Firidun bəy Köçərli

1863 — 1920 · Tənqidçi · XIX-XX əsr

  • Azərbaycanca (ərəb əlifbası)

Firidun bəy Köçərli — Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi.

1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alır. 1885–1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşımışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılmışdır. Ona "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələri verilmişdir. 1893–1894-cü illərdə yenidən İrəvan gimnaziyasında fəaliyyət göstərir. 1895-ci ildə isə İrəvan şəhərini tərk edir. Elə həmin ildə Qori Müəllimlər Seminariyasının "tatar şöbəsi"-nin Azərbaycan dili və şəriət müəllimi təyin edilir. 1918-ci ilə qədər Qoridə pedaqoji fəaliyyətini davam etdirir. 1897-ci ildə Vəkilovlar nəslindən olan Badisəba xanım Köçərli ilə ailə həyatı qurur. 1910-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı sonradan isə seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. 1916–1917-ci illərdə seminariyanın Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərmiş, təkliflər irəli sürmüşdür. Siyasi proseslərə qoşularaq, Müsavat partiyasına üzv olmuşdur. 1919-cu il fevralın 1-də Müsavat partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş Qazax şöbəsinə sədr seçilir. Sovet işğalına qədər Qazax Müəllimlər Seminariyasına rəhbərlik edir. "Tatar komediyaları" adlı ilk elmi məqaləsi "Novoye obozreniye" qəzetində dərc olunmuşdur. 1898-ci ildə "Ərəb əlifbası və onun qüsurları" silsilə məqaləsi "Qafqaz" qəzetində dərc olunur. 1900-cü ildə Müəllimlər Seminariyasının Ümumdünya Paris sərgisində Qori Seminariyasından nümayiş etdirilən eksponatlar sırasına F. Köçərlinin kitabları da daxil edilir. 1903-cü ildə Tiflisdə "Azərbaycan tatarlarının ədəbiyyatı" kitabı rus dilində çap edilir. Elə həmin ildə M. F. Axundovun "Aldanmış kəvakib" povestini rus dilinə çevirir. 1904-cü ildə A. P. Çexovun "At familiyası" hekayəsini tərcümə edib, kiçik bir müqəddimə ilə "Şərqi-Rus" qəzetində dərc etdirir. 1912-ci ildə uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı Bakıda "Kaspi" mətbəəsində çap olunur. 1913-cü ildə yazdığı "Azərbaycan ədəbiyyatı tarixi" adlı üç cildlik əsərini tamamlamışdır. Uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı isə 1967,1972 və 2013-cü illərdə çap edilmişdir.

Mənbə: Vikipediya — «Firidun bəy Köçərli» · CC BY-SA 4.0

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət