Həbibi

~1470 — 1520 · Şair · XV-XVI əsr

  • Azərbaycanca (ərəb əlifbası)

Həbibi həyatının ilk illərini Ağqoyunlu hökmdarı Yaqub padşah sarayında keçirmiş və ilk şeirlərini burada yazmağa başlamışdır. O, 1502-ci ildə Səfəvi şahı I İsmayıl tərəfindən "şairlərin şahı" tituluna layiq görülmüş və beləliklə, Səfəvilər dövlətində saray şairi olmuşdur. Həbibi öz əsərlərini doğma Azərbaycan dilində yazmış, hürufilik və təsəvvüf kimi mövzulardan bəhs etmişdir. O, özündən sonrakı illərdə yazıb-yaratmış şairlərə, o cümlədən Füzuliyə ustadlıq etmiş, ümumi mənzərədə isə Azərbaycan ədəbiyyatının inkişafına mühüm təsir göstərmişdir. Həbibi ömrünün son illərini Anadoluda keçirmiş, 1519-cu və ya 1520-ci ildə vəfat etmişdir.

1490-cı ildə Yaqub bəyin vəfat etməsindən 1502-ci ilə qədər Həbibinin həyatı haqqında heç nə məlum deyil. O, 1502-ci ildə Səfəvilər dövlətində saray şairi olmuş, özü də şair olan Səfəvi şahı I İsmayıl (1487–1524) ona "məlik üş-şüəra" (mənası – şairlərin şahı) titulunu layiq görmüşdür. Həbibi 1514-cü ildə Osmanlı imperiyasının paytaxtı Konstantinopol (indiki İstanbul) şəhərinə köçmüşdür. Müasir tarixçilər bunu Osmanlı sultanı I Səlimin o vaxt Səfəvilərin paytaxtı olan Təbriz şəhərini tutması ilə əlaqələndirirlər. Akademik Həmid Araslıya (1902–1983) görə, Həbibi 1514-cü ildə Təbriz ələ keçirildikdən sonra Osmanlı sultanı I Səlim tərəfindən Konstantinopola gətirilmiş 1,700 incəsənət xadimindən biri idi. Övliya Çələbi Həbibini I Səlimin saray əyanı kimi təsvir etmişdir. Müasir tarixçilər buna əsaslanaraq güman edirlər ki, türk və fars ədəbiyyatı ilə yaxından maraqlanan sultan Həbibini sarayını tərk etdiyinə görə ondan məyus qalmış Şah İsmayıldan qorumağa çalışırdı.

Mənbə: Vikipediya — «Həbibi» · CC BY-SA 4.0

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət