Baba bəy Şakir

1772 — 1844 · Şair · XIX əsr

  • Azərbaycanca (ərəb əlifbası)

Baba bəy Şakir (tam adı: Baba bəy Məhəmmədəli bəy oğlu Sarıcalı-Cavanşir) — şair.

Baba bəy Şakir mükəmməl mədrəsə təhsili alıb. Ana dili ilə yanaşı bir neçə şərq dilini də bilib. Şakir təxəllüsü ilə şeirlər yazıb. Baba bəy Pənahəli xanın böyük qardaşı Fəzləli bəyin nəvəsi olub. O, şeirlərinin birində öz şəcərəsi ilə bağlı yazır:
Mən özüm övladi Pənah aliyəm,
Keçən qəziyyədən yeksər haliyəm.
Tamam aləm bilir Sarıcalıyam,
Mən türkəm, nə kürdəm, nə ləzgi, nə tat.
Baba bəy Şakir xan nəslinə mənsub olmasına baxmayaraq, çox çətin güzəran keçirib, ancaq taleyindən heç vaxt şikayətlənməyib. Yalnız Mehdiqulu xandan incikliyini dilə gətirib. Dostu və yaxın qohumu, şair Qasım bəy Zakirə yazdığı bir mənzum məktubunda deyib:
Külli Qarabağa olub mehriban
Götürdükcə dövlət etdi ehsan.
Bizlərə düşəndə xani-alişan,
İşıqlı dünyanı etdi zülmət.
Qasım bəy Zakir həmişə Baba bəyi özünə müəllim hesab edib. Poetik ləqəbini də Baba bəy Şakirin təxəllüsünə uyğun götürüb. Onun istedadının səsi-sorağı Qarabağın hüdudlarını aşaraq İrəvandan, Ordubaddan, Gəncədən eşidilib. Tədqiqatçı alim Salman Mümtaz araşdırmalarında yazır: "Baba bəy Şakir o vaxtkı ədəbiyyatımızı gözəlləşdirən, məzlumların imdadına çatan cəsur bir şair olub". S. Mümtaz daha sonra qeyd edir ki, XIX əsr Azərbaycan satirik şeirinin geniş intişar tapmasında onun böyük xidmətləri olub. Poeziyanın ictimai mübarizə silahına çevrilməsində çox zəhmətlər çəkib. Onun yaradıcılığında "Ay mədəd" və "Yetmədi" rədifli qoşmaları, "Gəlməz" gəraylısı diqqət çəkir.

Mənbə: Vikipediya — «Baba bəy Şakir» · CC BY-SA 4.0

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət