“Qar yağa-yağa” şeirinin müəllifi Gürcüstanınəməkdar müəllimi Rəşid Acalova həsr edirəm

Səni düşünürdüm, el ağsaqqalı,Baxırdım budağa, qar yağa-yağa.Həzin nəğmələrin axdı könlümə,Söz qondu dodağa, qar yağa-yağa.

Ömür sınağı var, yaş sınağı var,Torpaq imtahanı, daş sınağı var.Gördüm ki, qarşıda qış sınağı var,Girmədim otağa, qar yağa-yağa.

Fikrimi şaxtaya, sazağa verdim,Meylimi yaxına, uzağa verdim.Qəlbimin odunu torpağa verdim,Baxdım hər oylağa, qar yağa-yağa.

Məhəbbət yenə də dadıma gəldi,Lələ də, Kərəm də yadıma gəldi.Üşüyən istimə, oduma gəldi,Döndüm bir ocağa, qar yağa-yağa.

İlham ən müqəddəs nemətdi, paydı,O mənim səsimi aləmə yaydı.Sinəmi yandıran söz olmasaydı,Dönməzdim bulağa, qar yağa-yağa.

Dilimdən söz yağdı, sözümdən ətir,Dedi hər şeirinə təravət gətir.Könlümdən keçəni sətirbəsətir,Köçürdüm varağa, qar yağa-yağa.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən