Ördək ördəklə şənlənər göldə,Qarğa qarğayla leş sökər çöldə.

Sağsağan sağsağanla ülfət edər,Tülkülər tülkülərlə həccə gedər.

Sərçələr sərçələrlə birgə qoşar,Durnalar durnalarla dağlar aşar.

Bir pələng oğlu bir pələnglə gəzər,Qartal oylaqlarında sar nə gəzər?!

Ayılarla ayaqlaşar ayılar,Arılarla soraqlaşar arılar.

Dalğalar dalğalardan ayrılmaz,Yorğalar yorğalardan ayrılmaz.

Çaqqalın oğlu çaqqala yar olar,Qurdların çevrəsində qurdlar olar.

Düşünən canlılardır insanlar,Onların da içində aslanlar...

Sərçələr, qarğalar, ilanlar var,Yorğalar, tülkülər, qabanlar var.

Kim deyir, it kimi yalaqlar yox,Dəvələr, kəlçələr, ulaqlar yox?!

Keçilər, cöngələr, qoyunlar var,Goreşənlərlə qol-boyunlar var.

Kim deyir, bizdə gərgədanlar yox,Çalağanlar, oranqutanlar yox.

İki diplomlu köstəbəklər var,Kobralardan yaman bəbəklər var.

Hiylələr, fitnələr, kələklər çox,İblisi mat qoyan "mələklər" çox.

Baş kəsən, diş sökən quduzlar var,Söz ilə söz çəkən donuzlar var.

Rüşvətə qul olan rəzillər çox,Hələ milçək ürəkli fillər çox.

Vay o bədbəxtə, tapmasın tayını,Al bu sözlərdən, ay oğul, payını...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri