XX fəsil
... gecələr elektrik qatarının təkərlərinin tukkatuku o yerlərdə çox aydın eşidilirdi, hətta o tukkatukun yüngülcə bir titrəyişi də, Buzovnada yuxuya getmiş Fəhlə Yataqxanasında, elə bil, hiss olunurdu və həmin gecə də sonuncu – gecə saat 1 elektrik qatarı Mərdəkandan qayıdıb Bakıya gedəndə o tukkatuk eləcə aydın eşidildi və yüngül bir titrəyiş də hiss olundu...
... və o gecə bütün Yataqxana kimi, Bayraqdarın ailəsi də yuxudaydı: hərə öz həmişəki yerində – Güllü arvad otağın ortasındakı mizin üstündə, Sara həmin mizin altında, Surxay qapının ağzında, yerdə, Səyyarə də ensiz dəmir çarpayıda yatmışdı; Səyyarə o yeganə çarpayıda yatmağı özünə qıymırdı, amma nə illah edirdi, nə Güllü arvad, nə də Sara o çarpayıda yatırdı, Surxaya isə bu barədə bir söz deyən yox idi; əslində, Surxay öz yerindən çox razı idi, çünki səhər ən tez duran o idi, heç kimi narahat etmədən qapını açıb eşiyə çıxırdı; düzdü, hərdənbir gecənin yarısı Güllü arvad mizin üstündən düşüb tualetə gedəndə Surxayın üstündən addımlamalı olurdu, amma Surxay on ildə buna adət etmişdi və bu, onun üçün elə bir narahatlıq deyildi...
... və həmin gecə o elektrik qatarının çarxlarının tukkatuku hələ tamam keçib getməmiş Səyyarə bərkdən:
– Aparma!.. Aparma!.. – qışqırıb yuxudan ayıldı və o saat da qalxıb çarpayıda oturdu...
– Noluf az, yuxu görürdün?– Bunu mizin üstünə salınmış döşəyində qurcalanan Güllü arvad yuxulu-yuxulu soruşdu.
Səyyarə:
– Hə... – pıçıldadı. – Görürəm, vaqon Əbilini dartıf güjlə mənnən alır, özüylə bir qaranlığa aparır... Görürəm, ora quyunun dibi kimi, zülmət bir yerdi... – Bir az susub təzədən pıçıldadı. – Qorxuram...
Güllü arvad eləcə yuxulu-yuxulu:
– Az, kiri... – dedi. – Niyyətin hara, mənzilin ora...
Səyyarə yenə:
– Nağayrım... – pıçıldadı. – Hələ yaxşı ki, Bakıdadı... Bir də gördün, aparıflar Amerikaya, nə bilim, hara... Başına bir iş gəlsə, nəğayrajıyıq?..
Güllü arvad sinədolusu əsnəyib:
– Az, yat... – dedi. – Bədniyyət olma...
... və o Amerika sözü nə ayıq kimi ayıq, nə də yatmış kimi yatmış olan Bayraqdarı get-gedə uzaqlaşan o tukkatuk altında gözəl bir mürgü aləminə apardı...
... böyük bir stadion idi və bütün stadion ayağa qalxıb bağırırdı...
... Əbili qol vurmuşdu...
... bütün stadion – hamısı da qalstuklu, şlyapalı adamlar idi – ayaq üstə qışqırırdı:
– Ey-se-bi-o!..
– Ey-se-bi-o!..
– Ey-se-bi-o!..
... Əbiliyə görə Surxayı da o stadiona buraxmışdılar və Surxay iki əlilə də müstəqil Azərbaycanın üçrəngli bayrağının dəstəyindən tutub, başının üstündə fırlada-fırlada dalğalandırırdı...
... sonra elektrik qatarınının çarxlarının tukkatuku tamam eşidilməz oldu...
Kitabxana.az · https://kitabxana.az/works/elcin-bayraqdar-xx-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dadaşgil həyətdə futbol oynayır. Mən Dadaşa deyirəm:– Dadaş, qoy mən də sizinlə futbol oynayım.
Mən Lalə istəyirəmLalə elə balacadı, elə balacadı, elə balacadı, lap bir cıqqılı. Lalə mənim bacımdı. Nənəm deyir:– Mənim Laləm, Laləciyim...
Belə də iş olar?Heç bilmirəm nə edim... Belə də iş olar?..Mən Səliməm. Amma hamı mənə «Balaca Səlim» deyir. Niyə «balaca»? Bilmirəm..
Mən hər şeyi bilirəmMən babamı çox istəyirəm. Bax, bu qədər! Hələ qollarım çatmır, göstərim ki, nə qədər!..Biz Bakıda yaşayırıq, babam kənddə. Babam tez-tez bizə gəlir. Mənə çoxlu meyvə gətirir. Bilir ki, yaman meyvə yeyənəm. İndi də babam mənə meyvə gətirib: alma, armud, şaftalı, gavalı... Mən də oturub yaxşıca-yaxşıca yeyirəm.
Başqa şairlərin şeirləri
Könül qafil deyil bu nemətin şükrü sənasından,Dilim sakin deyil bu mətləbin xeyrü duasından.
Nə deyirsən?Sən sevgiyə gerçəkdə bir əfsanə deyirsən,Sənsiz yaşamaq ölməyə bənzər, nə deyirsən?!
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat