Dəvə karvanı
Qaranlıq çəkilir, açılır səhər,Yumur yavaş-yavaş gözünü ülkər.Qızıl üfüqlərdə dərin məna var,Qızarır mis kimi göydə buludlar.Söküldükcə səhər, ağardıqca dan,Ayılmaq istəyir şəhər yuxudan.
Gəlir qulağıma, bayaqdan bəri,Həzin-həzin ötən qumrov səsləri.Xəyalıma əski bir cahan gəlir,Tozlana-tozlana bir karvan gəlir.
Göylərə yüksəlir yerin dumanı,Bu yollar çox görüb qoca sarbanı.Lakin o büsbütün düşübdür haldan,Yollar yorulmayır, yorulur insan...Səhərdən ac qalıb, bəlkə, axşama,Bəlkə, yola düşüb Bağdaddan Şama...Min bir əzab çəkib isti günləri,Su deyib alışır, yanır ciyəri.Bəlkə, uzaqlara düşübmüş yönü,Ac-susuz körpələr gözləyir onu.
Bəlkə xara, qumaş, ipəkdir yükü,Bəlkə anaşadır, tiryəkdir yükü.Bəlkə sirdaşıdır ahlar, haraylar,Bəlkə daşıdığı bu ağır taylarÖzünün deyildir, özgələrindir.Onu dindirməyin, dərdi dərindir...
Artıq, yorulmuşdur bütün dəvələr,Bükür dizlərini yavaşca boz nər...Bunu yaxşı bilir, hər kim halıdır,Karvan – əski Şərqin bir timsalıdır.
Qatarlar qışqırıb keçməsə, inan,Yüz min qafilə də çəkilsə burdan,Şəhər məst olacaq bu tozda, ancaqYatanlar yuxudan ayılmayacaq.Lakin həyatın da öz qanunu var,Ayılır yuxudan ayaqlananlar!!!
Mənim istəyimi, əziz dost düşün,Sən yəqin inan ki, şərəfli bir günSarbanlar gülәcək, sevinəcəkdir –Karvandan qatara tez minəcəkdir.
Qızıl üfüqlərdə dərin məna var,Qızarır mis kimi göydə buludlar.Söküldükcə səhər, ağardıqca dan,Ayılmaq istəyir şəhər yuxudan...Təbriz, oktyabr, 1941
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-deve-karvani
← → düymələri ilə keçid, R — təsadüfi şeir