Can yanğısı
Page 6 of 7 · 71%
XIII
Böylə-böylə fikir və xəyaldan sonra məhəlləmizdə və qeyri məhəllələrdə olan qızları və dul arvadları bir-bir fikrimdən keçirirdim. Görürsənmi... necə vəfalı idim? Ruqiyyə kimi arvadın üstünə qeyri bir arvad almaq istəyirdim.
Bir mən böylə deyiləm ki, bizim çoxumuz, bəlkə də, hamımız böyləyik. Bugünkü arvad sabah üçün yaramaz, gərək ayrısı olsun. İşim tərəqqiyə minmişdi, əlimdə pul görünürdü. Pul da adam azdıran olur, məni də azdırdı. Əvvəl azmağım arvad gəzməyim oldu. Ruqiyyəni bir tövr başımdan rədd etmək xəyalına düşdüm. Bir dəfə ona dedim:
- Gəl səni evinizə göndərim.
Ruqiyyə soruşdu: - Özün getmək istəmirsənmi?
Mən cavab verdim: - Gedərdim, amma burada işimiz-gücümüz var. Bunları kimin üstünə töküm gedim?
Doluxsunmuş dedi: - Mən də sənsiz öldürsən də, getmərəm. Səndən ayrı dözüb dura bilmərəm.
Özünü saxlaya bilməyib yenə ağladı. Mənim lap acığım tutdu: - Sənin ağlamağın məni lap təngə gətirdi. Bu nədir? Səni dindirmək də olmur!
Amma Ruqiyyə darıxırdı, sıxılırdı. Evdə tutulmuş ahu kimi vurnuxurdu. Divarlar onu basıb əzirdi. Gahdan qıraq bağlara gedirdi, bunda gül kimi açılırdı. Rəngi-rəmzi düzəlirdi. Amma qeyri zaman solurdu. Ceyran kimi çölləri, maral kimi kolları, keçi kimi qayaları, quş kimi ağacları, yağış və yağmur altında gəzən Ruqiyyəni dörd divarın arasına salmışdım...
Şəhərdən qıraq böyük bir ağaclıq meşə var idi. Bu da bizim evin pəncərəsindən görünürdü. Evimiz ucda idi. Bura Ruqiyyənin tamaşa yeri idi...
Əlimdə qaçaq mal tutulmuşdum. Qurtarsam, Ruqiyyə ilə yaxşı rəftar etməyi özümə əhd etdim. Cərimə cəhətdən xilas oldum. Lap kefi kök evə gəldim. Ruqiyyə də açıldı. Meşəyə aparmağımı söz verdim. Ruqiyyə uşaq kimi danışıb-gülməyə və gülüb-danışmağa başladı. Bir az qaldı ki, sevindiyindən durub oynasın.
Bir necə gün böylə Ruqiyyə üçün xoş keçdi. Sınan şey bitməz, nə idisə mənim qəlbim Ruqiyyədən sınmışdı. Gör bu Ruqiyyəyə nə zülm etdim?
Yoldaşım ilə pozulmuşduq. Kefı xarab, qaşqabaqlı evə gəldim. Ruqiyyə xəbərsiz idi. Qabağıma çıxıb, qollarını boynuma salıb məni sevmək istədi. Amma mən... nə etdim? Ruqiyyənin yarasını təzələdim, sinəsinə çal-çarpaz dağlar çəkdim... Nə etdim? Məhəbbət şüşəsini vurub sındırdım, qəlb evini yıxdım. Ruqiyyəni güc ilə itələyib bir şillə üzünə vurdum. Nə tövr şillə? Qapının ağzında yıxıldı.
Dərviş ara verib kəsdi. Ürək coşmuşdu, danışmağa onda ixtiyar qalmamışdı.
Mənim nəzərimi qurutu gözləyən uşaq cəlb etdi. Bu balaca qurut qoruqçusu oturub, əlindəki uzun çubuq ilə yerə vura-vura ağlına gələni mahnı qaydasında düzüb oxuyurdu.
Şikəstə havasını bayatı havasına, bayatı sözlərini segah havasına, segah sözlərini şikəstə havasına qoşub, halyanı çalyana, çalyanı halyana qatıb hərc-mərc bir şey edərək özünün gününü keçirirdi. Bu vaxt qoruqçunun dal tərəfində eşşək saymazyana otlayaraq başını eşidilər-eşidilməz qırpıda-qırpıda, addım-addım sevdiyi qurutlara yaxınlaşırdı.
Qabaqdakı dəyədən bir səs uşağı xəbər etdisə, uşaq öz küy-kələyindən bir şey eşitmədi. Eşşək öz qoduğu ilə yaxınlaşdı, tələsik ağzını uzadıb bir necə qurut götürdü. Bunları ağzının dal tərəfinə itələyən kimi bir dəxi ağzını uzatdı. Bu halda haman qabaqdakı dəyədən qızın səsi arvadın səsinə, arvadın səsi qızın səsinə qarışaraq bir hay qopdu: "Ay gədə... ay gədə, qoyma! Toş-toş! Qoyma qurutu eşşək yedi..." Bu səslərə qonşu arvadların səsləri qarışdı: "Qoyma eşşək, ay gədə, toş-toş" sözləri və itlərə "qıs, qıs" səsi və itlərin səsi bir-birinə qarışdı, bir hay oldu.
Sayıq qoruqçu dönüb geri baxdı, oğrunu görcək başdan-ayağa qeyz ilə doldu. - Ay sənə çər dəysin, - deyib qoyununa canavar düşmüş çoban kimi yerindən sıçrayıb durdu. Eşşək düşmənin ayıq olduğunu bilib, qulaqlarını qırpıdıb başı aşağı dala qınc ata-ata dərə aşağı qopdu. Uşaq bunun dalınca düşdü. Harada var, harada yox, qurut sərgisinin yanında iki başqa uzunqulaq hazır oldu. Bunu görcək arvad-uşaq, it bağıra-bağıra quruta tərəf qaçışdılar. Yenə "toş-toş", "qıs-qıs" səsi biri-birinə qarışdı. Əvvəl itlər çatıb eşşəklərin dalından dəydilər. Uşağın anası bağırdı: "Bıy səni Allah öldürsün, Qasım... Bıy!.. Bıy!.. Görürsənmi, qurutun bir tərəfini çər dəymişlər köçürüblər... Allah sizin yiyənizin evini yıxsın. Mazarat oğlunun eşşəkləri kimin imiş? Gördünmü başımıza gətirdiklərini, ay camaat!.. Ah, Qasım da... bir var ki, yaxan əlimə keçməyə..."
Qasım yaxınlaşdı. Arvad başını qaldırıb bunu gördü, durdu. Qasım səfeh deyildi. Eşşəklər qaçıb canını qurtaran dərə ilə bu da bayaq qaçdı. Arvadın əlindən yamanca çıxdı. Dərə başı aşağı yel və quş kimi getdi.
Bu törəyən əhvalatdan dərvişin xəbəri olmadı. Özünün ürəyindəki qalmaqal həddən ziyadə idi. O qalmaqalın hay-huyundan ətrafda olan qalmaqalı dərviş eşidə bilmədi.
XIV
Sondan-sona başladı:
- Ruqiyyə daha da soldu, yandı, qaraldı. Gül kimi solan Ruqiyyə qara kömürə döndü, gah xəstə, gah canı zarı yıxıla-yıxıla evdə sayə kimi dolanırdı, yeməkdən-içməkdən kəsilmişdi. Hərdənbir öskürürdü, mən də... mən biinsaf bundan qulluq tələb edirdim. Qulluq etməyə taqəti yox idi, amma nə durmağa və nə oturmağa qoymurdum. Özündən gedirdi. Gözləyirdim özünə gələndə daha artıq, ağır qulluğa buyururdum. Bihuş olurdu, gözləyirdim huşu gəlirdi, bir ayrı iş buyururdum. Axırda durmağa taqəti kəsildi, yerindən dura bilmədi. Bir qız bələdləmişdim, elçi göndərdim, aldım. Üç gün toy edib evimə gətirdim. Ruqiyyənin yerini aldı. Ruqiyyə bir söz demədi, öz canının hayında idi, gecə sabaha qədər zar-zar ağlayırdı. Can ağrısından, can yanğısından dəxi betər yata bilmirdi. Ah çəkirdi, qan, yəqin... lap gerçəkli qan tüpürürdü.
Bu, təzə arvadımın xoşuna gəlmirdi, yenə nə qədər olsa arvad idi, zarıltı onu pərişan edirdi. O ki qaldı mənə, deyəsən, bu zarıldayan sevdiyim, can verib can aldığım və yaxud can verib can alan, uğrumda bu tövr zəhmətlərə düşən Ruqiyyə deyildi. Ruqiyyədən gələn ah-zar, ufultu bir çibin qədər də qulağımda vızıldamayırdı.
Bir də gələndə gördüm ki, təzə arvadım atamdan qalan köhnə toyuq damını təmizləyir. Mən sordum: - Nə qayırırsan?
- Buranı təmizləyirəm ki, Ruqiyyəni buraya qoyaq, yoxsa orada lap zənn ilə zəhləmi apardı.
Bu mənə əsla əsər etmədi, dedim: - Yaxşı sözdür, qoy burada yatsın, heç atası-babası da belə təmiz yerdə yatmayıbdır. Keçə altında yatan bir köçəri qızıdır, bu ona lap padşah evi kimi olacaqdır.
Arvadımın xoşuna gəldi, güldü.
Ruqiyyə bir köhnə keçə üstündə, bir köhnə cırıq kilimdə yatırdı.
Mən baş tərəfdən, təzə arvadım ayaq tərəfdən götürüb Ruqiyyəni toyuq damına gəldik. Bizim qəsdimizdən xəbərdar olan Ruqiyyə başını döndərib bir müddət mənim üzümə baxdı, gözləri yaş ilə doldu, dodaqlarını tərpətdi. Nə demək istəyirdisə də, deyə bilmədi, dodaqlarını yenə acmaq istədi. Nə idisə də deyəcəkdi, yaxud ahmı çəkəcəkdi, bilmirəm... ah da çəkə bilmədi. Ruqiyyənin nə baxışına, nə də löbüddi hərəkətlərinə tab edəmmədim. Harada isə də, nədən isə də könlümə... qara küfr ilə dolu könlümə bir az mürüvvət şöləsi düşüb, məni canı yanan, mürüvvətli etmək qəsdinə düşdü, haradan isə rəhmdən bir qığılcım qəlbimə düşmüşdü...
Ruqiyyənin başı üstə doğru durdum. Ruqiyyə o yana, bu yana susuz ilan kimi taqətsiz yalmandı. Axır öz-özünə güc verib başını yenə mənə sarı döndərib gözlərini gözümə dikdi...
Bu baxışda, həm məzəmmət, həm məhəbbət və həm də rişxənd var idi. Bundan böyük nə qədər zəhmətlər mənə versəydi, haqqı var idi. Amma belə haqqı bilən kimdir, bildirən kimdir? Güc ilə zor haqqı məqamındadır. "Haqqın var" desən, zor azar, "zorun var" desən, haqq batar. Zor ilə haqqı bir yerdə görmək çətin bir işdir. Zorum var idi, haqqı, gün kimi parlaq haqqı zorun qara çirməsində gizlətdim. Bunu bulmağa Ruqiyyədə nə taqət və nə qüvvət var idi.
Binəvanı zor əzdi, dünyadan rədd etdi... qabaq-qabağa Ruqiyyə ilə durmağa işarə elədi. Amma gözünün evində gizləndim. Ruqiyyə əlini yuxan qaldırıb şarpadan yanına saldı, dizinə vuracaqdı, bacarmadı. Əli qalxdığı kimi yanına düşdü. Biçarə başını yastıqda o yana, bu yana buladı, gözlərini yumdu. Mən elə bildim ki, canını tapşırdı, amma döşü zəif-zəif qalxıb düşürdü. Arvadım toyuq damında nə lazım isə düzəldib dışarı çıxıb dedi: - Az qalmışdı ki, iydən boğulam.
Ruqiyyə gözlərini açdı, günüsünün üzünə dirənmiş baxdı, gözlərini dolandırdı mənə baxsın amma mən daldalandım. Ruqiyyə gözlərini yenə yumdu. Mən baş tərəfdən, təzə arvadım ayaq tərəfdən yapışdıq ki, Ruqiyyəni toyuq damına qoyaq. Bu halda cansız-cəsədsiz Ruqiyyədən dəhşətli bir səs çıxdı ki, mənim qollarım boşaldı, Ruqiyyəni götürməyə taqət qalmadı. Arvadım üzümə pis-pis baxdı, dodaqaltı söyləndi, mən cavab vermədim.
Ruqiyyə iki dəfə o yana, bu yana çapaladı, bir dəfə xırıldadı, süst düşdü. Döşünün qalxması artdı, can boğaza toplanırdı. - Molla, molla!
Birdən-birə yuxudan sərsəm oyanmış kimi bərk-bərk bağırdım, arvadım səksəndi. - Tez molla! Mollasız tamam olur...
Bunun cavabında arvadım "Yasini-şərif”i başladı. Hələ başdakı "türcəun"a gəlmişdi, Ruqiyyə ruhunu tapşırdı. Quru bədən od kimi yanıb, qığılcımı ilə xalqı yandıran bədən, indi buzlar kimi qabağımda uzanmışdı.
Gül kimi rəng verib, rəng alan sifət saralıb-solmuşdu.
Məhəbbət bağçasında bülbüllər kimi cəh-cəh edən dil lal oldu...
Ruqiyyədən nə qaldı? Heç zad!
Gözlərimə qaranlıq endi, başım hərləndi, az qaldı yıxılım, əyləşdim, durdum, yenə başım hərləndi, yenə əyləşdim, başım döşümə düşdü... Keçmişlər Ruqiyyə ilə bərabər gözümün qabağında dolandı...
Bəli!.. Ruqiyyə yenə yadıma düşdü.
Kitabxana.az · https://kitabxana.az/en/works/abdulla-bey-divanbeyoglu-can-yangisi
Poems by other poets
Ey ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,