuna baş olmasa,
Hu deyib savaş olmasa,
Ağır leşkər basqın olu.

Alıcı quşlar əllərdə
Ovlağı olar göllərdə,
Qərib igid, yad ellərdə
Dinə bilməz, miskin olu.

Ögünmə quzum, ögünmə,
Daşlar alıban dökünmə,
Hu deyib meydana girmə,
Əl var əldən üstün olu.

Bunu deyib, Koroğlu işarə elədi. Eyvaz xəncəri çəkib dayadı Ərəb
Reyhanın boğazına. Onda döndü Koroğluya tərəf ki, görsün onun fikri
nədi. Koroğlu dedi:
– Eyvaz, mən bir dəfə onu mərdliklə basıb, mərdliklə də buraxmışdım.
Amma o bunun əvəzində mənə namərdlik elədi. Namərdi də
gərək bu dünyada yaşamasın.
Eyvaza elə bu söz bəs idi. Bayaq ha xəncəri çəkib, başı leşdən elədi,
leşi başdan.
O saat dəlilər minarənin qapısını açdılar. Koroğlu çıxdı bayıra.
Ərəb Reyhanın qoşunu sərkərdələrini ölmüş görüb təslim oldular.
Dəlilər hamısı doldular şəhərə.
Paşanı nə qədər axtardılar, tapa bilmədilər. O necə deyərlər, oldu
bir parça yağlı əppək, çəkildi göyə. Koroğlu dedi:
– Eybi yoxdu. Bu da bir cür igidlikdi. Bu cür adamların igidliyi
ondu. Doqquzu qaçmaqdı, biri heç gözə görünməmək. Day axtarmayın!
Qərəz, dəlilər atları mindilər. Hamı hazırlandı. Koroğlu hay vurdu
ki, yola düşsünlər. Dəstə hərəkətə gəldi. Koroğlu baxdı ki, Eyvaz hələ
heç ata minməyib, heç deyəsən minmək fikrində də deyil. Soruşdu ki:
– Eyvaz, nə gözləyirsən? Niyə minmirsən?
Eyvaz cavab vermədi. Koroğlu bir də soruşdu. Eyvaz yenə də
cavab vermədi. Koroğlu üçüncü dəfə soruşanda Eyvaz sazı götürdü.
Gözlərini dolandırıb bir dəfə ətrafa baxdı, dedi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets