Yetmiş ildi dünyanın altıda biri qırmızı alova bürünüb yanır. Kənarda dayananlar da, alovun içindəkilər də bilir ki, bu söndürülməlidir. Amma öz-özünə yanıb qurtarmayana qədər yaxın düşmək olmur. Mübarizə adına qalxırsan, səni də yandırır. Amma sərçə kimi hərə bir damla su atsa yanğın böyüməz. O tək-tək damlalar zamanı nə qədər irəli çəkir, yanğının tez sönməsinə nə qədər xidmət edir? – bunu hesablamaq çətindir. Amma vaxtın dəyirmanını işlədən də o damlalardır.
Xəbər gözləyirəm... Kimdən; hayandan?
Hansı məmləkətdən, hansı zamandan?
Hansı ocaqlarda alışan közdən?