Tanrı söylənci
Yeddi tanrı dolanışa dayaqdır,
Hər bir ulu bir tanrıdan yaranıb.
Yer, göy, od, su, ot, mal, - altı uludur,
Hər bir ulu bir tanrıdan yaranıb.
Tanrı Hürmüz tanrıları yoxlayan,
Altısını bir-birinə bağlayan.
Dolanışı, yaranışı saxlayan,
Hər bir ulu bir tanrıdan yaranıb.
Bu qurğunun qancılıdır Əhrimən,
Ancaq pislik gəlir onun əlindən,
Bir əyrilik tapmalıdır hər nədən
Hər bir ulu bir tanrıdan yaranıb.
Bir yaranıb gözəlliklə qan-qada,
İki üzün bir səsidir yaranış,
Dirrik, ölün, sevinç, ağrı, gül, yara
İki uzun bir səsidir yaranış.
Bu qurğunun ulu kökü yaxşıdır,
Əhrimənsə pisdiklilər başıdır,
Pis yaxşıya, yaxşı pisə qarşıdır,
İki üzün bir səsidir yaranış.
Yaxşı deyir, yaşa bu yer üzündə,
Pisi qovub didərgin sal özündən,
Azdır onu yaxşılığın düzündə,
İki üzün bir səsidir yaranış.
Diz qatlama çətinliklər önündə,
Pis düşükdür, bata bilməz yaxşıya,
Yalan-palan, qorxu-ürkü bər-bəzək,
Pis düşükdür bata bilməz yaxşıya.
Cılız adam pisə-pasa uyandır,
Pisi, pası yaxşı-yaxşı yayandır,
Yaxşıların dərisini soyandır,
Pis düşükdur, bata bilməz yaxşıya.
Bağış, kəsi gücləndirir yaxşını,
O laxladır pisin əyri daşını,
O gödəldir onun laxlam yaşını,
Pis düşükdür, bata bilməz yaxşıya.
Yaxşı gedir sonevindən dönməyə,
Yaxşı dönür özlüyünə bir daha.
O, atmaca yalanlardan ölsə də,
Yaxşı dönür, özlüyünə bir daha.
Çətin işə o, birinci yollanır,
Saç-saqqalı düşüncəsi çallanır,
O da suya düşünmədən tollanır,
Yaxşı dönür özlüyünə bir daha.
Kim ki, suyu odu, otu qorudu,
Kim ki, özgə yarasını sarıdı,
Kim bir işə bir adamlıq yarıdı,
Yaxşı dönür özlüyünə bir daha.
Pislə vuruş yaxşıların andıdır,
Pis olmasa yaxşı boy-boy görünməz.
Çox də pis var, pislənilir yerbəyer,
Pis olmasa yaxşı boy-boy görünməz.
İçimizdə vardır yaxşı, var yaman,
Yaman çəkir gözümüzə boz duman,
Yaxşı sənsuz, bir dənizdir, bir saman,
Pis olmasa yaxşı boy-boy görünməz.
Çürükçüdür, söyüşcüldür yamançı,
Yaranışın gedişinə yabançı,
Doğruluğu yelə verən yalançı,
Pis olmasa yaxşı boy-boy görünməz.
– Mən yaxşıyam, alnım açıq, üzüm ağ,
Yaranışın dib daşıdır yaxşılıq.
Gözəlliklər, inçəliklər, duyumlar,
Yaranışın dib daşıdır yaxşılıq.
Yamanlıqla vuruş, çarpış, yarış, mən,
Ölüm-dirim savaşına giriş, mən,
Yaşat, yaşa keçmişinə dönüş, mən,
Yaranışın dib daşıdır yaxşılıq.
Son yürüşlə dağıt, uçur pisliyi,
Qaytar yenə özlüyünə düzlüyü,
Artır mənə inanana bizliyi,
Yaranışın dib daşıdır yaxşılıq.
– Mən yamanam, yaranışın qancılı,
Üzüntüdən qurtuluşdur yamanlıq.
Son qoyuram yaşayışa, inama,
Üzüntüdən qurtuluşdur yamanlıq.
Aldadıram çılızlaşan varlığı,
Bu varlıqda sıxıntını, darlığı,
Süpürürəm yoxsulluğu, cırlığı,
Üzüntüdən qurtuluşdur yamanlıq.
Kimə gərək yer üzündə davranış,
Nəyə gərək qan-qadalı yaşayış,
Bu nə gündür, sıxıntılı dolanış...
Üzüntüdən qurtuluşdur yamanlıq.
– Mən yaxşıyam tanrıların andıyam,
Tanrıların bir adı da "Yaxşıdır".
Özüm tanrı olmasam da, bilirəm,
Tanrıların bir adı da "Yaxşıdır".
Məni Hörmüz yaranışla yaratdı,
Mən ayaqla yol gəlmişəm, o atlı,
Yaman gəldi, məni gül-gül saraltdı,
Tanrıların bir adı da "Yaxşıdır".
Mən hamıda bir yenilməz yaranış,
Mən yaşayıb yaratmaqda çağırış,
Mən tanrılar qarşısında yalvarış,
Tanrıların bir adı da "Yaxşıdır".
– Odər ata, söylə Hörmüz deyəni.
Ahur böyük tanrıların tanrısı,
Harda, necə görüşünüz olubdur,
Ahur böyük tanrıların tanrısı.
– Odər ata, bizə öyüd buyurun,
Yaman ilə yaxşıları ayırın,
Bizi tanrı işığıyla doyurun,
Ahur böyük tanrıların tanrısı.
Üzüntünü içimizə kim salıb,
Sıxıntını cücərdənlər kim olub,
O dağılmış dolanışdan kim qalıb,
Ahur böyük tanrıların tanrısı.
– Yalvarırıq sənə, Odər atamız,
Tanrıları səsləməkdir yalvarış.
Pozğunluqlar, üzüntülər çoxalır,
Tanrıları səsləməkdir yalvarış.
Yol göstərin bu nisgildən qurtaraq,
Gücümüzü tapıb qat-qat artıraq,
Yamanlığı yanqımızda batıraq,
Tanrıları səsləməkdir yalvarış.
Yalvarırıq göy elçisi Odərə,
Yalvarırıq dili tutuq göylərə,
Bizə göstər tanrıları bir kərə,
Tanrıları səsləməkdir yalvarış.
Odər ata yaxınlaşdı ocağa,
Ocaqlaşar kim ocağa tapınsa.
Üzü, gözü od, alovdan qızardı,
Ocaqlaşır kim ocağa tapınsa.
Tanrılaşdı bu başəydi günündə
Ahurmuzda sanki durdu önündə,
Göz-göz işıq parıldadı beynində,
Ocaqlaşır kim ocağa tapınsa.
– Böyük tanrım işığınla diriyəm,
Səni min-min sevənlərdən biriyəm.
Ulu yerdə yersizlərdən bəriyəm,
Ocaqlaşır kim ocağa tapınsa.
Mənə güc ver, Yaman ilə vuruşum,
Qabaqdadır Yaman ilə son vuruş,
Mən gedirəm qorunmadan yürüşə,
Qabaqdadır Yaman ilə son vuruş.
Mənə güc ver, inam, bilik aşıla,
Qoyma yaman yaxşılığa qoşula,
Yalvarışlı sözümüzü qarşıla,
Qabaqdadır Yaman ilə son vuruş.
Gərək Yaman içimizdən qovula
Yana, günəş işığında qovrula,
Külü, kolu dənizlərə sovrula,
Qabaqdadır Yaman ilə son vuruş.
– Mən Odərəm, ocaqların atası,
Ocaq düşüb al günəşin gözündən.
Pistökdüyə, gücaldıya gələnlər,
Ocaq düşüb al günəşin gözündən.
Yuyunmaqçin bir gün endim çaya mən,
İşıq gördüm başım üstə çiməndə,
Tanrı gəlib tutdu mənim əlimdən,
Ocaq düşüb al günəşin gözündən.
Yeddi tanrı görünəndə gözümə,
Yeddi işıq çilənmişdi üzümə,
Axdı sanki güc qoluma, dizimə,
Ocaq düşüb al günəşin gözündən.
Ahurmuzda tanrıların tanrısı,
Yerə, göyə yiyə duran tanrıdır,
Qarşısında diz qatdadım, baş əydim,
Yerə, göyə yiyə duran tanrıdır.
O işıqdan bir çevrəydi, apaydın,
Tanrıları bir-bir mənə o saydı,
Biri günəş, altısı da ay idi.
Yerə, göyə yiyə duran tanrıdır.
O nə dedi: hamı onu dinlədi,
Elçi dedi mənə, uğur dilədi,
Tanrıların adlarını söylədi,
Yerə göyə yiyə duran tanrıdır.
Dedi: – Yerdə çoxalıbdır qan-qada,
Qan-qadasız olmalıdır yaranış.
Yerdə bizim elçimiz ol bu gündən,
Qan-qadasız olmalıdır yaranış.
Sona çatsın bu savaşlar, qırğınlar,
Önərləşsin ölüvaylar, çılğınlar,
Qoy tanısın tanrıları azğınlar,
Qan-qadasız olmalıdır yaranış.
Göy, yer birdir, sən gəl-get ol arada,
Birdir bütün yaranışı yaradan,
Yamanlığı vurun, çıxsın sıradan
Qan-qadasız olmalıdır yaranış.
Dedi,-Bizim qancılımız Yamandır,
Qırmaq, yaxmaq gücü vardır Yamanda,
Mən gör-görü yaradanda yarandı,
Qırmaq, yaxmaq gücü vardır Yamanda.
Qancılıdır suyun, otun, bitginin,
Törədəni ölüm, yanğı, itginin,
O, gizlənib hər bir şeydə bit kimi,
Qırmaq yaxmaq gücü vardır Yamanda.
Hamı gərək vura, qova Yamanı,
Yox eləyə aldanışı, yalanı.
Çata bütün yamanlıqdan qalanı.
Qırmaq, yaxmaq gücü vardır Yamanda.
Dedi,-Sənsən tanrıların elçisi,
Elçi yoldur köklə budaq arası,
Çatdır sən də yaranışa bu sözü.
Elçi yoldur köklə budaq arası.
Ağ günə yol pislə vuruş yoludur,
Bu vuruşlar ölümlərlə doludur,
Bu vuruşdan qıraq duran dəlidir,
Elçi yoldur köklə budaq arası.
Pislə yaman basılanda büsbütün,
Diriləcək ölənlər də günbəgün,
Olmayacaq ölüm, qıtlıq, düşgünlük,
Elçi yoldur köklə budaq arası.
Onla ağ gün başlanacaq dirrikdə,
Hamı, hər şey qovuşacaq ağ günə,
Olmayacaq yazıq, pozuq, qırıqlar,
Hamı, hər şey qovuşacaq ağ günə.
Yarananlar yaşayacaq istəklə,
İşlədəcək, dincələcək diləklə,
Var olacaq, bol olacaq gərəklər,
Hamı, hər şey qovuşacaq ağ günə.
Onda göydən enəcəklər tanrılar,
Bir olacaq, bol olacaq nə ki, var,
Olacaqlar tanrı sevən adamlar,
Hamı, hər şey qovuşacaq ağ günə.
Şaman ata susdu daha dinmədi,
Susmaq elə basılmaqdır bir az da.
Odər onu bağlamışdı söz ilə,
Susmaq elə basılmaqdır bir az da.
Yozmaçılar, yozumçular, falçılar,
Bu Başevdə eşələnən kim ki, var,
Şaman ata qabağında susdular,
Susmaq elə basılmaqdır bir az da.
Təkcə Mindon saya qoydu soy-sayı,
O öymədi öz gəlini Manayı,
O pislədi qızı dalda dolayı,
Susmaq elə basılmaqdır bir az da.
Manay hər gün oynayırdı Qaraşla,
İkisi də küsgün idi Başevdən.
Bu Başevi nə o sevir, nə də bu,
İkisi də küsgün idi Başevdən.
Toxunmuşdu şah Mehcənin könlünə,
Mehcə bunu gətirmədi dilinə,
Nəvəsini qısqanırdı gəlinə,
İkisi də küsgün idi Başevdən.
O görüşmək istəyirdi gəlinlə,
O körpəylə, o atasız yetimlə,
Qorxurdu ki, qarşılasın ölümlə,
İkisi də küsgün idi Başevdən.
Üstüağı Qaraş ata bilirdi,
Uşaq gərək ata desin birinə,
At çapırdı Qaraş altı yaşında,
Uşaq gərək ata desin birinə.
Yetim olmaq yazılmışdı alnına,
Açı acıq tökülmüşdü qanına,
Sanki ilan öd tökmüşdü balına,
Uşaq gərək ata desin birinə.
Vurub oxla salır göydən qırğını,
Ötür atla, çaparlıqla çoxunu,
Yarıb keçir qasırğanı, çovğunu,
Uşaq gərək ata deyə birinə.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-tanri-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Asureldən saldı Xruş uolunu,Acıqana uaxın durma, uzaq ol.
Cumərin ölüm söylənciSoraq gəlir, Cumər ölüb gecəukən,Sevinc tək-tək, pissə gələr dalbadal.
Odərboydan söylənciQobuuerdən Qobuçölə bir il yol,Uzaqları tez-tez anar uaxınlar.
Tanrı söylənciSərtüz deuir: – Tanrı bunu götürməz,Minel, bir də Odərboudan uetirməz,
Başqa şairlərin şeirləri · İlahi eşq
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.
Rəqib töhməti etdi məni cüda, ey dustRəqib töhməti etdi məni cüda, ey dust!Bu zülmü gördü rəva, görməsin səfa, ey dust!
Bayram olduBayram oldu, heç bilmirəm neyləyim…Bizim evdə dolu çuval da yoxdur.
Təraneyi-zəfərMilləti-Təbriz, xuda yarınız,Həqq ola imdadrəsi-karınız!