Axtı
Axtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,Açılan hər tərəfə al və qızıl gülləri var,Gözəldir Dağıstanın kəmalli çox elləri var,Bax bu Axtı şəhrin görəncə gözəlləri var.
Əbu Müslim burada meçit tikib daş qoydu,Qırıbən kafirləri, qələləri boş qoydu,Bir neçə mələk enib səcdə edib baş qoydu,Heç bəla görməz olar, tale və iqbalları var.
On beş yerdən azan səsi yetər o ərşi-rəhmana,Şeytan məlun eşidib dönürcəyi al qana,Qılıncın zərbətindən kafirlər gəldi imana,Aləmə məkandılar, zikrdə məlalları var.
Yüzbaşılar oturub söhbət edirlər can kimi,Geyibən zərxələti hər birisi bir xan kimi,Kimkədə divan qurarlar Misirdə sultan kimi,Belə ədalətli yerin bilin ki əhlləri var.
Qoç igidlər atlanıb düşmən qabağına çıxar,Edərlər cəng-savaş su yerinə qanlar axar,Neçə sənkər dağıdıb bürcü qalaları yıxar,Bu yer aslan yeridir, yırtıcı cahılları var.
Şəhrin hər tərəfi açılmış lalə kimidir,Bilmək olmaz yolunu Xeybəri-qala kimidir,Eşqdən məst olubən gözlər piyalə kimidir,Şəki-Şirvan Qarabağ almağa xəyalları var.
Şəhrin əhli qamu yaxşıca hörmətlu durur,Çəkilir adları hər ölkədə heybətlu durur,Nə qədər gəlsə qonaq, məhmana xələtlu durur,Şəkili Lələ təki bir talesiz qulları var.
Kitabxana.az · https://kitabxana.az/works/sekili-lele-axti