Məsihi
1580 — 1655 · Şair · XVI-XVII əsr
- Azərbaycanca (ərəb əlifbası)
Məsihi — mənşəcə Azərbaycan türklərindən olan məşhur şair və həkim.
Nizaməddin Əli oğlunun təbabət sahəsində savadlanması ilə şəxsən məşğul olur və Məsihi artıq gənc yaşlarından nəinki müalicə fəaliyyətinə başlayır, hətta müalicə həkimləri üçün sonralar böyük şöhrət qazanmış "Zabitət ül-əlac" ( "Müalicə qaydaları") adlı kitab da yazır. Lakin poetik irsinin əksər qisminin itirilməsinə baxmayaraq, Məsihi hazırda daha çox şair kimi məşhurdur. Bir sıra kiçik həcmli lirik və epik əsərləri ilə yanaşı onun 1629-cu ildə Azərbaycan türkcəsində qələmə aldığı "Vərqa və Gülşa" poeması da bizə çatmış və şairə böyük şöhrət qazandırmışdır. Bu əsərin nadir əlyazma nüsxələri Britaniya muzeyində və Tehran universitetinin kitabxanasında saxlanır. Həmin nüsxələrdən ikincisi əvvəlcə alim və şairlərə himayədarlığı ilə şöhrət tapmış, özü də ortabab şair olan Qarabağ bəylərbəyi Uğurlu xan Ziyadoğlu Qacara (bu vəzifəyə 1664-cü ildə təyin olunub) məxsus olmuşdur. Nüsxədə bu haqda qeyd də var. Sonradan bu nüsxə müəmmalı bir tərzdə Moskvada üzə çıxır və Məhəmməd Hatəmi oğlu Hüseynqulu Kahdamini 1749-1750-ci ildə onu oradan alıb, Tehrana aparır. London nüsxəsi poemanın yazılıb başa çatmasından 17 il sonra köçürülüb. Qarabağ nüsxəsi isə ondan 4 il sonra köçürülüb. Uğurlu xana məxsus nüsxəni cildləmiş ustanın adı da məlumdur: o, tanınmış Azərbaycan xəttatı Həbibullah ibn Əsədullah Dumbulidir.