Səhifə 2 / 2 · 50%

Xacə (qapıya baxaraq). Padşah, hüzura gələnlər var.

Yusifşah. Söylə gəlsinlər. (Xacə çıxır)

Xosrov, Budaq və Rəhman gəlir.

Hərüçü. Uğur olsun, Yusif şah!

Yusifşah. Uğurlar olsun, dostlar!

Budaq. Səni təbrik etməyə gəldik...

Xosrov. Yusif, bu nə aləmdir? Eşşəyi yaman palanlayıb minmisən, axırı xeyir olsun!

Rəhman. Bir şey öyrənə bildinmi?

Yusifşah (ucadan). Öyrəndim. (Onların əlini tutaraq gülə-gülə astadan Xacənin sözlərini anladır)

Hamısı (qəhqəhə ilə gülür). Ha!.. ha!.. ha!..

Budaq. Demək, Şah Abbas ulduzlardan qorxub? Eybi yoxdur, at – minənindir, su – içənin.

Xosrov. Yaxşı, Yusif, de görək nə fikirdəsən?

Yusifşah. İnsan hər şeydən artıq öz vəzifəsinə sadiq olmalıdır. Biz birinci özümüzü islah etməliyik. Ən böyük insan özünə hakim olmağı bacarandır. Ən böyük zəfər nəfsin çirkin tələblərinə üstün gələ bilməkdir. Biz iki mühüm və sağlam qüvvətə sarılmalıyıq. İnanmaq, inanaraq çalışmaq! İnanmayan müvəffəqiyyət və bəxtiyarlığın açarıdır. Biz işə elə bu gündən başlamalıyıq. Vəzifələrimizi aydınlaşdırmaq lazımdır!

Xosrov. Bu çox gözəl fikirdir. Mən sarayda çalışım, Budaq ilə

Rəhman isə xalq içində.

Yusifşah. Razıyam.

Xacə. Padşah, vəzirlər xidmətinizə gəlmək istəyirlər.

Yusifşah. Söylə gəlsinlər. Görək ulduzlar kimi aldadacaq!

Vəzirlər gəlir. Hamısı Yusifşaha baş əyib hüzurda dayanır.

Hamısı. Salaməleyküm, qibleyi-aləm.

Yusifşah. Əleykəssalam. Buyurun, oturun. (Əyləşirlər) Əmrlərim bu gündən həyata keçməlidir.

Vəzirlər. Qibleyi-aləmin hər əmri bizim üçün qanundur.

Yusifşah. Bundan sonra vilayətlər satılmayacaq. Hər vilayətə maaşlı hakimlər göndəriləcək.

Mirzə Yəhya. Demək, vilayətlərdən alınan vergi hökumət xəzinəsinə veriləcək.

Yusifşah. Şübhəsiz.

Sərdar Zamanxan. Gözəl fikirdir.

Yusifşah. Tiryəkxanalar bağlanacaq, yeni yollar çəkiləcək, Qəzvin ətrafına su gələcək, hökumət məmurlarına məvacib veriləcək, yeni məktəblər açılacaq.

Mirzə Möhsün. Qibleyi-aləmin hər əmrinə itaət borcumuzdur. Ancaq bu məsələni həyata keçirsək, min bir tədbirlə doldurduğumuz xəzinə boşalmazmı?

Yusifşah. Xəzinə məmləkətin iqtisadi inkişafailə dolmalıdır. Hələ bunlar hamısı deyil. Ticarəti qüvvətləndirmək üçün tacirlərə böyük ixtiyar verilməlidir. Görüləcək tədbirlərdən biri də – kəndlərin, torpaqların xanlardan alınıb hökumətə verilməsidir. Hələlik məmləkətdə görəcəyimiz işlər bunlardan ibarət olacaq.

Mirzə Möhsün. Qibleyi-aləm, bu əmrlər məmləkət üçün yeni həyat müjdəsidir. Ancaq torpaq məsələsi İranda olduqca mühüm və qorxulu məsələdir. Hələlik ona əl vurmayaq, yoxsa çox böyük narazılıqlar baş verər.

İskəndərbəy. Padşah, torpaq dövlətin sütunudur, onu tərpətsək qiyamət qopar.

Sərdar Zamanxan. Astananızın bu qoca iti də torpaq məsələsini hələ lazım görmür.

Yusifşah. Yox, bu qoxumuş mühitin zəhərli havasını birdəfəlik təmizləmək lazımdır. Xalqın inkişafı bunu tələb edir. Bilirəm, bu məsələ sizin üçün xeyirli deyil, çünki hər birinizin beş-on kəndiniz var. Birdəfəlik bilməlisiniz ki, torpaq – əkənindir.

Mollabaşı. Siz doğru buyurursunuz, şəriətimiz də belə deyir. Qurbanın olum, ancaq...

Yusifşah. Nə ancaq, nə də əmma lazım deyil. Dediklərim bir-bir həyata keçməlidir. (Vəzirlər təzim edib çıxırlar. Yusif şah və yoldaşları bir-birinə mənalı baxıb qəhqəhə ilə gülürlər) Hələ bu harasıdır?

Budaq. Afərin, Yusif, vəzirlərin canına yaman üşütmə saldın.

Yusifşah. Balıq başdan qoxur, qamış kökdən. Bu məmləkətdə baş, gövdə, kök – hamısı birdən çürümüşdür. Onları kəsib atmaq lazımdır...

Rəhman. Doğrudur, doğrudur... Başqa cür ola bilməz.

Budaq. Yusif, ehtiyatlı oğulun anası ağlamaz...

Xosrov. Bunlar çox gözəl işlərdir, ancaq lazımdır. Onlar olduqca mütəəssib, ənənəpərəst, mövhumatpərəst bir xalqdır. Bu ölünü birdən diriltmək olmaz!

Rəhman. Yusifin əzm iradəsi qarşısında dağ da dayanmaz.

Yusifşah. Hər şeydən çox məni bu vəzirlər düşündürür. Onlar bizim siyasətimizə əsla razı olmayacaqlar. Onların yerinə mənə sadiq adamlar verin!

Xosrov. Yusif şah, sən hələlik bu işlərə əl atma! Camaat bu gün bizdən artıq bu vəzirləri tanıyır. Müvəqqəti olsa da onlardan istifadə etmək lazımdır!

Yusifşah. Onlar bizim yeni fikirlərimizi xalq içində yaymayacaqlar!.. Bu yolda özümüz can-baş ilə çalışmalıyıq.

Rəhman. Doğrudur, doğrudur!

Budaq. Yusif haqlıdır... Biz vəzirlərə inana bilmərik.

Rəhman. Xosrov, sən Yusifin işlərinə qarışma!

Xosrov (kinli). Xob, siz deyən olsun.

Budaq. Başqa cür ola bilməz!..

Yusifşah. Budaq, Rəhman ilə birlikdə xalq ilə əlaqə saxlayın, fikrimizi onlara anladın. Camaatı mənimlə görüşdürmək üçün bir gün təyin edin.

Budaq. Baş üstə...

Rəhman. Doğrudur, doğrudur... Bu, çox lazımdır.

Xosrov (ətrafa). Məni axmaq yerinə qoyanlar bir gün özləri axmaq yerində qalacaq... Dayan! (Getmək istəyir. Nə isə düşünüb dayanır) Yusif, bu saray həyatı məni çox maraqlandırır. Əvvəlcə onu bizə göstər.

Yusifşah. Xacə, Xacə Mübarək!

Xacə (daxil olur). Bəli, padşahım!

Yusifşah. Bizim dostları saray ilə tanış et! Hər bucağını göstər, sonra bir dəst paltar aparıb bizim Tubu xanımı gətirsinlər.

Xacə. Baş üstə, padşahım!

Hamı danışa-danışa çıxırkən

Yusifşah. Bu hərəmxanaya da bir əncam çəkməliyik... Onu təmizləmək lazımdır!

Hamı gedir. Səlma yalnız bir dirəyə söykənib düşünür, MirzəYəhya gəlir,
onu görüncə əlini onun çiyninə qoyur.

Mirzə Yəhya. Gözəl Səlma, hər kəs səni düşünür, sən kimi düşünürsən?

Səlma. Mən də öz fəlakətimi.

Mirzə Yəhya. Bu gündən sən nikah qəfəsindən uçmuş azad bir quşsan. Hər ağaca qonsan, hər budaq sənə qarşı məmuniyyətlə əyilər. (Onun əlini əlləri içinə alır, Səlma rədd edərək)

Səlma. Çəkil!

Mirzə Yəhya. Hər əmrinə itaət edərəm... Yalnız (onu qucaqlamaq istəyir).

Səlma. Çəkil deyirəm, nə istəyirsən məndən?

Mirzə Yəhya. Yalnız bir şəfqət, mərhəmət!

Səlma. Özündə olmayan bir şeyi başqalarından tələb etmə!.. Yoxsa sənə çox ağır oturar.

Mirzə Yəhya. Yanılırsan, Səlma, qəlbim sənin eşqinlə çoxdan çırpınır. O bütün hərarətini yalnız sənin eşqindən alır.

Səlma. Saray eşqindən mənə söz açma, onun nə olduğunu gözəl bilirəm.

Mirzə Yəhya. Vəhşi ceyran! (Öpmək istəyir, Səlma ona bir sillə vurur)

Səlma. Çəkil, alçaq!

Mirzə Yəhya. Yaxşı, Səlma, yaxşı! Ancaq bu sirri bir adam bilsə, səni rüsvay edərəm. Şah Abbas taxtına oturduqdan sonra Qəhrəmanın əlilə başını bədənindən ayırdaram. (Gedir)

Səlma. Ah, bu sarayın nə çəkilməz dərdləri, nə unudulmaz matəmləri var. (Qəmli-qəmli düşünür)

Xosrov (Səlmanı görüncə). Ah, bu nədir? Saray ceyranı! (Ona yanaşır) Bağışlayın, gözəl qadın, siz kimsiniz?

Səlma. Mən elindən, yurdundan ayrı düşmüş bədbəxt bir qadın...

Xosrov. Adınız?

Səlma. Səlma!..

Xosrov. Oho... Səlma... Səlma... bu ad mənə çoxdan tanışdır. Görüncə Səlma olduğunuzu bildim. Siz bu hüsn və məlahət taxtında soltan ikən bədbəxt neçin olursunuz? Yoxsa, Şah Abbası düşünürsünüz?

Səlma. Onu düşünməyə vaxtım yoxdur.

Xosrov. O halda bəlkə başqasını?..

Səlma. Mən yalnız öz fəlakətimi düşünürəm.

Xosrov. Gözəl qadın... Səadət hər yerdə sizin bu incə əllərinizi öpməyə hazırdır. (Səlma əlini çəkərək ona acıqlı baxır) Yoxsa Yusif şahı düşünürsünüz? (Səlma getmək istəyirkən qolundan tutub saxlayır) Mənə bax!

Səlma. Burax!

Xosrov. Gəl inad etmə... (Səlma dartınıb gedir. Xosrov həsrətlə arxasınca baxaraq) Ah, bu sarayda nələr varmış! Şah Abbas bu cida gözlü Səlmadan necə əl çəkmiş? Axmaq, ona sahib olmaq üçün mən hər fədakarlığa qatlanaram... Of, qəlbim... Görünür, şah qadını olduğu üçün Yusif şaha könül vermək istəyir... Demək, Yusif, Şah Abbasın taxt-tacına heçdən yiyə olduğu kimi, gözəl Səlmaya da sahib olacaq. Yox! Bu yolda mən bütün əzm və iradəmi səfərbərliyə alıb, bütün qüvvətimlə silahlanmalıyam! (Düşünür)

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri