O xal tu xaldır, kim? doydürmüsdn?..

– Qara şanıya xal düşəndə ağaca peyvənd vurmaq olar.

– Mən səni yasəmənin yanında görəndə ürəyimə xal düşdü.

– Qaryağdıoğlunun segahında ayrı xallar var idi.

Xal sözünün dilimizdə çox mənası var. Ancaq mən xalı gözəlliyin bir nişanəsi bilirəm. Xal insanın camalında çox gözəl bir əlamətdir. Heç bir bəzək-düzək, qızıl-gümüş təbiətdən yaranmış xalı əvəz etməz. Xal təbiətdə ulduz kimi bir şeydir. Ulduz parıltı verir, xal qara olur, ağ sifətdə qara xal da parıltı verir. İllah da ki, yerinə düşə: yanaqda, çənədə, boğaz altında, buxaqda...

Mən deyərdim ki, xal, xüsusilə xanımların sifətinə yaraşıb...

Ona görə də mən bu sözü eşidəndə maraqlandım: "Xallı xanım!”

– Xallı xanımı sən hardan tanıyırsan, Mürsəl?

– Xallı xanım ilə bizim haqq-hesabımız çoxdandır. Onunla beş il bir məktəbdə oxumuşuq, bir rayonda işləmişik!

Mən Mürsələ demədim ki, Xallı xanım ilə məni də tanış elə! Ona görə ki, qoy bilməsin, bilməsin ki, Xallı xanım ilə biz tanış deyilik!

Sözümün dalını gətirməməyim, görünür, Mürsəli nigaran qoydu:

– Siz hardan tanışsınız?

– Biz də çoxdan tanışıq. Düzdür, sizin kimi məktəb yoldaşı deyilik. Ancaq tanışıq, Xallı xanım çox xətir-hörmətli xanımdır!

Mürsəl üzümə baxa-baxa qaldı, yəqin ki, mənim xanım haqqındakı xasiyyətnaməmi gözləyirdi:

– Onun xatirini nazirlikdə çox istəyirlər, məsləhət, söhbət, görüş, mərasim olmaz ki, çağırmasınlar.

– Mən nazirlik tərəfdən tanımıram. Elə-belə şəxsən haqq-salamımız var!

Mürsəlin məni sorğu-suala çəkməyindən qorxub söhbəti qısa elədim, otaqdan çıxdım.

İki gün sonra Mürsəl mənə zəng elədi:

– Evdə neyləyirsən?

– Heç, elə-belə oturmuşam.

– Oturmalı vaxt deyil. Dur gəl bura! Yanımda qonağım var, sən lazımsan. Xallı xanım da buradadır. İstəyirsən, maşın göndərim.

– Yox, trolleybus ayağımın altındadır, zəhmət çəkmə!

Yarım saat sonra mən Mürsəlin idarəsində, Xallı xanımın yanında idim:

– Xoş, beş, on beş!

Mürsəl xanımı mənə təqdim edəndə macal vermədim:

– Biz, – dedim, – çoxdanın tanışıyıq. Əgər yaddan çıxmamışıqsa! Haqq ucuna, mənim bu işarəmə Xallı xanım çox incə nəzakətlə, bir az da təlaşla cavab verdi.

– Yox, – dedi, – xatirli yoldaşlar heç vaxt unudulmaz! Mən həmişə əhval soruşuram, unutmalı çoxları var!

Xallı xanım heç kəsə macal vermədən cəld ayağa qalxıb yumşaq stul çəkdi, mənə yer göstərdi:

– Buyurun, yaxın əyləşin!

Mən də təşəkkür edib əyləşdim.

Xanım, görünür, məndən qabaq başladığı söhbətin davamı ilə hərdən əyləşənlərin birinə müraciət edir, sanki dediklərini təsdiq etdirməyə çalışırdı.

– Axı, – deyirdi, – bizim oyunlar cavanlarımızın həm fiziki, həm mənəvi, özü də təbii, coşqun marağını oxşamalıdır. Yoxsa elə-belə quru oyunun mənası az olar. Məncə, burada məqsəd bir dəstənin qələbəsi, ya bir başqasının basılması deyil, oyunda bütün iştirakçıların müasir cəldlik, çeviklik, itilik, seçilmə məharəti, peşəkarlıq hünəri.

