Nişaburda mədrəsə yaşayışı... Tələbələrə məxsus bir oda. Ətraf taxçalarda kitablar, üstürlab və sair
həndəsə alətləri, sağda qapı başqa bir odaya, solda qapı dışarı açılar. Qarşıda iri pərdələr asılmış.
Xəyyam həmpiyalələri olan Rəmzi ilə Xərabati ilə bərabər şərab içərlər, hər üçü gəncdir. Birinci
– ciddi, səmimi, kəskin baqışlı və coşğun, ikinci – arıq, həssas, üçüncü isə bir az dolğun, yağız
çöhrəli və laübalidir. Qədəhlər boşalırkən musiqi “Hicaz” çalar. Ətrafda isə minacat səsi yüksələr.

Ey fəzalarda gülümsər əbədi şe’rü xəyal!
O nə qüdrət, o nə həşmət, o nə ahəngü cəlal!?
Hər dəha çırpınaraq səndə arar feyzi-kəmal,
Yenə yoq kimsədə əsla səni idrakə məcal. Xəyyam

(heyrət və həyəcanla)

İştə, bir səs ki, edər göylərə şaşqınca xitab,
O sağır göy, əcəba, kimsəyə vermişmi cəvab?
O dərinliklərə, boşluqlara uçduqca xəyal,
Sanki çırpınmada bir şəhpəri yanmış qartal.

Xərabati

(alaycı qəhqəhə ilə)

Hər gələn bir yeni əfsanə satar,
O qaranlıq dama hər kəs daş atar.
Saqın, aldırma, həmən zevqinə baq,

(qədəhi göstərər)

Hər həqiqət buradan parlayacaq.

Rəmzi

Yoq deyildir o qaranlıqda işıq,
Bəşərin əczinə binlərcə yazıq.

(Xərabatinin uzatdığı qədəhi alıb içindəki şərabı süzərək)

İçəlim, iştə, bütün varlığımız,
Al şəfəqlərdə gülümsər yalnız.

Xəyyam

“Xilqətin sirri müəmmadır, əvət,
Ürəfa saçsa da yüz bin hikmət.
Burda cənnət yapalım badə ilə,
Nəmə lazım o varılmaz cənnət”

Xəyyamın dırnaq arasına alınmış rübailərini H.Cavid tərcümə etmişdir.

(İçərlər, hər üçü sərxoşca oqur)

Hərüçü

Saqi, aman, mey ver bana,
Doldur, peyapey ver bana.
Bən abi-kövsər istəməm,
Mey ver bana, hey ver bana...
İçdikcə ruhum şad olur,
Hər qayğıdan azad olur.
Mey ver – gözəlsiz, nəş’əsiz,
Hər duyduğum fəryad olur.

Yenə qədəhlər dolur, bu zaman Xəyyamın oda arqadaşları Xacə Nizamülmülk
ilə Sabbah gəlir, birinci – vüqarlı və həlim, ikinci isə titiz və qurnazdır.

Sabbah

(Xəyyamı əzici baqışlarla süzərək)

İştə, seyr et, bu nə sapqınca oyun.

Xəyyam

Buyurun siz də için...

Sabbah

(qızğın və kinayəli)

Eşq olsun!..
Bir düşün, hiç sana layiqmi bu hal?

Xəyyam

Gəl də sızlanma, otur, bir nəfəs al.

Sabbah

Kimdi bunlar? Xəyyam

(laübali gülüşlə birər-birər göstərər)

İki dostum – Rəmzi,
Şən Xərabati anıb gəldi bizi.
Qayğı bilməz, içərək əyləniriz,
Ayrı olsaq da həqiqətdə biriz.

Xərabati

(kinayəli qəhqəhə ilə)

Şimdi anlat, baqalım, bunlar kim?

Xəyyam

İştə, bunlar da bənim həmdərsim;
Biri Sabbah, o biri Xacə Nizam.

Rəmzi

Sən nəsin?

Xəyyam

Bən də sapıtmış Xəyyam.

(Gülüşürlər)

Sabbah

(Rəmziyə)

Bu gülüşlər nə demək? Hey, sarsaq!..

XacəNizam

(bir kitab alaraq oqumaq için yan odaya keçərkən, Sabbaha)

Bəri gəl, onları asudə bıraq. Sabbah

(Xəyyama)

Nə olur, böylə azıb getsə bəşər,
Səncə əfsanəmidir xeyr ilə şər?

Xəyyam

Bizə gülməzsə həqayiqdəki sirr,
Sərxoş ol, ya ayıq ol, fərqi nədir?

Sabbah

(coşaraq, Xərabatini göstərir)

Sana bir eşmi o divanə səfil?
Bir düşün, mədrəsə meyxanə deyil!

Xəyyam

Kaş ki, olsaydı... İçib sən də bir az İncəlirdin...

Sabbah

Yetişir... Sus, yaramaz!

Xəyyam

Bumu zevq əhlinə layiq ikram?

Rəmzi

Gedəlim, içdiyimiz oldu haram.

Sabbah

Ramazan aqşamı, hər dildə niyaz, Sizə İblis olur ancaq dəmsaz. Xərabati

Bən ayıldım...

Rəmzi

Gedəlim, saçma yetər...

Sabbah

(bağırır)

Sayğısız...

Xəyyam

Həddini çoq aşma, yetər...

XacəNizam

(gələr)

Dur, nə olmuş?

Sabbah

(Rəmzini göstərər)

Bəni təhqir eylər.

Xəyyam
Nə yazıq...
Rəmzi
Gəl, gedəlim...

(Xərabati ilə bərabər çıqarlar) Sabbah

Haydı, yetər.

(İçəri girən xidmətçiyə şərab sürahisini və qədəhi göstərir)

Durma, al, bunları rədd et buradan,
Al da qır həpsini...
Əbu Tahir çıqar.

Xəyyam

(Sabbahı yan baqışla süzərək gülər)

Bədbaxt insan!..

XacəNizam

Çoq təəssüf, umulur şeymi bu hal?
Düşünün, hər ikiniz əql-kəmal.
Yaşadıq bunca zamandır gülərək,
Bu qırıqlıq, bu soyuqluq nə demək?

(əllərini bir-birinə verir)

Barışın, son gecəmizdir barışın,
Hər kimin yıldızı parlarsa yarın,
Arqa olsun da gərək bir-birinə,
Çıqalım bəlkə səadətli günə.
And içək!

Xəyyam

Anda nə hacət, söz bir.

Sabbah

Razıyım bən də, gözəl bir tədbir. XacəNizam

Bunu vaqtilə sən açdın gerçək,
Yüksələn düşkünə yardımçı gərək.

ƏbuTahir

(xızlı addımlarla girər)

Gəliniz, minbərə çıqmışdır imam,
Saray ərkanı bu gün burda tamam.

XacəNizam

Gedəlim camiyə.

Xəyyam

Camidənsə,
Musiqi məclisi xoşdur bəncə.

(Bərabər çıqarlar)

Sabbah

Biri vaiz, biri sazəndə arar,
Bən sükut istərim, ancaq bu qadar.

(Taxçadan bir şüşə alar, su töküb çalqar)

ƏbuTahir

O nədir?

Sabbah

İştə, əcaib dərman,
Bir yudum içdimi bundan insan,
Bütün aləm görünür cənnət ona,
Bunu hind alimi öyrətdi bana. ƏbuTahir

Cənnət istərsin əgər, camiyə var,
Çoq saray qızları gəlmiş...

Sabbah

(e’tinasız)

Nə çıqar?..
Bu sırada qapı barmaq ucu ilə vurulur. Baq, gələn kimdir?

ƏbuTahir

(qapını açıb baqar, heyrətlə)

O işvəli nur
Qız deyil, sanki şəfəq yavrusudur.
Çıqar, dalğın baqışlı Sevda girər, əyilər. Buyurun, kimsiniz?..

Sevda

İsmim Sevda...

Sabbah

Əmriniz?

Sevda

Lütf edin, imkan varsa
Baqınız taleyimin yıldızına,
Açınız həp gələcək ömrü bana. Sabbah

(məmnun gülümsəyişlə)

Bəni hardan tanıyor heykəli-naz?

Sevda

Şanlı Xəyyamı, əcəb, kim tanımaz.

Sabbah

(ətrafa)

O nə həşmət, nə gözəl, şux əndam, Şübhə yoqdur, bəni sanmış Xəyyam.

(taxçadan üstürlabı götürər)

Cəbrə, ya hikmətə vaqif bir adam, Səncə bir falçımı ya?! Anlayamam.

Sevda

Xayır, əsla!.. Bilirim, şairsin,
Elmi-hey’ətdə ki pək mahirsin.
Nə olur, göydəki yıldızlara baq,
Bir xəbər ver bana.

Sabbah

Dur, etmə məraq.

Sevda

O nədir?

Sabbah

Aləti-kəşf, üstürlab,
Bizə yalnız bu verir bəlli cavab.

(barmağı şaqağında düşünür, ani bir hərəkətlə şüşədəki dərmandan

bir az qədəhə töküb Sevdaya verər)

Hələ ilk öncə bu şərbətdən için.

Sevda

Bu niçindir əcəba, söylə, niçin?

Sabbah

Evliya türbəti var bunda, inan,
İçsə hər kim olur azad acıdan.
Dəyişər taleyi, iqbalı gülər.

Sevda

İçəməm.

Sabbah

(sinirli)

Hiç bu olur şeymi, yetər,
Varsa qəlbində bir az şübhə, niçin
Bu qadar vaqtımı aldın...

Sevda

Lakin...

Sabbah

Sana əyləncəmiyim bən, söylə?!

Sevda

Pək gözəl, ver içəyim...

(Alıb içir. Sabbah məmnun qalır) Sabbah

Baq, öylə.

Bu sırada işıq azalır, ikinci pərdə qalqar, dönməkdə bulunan elektrik kürəsi vasitəsi
ilə rəngarəng qıvılcımlar görülür. Sevda gözlərini ovuşdurar.

Sevda

Dəhşət, bu nə əfsanəli türbət,
Bilməm ki, alavdanmı bu şərbət?
Sarmış bəni atəşli böcəklər,
Bir baq, nə qıvılcımlı çiçəklər.

Sabbah

Aldırma, keçər həpsi.

Sevda

Xayır, baq,
Canlandı, dumanlandı su, topraq.

Başındakı ağ ipək örtünü bir yana atar, Sabbah onun üstündəki atlas urbani də alır,
yalnız incə kömləkdə qalır. Dağınıq, qumral saçları omuzları üzərinə dağılar.

Sabbah

(gözlərini onun gözləri içərisinə dikərək)

Aldırma, sönər şimdi o zülmət,
Hər yanda gülümsər yeni cənnət.

Səhnənin işığı artar. Ətrafda iri çiçəklər və kələbəklər görülür.

Sevda

(çocuqca sevinclə)

Ya Rəb, nə lətafət! Sabbah

Baq, doğdu günəş, güldü çiçəklər,
Seyr et, nə gözəl şən kələbəklər.

Sevda

Dur, rəqs edəcəklər.

Rəqs ahəngi başlanır. Çiçəklər və kələbəklər pəri qiyafətli qızlar olub oynayaraq,
qıvrılaraq, süzülərək Sevdayı araya alarlar, Sevdada heyrət və həyəcan

Sevda

Oh... Bən bu tamaşaya vuruldum,
Gəl, gəl bana, ruhum.

(qızlar onu oqşayaraq uzaqlaşırlar. Sevda qollarını açaraq)

Dur, getmə, aman, köksümə yaslan,
Gəl, qaçma yanımdan.

Sabbah
Baq, başladılar cünbüşə.

Sevda

(əlilə)

Sakit...
Söylənmə, çəkil, get.

(qızlara tamaşa edərək söylədikləri şərqini dinlər. Bu sırada Sabbah

onun yelpazəsini alaraq onu yellər)

Qızlar

(Sevdaya yaqlaşarlar)

Ey sevgili afət! Bu nə halət, nə qiyafət?
Nerdən bu lətafət? Dan yıldızı qoynunda böyütmüş səni guya,

Yoq bənzərin əsla!..
Bir busə dilər gözlər o süzgün baqışından,

Aləm sana heyran.
Hər yosmayı qısqandıracaq işvələrin var,

Xoş cilvələrin var.

Sevda

(yerindən qalqaraq)

Heyrət!.. Nə gözəllik, nə şətarət,
Seyr et! O nə daşqınca bəkarət.

(qızlara)

Siz kimsiniz, ey qafiləyi-naz,
Olmaq dilərim bən sizə həmraz.

(Sabbah yarımqəhqəhə ilə gülür)

Qızlar

Bir rəng ilə ahəngə büründük,
Qarşında göründük,
Qoşduq da, aqışdıq sana bir an.
Gəl, nazına qurban!
Uç, gəl bizə, ey sevgili dilbər,
Gəl sən də bərabər.

Qızlar süzülərək uzaqlaşarlar. İkinci pərdə qapanar. Sevda təlaşla ilərilər.

Sevda

Ah, iştə qayıb, getdilər, eyvah!..

Sabbah

(öpmək istər)

Gəl, gəl bana... Sevda

(geri çəkilər)

Etdim sana ikrah.

Sabbah

Nazlanma, deyil könlüm oyuncaq.

(Qolları arasında sıqar)

Sevda

Rədd ol, yetişir, sayğısız alçaq.

XacəNizam

(gələr)

Kimdir bu? Niçin, böylə sayıqlar?

Sabbah

Bir qız ki, gəlib baxtını yoqlar.

(Sevdayı geyindirər)

Al, urbani gey, haydı, gələn var.

Sevda

Onlar hanı? Ah, nerdədir onlar?

XacəNizam

Bir söylə saraydanmı o?

Sabbah

Bilməm... XacəNizam

(açıq qapıdan dışarını göstərər)

Gəl, baq, onu izlər bütün aləm.

Sabbah

Dəhşət!.. Duramam burda...

(Çıqar)

XacəNizam

Çəkil, sus...

(Sevdayı diqqətlə süzər, ətrafa)

Girmiş də bəşər cildinə tavus.

Sevda

Ah, nerdə o dilbər kələbəklər, Burdan süzülən canlı çiçəklər.

XacəNizam

Bilməm...

Sevda

(sinirli)

Əcəba, səndəmi sapqın?
Xəyyamı çağır, nerdə o çapqın?

XacəNizam

Əfv et onu, pək suçlu da olsa.

Bu sırada əskəri musiqi... Hacib, eşikağası və hökumət mə’murları girərlər,
saray qızları da onları izlər.

Sarayqızları

Sevda?! Bu nədir, Sevda?!
Etdin bizi sən rüsva.
Layiqmi adın gəzsin
Nifrətlə dodaqlarda...

Sevda

Sevda pək uzaqdır ləkələrdən, Ah, uydum o əfsunçuya birdən.

(qədəhi göstərər)

Şərbətdən içib sanki bayıldım, Siz gəldiyiniz anda ayıldım.

Hacib

(kinli)

Aydındır, əvət, mədrəsələr həp, Hər kərpici altında bir əqrəb.

(Xacə Nizamı yaqalar)

Gəl, xain, ədəbsiz, nə cəsarət?!

(Qolunu bağlayıb götürürlər)

Sevda

Yoq, onda xayır, zərrə xəyanət.

Sarayqızları

Sevda, gedəlim, Sevda,
Durmaq yaramaz burda.
Gəl, gəl, ulu xaqanın
Qalmış gözü yollarda. Yoqdur bir eşin əsla
Ən şanlı saraylarda,
Bir yosma gövərçinsin,
Ardınca uçar dünya.

Xəyyam gələr, onları tamaşa edib dinlər, coşğun bir ahənglə

Xəyyam

Alqış, bu nə aləm, bu nə tufan?
Çarpışmada ahəng ilə əlvan.
Yıldızları göylərdə ararkən,
Hücrəmdə gülümsər bana birdən.

(Sevdayı süzərək)

Ah, sən, hələ sən... Başqa çiçəksin,
Bilməm, kimi xoşkam edəcəksin.
Bir tanrıya lazımsa tapınmaq,
Zevq əhli tapınsın sana birdən.

Hacib

Divanəmi? Şairmisin?

Xəyyam

Əsla!..
Peyğəmbər idim, ümmətim olsa.

Hacib

Gəl, saçma bütün sözləri...

(gedərlər, Sevda dönüb Xəyyamı vurğunca baqışlarla süzər,

Hacib isə qolundan tutaraq)

Gəl, gəl... Sevda

(ətrafa)

Ox, hər kəs olur könlümə əngəl.

(Sevda iki-üç adım yürür, təkrar dönüb baqır)

Xəyyam

Gəldin də, niçin pənbə bulutlar kibi aqdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baqdın?
Şimşək kibi çaqdın da, niçin könlümü yaqdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baqdın?

(Sevda gülümsər və süzgün baqışlarla uzaqlaşar. Sevda getdiyi sırada

Xəyyam onu izləyərək)

Sərpildi alev ruhuma süzgün baqışından,
Sarsıldı da həp bənliyim, ey afəti-devran.
Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban,
Bilməm, niyə getdin, niyə döndün, niyə baqdın?!

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri