Sarı pencək
Səhifə 1 / 3
Belə günlərdə...
Evimiz gəmiyə oxşayır,
otağım kayuta.
Fikrət Sadıq
Əlbəttə, bu qəribə, hətta son dərəcə qəribə hadisə barədə yazmamaq da olardı – o qədər qeyri-inandırıcı bir əhvalatdır, fəqət, belə bir qəribəlik özü əlamətdar deyilmi? Bəzən bizə elə gəlir ki, günlərimiz həddən artıq adi keçir, günlərimiz bir-birinin eynidir, dünən ilə bu gün arasında fərq yoxdur; əslində isə, elə bu gümanın özüdür günlərimizi eyniləşdirən: belə bir gümanı dağıtmaq əvəzinə, bəzən heç özümüz də bilmədən bir çox qəribə hadisələrin, vəziyyətlərin üstündən ötüb keçirik; bu əlamətdarlığı hiss etdikdə isə, hər şey bizə qeyri-inandırıcı görünür.
Əgər yadınızdadırsa, 1968-ci il aprel ayının 6-da Bakıda axşamçağı bərk yağış başladı, hərçənd günorta hava çox mülayim, yaz ətirli idi. Həmin günü daha yaxşı yadınıza salmaqdan ötrü, xatırladım ki, yağışdan bir az qabaq futbol üzrə otuzuncu ölkə birinciliyinin ikinci turu sona yetmişdi və «Neftçi», qəzetlərin yazdığı kimi, gözəl oyun göstərərək Odessanın «Çernomorets» komandasının qapısından dörd cavabsız top keçirtmişdi.
İyirmi səkkiz yaşlı cavan bəstəkar S.Qayıblı, təəssüf ki, futbol azarkeşi deyildi; təəssüf ona görə ki, həmin gün futbol azarkeşləri arasındakı ruh yüksəkliyi, böyük ümidlər bu saat onun üçün naməlum bir şey idi və vaxtsız yağış onu daha artıq bədbinləşdirmişdi.
Cavan bəstəkar S.Qayıblı həmin gün səhər yuxudan duranda ağlına gətirməzdi ki, axşam və xüsusən gecə belə bir dilxorçuluq içində olacaq, hərçənd ağlına gətirsəydi də, bu onun üçün elə bir sürpriz olmazdı. Görünür, özünü tək və tənha sanan adamların həyatında iqlim dəyişikliyi daha artıq rol oynayır, nəinki ailəlilərin, oğul-uşaqlıların həyatında.
S. Qayıblının V. və B. küçələrinin kəsişdiyi tində yerləşən doqquzmərtəbəli təzə binadakı otağında pianino yox idi və o, hər dəfə işləmək üçün «P. M. klubu»nun arakəsməsində qoyulmuş pianinonun arxasında oturmalı olurdu.
«P. M. klubu» X. küçəsində yerləşirdi və S. Qayıblının on altı kvadratmetrlik otağı ilə X. küçəsi arasındakı məsafə bəzən yerlə ay arasındakı qədər, bəlkə artıq olurdu, bəzən də bir göz qırpımlıq – bu baxırdı S. Qayıblının işləmək həvəsinə; işləmək həvəsi isə, məlum məsələdir ki, öz növbəsində bir sıra amillərdən asılıdır – biz onları sadalamayacağıq – hərçənd deyirlər ki, işləyən heç nəyə baxmaz, Qorki ay işığında oxuyub, Pavlov öləndə keçirtdiyi hissləri diktə edib.
S. Qayıblı «P. M. klubu»nda rəsmi işdə idi: özfəaliyyət kollektivinin bədii rəhbəri. Həftənin tək günləri rəsmi işdə olurdu, həftənin tək günləri dilxorçuluq basırdı onu, çünki klub müdirinin bir müavini var idi, ona göz verirdi, işıq vermirdi, deyirdi ki, canım, o nədir elə yazmısan, hərdən radio ilə verirlər, dram-ba-ba-bam, dram-ba-ba-bam, hanı bəs bizim kamançamızın göz yaşları, hanı bizim tarımızın ah-naləsi, hanı bizim nağaranın gurultusu, hanı bizim klarnetin sümük oynatması? Sonra da məlum olurdu ki, müdir müavini dəyişik salıb, başqasının əsərinə qulaq asıb.
S. Qayıblı yaradıcılıq ilə məşğul olmaq istəyəndə kluba iş qurtarandan sonra, axşamçağı gedirdi ki, nə cəfakeş müavin orda olsun, nə də bir başqa adam. Gözətçi onu tanıyırdı və dərhal içəri buraxırdı. Bu gözətçi siqaret çəkən idi, amma ömründə cibində siqaret olmazdı, hər dəfə S. Qayıblı ilə salamlaşandan sonra bir siqaret istəyirdi, ayrılanda da xudahafizləşib bir siqaret istəyirdi – adətkərdə idi.
Həmin gün S. Qayıblı işləməyə gedəndə, nədənsə, birdən-birə ağlına gəldi ki, bu gözətçinin həmişə siqareti olur, amma ondan aldığı siqareti qənimət bilir və yaxud bu da, bir növ, rüşvət kimi bir zaddır.
O, salamlaşıb içəri girəndə gözətçi adəti üzrə siqaret istədi, S. Qayıblı da cavab verdi ki, siqareti yoxdur. Gözətçi, elə bil, qulaqlarına inanmadı, gülümsünüb təzədən dedi ki, siqaret istəyirəm. S. Qayıblı yenə də cavab verdi ki, siqareti yoxdur, sonra cibindən bir «Avrora» çıxarıb qoydu damağına və pillələri yuxarı qalxdı; özü də öz tərsliyinə təəccüb etdi.
O, pianinonun arxasında oturdu, amma qapağını qaldırmadı. Gözlərini tavana zillədi və siqareti axıra qədər çəkdi. Könlündən keçdi ki, bu saat, bax, beləcə təyyarədə oturaydı, uçaydı, buludların altından keçəydi, üstündən keçəydi, sonra da...
Əlbəttə, indi o özünü məcbur edib pianinonu danqıldada bilərdi, fəqət heç vaxt işləmək üçün özünü məcbur etməzdi, sadəcə ona görə ki, bundan bir şey çıxmazdı.
Cavan bəstəkar S.Qayıblı yenə bir siqaret yandırdı, arakəsməni o baş-bu başa addımladı: qəribə idi, o başa iyirmi üç addım oldu, bu başa otuz bir addım, halbuki, eyni addımlar idi.
Ümumiyyətlə, həmin gün onun işləri elə əvvəldən qəribəliklərlə dolu idi.
Səhər yerindən qalxan kimi, heç əl-üzünü yumamış aşağı düşdü, binalarından bir tin aralıdakı qəzet köşkünə gedib, dünəndən sifariş etdiyi «Bakinski raboçi» qəzetini aldı, tələsik otağına qalxıb yazı masasının siyirtməsində saxladığı on üç ədəd lotereya biletini çıxartdı və əlinə bir doldurma qələm alıb rəqəm-rəqəm yoxlamağa başladı.
Özü xüsusi olaraq lotereya biletlərini nəhs ədəd almışdı – prinsipial olaraq xurafata düşmən idi, hərçənd bunun özü də elə bir növ xurafat idi.
Adəti üzrə bu dəfə də heç nə udmadı və on üç ədəd lotereya biletinin on üçünü də ortadan cırıb mətbəxdəki zibil yeşiyinə atdı. Lap dəqiq yadındadır ki, lotereya biletlərini cırıb mətbəxdəki zibil yeşiyinə atdı. Sonra çay-çörək yeyib şəhərə düşdü.
Günorta nəşriyyata – üç miniatür fortepiano pyesindən ibarət ilk palazqulağı kitabçasını buraxırdılar – dəyib sonra təzə univermağın yanından üzüaşağı enəndə yadına düşdü ki, aerozol almalıdır, evdə, deyəsən, taxtabiti baş qaldırır, əlini atıb döş cibindən portmanatını çıxartdı ki, görsün bu gün aerozol ala biləcək, ya yox.
On üç ədəd təptəzə lotereya bileti... portmanatın içində idi.
O, lotereya biletlərini portmanatın içindən çıxartdı: elə şax idilər ki, elə bil heç alınandan əl toxunmayıb. Ələddinin çırağını xatırladı. Tələbə vaxtı yarızarafat, yarıciddi ay arzulamışdı ha Ələddinin çırağını.
S.Qayıblı təzə univermağın yanındakı 3538 nömrəli mərkəzi əmanət kassasına girdi və qabaqlar konservatoriya ilə üzbəüz binanın divarından asılan bir reklam yadına düşdü:
Vətəndaşlar, pullarınızı əmanət kassasına qoyun.
Sərfəli və etibarlıdır.
O, pillələri yuxarı qalxıb divardan asılmış cədvələ yaxınlaşdı. Təzədən lotereya biletlərini bir-bir yoxlamağa başladı. 13910 dərəcəli 191 nömrəli bileti bir manata düşdü; əgər nömrəsi iki rəqəm də artıq olsaydı, «LUÇ» qızıl qol saatı udacaqdı. «LUÇ» qızıl qol saatı yüz altmış manata idi. Əlbəttə, yüz altmış manat bir manatdan daha artıq yerinə düşərdi – olacağa çarə yoxdur – gedib kassadan bir manatını aldı. Bu manatın bir tərəfi balaca cırılmışdı, papiros kağızı ilə yapışdırmışdılar. Manatı portmanatının içinə qoyub əmanət kassasından çıxdı.
İndi də o başa iyirmi üç addım, bu başa otuz bir addım.
Siqaretdən bir-iki qullab vurub gözucu pianinoya baxdı və qalxıb pillələri aşağı düşdü. Qapıdan ötəndə gözətçi adəti üzrə xudahafizləşib bir siqaret istəmək əvəzinə, yana-yana, az qala, ağlamsına-ağlamsına dedi ki, buna bir bax, bunun da gücü mənə çatır.
Bir yağış yağırdı ki, gəl görəsən.
Cavan bəstəkar S.Qayıblı pencəyinin boynunu qaldırıb divarların dibi ilə becid-becid evinə tərəf üz tutdu; necə hava olursa-olsun, ömründə trolleybusa minməzdi, necə ki, tramvaydan da, avtobusdan da zəhləsi gedirdi; guya ki, bu, eyniliklərə qarşı bir üsyan idi – eyni marşrutlar, eyni dayanacaqlar, hərçənd bu üsyan da indi öz növbəsində bir eynilik olmuşdu.
Qəfil yağış küçələrə tənhalıq, sükunət gətirmişdi, küçələri bozartmışdı, boş küçələrin addım həsrətini də öldürmüşdü. Bu tənhalıqda bir az da xof qatışığı var idi, adamın canına üşütmə salırdı, adamın əti ürpəşirdi, elə bil qurbağa atıblar içinə.
S.Qayıblının otağı səkkizinci mərtəbədə idi, özü də küncdə. Belə yağışlı, küləkli axşamlarda, xüsusən, gecələrdə otağın içi küçədən daha artıq uğuldayırdı. S.Qayıblının üstündə, yəni doqquzuncu mərtəbədə cavan bir şair olurdu, daha doğrusu, gənc şair Fərhad Xoşbəxt. Onun da otağı S.Qayıblınınkının eyni idi, hərçənd külfət sahibi idi.
Hə, bu Fərhad Xoşbəxt öz otağına kayut deyirdi, S.Qayıblı da indi yorta-yorta öz kayutuna gedirdi.
Otaq həmişəki kimi idi, eyni miz, eyni şifoner, eyni kitab dolabı, eyni divan, «Riqonda» markalı eyni radioqəbuledici, Ü.Hacıbəyovun divardan asılmış eyni fotosu, eyni pəncərə, eyvana açılan eyni qapı, bu otağın eyni spesifik tənhalığı.
Bu cür yağışlı, küləkli axşamda belə bir eynilik cavan bəstəkar S.Qayıblı üçün ən ağır bir ərəfə idi: təpədən dırnağacan boşluq ərəfəsi.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-sari-pencek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nigar həyətdə çox atıldı-düşdü, qaçdı, tərlədi, ona soyuq dəydi, xəstələndi.Yalçın dedi:
Günayın, Yalçının, Nigarın və yekə canavarın nağılıÇox şilə aşı yemişəm, amma belə yalan deməmişəm.Günlərin bir günündə Günay, Yalçın, Nigar həyətdə oynayırdı. Bu təzə həyət elə gözəl idi ki!... Hər tərəf ağac, gül, ot... Bir tərəfə baxanda da böyük bir dağ görünürdü, özü də yamyaşıl meşəli dağ...
Humayın yuxusuHumay elə yaxşı, elə yaxşı qızdı, özü də deyir ki, Humay yaxşı qızdı.Günlərin bir gözəl günündə günəş yavaş-yavaş batdı, axşam düşdü, bütün uşaqlar yatdı, Humayın böyük bacısı Günay da yatdı.
Günay, Humay, bir dənə günəbaxan və qırt toyuğun cücələriQış qurtardı, yaz gəldi, nərgiz torpaqdan baş qaldırdı, ağaclar çiçəklədi, lalələr çölləri, düzləri qıpqırmızı qızartdı, gül bülbülü çağırdı, bülbül gülü, sonra yay gəldi, istilər başladı və Günayla Humay atasıyla birlikdə, anasıyla birlikdə maşına minib yay istirahətinə kəndə getdilər.Günayla Humaygilin kənddə yaşadıqları evin həyətində çoxlu ağac var idi və Günayla Humay bu ağacları meyvələrindən tanıyırdılar:
Başqa şairlərin şeirləri
Sənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Gəl, ey dili-bimarimə olan təbib, ölürəmGel, ey dili-bimarimə olan təbib, ölürəm,Vüsali-bəzmi mənə olmayan nəsib, ölürəm.
VətənVətən nəçidir, nədir?Ürəyimin içidir,
Nuşirəvan və BüzürgmehrNuşirəvan Büzürgmehrdən soruşdu ki, şücaət nə şeydir?Həkim dedi ki, şücaət qəlbin qüvvətidir.