Qardaşlaşıb Koventri – Stalinrad,Hər şəhər də dünyamızın bir başındadır.Ölüm görmüş, qanlar görmüş iki şəhər, adİnsanların silinməyən yaddaşındadır.

İkisi də dağıdıldı, oldu tarmar,Bu ellərdə daş üstündə daş da qalmadı.Uçdu alman təyyarəsi, yağdı bombalar,Hitler yenə: “dağıt!” dedi, aram olmadı.

Koventri hamarlandı ovuc içitək,Dağıdıldı kəlisalar, evlər, binalar.Dedilər ki, burda bitməz bir də gül-çiçəkDaha burda övlad üzü görməz analar!

Paulyusu əsir etdi StalinqradQoşunuyla, silahıyla, topxanasıyla.Koventri şəhərinə qayıtdı həyat,İnsan güldü öz eviylə, quş yuvasıyla.

Faciə bir, tale oxşar, döyüş andı bir,Keşməkeşli yolları da birgə aşdılar.Hərb odunda ikisi də alovlandı bir,Sülh zamanı doğmalaşıb qardaşlaşdılar.

Bir ingilis şəhəriylə bir rus şəhəri, –Dinlər ayrı, dillər ayrı, məslək də ayrı.Fəqət onlar birgə gördü dərdi, kədəri,Ona görə demək olmaz dilək də ayrı.

İkisi də bir diləkdə yaşayır indi:Bir də ellər kirpiyiylə od götürməsin.Müharibə dağıtmasın şəhəri, kəndi,İnsan baxıb viranlığa köks ötürməsin.

Siz bu yolda insanlara uğur diləyin,Siz üzlərə dostluq adlı qapı açdırın.Millətləri məhv olmamış qardaş eləyin,Şəhərləri dağılmamış qardaşlaşdırın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri