Nizamidə eşq fəlsəfəsi
Arasaq dünyanın oluşunu,
Eşqdə taparıq duruşunu!
N i z a m i
Xalqa xidmətdən zövq alan kamil insan ruhunun ölməzliyinə inanan nikbin şairin bu görüşə uyğun bir fəlsəfəsi vardır. Nizamiyə görə, kainatın söykəndiyi yeganə dayaq eşqdir. Bütün varlıqlar eşqlə dayanır və onunla hərəkət edirlər. “Fələyin eşqdən başqa bir məhvəri yoxdur!”. Dünya yalnız eşq manivelası üzərində dönməkdədir. “Eşqin qulu ol, çünki qulluq ediləcək yeganə ağa odur”. Ərənlər ancaq bu işlə məşğul olmuşlar. “Eşqdən başqa dünyada nə varsa, hamısı oyuncaqdır”.
Dünyada nə varsa, hamısı bazi,
Illa ki, təriqi-eşqbazi!
“Asiman aşiq olmasaydı, yer necə yaranardı?!”
“Eşqdən nəsibi olmayan insanın yüz canı belə olsa, yenə ölüdür”.
“Leyli və Məcnun”dan götürdüyümüz bu fikir aşağıdakı kimi davam edir:
“İt kimi yalnız yemək və yatmaqla kifayətlənmə; bir pişik də olsa, ona könül ver. Çünki bir pişiyin eşqi ilə aslan olmaq, öz nəfsinə düşkünlükdən yaxşıdır”. “Eşqdən bir dənə olmadıqca, kimsənin toxumu göyərməz; eşq evinə sığınmasa, heç kəs özündən əmin ola bilməz”.
Nizamiyə görə, eşq cansızlara belə hakimdir. “Maqnit aşiq olmasaydı, elə bir şövq ilə dəmiri necə qaldıra bilərdi”. “İçində bir eşq mayası olmasaydı, kəhrəba samanı necə çəkə bilərdi?!” “Dünyada nə çox daş və nə çox mineral vardır: amma bunlardan heç biri nə dəmiri qaldırır, nə də samanı çəkir!”.
“Son dərəcə müxtəlif növlü şeylərdə öz mərkəzlərinə doğru meyl etmək xüsusiyyəti vardır. Od yerin mərkəzində qərar tutmamış olsaydı, kürəmiz partlayar, havaya uçardı!” “Su havada çox qaldıqda ağırlığının təsiri ilə yerə qayıdır”. “Cisimlər arasında daimi bir yaxınlaşma və qovuşma vardır ki, filosoflar buna eşq demişlər!” “Yaxşı diqqət edilsə, yaradılışın ancaq eşq üzərində durduğu görünər!”
Varlığı eşqin məhsulu kimi qəbul edən şairin özü də ən böyük aşiqdir. Necə ki, “Xosrov və Şirin”dən götürdüyümüz yuxarıdakı fikirləri o, özünə aid bu sözlərlə bitirir: “Eşqsiz özümdə can görmədim; qəlbimi verdim, can aldım!”
Insan vücudunun mühərriki – ürək bahasına alınan bu cana bərabər eşq, şübhəsiz, sözün geniş mənasında götürülür. Belə ki, “Leyli və Məcnun”da eşq barəsində aşağıdakı sözləri oxuyuruq:
Yüksələn nurun eşq aynasıdır,
Şəhvət, əlbəttə, eşqin ayrısıdır.
Gər qərəz güdsə eşq, fanidir,
Eşq çunki qərəzin aridir.
Qərəzə eşq hərgiz olmaz yar,
Qərəzin qonduğundan eşq uçar.
Eşqi qərəzdən ayıran şair, eşqdən də fədakarlıq tələb edir. Aşiq – özündən keçən fədakar deməkdir. Həmin “Leyli və Məcnun”da bu sözlərə rast gəlirik: “aşiq canını verib, cananını istər; canından qormaz”.
Bu aşiq dayanmadan cananına can atar. Bu kimi insanlarda sevgiliyə yetişmək yolunda səbr və təhəmmül olmaz. “Onlar pərvanə kimidirlər: yansalar belə, sevdikləri oda qovuşmaq istərlər”. Şairin səbirsizliklə xarakterizə etdiyi eşq “gənclik şəhvətinin oyuncağı” olan keçici bir həvəs deyil, “əbədi vurğunluq”dur.
Nizami sənətinin həyatsevərlikdən, özgəgüdərlikdən və aşiqliqdən yoğrulmuş, zəriflik və gözəllikdən ibarət parlaq “çölü”, kökləri eyni qaynaqlara əsaslanan yüksək fikirlərdən təşkil olunmuş “içi” ilə tam həmahəngdir.
Zaman etibarilə kürəmizi kainatın “ilk nəsli” (“bətn”) kimi təsəvvür edən şair, məkan etibarilə, insanı dünyanın son nəsli hesab edir.
Yaradılmışların ən şərəflisi və varlıqların ən kamili olan insanın Nizamiyə görə, ən böyük dəyəri, böyük Yaradanla mənəvi və ruhi təmasa girə bilmək qabiliyyətinə malik olmasıdır.
Pessimistlərin nəzərində yerdə sürünən səfil və aciz insan, Nizaminin optimist baxışlarında yüksəkliklərə qalxan, Allahın lütflərini görən, planetlərin mövcudluğu və hərəkətlərinin sirlərini anlayan qüdrətli bir qəhrəmandır. Bu qəhrəmanın necə varlıq olduğunu Nizami, yuxarıda qeyd etdiyimiz beytlərdə müəyyən etmişdir. Burada həmin beytlərdən yalnız bir-iki misranın təkrarı məqsədəuyğundur: “Göydəki bütün ulduzlar insanın bir fəaliyyət vasitəsi olmaqdan başqa bir şey deyildir. Onların özlüyünü təmin edən işıq bizik. Yaradılışı irəlilədən mələk insandır. Yaradanın vəzifəsi isə yalnız yol göstərməkdir”.
Nə olduğunu və hansı qaynaqdan gəldiyini anlamış insan, Nizaminin nəzərində, yaşamaq üçün ətdən və sümükdən ibarət bir cəsədə möhtac deyildir. Bu, yüksəklərdə uçan bir ruhdur (“can”) ki, qətiyyən məhv olmur, yalnız şəklini (“qəlbini”) dəyişir.
Kitabxana.az · https://kitabxana.az/works/resulzade-azerbaycan-sairi-nizami-nizamide-esq-felsefesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Birinci məqaləmizdə başqalarını təmsil üçün deyil, öz mənliyini mühafizə üçün çalışan millətpərəstliyin mədəniyyəti-bəşəriyyə naminə təqdir və təqdis olunmalı *(müqəddəsləşdirilməli)*, zəruri və faydalı böyük bir fikir olduğunu söyləmiş və məqaləmizə xitam vermişdik. Millətpərəstliyin və milli diriliyin nə olduğunu yaxşıca bilmək üçün əvvəlcə millətin nə olduğunu öyrənmək və onu öyrənmək üçün nə kimi vasitələrə rücu etmək *(müraciət etmək)* lazım olduğunu anlamaq gərəkdir. Bizdə “millət” kəlməsinin mənası çox yanlış bir surətdə tələqqi *(qəbul)* edilməkdədir. Nə qədər ali təhsil görmüş, mədəni həyat və mədəni məmləkətlər görmüş adamlarımıza təsadüf edərsiniz ki, hansı millətdənsiniz, deyə verəcəyiniz suala: “müsəlmanam” — deyə cavab verir. Və bu cavabın heç də namüvafiq olduğunu düşünməz. Halbuki, həmən adam özü bir nəfər rusa “tı iz kakoy natsii” *("rusca:sən hansı millətdənsən?")* - deyə verdiyi suala “xristianin” cavabını alsa, məzkur *(deyilmiş)* cavabı olduqca gülünc və cavab verən şəxsin cəhlinə *(cahilliyinə)* dəlil tutar. Əslində bizdə “ümmət” kəlməsilə “millət” kəlmələrinin fərqi ayrılmamışdır. Bəlkə də qədimdə “ümmət” ilə “millət” arasında fərq olmayıb, qövmiyyət və cinsiyyət caməsini andıran “millət” kəlməsi həmkiş və həm dinlik caməsinə elm olan “ümmət” kəlməsilə qarışmış və “milləti-islam” təbiri məşhur olmuşdur. “Millət”i nasyon (natsiya) mənasına alacaq olursaq, bu heç də həmdinliyi bildirməz. Bu, dindaşlıqdan əlavə bir çox “daşlıqları” da came olduğu kimi, bilxassə dil birliyini lazım gətirər. Mənaye-müasiri ilə “millət” kəlməsi iştə bu dilbirliyindən hasil olan camiyyəti ifadə edir. Fəqət başlıca dil birliyindən ibarət olmaqla bərabər millət məfhumu başqa xüsuslara da şamildir. Avropa qamusları “millət, nasyon” kəlməsini bu surətlə tərif edərlər: “İnsanların əxlaq əsasları üzərinə qurulmuş ittihadlarının böyük bir şəklinə “millət” deyilir. Millət daxilində olan müxtəlif heyətlərin bir-birlərilə bərabər yaşamasına müttəhid *(birləşmiş)*, bir dirilik keçirmələrini arzu etmələri şərt olduğu kimi, o cameəyə daxil olan bəzi heyətlərin digərinə təsəllüt etməməsi *(narahat etməməsi)* də əlzəmdir. Şəraiti-tarixiyyə “millət”in dövlət şəklindəki mövcudiyyətinə mane olsa da, mədəni və ədəbi şəkildəki zühuri hər halda mümkündür. Məsələn, əcnəbilər tərəfindən parçalanmış qitə-qitə olunmuş İtaliya heç bir zaman milləti-vahidə olmaqdan qalmadığı kimi, indiki halda üç dövlət arasında bölünmüş olan lehləri kəmali cəsarətlə bir millət saymaq olar. Öz-özlüyündən məlumdur ki, birliyi dərk eləmək və onu arzu eləmək tarixi bir zəmində və insanların tədricən qövmiyyətdən milliyyət və milliyyətdən də millət dərəcəsinə çıxmaları ilə hasil oluyor”. Burada işlənilən qövmiyyət, milliyyət və millət sözlərinin fərqini isə qamuslar böylə təyin edirlər: “Qövmiyyət-narodnost” yalnız nəsl və dil birliyi; “Milliyyət-natsyonalnost” dil və mədəniyyət-birliyi və “millət-natsiya” da mədəniyyət və milli diriliyi dərk etməklə hasil olar. Yəni bir ata-babadan yetişmə və bir dildə danışan kiçik bir tayfa və ya qövmə - qövmiyyət sözü itlaq olunar: Şahsevən kimi Şahsevəndən bəhs edərkən bir qövmdən bəhs olunar. Artıq Şahsevən milliyyəti deyilməz. Bir çox bu kimi qövmiyyət və tayfalər cəm olub bir dil ilə bərabər müəyyən bir mədəniyyətə malik olan azərbaycanlılardan bir milliyyət kimi bəhs etmək olar. Şimali türk-tatar, Krım, Türküstan, Azərbaycan və Qərb türkləri osmanlıları cəm və milliyyətlərin bir neçə böyük şəklinə haiz olan cameyyətə isə “millət” kəlməsi verilir. İştə bu surətlə slavyan, german millətlərinə müqabil vəz oluna biləcək kəlmə türk, fars və ərəb kəlmələri ola bilər. Müsəlman və yaxud islam kəlməsi deyil, bunlar ancaq isaviyyətlə xristianlıq kəlmələrinə müqabil qoyula bilərlər. ”Milliyyət” və ”millət” sözlərinin qəlibi bu surətlə tərif olunduqdan sonra əsl milliyyət və yaxud milləti və onun məfhumunu vücuda gətirən ünsürlərdən bəhs edəlim. Milli mədəniyyət və yaxud millət, dil birliyi, adət və əxlaq birliyi, ənənati-tarixiyyə və nəhayət etiqadati-diniyyə birliklərinin məcmuundan mütəşəkkil bir məhsuldur. Əgər millətin haiz *(sahib)* olduğu əczalarını biri-birindən ayırıb aralarında bir nisbət təyin edəcək olurlarsa, yüzdə əqəllən səksən dil birliyi olduğunu rəna görürlər. Dil millətin böyük hissəsidir. Onun zahiri və batinidir. Millətləri biri-birindən ayıran ən böyük əlamət, iştə bu dil damğasıdır. Millət təşkilində ənənati-tarixiyyənin də böyük mədxəliyyəti *(əlaqəsi)* vardır. Fəqət bəzən bu ənənə millətin ittihadına rəxnə *(zərər)* yetirəcək bir şəkildə də ola bilər. Halbuki dil ilə dində bu cəhət olamaz. Fəqət din cəhəti yenə dil qədər mətin və möhkəm hesab oluna bilməz. Çünki dil daimidir, baqidir. Tərəqqi və təkamül edirsə də, əsaslı bir etilaf və təğyirə *(dəyişikliyə)* uğrayamaz. Halon ki *(halbuki)*, tarixdə bir çox dinlər dəyişmiş olan millətlər mövcuddur. Zatən heç bir millət yoxdur ki, dinin kərratla *(dəfələrlə)* dəyişmiş olmasın. Məəmafih *(bununla birlikdə)*, əxlaq və adət üzərindəki fövqəladə təsiri nöqteyi-nəzərindən dinin də millətdə böyük iştirakı vardır. Dil ilə bərabər dində də bir olan millətlərin mərifəti-qövmiyyətləri daha tez hasil olub, aralarında milli vicdan daha əvvəl inkişaf ediyor. Millətlərin həyatı da ancaq bu milli vicdanın inkişafı sayəsində mümkün olub, ancaq bu vicdanın təsirilədir ki, milli ideal hasil oluyor. Milli idealın — imanın hüsulu ilədir ki, millətlər özlərinə şanlı, şərəfli bir dirilik təmin edə bilərlər. Sairə yerlərin müsəlmanları kimi, biz Rusiya müsəlmanları milliyyətdən əvvəl din cəhətinə əhəmiyyət verdik. Bütün hərəkati-tərəqqipərvəranəmizdə din naminə dirilik göstərmək istədik. Türkcə qəzetə çıxardıq — adına müsəlman qəzetəsi dedik. Türkcə teatrlar, operalar düzəltdik — ünvanlarını müsəlman teatrosu və müsəlman operası dedik. Məktəb açdıq rus-müsəlman məktəbi namini verdik. Cəmiyyətlərimizin sifətləri yenə “müsəlman” kəlməsindən ibarət oldu. Halbuki elədiklərimizin hamısı türkcə olub və türk asari-mədəniyyəsini diriltmək üçün idi. Müsəlmanlığın ibtidai təsirindən gələrək biz özümüzü müsəlman adlandırdığımızdan əsil milliyyətimizin ünvanını təşkil edən türklüyə əhəmiyyət verməmiş, həman “müsəlman” adına qənaət eləmiş idik. Hələ də etməkdəyiz. Hələ bu qənaətlə də qalmamışıq, başqaları bizə “tatar” və “persiyan” demişlər, ona da etiraz etməmişik. Bu tamamilə ondan gəlmiş ki, biz özümüzü necə ki lazımdır tanımamışıq. Özümüzü əməllicə tanımış olsaydıq və milli diriliyin nə kimi əsaslar üzərinə qurulması lazım olacağını kəmayənbəği *(lazımi qədər)* bilsəydik, əlbəttə ki, “müsəlman operası” deməyəcək, bunun “xristyanskaya opera” qədər gülünc bir şey olduğunu dərk edəcək idik. Öylə də türk səhnəsinin opera artisti olmaqla iftixar etdiyimiz halda, nami-müstəar ittixaz edərkən *(ləqəb alarkən)* “ski”ədatına ehtiyac göstərməyib Ağdamski, Sarabski əvəzinə Ağdamlı, Sərablı deyəcəydik. Öylə də “müsəlman səhnəsi” deyil “türk səhnəsi” deyəcək və baş faciə oynayanımız Ərəblinski deyil, Ərəbli olacaqdı. Fəqət bu kimi xüsuslar milli ruhun əsaslı bir surətdə inkişaf etməsi ilə, milli vicdan və milli imanın hüsulə gəlməsi nəticəsində bittəb *(təbii olaraq)* öz-özündən düzələcəyindən böylə bir vicdan və imanın nə surətlə hasil olacağından da bəhs olunmalıdır. Bu xüsusda da gələn nömrədə.
Milli Dirilik IIIMilli vicdan ilə imanın nə surətlə hasil olacağından bəhsi bu nömrəyə vəd eləmişdik. Milli vicdan və yaxud milli iman milli dirilikdəki əməl və arzunun mövcudiyyətindən və onun surəti-hiss və bəyanından hasil oluyor. Hər millət deyil, hətta bir şəxsin özünə görə bir əməli vardır. Buna başqa təbirlə meyl və arzu dəxi demək olar. Bunun firəngcəsi “ideal” gəliyor. Osmanlıcada son zamanlarda bunu “məfkurə” deyə tərcümə edənlər də vardır. Hər şəxsin arzu və əməli bittəb özünün iqtidar və məsləki ilə mütənasib olur. Məsələn, bir müəllimin məktəb müdirliyinə nail olmaq istəməsi onun üçün bir əməl təşkil edir. Bir mühərririn qəzetə sahibi olmağı arzu eləməsi onun idealıdır. Öylə də bir çobanın böyük bir sürü sahibi olmaq diləməsi onun məfkurəsidir. Demək ki, bir şəxs öz iqtidar və bacarığı dairəsində müntəha *(son dərəcə)* nəyə malik olmaq istərsə, o şey onun əməlidir. Əməlsiz kimsə yoxdur. Onsuz yaşamaq naqabildir *(imkansızdır)*. Əməl fəaliyyətə, fəaliyyət də tərəqqiyə mövcib *(səbəb)* oluyor. Şəxslər əməlsiz yaşaya bilmədikləri kimi, millətlər də əməlsiz yaşaya bilməzlər. İştə millətin ümumən də mövcud olan hakim bir əməl və arzu yolunda bəslənən gizli hisslər milli vicdan ilə imanı tövlid ediyorlar *(doğurur)*. Fəqət bu milli əməlləri kimlər zühura çıxarıyor və milli vicdan nə surətlə zahir oluyor? Bunu anlıyalım: Yuxarıda kimsənin əməlsiz olmadığını iddia etdik, fəqət əməldən əmələ fərq vardır. Şəxsi əməllər hər nə qədər müşkül və istehsalı çətində olsa, böyük ola bilməz. Yəni ona böyük və milli əməl deyilməz və o milli vicdanın tələb elədiyi də olmaz. Məsələn, bir hambal millioner olmaq əməlinə düşər və bu çətin məqsədə nail olsa belə, bu əmələ böyüklük namı verilməz. Fəqət bir fərd öz mühitinin faydasını düşünərək şəxsi üçün deyil, qövmi və yaxud milləti üçün bir əməl bəslərsə, buna böyük əməl demək olar, bu kimi adamlara da böyük əməlpərvərlər, yaxud məfkurəçi ismi verilər. Məsələn, ruslarda Böyük Pyotr, Lomonosov, firənglərdə Jan Jak Russo, Napoleon; almanlarda Lyuter, Bismark; osmanlılarda Sultan Məhəmməd Fateh, Midhət Paşa; iranlılarda Nadir şah ilə Firdovsi; əfqanda Əmir Əbdürrəhman xan bu kimi böyük əməlpərvərlərdəndir. Böyük milli əməl bəsləyənlər əvvəl nəzərdə görüldüyü kimi o qədər də az deyildirlər. Onlar hər zamanda olmuşlar və vardırlar. Yalnız şöhrətləri, iqtidarları və gördükləri işlərin əndazəsinə *(ölçüsünə)* görədir. Öz şəxsi məqsədi xaricində mühitinin ehtiyacı ilə məşğul, onun səadəti naminə əməl bəsləyən və o əməllərə öz şəxsi əməlləri kimi xidmət edənlər həmən böyük əməlpərvərlərdəndirlər. Bir millət arasında bu kimilər məhdud, ya məfqud olarsa *(yox olarsa)*, o, millət müstəqil və sağlam bir vücud üzü görməz və başqalarının ziri-dəsti olub, ayaqları altında əzilər, gedər. Çünki, şəxslərə mümkün olmadığı kimi, millətlərə də əməlsiz yaşamaq qabil deyildir. Fəqət böyük əməlpərvərlər bu böyük əməli haradan alıyorlar? — Əsil arasında yaşadıqları mühitin özündən. Bir mühit, daha vazeh *(açıq)* bir təbirlə, bir millət əfradının *(fərdlərinin)* ürəklərində milliyyətləri və mühitləri haqqında bəzi arzular vardır. Fəqət bu arzulara bir şəkil və surət verməkdən özləri acizdirlər. Müştərək bir əməl bəsliyorlar, fəqət bu bəslədiklərinin nədən ibarət olduğunu təyin edə bilmiyorlar. Aralarından bir iqtidarlısı çıxıb da bu hər kəsin mübhəm *(gizli)* bir surətdə hiss etdiklərini müəyyən bir şəkil və surətə qoyunca, baxırsan ki, bir çoxları özlərinin də mübhəm bir surətdə hiss etdikləri şeyin məzkur *(yuxarıdakı)* əməlpərvər tərəfindən təyin olunanın eyni olduğunu görüyorlar. Demək ki, əməlpərvər birisinin qələmə və yaxud dilə gətirmək surətilə təsvir etdiyi bu lövheyi-istiqbal bir ayineyi-xəyaldır. Hər kəs özünün istədiyini o aynada inikas etmiş *(əks etmiş)* buluyor və dərhal özünün dəxi o fikirdə olduğunu izhar *(bəlli)* ediyor. Ayrı-ayrı əməlpərvərlər tərəfindən təsvir və təyin olunan, başqa təbirlə, ehzar olunan *(hüzura gətirilən)* milli əməllər layihəsi xalqın əsl düşünüb də hiss və arzu etdiyilə təvafüq edirsə *(uyğunlaşırsa)*, məzkur *(haqqında danışılmış)* əməl səri bir surətdə xalq arasında intişar edər *(yayılar)* və bollu tərəfdarlar qazanar. Yoxsa məhdud bir dairədə intişar tapıb nəhayət, nisyan *(unutma)* bucağına atılıb qalar. Məsələn, Fransa inqilabi-kəbirindən *(böyük inqilabından)* əvvəl mövcud olan üsuli-həyatdan Avropa xalqı bizar olmuş *(bezmiş)* və əqillərin o vaxta qədər hakimi olan nəzəriyyə və fəlsəfələr köşəmiş, hər kəs halın böyləliklə davam edə bilməyəcəyini düşünmüş idi. Cəmaət digər bir tərzi-həyat arıyordu. Və hər kəs özü-özlüyündə də əhvalın nə yolla dəyişməsi lazım gələcəyini mübhəm bir surətdə hiss etməkdə idi ki, Russo o müdhiş qələmi-nəqqadı ilə zühur etdi. Mövcud olan tərzi-həyatı başdan ayağa tənqid edərək, tazə bir həyat əməlinin əndazəsini göstərdi. Bütün Avropa həmən Russonun yazdıqlarını alqışladı, hər yerdə filosof özünə atəşli tərəfdarlar tapdı. “Russoluq” xalqı elə bir həyəcan və ğəlyanə gətirdi ki, xalq onun vəz eyləmiş *(öyüd vermiş)* olduğu əsasların müdafiəsi üçün canını fədaya hazır olub, əməl uğrunda biintiha *(intihasız)* qalanlar belə töküldü. Papalıq hədd və əndazədən çıxmış bipayan *(ucsuz-bucaqsız)* cinayətkarlıqları və sui-istemallarından bizar olan xristianlıq aləmi Lyuterin zühuru ilə təsis edən protestantlığı dəxi öylə bir hərarət və səmimiyyətlə qarşıladı. Çünki Lyüter mühitinin mübhəm bir surətdə düşündüklərini tədvin eləmiş *(sistemə salmış)* və müəyyən bir şəklə qoya bilmişdi. Bolqar milləti bir zaman məhv və nabud *(yox)* olub getmişdi. Hər kəs bir daha bolqar deyə millət vücuda gələcəyindən naümid idi. Hətta zəmanəsinin ən mütəfəkkir bir simasını təşkil edən Volter belə bolqarlar haqqında “münqəriz *(nəsli kəsilmiş)* bir millət” demişdi. Fəqət sonra bolqar böyük əməlpərvərləri Vazovlar və Bayayılar zühur etdilər. Bolqarların təbir edə bilmədikləri əməllərini qələmə gətirib onları şerləndirdilər. Böyük Bolqar tarixi yazılıb burada bolqarların ən nazik hissiyyatlarına təsir edən və onlarda ruhi-milli oyadan vəqələr *(macəralar)* canlandırıldı. Binaən əleyh “yox”dan bir “var” əmələ gəldi. “Münqəriz” millət dirildi, özünü Avropaya tanıtdı. Yunanıstan da böylə oldu. Əgər vaxtilə təsis edən “Etr” cəmiyyəti millətini başına cəm edib də türkləri vətəndən qovmağa müvəffəq oldu isə, məhz o öz millətinin vicdan və imanını doğru bir surətdə təhlil edərək, xalqın mübhəm bir surətdə, duyduğu milli əməlləri həqiqətilə dərk və təbir edə bilmək sayəsində oldu. İştə bu xariqələr icad edə bilən böyük əməllərin müvəllidi olan milli vicdanı dərk və milli imanın iqtiza *(zəruri)* elədiyi böyük əməlləri kəşf və təfsir *(izah)* edə bilmək üçün hər şeydən əvvəl məzkur *(həmin)* mühiti və yaxud milləti öyrənmək, onun mazisini *(keçmişini)* bütün təfsilatı *(təfərrüatı)* ilə tədqiq etmək lazım gəldiyi kimi, bir millətin mənəvi mövcudiyyətindən ibarət olan dilinidə tədqiq eləmək, millətin yüzdə doxsan rüknüni *(dirəyini)* təşkil edən bu mövhibeyi-üzmanın bütün dəqayiqini *(incəliklərini)* aramaq və sonra da o istiqbal üçün bir çox giranbaha *(dəyərli)* maddələr saxlamış olan mazini, o xariqələr yarada bilən ana dili ilə millətə anlatmalıdır. Böylə milli bir dərs nəticəsində də heç şübhə yoxdur ki, milli vicdan təsis edər, o dəxi böyük və milli bir əməl tövlid edər.
Milli Dirilik IVKeçən məqaləmizdə böyük milli əməlin nə kimi bir qüvvətə malik olduğu ilə, onun mahiyyətindən və nə surətlə hasil ola biləcəyindən bəhs etmişdik, bu kərə yenə o mövzu üstündə duracağız. Milli bir idealın (böyük əməlin) təsisinə nədən lazım görülüyor? Bunu yaxşıca dərk edə bilmək üçün bir az keçilmiş və keçirməkdə olduğumuz milli həyatımız ilə onun təzahürlərinə təhlil və intiqad baxışı ilə baxmalıyız. Nə görüyoruz? Bizdə bir çox cəmiyyətlər təsis olunuyor. Bir çox kitablar nəşr olunuyor. Böyük-böyük yapılar, binalar tikiliyor. Fəqət bunları nə kimi bir məqsədlə yapıyoruz? — deyə varid olan *(verilən)* suala cavabımız çox da səri və müəyyən bir şəkildə deyildir. Yəqinəmki, “millət üçün yapıyoruz” — cavabını verməkdən aciz deyiliz. Fəqət bu qədərlik bəsit bir cavab kafimidir? Həmən xeyrat və maarif ilə iştiğal edənlərə *(iş görənlərə)* millətinizin əməli və millətinizin təqib elədiyi məqsəd nədir? — deyə sorulsa, labüddən cavabında məəttəl qalarlar. İştə işlərimizdə ümumi böylə bir rabiteyi-həqiqi olmadığından gördüyümüz işlərimizdə arzu olunan ruh və bütün müəssisati — xeyriyyəmizi biri-birinə bağlayan həblülmətinin yoxluğu hər zaman sızılıyor. Qocaman böyük bir cəmiyyəti — xeyriyyə binası yapdırarız. Amma milli bir müəssisə olmaq üzrə yapılan bu binanın hansı tərzi-memaridə yapılacağına heç də əhəmiyyət verməriz. Qabağımıza gələn ilk mühəndisi tutub da “al bizə bir bina yap” — deyiriz. O da götürür bir az “qotik”dən, bir az “renesans”dan, bilməm nədən, cüziyyətcə də “mavr” (ərəb) tərzi-memarisindən qarışıq bir kompazisiyon yapar. Daşı-daş üstə qalar, müdhiş bir bina, ali bir imarət vücuda gətirir. Bu əzəmət, bu böyüklük əlbəttə ki, bizi fərəhləndirir, qəlblərimizə bir şadlıq gətirir, fəqət bir çox xərclərlə hasil olan təzyinat bizə türklüyün, müsəlmanlığın keçmişdəki əzəmət və ehtişamını andıra bilsəydi, bizim də özümüzə məxsus memarlıqda bir üsula, həm də gözəl, ali təqlidaşayan bir üsula malik olduğumuzu bütün tamaşakaranə bildirsəydi; əlbəttə ki, binanın maddi əzəmətilə mütənasib mənəvi bir böyüklüyü də olardı və həqiqətən də bu böyük əməlin möhtəşəm bir abidəsi kəsilərdi. Müəyyən milli əməllər bəsləyən millətlərin tacirləri belə kontorlarında apardıqları mühasibat dəftərlərini öz ana dillərində yazırkən bir kərə bizim xeyriyyə və maarif işlərilə məşğul olan cəmiyyətlərimiz mühasibatına da diqqət olunsun. Bütün rusca, hələ mühasibat dəftərləri (bəlkə də böyləliyi təftiş üçün lazımdır, — deyə müdafiə olunur) oyanda, məktubat da ruscadır. Nitqlər dəxi çox kərə rusca irad olunur. Sənələrdən bəri qiraətxanamız vardır. Fəqət nədir o qiraətxana? Tapılarmı orada istədiyimiz mətbuat? Varmı orada nəşr olunan milli qəzetlərin məcmuləri? Hərdən bir bu ədibə, o cəmaət işi görənə yubiley yapıyoruz. Fəqət bu gün Mirzə Fətəli Axundovu tədqiq etmək istəyən bir münəqqid mövcud olan kitabxanalarımıza gedib, ona dair bir qədər olsun, məlumat yığa bilərmi? Və yainki Azərbaycan türk tarixi ədəbiyyatı ilə iştiğal etmək istəyən başqa milli bir müəssisə, xüsusi bir məhəll tapa bilərmi ki, oradan istədiyi vəsaiti əldə etsin? Yox! Halbuki, qiraətxanamız da, kitabxanamızda çoxdan bəridir ki, var. Rusiya məmləkətinin bir cüzini təşkil ediyoruz. Rusiyada yaşıyoruz, onun vətəndaşlarıyız. Bittəb, madam ki, burada diriliyoruz, diriliyimizin bir çox ehtiyacları vardır. Bu ehtiyacların bu vaxta qədər nədən ibarət olduğunu müdəvvər və müəyyən bir şəkilə gətirə bildikmi? 1905 və 1906 sənələrində Rusiyaya tarixi bir zaman gəldi. O zaman hər təbəqə və hər millət özünün çoxdan bəri düşünüb də bir məfkurə (ideal) kimi bəslədiyi şeyləri haman meydana qoydu. Onu və bunu istiyoruz — dedilər. Yalnız biz bir əmri-vaqe qarşısında bulunduq. Nə istəyəcəyimizi, etiraf edəlim, bilmədik. Bunu bilən tək-tək fərdlərimiz var idisə onların da bildiklərini bizə bildirməyə vaxt yox idi, Rusiyanın keçirmiş olduğu o məşhur sənələrdə biz bir təlatümə düçar olan gəmiyə bənzəyirdik ki, haraya gedəcəyini və sahili — nicati nə tərəfdə gördüyünü bilmiyordu. Hər halda bir tərəfə olsa da sükan saxlamaq lazım gəliyordu. Biz də bizimlə bərabər təhlükəyə tutulmuş olan digər millətlərin gəmiçilərinə baxdıq, yolumuzu onların getdiyi səmtə düzəltdik. Bittəb, əlimiz sükanda titrəyir və ürəklərimiz məchul bir aqibət qabağında çarpınıyor idi. Əvət, tufana tutulan bir gəmi üçün hədəfsizlik nə qədər mühlik isə, tarixi saatlarda bulunan bir millət üçün də əməlsizlik o qədər mühlikdir. O zamandan bu vaxta qədər az ömür keçməmişdir. Müharibələr mütənasibətilə həddi-rüşdə yetişdiyini isbat edən Rusiya təkrar bir əmri-vaqe qarşısında bulunursa, titrəməz bir ələ malikmiyiz ki, milliyyət gəmimizin sükanını bərk-bərk tutub da məqsəd tərəfə yol aparsın? Burası cayi-sual. Məncə gəmiçilikdə məmul olan asimanşünaslığa aşina olmayıb da gedəcəyiz. Yolun yıldızını tanımadığımızca əli titrəməz sükançını da bulamayacağız. Məqsədimizi nişan verən o parlaq yıldızı daha kəşf edə bilmədik. Kəşfini axtaranlar bəlkə də vardır. Fəqət, daha budur kəşf olundu — deyə meydana çıxanlar görülmədi, yaxud görülmüşsə də gördüklərini ümumiyyətləşdirə bilməmişlərdir. Bu yıldızı nə cürə kəşf etmək olar? İştə hamımızın üstündə düşünməsi lazım olan bir məsələ! Bu vaxta qədər elədiyimiz xətadan, artıq ayrılma zamanı gəlmişdir. Nədir o xəta? Biz bu vaxta qədər bütün ümumi və milli işlərdə ancaq zahirə baxmış və qalibi təqlid etməyə çalışmışıq. Bunda bir dərəcəyə qədər müvəffəq də olmuşuq. Yabançı birisi, məsələn, Bakıya gəlsə və türkcə bilməyib də yalnız zahirimizlə haqqımızda bir fikir edinmək istəsə, onu alıb bir kərə Nikolayevski küçə ilə keçirsəniz: Buradakı milli olmaq üzrə yapılan ali imarətləri göstərərsiniz, sonra kitab mağazalarına aparıb, caməkanları dolduran bir çox əsərləri ona nişan verirsiniz. Şübhəsiz ki, bu qərib səyyah Bakı türklərinin olduqca mütəməddin və əməlpərvər bir millət olduğuna hökm edər, gedər. Fəqət həqiqətən də böyləmidir? Yuxarıdan bəri söylədiklərimiz iştə böylə olmadığını isbat ediyor. Xətamızı da burada aramalıyız. Məncə, bunu başqa yanda aramağa lüzum da yox. Digərlərincə bilmiyorum, məncə bu olduqca vazeh və aşkardır. Bizdə işlərimizin ruh və mənəviyyatına aid olmaq üzrə böyük bir boşluq var: Əməl (ideal) boşluğu, bu boşluq hər tərəfdən hiss olunuyor. Bunun mürəvvici olmaq məcburiyyətində olan mətbuat demək olar ki, hamıdan ziyadə idealsızdır. Böylə olunca, nəzərə gəliyor ki, ibtidai-əmrdə mətbuatdan başlamalı, mətbuata bir ideal, bir məslək verməli. Fəqət bunu nə cür etməli? Bu xüsusda az-çox doğru bir fikir edilə bilmək üçün mətbuat və ədəbiyyatın mahiyyətcə necə bir şey olduğunu bilmək lazım gəlməzmi? Mətbuat və ədəbiyyatı mühitin, başqa bir təbirlə, millətin həyat və heysiyyətini inikas etdirən bir ayinə təsəvvür edərsək, şübhəsiz böylədir, ondan nöqsanlarını islah üçün əsasi bir vasitəyə müraciət olunmalıdır. Məlumdur ki, mağazaların caməkanlarını dolduran yazılar əksəriyyətlə cavanlarımızın qələmindən çıxıyor. Cavanlar içlərində bəzi xudpəsəndləri olmaqla bərabər — çox kərə də səmimiyyət və hüsniyyətlə qələmə sarılıyorlar. Arzu olunan nəticəni verə bilmiyorlarsa, qüsur özlərində deyil, mühitimizin əməl nöqteyi-nəzərindən boşluğundadır. Böyük əməllərə malik olmayan yazıçıdan, əmin olunuz ki, fövqəladə və müasir bir əsər gözləmək xatadır. Binaən əleyh böyük əməllər nəşrinə xidmət edəlim ki, bütün nöqsanlarımızı ancaq bu islah edə biləcək. Ancaq budur ki, işlərimizə bir ruh verəcək, diriliyimizə milli bir dirilik bəxş edəcəkdir. Digər bir nəzərə görə də həqiqi ədəbiyyat ancaq o ədəbiyyatdır ki, mühitin ehtiyacına cavab versin və millətin həyatını və həyatı yaralarını, necə ki, lazımdır, təsvir eləsin. Şübhəsiz ki, bu nöqteyi-nəzər səhihdir, binaən əleyh istədiyimiz bir ədəbiyyatı vücuda gətirmək, hüsulunu arzu etdiyimiz fikir və məslək cərəyanını doğura bilmək üçün hər şeydən əvvəl milli ehtiyaclarımızı öyrənib də öyrətməliyiz. Ehtiyaclarımız lüzumu dərəcəsində anlaşıldımı, sonra çarəsini düşünmək və bu düşüncə əsasında da diriliyimizin müncisi ola biləcək böyük əməli tapmaq müşkül bir iş deyildir.
Milli Dirilik VMilliyyətin ümdə rüknünü təşkil edən şey dildir. Dil adətən hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amildir. Bir milliyyəti məhv edib aradan götürmək qəsdində olan siyasilərdə əsil bunun üçündür ki, təmsil (assimilyasyon) əməliyyatı icra edərkən ən birinci fikirlərini dilə verər və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edərlər. Qədim zamanlardakı insanlar daha mübtədi bir halda idilər. Din daha qüvvətli bir ictimai amil ədd olunurdu. Hakim millətləri özləri kimi etmək üçün dini tədbirlərə təvəssül ediyorlar və əlləri altındakı millətlərin etiqadına ilişiyorlardı. Halbuki, dildə daha mühüm bir qüvvəti-ictimai olduğunu dərk edən avropalılar bunun əksinə hərəkət etdilər. Dincə heç bir təzyiqdə bulunmayıb və yəqin ki, bu xüsusda şədid tədbirlər ittixaz eləməyib, bütün hümmətlərini ziri-hakimiyyətlərinə aldıqları millətləri milliyyətcə məhv etməyə qoyuldular. Bunu üçün də məzkur millətlərin dillərindən başlandı. Milli məktəblər təzyiq edildi, ana dili təhdid olundu. İştə yalnız burası nəzəri-etinaya alınmış olsa, millətlər dəxi təcdid etmək istədikdə və milliyyətcə mənlik hasil eləmək fikrinə düşdükdə, təbiidir ki, hər şeydən əvvəl dillərindən başlamalıdırlar. Çünki dil bir nöqteyi-nəzərdən haman millət deməkdir. Buna hər kəsdən ziyadə biz türklər əhəmiyyət verməliyiz. Türklər xasiyyətcə olduqca mütədəyyin bir millətdirlər. Bu tədəyünləri sayəsində islamiyyəti qəbul etdikdən sonra o qədər etiqadati-diniyyəyə mərbut olmuşlardır ki, adətən türklüklərini belə itirmişlərdir. Zatən islam özünə mömin olan müxtəlif millətlərdən bir millət vücuda gətirəcək qədər qüvveyi-təmsiliyyə olduğuna etiqad edənlər vardır. Hətta böyük bir türk hökuməti təsis edən osmanlılar belə bu axır zamanlara qədər özlərinin bir türk hökuməti olduğuna qənaət etmək istəməyib, kəndilərinə “islam hökuməti” demişlər. Türklərdəki bu məhviyyət və təmsilə ədəmi-müqavimət xüsusiyyəti türkləri haman türklər bulunan ölkələrin hər tərəfində anlaşılır. Ümumi bir türkcəyi, farsi və ərəbi nüfuzdan mübərra saf bir türkcəyə malik olmaqdan məhrum qılmışdır. Milliyyət və mədəniyyətimizin xüsusiyyət və təmamiyyətini təmin edəcək olan birinci əsas təəccüb deyilmidir ki, istiqlal və təmamiyyətə yabançı olan təsirata hər şeydə ziyadə giriftar olmuşdur? Bu gün bilatərəddüd demək olar ki, heç bir tərəfdən müstəqil və əcnəbi dillərin nüfuzundan azad xalis bir türkcə yoxdur. İstanbuldan tutub Kaşğarə kimi hamımız, təbir caiz isə, pozuq bir dil ilə danışmaqda və daha qarışıq bir dil ilə yazmaqdayız. Bu qarışıqlıqdan qurtarıb da həqiqi bir dil istiqlalına nail ola bilmək üçün nəzəriyyələrin nə qədər müxtəlif olduğu məlumdur. Dilin əhəmiyyəti-ictimaiyyəsi haqqında bəslənən nəzəriyyələrin ixtilafı qədər, islah yolunun layihələri də o qədər müxtəlifdir. Kimsə hər şeydən əl çəkib də bütün yabançı kəlmələri tərd ilə qədim türkcəyə, uyğurcaya müraciət etmək qədər irəliyə gediyor. Kimsə ərəbcə və farsca lüğətləri türkcə istiqlalının ən qəddar düşməni ədd ediyor. Onların türki və məhəlli şivədə mövcud lüğətlərlə əvəz olunmasını tələb ediyor. Bəziləri də türkcədəki, farsi və ərəbi lüğətləri ancaq istilah üçün qəbul edib sairlərini tullamaq tərəfdarıdırlar. Zərəri yalnız əcnəbi tərkib və üslubdan görənlər də az deyildir. Türkcəmiz haqqında pərvərdə olunan bu qədər müxtəlif nəzəriyyələr ilə onların müvafiq olub-olmadığından bu məqalədə bittəfsil mübahisə etməyəcəyiz. Bu xüsusda bəlkə də başqa bir vaxt möhtərəm qarelərlə mübadileyi-əfkar edəriz. Bu qədərlik zikrimiz isə yalnız məsələyə münasibəti olduğu üçündür. Bu xüsuslarda vaqe olan münaqişə və müzakirələrin bütün türk aləmində hər daim vaqe olduğu hər kəsə məlumdur. Bu yolda ki, fikir mübadilələri göstəriyor ki, türk aləminin hər tərəfdən az-çox türklüyün rüknünü təşkil edən bu dil məsələsinin həlli əlzəm görülüyor. Bu özü də bizdə milli dirilik ilə dirilmək istədiyimizə böyük bir dəlildir. Fəqət bu xüsusda qəti qərara gələ bilmək üçün hələ bir çox elmi tədqiqatlar lazımdır. Ancaq bu tədqiqlərin nəticəsindən hasil ola biləcək elmi müqəddəmatdan sonradır ki, məsələnin həlli qəbul olacaqdır. Bu müqqəddəmatlar hazır olmadığı müddətcə həman məsələnin həllinə qalxışmaq bir az əcələ olur. Ehtimal ki, arzu olunan nəticələri hasil etməz. Məəmafih bunlar hazır oluncaya qədər ədəbiyyatımız ilə dilimiz tamam durğun bir halda qalsın təklifini də etməyiriz. Yalnız bunu söyлəmək istəyiriz ki, müqəddəmati-məsələ hazır olmayanadək məsələyə qəti bir qərar vermək mümkün olmayacaqdır. Müqəddəmat isə aşağıdakı tədbirlərdən ibarət ola bilər: Bu günə qədər bizdə bütün türk şivələrinin lüğətlərinin cəmi, həqiqi bir lüğət kitabı yoxdur. Hətta əsl türkcə olmaq mənası ilə osmanlıda belə bir lüğət kitabı yazılmamışdır. Yazılan lüğət kitabları ancaq lisani-osmanı deyilən indiki üç-dörd dildən qarışıq osmanlı türkcəsinin lüğəti olmuşdur. Avropa, rus müstəşriqləri tərəfindən bəzi kamil və naqis lüğətlər yazılmışsa da, bunlarda hələ dediymiz məsələdə hakim olacaq bir dərəcəyi-əhəmiyyətə malik deyildilər. Biz çox kərə dilsizlikdən şikayət ediyoruz, bizdə bir çox kəlmələr yoxdur — deyə, həmən ərəbcə, farsca, yaxud da rusca və ya fransızcaya müraciət ediyoruz. Halbuki, qədim uyğurcanın tədqiqi, cığatay ləhcəsinin təhlili, Kazan və Orenburq tatarlarının şivəsi deyil, evimizdə arvadlarımız arasında, kəndlərdə xalq miyanındaki dilə müraciət etsək, bu kəlmələrin müqabillərindən bir çoxunu bularız. Keçənlərdə “panika” sözünün gözəlcə bir tərcüməsini mən evimizdə oturub, ailəmizlə söhbət elədiyim əsanda kəşf etdim. Məgərsə, “panika”-”çaxnaq” imiş. Bu qədər qəşəng, az-çox mənus bir kəlmə durduğu halda, biz bu kəlməni bu vaxta qədər həmən həyəcan, vəlvələ, təşviş, xəlcan, bilməm nə kimi kəlmələrlə tərcümə edərək gəlmişik ki, mənanı da ifadə edə bilməmişlərdir. İştə cavanlarımız üçün mövcud maraq eyni zamanda da olduqca faydalı bir məşğələ, hər kəs bulunduğu yerdəki lüğətləri, zürub-əmsalı və sair xalq ədəbiyyatına aid olan parçaları eynilən toplayacaq olarsa, görərsiniz ki, həmən arzu olunan türk lüğəti vücuda gəldi. Hər şivənin lüğəti yazıldıqdan sonra bittəb orta və ümumi bir türkcə lüğəti yazmaq da asan olacaq və böylə böyük bir lüğət vücuda gəldikdən sonra “təsfiyeyi-lisan” — deyə məşhur olan dil təmizləmək məsələsi də imkan daxilinə girə biləcəkdir. Darülfünunlarda oxumaqda olub da, millətlərinə az-çox bir xidmət etmək istəyən cavanlarımız iştə buyursunlar tətil zamanı məmləkətlərinə gəldikdə xalq arasına girsinlər, xalqın ehtiyaclarını öyrənib ona çarələr axtardıqları kimi milli dilimizin ehtiyaclarına da onlardan dərman arasınlar. Bilməlidir ki, bir dil süni bir yolla xəlq oluna bilməz. Dil təbii bir məxluqdur. Onun xəllaqı isə üdəba və mühərrirlər olmayıb, xalq özüdür. Bir şair ilə bir ədibin ərəb və ya fars qamuslarını vərəqləyib də xoşuna gəldiyi bir sözü həmən mətbuata atmaqla dil islah deyil, xarab olar, pozular, indiki türkcənin halına düşər. Halbuki, xalq arasından götürülən lüğətlər yonulub da ədəbi bir şəkil alsa, o zaman ədəbiyyat milliləşər və ancaq o zamandır ki, ədəbiyyatdan gözlənilən faydanı türk millətləri də ala bilərlər. Milli dilin dirildiyi üçün lüğətləri yığmaqdan başqa xalq ədəbiyyatını toplamaq, camaat arasında olan hekayələri, əfsanələri cəm edib, elmi bir surətdə təhlil və təsnif etmək də lazımdır. Bunlar ədəbiyyatı xalqa yaxınlaşdırmaq üçün lazımlı şeylərdir. Çünki müəyyən bir ədibin öz biliyini daxil edib də şəxsi hisslərlə deyil, xalq kütləsi tərəfindən ümumi bir vicdan və hiss nəticəsi olan bu əsərlərdə xalq və millətin rühi-əslisi həmən təzahür etməkdə və o millətin nə kimi bir ruh və hissə malik olduğu və nə kimi xüsuslarının möhtaci-islah və tərbiyə olduğu rəna bir sürətdə görünməkdədir. Köhnə ədiblərlə ədəbiyyatın tarixini yazmaq, bir türk tarix ədəbiyyatı vücuda gətirmək dəxi bu nöqteyi-nəzərdən olduqca müfid və lazımdır. Bu xüsusları nəzərə alaraq çox yaxşı olardı ki, şəhərimizdə mövcud olan maarif cəmiyyətlərindən bu xüsuslara əhəmiyyət verib də bu cəhətləri təşviq edən olaydı. Təşviqin nə kimi vasitələrə malik olduğu məlumdur. Bunlardan ən müəssiri isə, bizcə maddi bir fayda təmin edən müsabiqələr ola bilər. Fəqət bu kimi milli işlərdə ən böyük saiq xalqı sevmək və milliyyətinə dəli bir aşiq qədər mərbut olmaqdır. Ey millətin istiqbalını təmin edəcək türk gəncliyi, hardasan?!
Başqa şairlərin şeirləri
Ey mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,
Baş götürüb gedim hansı diyaraNecə rəva gördün, ey mələkzada,Döndün aşinadan, dil verdin yada.
HeçGah ağladım, gah sızladım,Şad olmadım, gülmədim heç.
GözəlArif olan, bilin, çəkib bu sinəmə dağı gözəl,Bülbül kimi gəşt eləyib, dolanıb bağı gözəl.