İkinci hissə, on beşinci fəsil
Səhifə 1 / 2
Günortadan sonra, ağacların, adamların kölgələri sağ tərəfə meyllənən vaxt balaca Bəbrək çantasını yellədə-yellədə, fit çala-çala həyətə girəndə Məleykə xanım sol əlini dalına qoyub qapı-bacanı süpürürdü. Bəbrək dərsdən həmişə səssiz-küysüz gələrdi; yorulardı, ona görə çörəyini yeyib azca dincəlməmiş dirçəlməz, qırışığı açılmazdı. İndi isə fit çalırdı, çantasını atıb-tuturdu — bu onda görünməmişdi indiyəcən. Odur ki, anası təəccübləndi, belini dikəldib oğluna nəzər saldı. Uşağın üz-gözü gülürdü.
Bəbrək anasına yaxınlaşıb adəti üzrə salam verdi:
– Salam, madərcan!
– Salam, mənim gül balam. Necəsən, canım-ciyərim?
– Yaxşıyam.
– Xeyir ola, oğul, kefin kökdü deyəsən? Nə olub? Bəbrək gülümsündü:
– Heç, — dedi. — Qibləgahım hardadı?
– Neynirsən, oğul?
– Elə-belə... Baxmaq istəyirəm ona.
Məleykə xanım əlini dodağına aparıb təəccüblə:
– Bıy, bismillah! Necə yəni baxmaq istəyirəm ona. Bu nə sözdü, bala? Guya qibləgahını indiyəcən görməyibsən? — dedi.
– Görmüşəm, madərcan. Ancaq indi məxsusi baxmaq istəyirəm.
Məleykə bir şey anlamadı. Mat-mat üzünə baxan anasını başa saldı Bəbrək:
– İndi məktəbdə müəllimimiz qibləgahımdan danışırdı, madərcan.
– Müəlliminiz? Hansı müəllim, a bala?
– Ədəbiyyat müəllimimiz, Qadir xan... Deyirdi. Məhəmməd Şəfi Rəhgüzər böyük adamdı, bizim fəxrimizdi.
Doğrudan da məktəbdə, Bəbrək oxuyan sinifdə belə söhbət olmuşdu. Darülfünunu iki il əvvəl bitirmiş, «İstiqlal» məktəbində ədəbiyyat müəllimi işləyən cavan, tökməbədənli, səliqəli geyimi ilə hamıdan fərqlənən Qadir xan az bir müddətdə təmkini, yaxşı dərs deməsi, gözəl danışığı ilə uşaqların ürəyini elə ələ almışdı ki, hamısı onu sevir, tapşırıqlarını can-başla, sonsuz həvəslə yerinə yetirir, onun kimi olmağa çalışır, bəzən özlərini belə ona oxşadırdılar. Onun sözlərinə bir qanun kimi baxır, dediklərini yadda saxlayır, çoxlu şer əzbərləyirdilər.
Qadir xan Bəbrək oxuyan sinfin də sevimlisi idi. Bu gün də o, həmişəki kimi qara rəngli, alçaq partaların arası ilə asta-asta gəzişir, aramla danışırdı. Parta çatmadığından pəncərə qabağında oturmuş uşaqlar belə, narahatlıqlarına baxmayaraq, cınqırlarını da çıxarmırdılar. Milçək uçsaydı səsi eşidilərdi. Bax, bugünkü dərsin belə sakit dəqiqələrinin birində indi yazıb-yaradan şairlərdən, ədiblərdən danışarkən Qadir xan Məhəmməd Şəfi Rəhgüzər — Bəbrəkin atası barəsində demişdi: «O, bizim xalqın ən sevimlisi, ən böyük şairidir, millətimizin danışan dili, görən gözüdü, bizim hamımızın fəxridi. Onun əsərlərini, ruznaməsini oxuyun, öyrənin. Əgər bu torpağa yararlı övlad olmaq istəyirsinizsə, ondan çox şey öyrənə bilərsiniz...».
Qadir xanın dediyi bu sözlər, təbii ki, Bəbrəkə çox xoş təsir bağışlamışdı. Hətta yanında oturan oğlan ayağını basanda belə dönüb üzünə baxmamış, heç gülümsünməmişdi də. Özünü elə aparmışdı ki, sanki, söhbət onun atası barədə yox, tamam başqa, yad bir adam haqqında gedirdi. Amma içəridə, qəlbinin dərinliklərində atasından yana sonsuz bir sevinc hissi coşub-daşırdı, otağa sığmırdı fərəhindən uşaq. Bax, həmin bu sevinc idi Bəbrəki indi belə dingildədən. Bu günə qədər atası onun nəzərində adi ata idi: qayğıkeş, mehriban. Sən demə, o, böyük adam imiş, görkəmli şəxsiyyət imiş.
Oğlunun fərəhi Məleykəyə də sirayət elədi. O da, bu həqiqəti çoxdan anlasa da, dərk etsə də, Bəbrəkin eşitdiyi və indi anasına təkrar etdiyi o sözlərdən qanadlandı, mehriban nəzərlərlə oğluna baxıb şirin-şirin gülümsündü.
– Qibləgahın evdədi, bala, işləyir!—dedi Məleykə xanım və yenə belini əyib həyəti süpürməyə başladı, ürəyindən keçirdi ki, «ey pərvərdigar, bu səadəti mənə, mənim balalarıma çox görmə. Özün onu hər xata-baladan hifz elə — bizim xatirimizə».
Bəbrək çantasını artırmadakı stolun üstünə qoydu, ayaqqabılarını çıxarıb barmaqlarının ucunda otağa keçdi, ordan adlayıb atasının işlədiyi balaca otağın qapısı ağzına gəldi. Qapı aralı idi. Məhəmməd Şəfi Rəhgüzər yazı masasının arxasında oturmuşdu, nə isə yazırdı. Arabir dayanır, gözlərini tavana zilləyir, düşünür, sonra yenə yazırdı. O, evdə olarkən həmişə geydiyi mil-mil kostyumunda idi, qabağındakı külqabı siqaret kötükləri ilə dolu idi. Qulağının dibinə söykədiyi sol əlinin barmaqları arasında yenə siqaret tüstülənirdi. Beli azca irəli əyilmişdi, ağarmış saçları pırtlaşıq idi.
Qadir xanın otuz-qırx şagirdin içində dediyi o sözlərdən sonra Bəbrəkə elə gəlmişdi ki, o, indiyə qədər atasına fikir verməyib, yaxşı-yaxşı baxmayıb: onda nə isə qəribə bir qeyri-adilik olmalıdı ki, bu Qadir xan belə deyir. Amma indi qapı arasından o, diqqətlə içəri baxır, atasına tamaşa eləyir, lakin onda heç bir fövqəladəlik, qeyri-adilik görmürdü. Xeyli beləcə dayandı, sonra birdən sanki kimsə onun qulağına pıçıldadı ki, onun böyüklüyü, qeyri-adiliyi görkəmində deyil, onun qələmində, yazı masasındadı, yazdıqlarındadı, Bəbrək, onun ürəyində, fikirlərindədi, oğul. Onun qələmini al əlindən — o, sudan çıxarılmış balıq kimi çırpınıb-çapalayıb məhv olar, tez məhv olar. Bəli, o, qələmi ilə, düşüncələri ilə, dərdləri ilə böyükdür, əzəmətlidir. Zahirində böyüklük axtarma.
Bu qaibanə fikir Bəbrəkin bütün diqqətini atasının qələminə yönəltdi. Çox qəribə idi ki, qələmində də heç bir sehr-filan yox idi. Həmin qələmdən Bəbrəkdə də var idi, bacılarında — Jalədə və Rəbiədə də vardı. Bəbrək anladı bu həqiqəti ki, o qələm ancaq sehrli əllərdə sehrli ola bilər!
Sonra o, arxayınca çəkilib getdi. Artırmaya çıxanda həyətdə danışıq səsi eşitdi. Anası kiminləsə danışırdı:
– Dünya xanım necədi, Nəcməddin ağa?
– Sağ ol, qızım, yaxşıdı.
– Olsun, olsun. Dünən Şəfi ilə getmişdik Zərrintac xanımgilə.
– Hə, xəbərim var. Axşam zəng eləmişdim. Dedi gəlmişdilər.
– Yaxşıdırlar, maşallah. Ələlə verib dolanırlar.
– Hm, — dedi Nəcməddin. Sonra başı ilə yuxarı işarə elədi — Deyirsən kişi işləyir, hə?
– Hə, çıxın yuxarı. Sizi görüb, sevinəcək, qalxın.
Nəcməddin taxta pilləkənlərdə ləngər vura-vura artırmaya çıxdı, Bəbrəki görməyib düz birbaş Şəfinin iş otağına girdi.
Məhəmməd Şəfi doğrudan da ağayi Nəcməddinin gəlişinə çox sevindi: görüşdülər, bir-birindən hal-əhval tutdular. Deyib-gülüb, zarafatlaşandan sonra Nəcmədini qayğıkeş bir görkəm alıb:
– Mən ciddi bir məsələ üçün gəlmişəm, Şəfi! — dedi. Şəfi yenə zarafat elədi:
– Yoxsa arvad səni şersiz yanına buraxmır?...
Nəcməddin nə isə yaralı yerinə toxunulmuş kimi yüngülcə köks ötürdü və bunu gizləmək üçün zorla gülümsədi:
– Orası elədi, zalımın qızı, doğrudan da elə hey məndən şer istəyir. Elməddinin də şer bazarı son vaxtlar kasıblaşıb, bir şey vermir. Sən də ki bizə baxmırsan...
Şəfi stolun bir küncündə qoyduğu iki vərəqi qatlayıb ona verdi:
– Sənin üçün saxlamışam. Oxuyarsan arvadağaya, kefi kökələr. Təki dərd şer dərdi olsun, ay Nəcməddin...
Nəcməddin vərəqləri aldı, baxışları ilə səssiz-səmirsiz oxuyub cibinə qoydu:
– Çox sağ ol, Şəfi. Ancaq mən ayrı iş üçün yanına gəlmişəm.
– Hə?
– Bəli, Şəfican! Sən bilirsən ki, mənim sənə nə qədər hörmətim var. Səni çox istəyirəm, qiymətləndirirəm.
Məhəmməd Şəfinin dalağı sancdı: həqiqətən Nəcməddin nə isə çox vacib bir məsələdən söz açmaq istəyirdi deyəsən. Şerdən ötrü gəlməmişdi əlbəttə.
– Nə olub axı, Nəcməddin?! Nəcməddin siqar yandırdı:
– İndi Ərke-şahidən gəlirəm. Əlahəzrətlə bilyard oynayırdıq, ağayi nəxost vəzir də gəlib çıxdı. Xeyli oynadıq, o yandan-bu yandan söhbət elədik... Naharı da bir yerdə etdik... Süfrə arxasında söz hərlənib-fırlanıb siyasi məsələlərin üstünə gələndə sənin adın da çəkildi.
– Kim çəkdi mənim adımı?
– Nəxost vəzir.
– Nə dedi ki?
– Sənin nüfuzun, açığını deyim ki, hər ikisini yamanca təşvişə salıb. Səni oxuyur xalq, sevir camaat, sənin sözünə, ruznamənə inanır camaat. Bu isə onların xoşuna gəlmir, lap açığı, qəzəbləndirir, Şəfi. Ağayi nəxost vəzir beləcə də buyurdu: «Məclisin deputatları arasında Bəbir nə qədər qorxuludursa, kənarda, ictimai həyatda da, Rəhgüzər bir o qədər təhlükəlidir, əlahəzrət! Son vaxtlar hər ikisi neştəri kənara qoyub qılınca əl atıblar. Bu barədə düşünmək lazımdır!..»
– Bəs əlahəzrət cənabları nə buyurdu?
– Onun qaşları çatıldı, fikrə getdi. Sonra dedi ki, baxarıq bu məsələyə. İndi, Şəfican, deməyim odur ki, sən bir qədər ehtiyatlı ol. Özünə və uşaqlarına yazığın gəlsin. Bilirsən ki, bunların kəsdiyi başın sorğu-sualı yoxdur və ola da bilməz. Və ümumiyyətlə sizin bu mübarizəniz qarışqaların fillə müharibəsinə bənzəyir, Şəfi. Nədən ki, bineyi-qədimdən dünya belə qurulub, belə gedəcək.
Şəfi Nəcməddini iyirmi ildən çox idi ki, tanıyırdı. Xasiyyətinə, mərdliyinə, ürəyinə bələddi. Siyasi baxışları ona aydındı: burada onların yolları ayrılırdı; çox mübahisələr, müsahibələr etmişdilər, lakin heç biri öz əqidəsindən, yolundan dönməmişdi. Onların dostluğunun bu uzun illər bax beləcə davam etməsinə yeganə səbəb Nəcməddinin şer, sənət vurğunu olması, həssaszövqlü olması idi. İndi ona görə Şəfi onunla təzədən mübahisəyə girişmək istəmədi, dediklərini sukutla dinləyib ürəyində onun bu xidmətini yüksək qiymətləndirdi. Şəfi şübhə etmirdi ki, Nəcməddin onu bir insan, sənətkar kimi çox istəyir. Əgər bu belə olmasaydı, o, sarayda olan söhbəti gətirib ona xəbər verməzdi, onu ayıq salmazdı. Bunu ancaq dost adam edə bilərdi.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-efsanesiz-iller-ikinci-hisse-on-besinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cura müəllim göy rəngli taxta qapısının üzərinə «Rayon Xalq Nəzarət komitəsinin sədri» yazılan lövhə vurulmuş otağın qabağındakı dörd adamlıq sarı oturacaqda əyləşib köhnə şlyapasını dizinin üstünə qoymuşdu. Dəhliz alaqaranlıq idi. Yarım saatdan çox idi ki, gözləyirdi, ancaq Nəzər gəlib çıxmaq bilmirdi.O, kənddən bura gələnəcən və bayaqdan da elə burda baş sındırırdı ki, Nəzər onu niyə çağırtdırmış olar? «Yəqin bazar əhvalatıdı. Xoşuna gəlməmişdi alver eləməyim. Guya mənim xoşuma gəlir. Bəlkə yazıblar? İndi gizli-aşkar, imzalı-imzasız yuxarı yazanların sayı çoxalıb! Yalan-doğru, kimin kimdən acığı gəlir, salamını vaxtında almır, ya bir gəlmə düz söz deyirsən, o saat tənbəllik eləmədən başını açıb yazır. Yoxlama da yoxlama dalınca gəlir, vaxtın gedir, əsəblərin korlanır, haqq olduğunu sübut eləyənəcən o qədər haqsızlıqlar görürsən, o qədər nahaq sözlər eşidirsən, dəli olmaq dərəcəsinə gəlirsən. O da ⎯ yazan da kənardan baxıb əllərini bir-birinə sürtərək «Hə, adamın anasını belə ağladarlar» ⎯ deyib için-için sənə gülür». Amma o, ⎯ Cura, adi kənd müəllimidi, ondan nə yaza bilərlər. Gedib dərsini deyir, uşaqları lazım olanda pambığa, üzümə aparır, bir kimsəynən işi yox, gücü yox. Nə yaza bilərlər ondan?
İkinci hissə, on birinci fəsilGünortadan sonraydı. Nahar fasiləsi yenicə qurtarmışdı. Nəzər səhər evdən gətirdiyi pendir-çörəyini yeyib üstündən də soyutmazından bir stəkan çay içib yanğısını yatırmışdı. Siyirməsini çəkib yarımçıq qoyduğu qalın kitabı açaraq oxumaq istəyirdi ⎯ kitab çox maraqlıydı. Xərçəng xəstəliyinə tutulmuş və bunu da çox yaxşı bilən bir insanın iztirablarından, ağrılarından, düşüncələrindən danışılırdı o kitabda. Rəssam idi o insan. Elə rəssamidi ki, hələ bu cür təbiət vurğunu, insan vurğunu olan bir sənətkar tanımırdı Nəzər. Kitabın o yerində qalmışdı ki, rəssam, doğma torpağın ətrini kətana köçürmək istəyirdi ⎯ elə eləməliydi ki, o tabloya baxan, gül ətri yox, çiçək ətri yox, məhz torpaq ətri duysun ⎯ doğma torpağın ətrini. Bunu necə eləmək olardı? Heç cür ağlına sığışdıra bilmirdi Nəzər. Ancaq o boyda sənətkar nə isə düşünmüşdü, rəngləri necə qarışdıracağını tapmışdı və ölüm qabağı, qalan bütün günlərini, saatlarını o əsrarəngiz ətri yaratmağa həsr eləməyi qərara almışdı və belə fikirləşmişdi ki, bu, onun şah əsəri olacaq. Ağrılara dözürdü, iynələrin əzabına dözürdü, bəzən huşunu itirirdi, ancaq özünə gəlib azca yaxşılaşan kimi, kətanın qabağına keçirdi…Kitabın bu yerindəydi və o, rəssamın iradəsinə heyrət eləyə-eləyə neçə gün idi ki, narahat-narahat gəzib-dolaşırdı, o ağrıları öz canında hiss eləyə-eləyə yaşayırdı; insanın adicə qara torpağa yox, vətən adlanan torpağa bəslədiyi o sonsuz sevgiyə, məftunluğa möcüzə kimi baxırdı. Yazıçının təsvirinə görə, o əsər, bir kətana sığışa biləcək torpaq idi, üstündə gülü də vardı, ağacı da vardı, o ağacın budağına bir sarıköynək qonmuşdu və baxan tamaşaçının qulağına o cansız kətanın üstündən bir bülbül fəryadı gəlirdi ⎯ o səs o qədər yanıqlı və cazibəliydi ki, kar insan belə eşitməyə qadir idi ⎯ qulağıyla yox, ürəyi ilə, gözləri ilə eşidirdi insan o səsi, bütün vücuduyla eşidirdi. Bunlar adi şeylər idi, rəssamın fikrincə, o kətanın üstündəki əlçim torpaqda başqa bir möcüzə vardı, o möcüzə səni heyrətə gətirirdi və bu heyrət ondan ibarət idi ki, o torpaqdan, o qara, güllü, ağaclı, bülbüllü torpaqdan sənə kədər dolu, məzhun, gah gülənə, gah ağlayana oxşayan iki göz baxırdı. Torpağın içində iki göz. Adamın tükləri qabarırdı, adamın içəridə ürəyi əsirdi və düşünürdün ki, o iki göz bu həyatın, bu gözəlliyin, bu torpağın hərarətindən yoğrulub və insan torpaq olandan sonra da bu dünyanın şirinliyinin dalınca bax o gözlər kimi həsrətlə, intizarla, sevinə-sevinə, ağlaya-ağlaya baxır. Ona görə sevinə-sevinə ki, o, bir zaman bu torpaq üstə yaşayıb,gəzib, sevib, sevilib; ona görə ağlaya-ağlaya ki, indi daha yoxdu o, bu dünya var, o gözəllik var, o təbiət var ⎯ ancaq o yoxdu… Və sən o tabloya baxanda ürəyini ilıq bir hiss, doğma bir duyğu isindirir ki, sən ölməzsən, sən bu torpağın üstündə də dirisən, çürüyüb o torpağa qarışandan sonra da dirisən ⎯ sən ölməzsən, ey insan…
İkinci hissə, on ikinci fəsilGünəş batmağa gedirdi, tut ağacının nəhəng kölgəsi meyillənib sol tərəfə sürünmüş və sarmaşıqlı hasarın o üzündən keçən torpaq yolun az qala yarısını tutmuşdu. Nəzər iki saatdan çox taxtının üstündə yatıb yenicə oyanmışdı, mizin arxasında oturub qəzetlərə baxırdı. Bikə xanım da qənşərində əyləşib asta-asta çay içirdi. Bu zaman telefon haray-həşir qopardı və demək olar ki, ikisi də səksənib eyni vaxtda dəstəyə əl uzatdı. Neçə vaxt idi, arvad da, kişi də qızlardan nigarandı. Zəng eləməmişdilər, halbuki bu hövsələnin yiyəsi deyildilər. Bir-birinə açıb deməsələr də, Nəzər də, Bikə də balalarının zəngini gözləyirdilər.Bikə dəstəyi qaldırdı da, qoydu da.
İkinci hissə, on üçüncü fəsilQışın oğlan çağıydı: Yer-yurd qar altında qalmışdı. Yol-riz bağlanmışdı. Qocaların dediyinə görə, son otuz ildə bu yerlərə belə qalın qar yağmamışdı. Qəribə idi ki, şaxta da yox idi. Adamları, mal-qaranı, toyuq-cücəni ancaq «qar», «qış» sözünün özündən axıb gələn soyuq üşüdüb büzüşdürürdü. Damların buxarılarından göyə qalxan ağ-boz tüstü kəndən üstünə bulud kimi yayılır, cənubdan əsən yüngül küləyin nəfəsiylə şimala doğru axıb gedirdi.İki pəncərənin arasındakı «Elektron» televizoru asta ayaqda öz-özünə danışırdı. Nəzər ona heç qulaq da asmır, döşəkçənin üstündə oturub, ayaqlarını da irəli uzadaraq kitab oxuyurdu. Bikə xanım isə istisi adamı uzaqdan vuran dəmir sobanın üzərində boranı tumu qovururdu. Ürəyində isə Nəzərə deyiləsi söz qovrulurdu. Uzaqdan başladı arvad:
Başqa şairlərin şeirləri
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
SoxtalarAləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Sənin söhbətinGizli aləmi var bu təbiətin,məncə, açılmayıb düyünlər hələ.