Bir qarlı gecədə dünyaya gəldim,Mənim gəlişimi qış salamladı.Güldüm, dodağımı körpə gülüşü,Ağladım, gözümü yaş salamladı.

Su nədir – gözündən içəndə bildim,Od nədir – içindən keçəndə bildim,Atam bu dünyadan köçəndə bildim,Ömrü zəhərlənmiş aş salamladı.

Həyat ürəyimdə tər güllər əkdi,Gördüm duyğularım çiçək-çiçəkdi.Sevgi əllərini başıma çəkdi,Göz işarə verdi, qaş salamladı.

Kimlər satqın oldu, kimlər satıldı,Fikrim çaşqın oldu, qaşım çatıldı,Hərdən bostanıma daşlar atıldı,Şair taleyimi daş salamladı.

“İşlə” – qələm dedi, “dillən” – saz dedi,“Dildən ayrılmasın xoş avaz” – dedi.Tanrı “yarat” dedi, Allah “yaz” dedi,Məni bir müqəddəs iş salamladı.

2003, 30 noyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring