Otaqdakı şam işığında dörd nəfər əyləşmişdi: İbrahim xan, Əmiraslan bəy və Şuşa qalasına qalxan o iki atlı.

İbrahim xan o iki nəfərə baxa-baxa deyirdi:

– Naibüssəltənə ismarıc göndərəndə ki, mənimlə danışmaq istəyir, çox məmnun oldum. Qibleyi-aləm mənim kürəkənim deyil, oğlumdur!.. Naibüssəltənəyə də mən həmişə qardaşım kimi baxmışam. Mənim ruslara olan iltifatımın yeganə səbəbi məcburiyyət və köməksizliyim olmuşdur. Əmiraslan bəyə də mən tapşırdım ki, siz elçilərə şəxsən bələdçilik edib qalaya qaldırsın.

Elçilərdən biri:

– Təşəkkürümüzü bildiririk, ağayi-İbrahim xan,– dedi.– Abbas Mirzə Naibüssəltənə bizə belə bir buyruq verib ki, vəziyyətdən siz cənablarını agah edək və kafirlərin əleyhinə bəradərliyimizi bərpa edək.

İbrahim xan:

– Buyurun, ağalar,– dedi.

– Naibüssəltənənin rəşadətli qoşunları, bu yerlərdəki müsəlman qardaşlarımıza cani-dildən yardım göstərə bilmək üçün, bildiyiniz kimi, indi aran Qarabağın və Şirvanın torpaqlarında yerləşib. Gürcü şahzadəsi Aleksandr bəradərimiz 14 minlik ordusu ilə Gəncənin 65 verstliyində düşərgə salıb və Allah qoysa, Naibüssəltənənin qoşunları ilə bahəm kafirləri həm Gürcüstandan, həm də Şəkidən, Qarabağdan, Şirvandan, Bakıdan tutmuş ta Dərbəndəcən, inşaallah, qovub, dədələrimizin, babalarımızın yurdundan bir dəfəlik çıxarmaq əzmindədir. Firəngistanın padşahı Napoleon qibleyi-aləmə rusların əleyhinə yardım vəd edib və deyirlər ki, Napoleon padşah vədinə əməl edən şəxsdir. Naibüssəltənənin fikri və istəyi belədir ki, xan cənabınız bir həmlə ilə Şuşanı ruslardan təmizləsin və atlıları ilə arana enib Naibüssəltənənin rəşadətli qoşunlarına birləşsin və müştərək kafirlərin axırına çıxaq.

Əmiraslan bəy özünü saxlaya bilməyib:

– Sisianovun qətlindən sonra mayorun əsgərləri lap quduzlaşıb,– dedi.– Yoldan ötəni saxlayıb, yoxlayırlar, elə bil, dədələrinin obasıdı.

Elçilərdən ikincisi:

– Bilirik, baba,– dedi.– Bunları burda saxlayırsız, xanlığı var-yoxdan çıxarır, bir az yerlərini möhkəmlədəndən sonra gör nə olacaq də!.. Ağayi-İbrahim xan, biz geri qayıtmalıyıq. Naibüssəltənə cənabınızın cavabını gözləyir.

– Naibüssəltənəyə mənim salam və ehtiramlarımı yetirməyinizi rica edirəm, ağayi-elçilər. Əmin olsun ki, mən əlimdən gələni əsirgəməyəcəyəm. Ancaq özümüzü səfərbər etmək üçün bir müddət rüsxət versin. Naibüssəltənə bizim arxalandığımız dağdır. Bir müddət rüsxət, ağalar, rüsxət!.. Rüsxət istəyirəm… Sonra, Allah qoysa, əlimizdən gələni edəcəyik! Naibüssəltənənin buna heç şübhəsi olmasın!.. Ruslar tək sizin üçün kafir deyillər ki, ağalar, bizim üçün də kafirdirlər də!.. İndi isə yola çıxmazdan əvvəl bir az dincəlin, nahar edin. Yenə Əmiraslan bəy özü sizi yola salacaq.

İbrahim xan ayağa qalxdı. Elçilər də ayağa qalxdı və baş əyib otaqdan çıxdılar. Əmiraslan bəy də dişarı çıxmaq istəyəndə xan onu əylədi:

– Sən qal.

Əmiraslan bəy ayaq saxladı. Xan ona baxıb:

– Sən nə fikirləşirsən?– soruşdu.

Əmiraslan bəy:

– Əlahəzrət,– dedi.– Mən siyasətə müdaxilə edən adam deyiləm. Mənimki qılıncdır və sizin əmrinizdir. Ancaq elçilər çox pərt qalxdılar, xan sağ olsun. Soldatlar da həddini aşıb, qudurublar. Sisianovun qətlindən sonra heç kimlə hesablaşmırlar, azğınlaşıblar. Ermənilər də bir tərəfdən yavaş-yavaş onlarla dilbir olmağa başlayıb... Vanya yüzbaşı günün günorta çağı heç nədən çəkinmir, gedib, girir rusların qərargahına…

İbrahim xan gülümsədi:

– Vanya yüzbaşı nədi ki, nə də eləyə bilsin? İndi biz bu həngamədə Vanya yüzbaşının dərdini çəkəcəyik?

– Bilmirəm, xan sağ olsun! Ancaq əmr versəniz, mən elə bu gecə hücum çəkib, onları didərgin salaram!

– Qulaq as, qoşunbaşı, qızışma! Saday bəy bədbəxt oğlu, qızışdı, axırını gördük!.. Elçilər hər şeyi demədilər axı! Ruslar Ağdamda 4000 sərbazı darmadağın elədi. Abbas Mirzə qorxur və bizim əlimizlə öz mövqeyini möhkəmlətmək istəyir. Mən rusları buradan qovum, ruslar da İran qoşununa qalib gəlsin, onda Qarabağın günü nə olacaq? Gözləmək lazımdı… 500 əsgərin öhdəsindən gəlmək asandı, amma biz rus əjdahası ilə kəllə-kəlləyə gələ bilmərik!.. Gözləyək, görək, divlərin boğuşması nə ilə qurtaracaq, onda da qərarımızı verərik.

Əmiraslan bəy:

– Üzr istəyirəm, xan həzrətləri,– dedi.– Onda gec olmayacaq ki?..

İbrahim xan yüngülcə gülümsəyib:

– İslanmışın yağışdan nə qorxusu?– dedi. – Sonra da əlavə etdi: – Səhər tezdən üç-dörd günlük Xankəndinə gedib dincələrəm, görək sonrası nə olur. Sən də bizimlə gedəcəksən. Bu elçiləri isə ehtiyatla yola sal ki, rusların xəbəri olmasın!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Proloq

Gecə qaranlıq gecə idi, nə ay işığı vardı, nə də ulduz işıldayırdı və qaranlıq elə bil bu saat təkcə bu gecənin qaranlığı deyildi, bütün dünyanın qaranlığı idi; elə bil daha heç vaxt gün çıxmayacaqdı və heç vaxt da işıq deyilən bir şey görünməyəcəkdi.Belə bir intəhasız qaranlıq gecə xofu əmələ gətirmişdi və bu xof elə bil ki, rayonun kimsəsiz küçələrinə, birmərtəbəli, ikimərtəbəli binaların divarlarına, darvazalara, zülmət içində əcaib bir görkəm almış çılpaq ağaclara hopmuşdu; ağaclar elə bil bu dünyanın ağacları deyildi, başqa bir aləmin ağacları idi və pisi bu idi ki, hər tərəfi bürümüş bu gecə xofu yaş idi, sulu idi – sulu qar yağırdı; küçələr başdan-başa suyun içindəydi; evlərin pəncərə şüşəsindən, qapı-bacadan su süzülürdü.

2 dəq
I fəsil

Ağaclar, kollar, bütün yer qarın içində idi; göy də ağappaq idi və hər tərəfi bürümüş bu qar ağlığında bir təmizlik, şəffaflıq var idi.Ağacların budaqlarından lopa-lopa qar sallanmışdı, yerin üzü isə tamam hamar idi, heç bir ayaq izi, heç bir ləpir yox idi və belə görünürdü ki, bu yerlərdə qar lap təzəcə dayanmışdı.

5 dəq
II fəsil

Vağzala sulu qar yağırdı, hava da yaman soyuq idi və elə bil ki, bu cür havada heç kim gəlib, heç kim də getməyəcəkmiş kimi, ins-cins deyilən şey gözə dəymirdi, təkcə peraşkisatan arvaddan və onun köşkünün yanında dayanıb, peraşki təpişdirən on bir-on iki yaşlarında iki oğlan uşağından başqa.Vağzalda yeganə isti yer də yəqin ki, peraşkisatan arvadın balaca köşkü idi. İçi peraşki dolu qabdan buxar qalxırdı və belə səfeh havada peraşkilər üçün həmin buxardan yaxşı reklam yox idi, amma qalın kürkün üstündən ağ xələt geymiş peraşkisatan arvad müştərisizlikdən mürgü döyürdü.

4 dəq
III fəsil

Prokuror Dadaşlı çırthaçırtla yanan sobanın gözünü maşa ilə yerbəyer edib, ağır cüssəsini düzəltdi və əllərinin ikisini də şalvarının ciblərinə soxub dodaqaltı zümzümə edə-edə öz yazı mizinə yaxınlaşdı, çayı yarımçıq qalmış armudu stəkanı götürüb bir-iki qurtum içdi, yenə mizin üstünə qoydu.Armudu stəkan prokuror Dadaşlının yüz otuz kiloluq bədəni müqabilində elə kiçik görünürdü ki, elə bil o, bu soyuq havada yaxşıca dəmlənmiş xoruzpipiyi çay içmirdi, oyuncaq oynadırdı və burası da adama qəribə gəlirdi ki, bu çay bu boyda adama nə edəcək?

9 dəq

Başqa şairlərin şeirləri