Əl topu oyunlarında çalışan bəzi cavanların adını çəkir, bəzilərini bəyənir, bəzilərini isə təcrübəli müəllim təmkini ilə tənqidi qeydlər edirdi. Tənqidi qeydlərində Mürsəlin idarəsini, idman təşkilatlarının işini də unutmurdu... Xanım danışırdı. Ancaq mən onun sözləri, mühakimələrindən çox, yaraşığına fikir verirdim. Fikir verirdim, görüm, bunu məşhur edən xalları haradadır, necədir, nə yaraşıqdadır!

Nə qədər müşahidə elədimsə, bu xanımın sifətində bir xal görmədim. Deyəsən, o, mənim marağımı duymuşdu. Bəlkə də cavab olaraq xaldan söhbət açmışdı.

– Bizim komandanın bir xalı, mərkəzi komandaların üç xalından qiymətlidir. Bizim görüşlərimiz az olur, oyunçularımızın da çoxu cavan, az təcrübə sahibidir. Xüsusilə, Azərbaycan rayonlarından, beş-altı il əvvəl ana qucağından ayrılmış cavanlardır. Onlar birdən-birə xal toplayıb, ön sıralara keçə bilmirlər. Onlara xüsusi diqqət, qayğı, kömək lazımdır!

O xal nə xaldır!

Mən indi başa düşürdüm ki, xanımın danışdığı xal, mənim düşündüyüm xal deyil. Bu xal – o xaldan deyil. Burada Füzuli, Seyid Əzim, Vahid qəzəllərində vəsf edilən, oxşanan xaldan yox, oyunlardakı hünər xalından, cəldlik, məharətdən söhbət gedir.

Bu xanıma da ona görə "Xallı xanım" ləqəbi verilmişdir. Çünki onun bütün oyunlarda seçilən xalları olur, özü də seçilir. Onun uduzduğu komanda, oyun yoxdur. Ən güclü komandalarla görüşəndə uzağı döyüş heç-heçə qurtarır.

Mən görürdüm ki, əl topundakı cəldlik məharəti bu xanımı respublikada məşhur etmişdir. Oyun haqqında söhbət gedəndə adamların birinci sualı bu olur:

– Xallı xanım oyunda var idi, ya yox?

– Var idi, fəal iştirak edirdi.

– Onda daha nəyə təəccüb eləyirsiniz? Xallı xanım olan komandanın arxasını yerə vurmaq çox müşkül işdir!

Mən Xallı xanımın oyun məharəti, hünəri haqqında deyilənləri eşidəndən, mətbuat səhifələrindəkini biləndən sonra öz-özümə çox utandım ki, niyə mən bu hünərli qızın oyunlarından xəbərsiz olmuşam. İnandım ki, qəzəllərdə, şeir və hekayələrdə təravətlə təsvir edilən heç bir mişkin xal bu cəldlik, məharət xalları ilə müqayisə edilməz. Özümü xəcalətli vəziyyətdən qurtarmaq üçün ayağa qalxdım, icazə istədim, nəzakətlə xanımın əlini sıxdım və etiraf elədim:

– Mən köhnə qəzetpərəstlər kimi sizin xalları gül camalınızda axtarırdım.

– Yox, – dedi, – qardaş, təəssüf ki, zalım təbiət məni o məlahətli xallardan məhrum etmişdir. Mənim xallarım hamısı zəhmətimin, hünərimin sayəsindədir. Mən çalışıram ki, bu xallar vasitəsilə komandamızın, rayonumuzun, respublikamızın şöhrətinə bacardıqca, qüvvətim çatdıqca bir xal əlavə edim!

– Sizin xallarınız kor təbiətdən yox, hünərdən, məharətdən olan ictimai qeyrət xallarıdır. Daha qiymətli, daha mənalı xallardır, xanım!

Xallı xanıma təşəkkürümü bildirib yeni qələbələr arzuladım...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri