Saza baxsın tariximi yazanlar
Boy boylamaq, söz söyləmək adətim,Qulaq asın, yasım-toyum danışsın.Neçə kökəm, neçə gövdə, neçə qol,Varaqlansın, əslim, soyum danışsın.
Yaraları köz-köz olub hoylanıb,Yenə qalxıb, əsillənib, soylanıb.Bir boyumdan neçə boylar boylanıb,Qopuz dinsin, Qorqud boyum danışsın.
Millətimi saz anladar, saz anlar,Saza baxsın tariximi yazanlar.Nə oxudu, nə söylədi ozanlar,Dağım-daşım, odum-suyum danışsın.
Tanımışam avandımı, tərsimi,Mizrab vurub dindirmişəm hər simi.Qırxlar piri necə verib dərsimi,İçim olsun oyum-oyum, danışsın.
Əngəlimiz o dərələr, o diklər,Taleyimiz Kərəm aşan gədiklər.Niyə belə gəlməz oldu igidlər?Qara sazım, qara neyim danışsın.
El ruhunda dil-dil ötən pərdə mən,Dərman oldum neçə acı dərdə mən,Nələr çəkdik göydə Allah, yerdə mən,Nur yağdıran yerim-göyüm danışsın.2003, 20 may
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-saza-baxsin-tariximi-yazanlar
Use ← → keys to move, R for a random poem