Birinci fəsil
Page 1 of 2
Bu vüsala yuxu əhvali demək mümkün idi,
Əgər olsaydı yuxu dideyi-giryanimizə¹.
...amma qəfilcən sükut çökdü. Yuxunun seyrək toranlığı içində Zaur, hətta bir qədər təəccübləndi də. Axı necə oldu ki, böyük otelin bütün hay-küyü, yad, özgədilli danışıqların hənirtisi, haradansa, çox uzaqlardan eşidilən musiqi sədaları (saksafon, royal, zərb alətləri çalırdılar), liftin hərəkəti-bütün başqa səslər – qəfilcən qeyb oldu və bütün bu tanış səslərlə birlikdə okeanın da uğultusu kəsildi...
Gecəyarıdan keçmişdi. Vaxt cədvəli, adamların yatıb-durma məqamları bütün dünyada təqribən eyni cürdür və bu cədvəlin hökmü insanların icad etdikləri maşınların, mexanizmlərin, alətlərin səsləriylə bərabər təbiətin möhtəşəm xilqəti – okeanın da səsini qısmışdı elə bil.
Yuxunun yapışqantək çiriş horrasında (buraların havası kimiydi bu horra) çapalayıb ayıqlığa çıxmağa cəhd edərkən Zaur düşünürdü: yəqin, Firəngiz otağın pəncərəsini örtüb, vəssalam: səskeçirməz pəncərələr dişarıdakı bütün səsləri, küyləri, danışıq-hənirtiləri eşidilməzləşdirib, Zaurun yarıyuxulu-yarıoyaq şüurundan kənar edib.
Elədir ki, var, qu desən qulaq tutulan cingiltili sükutdan sonra otaq həm də qaranlığa qərq oldu: Firəngiz pəncərəni bağlayıb işığı da keçirtdi. Zaur örtülü göz qapaqları arasından qaranlığın müxtəlif mərhələlərini duyurdu – əvvəlcə otaq alaqaranlıq oldu – vannanın açıq qapısından kvadrat şəklində işıq şüləyi düşürdü döşəməyə. Qapı bağlanandan sonra otağa güclə sezilən ətir kimi – gecə çırağının zəif şöləsi yayıldı. Firəngiz bu çırağı da söndürdü və o zaman ətraf qaranlıq içində həll oldu.
Zaur ağır-ağır göz qapaqlarını qaldırdı, otağın qatran kimi qatı qaranlığında bir an gerçəklik hissini itirdi – bilmədi haradır bura, hardadır özü? Ancaq bir an. Bir an sonra gözləri zil qaranlıqda heç nəyi seçib ayırmasa da artıq harda olduğunu dəqiq dərk edirdi – bilirdi ki, bu otaq otelin nömrəsidir, indi gecədir və uzun məsafələrdən, uçuşdan, hərəkətdən, müxtəlif yad lövhələrdən calaq olunmuş gecə-gündüz bitib, ömrünü yeni bir gecə-gündüzə təhvil verib. Bu təhvil-təslim də-
¹ Epiqraflar Füzulinin “Leyli və Məcnun”undan və “Divan”ından alınmışdır. qiqələri Zaurun gözünün çimirini almaq üçün qısaca mürgü döydüyü anlara düşüb. İndi isə gecəyarını ötüb – təqvimin başqa tarixidir. Amma nə tarix, nə təqvim? Moskvadan Afrikaya on bir saatlıq uçuş ərzində-onlar Avropanın, Aralıq dənizinin, Saxaranın üstündən keçmişdilər – bütün vaxt-zaman anlayışları qarışıq düşmüş və Zaurgilin ömrünə üç saat əlavə olunmuşdu. Bakıyla Moskva arasındakı bir saatlıq fərqi də bunun üstünə gəlsən – ömürlərindən dörd saatlıq hədiyyə almışdılar. Doğrudur, bu hədiyyəni qaytarmaq lazım gələcəkdi – üç saatını buradan Moskvaya uçanda, bir saatını da Moskvadan Bakıya qayıdanda...
Yer kürəmiz zaman zolaqlarına bölünüb, Qərbdən Şərqə getdikcə hər zolaqda bir saat irəli düşürsən. Moskvada saat on bir olanda. Bakıda on ikidir... Daima üzü Qərbə doğru gedəsən, elə bir sürətlə ki, bir saat içində bir vaxt zolağından o birinə keçəsən – hamısında da, məsələn, saat on bir olsun? Vaxtı bu sayaq aldatmaq mümkündürmü?
Adamın ağlına nə qəribə fikirlər gəlir. Fantastika! Halbuki ən böyük fantastika elə real gerçəklikdir, bax, elə məsələn, onların bugünkü günü: zarafat gəlməsin sənə, dünyanın o biri başına gəlib çıxıblar. Afrikada, Dakar şəhərindədirlər. 17 mərtəbəli “Enqor” otelindədirlər və bu otel Atlantik okeanının əlli metrliyindədir...
Bu son üç günün təəssüratı, məsafə ölçüləri, məkan dəyişkənliyi də ağlasığmaz bir gerçəklik idi... Əlbəttə, hər bir şey şüurla dəqiq izah olunurdu, amma, hər halda beyinə sığışdırmaq zor idi ki, cəmisi on beş saat bundan qabaq Moskvadaydılar. Moskvada qar yağırdı, onları Sverdlov meydanından Şeremetyevo aeroportuna aparan avtobusun pəncərələri buz bağlamışdı. On bir saatlıq uçuşdan sonra isə təyyarə Dakarda yerə endi və onlar trapa çıxanda sifətlərini sanki odlu bir nəfəs qarsıdı – Afrikanın nəfəsi. Bu qəribə bir nəfəs idi, Afrika torpağında hər şeyə çökmüşdü; elə bil, havada da, yemək-içməkdə də duyulurdu... Bu həm ətir, qoxu, iy idi, həm dad-tam... Müəyyən bitkilərlə-manioka, araxis – onlardan alınan yağlarlamı bağlıydı – bu qoxu, tam, ya okeanın törəmələrinə – balıqlarla, yosunlarlamı? Kim bilir... Amma bu ağlasığmaz dəhşətli isti – adamın sanki bədənini əridib paltarına yapışdıran bu isti də Afrika idi, şirintəhər iy-dad da Afrika idi, aeroportda ilkin gördükləri adamlar da – göyümtülə çalan zil qara bənizli zəncilər də...
Adamı çaşdıran təbiət mənzərələriydi. Bəzən, illah da axşamçağı, ala-toranlıqda adamsız sahələr – ağaclar, otlar, yol Abşeron peyzaclarını andırırdı. Uzaqdan ləpələrin uğultusu və cırcıramaların səsi gəlirdi, fikirlərə dalıb yolla gedirdin və birdən diksinirdin: belə tanış “Abşeron yoluyla” uzun Afrika paltarı geymiş qıvrımsaç zənci qadınları addımlayırdılar. Qıvırcıq saçları qısa-qısa hörüklərə hörülüb, başlarında iri əmmaməyə bənzər bir sarıq. Bu qədər tanış mənzərənin, belə tanış səslərin fonunda tamam başqa bir xalqın, başqa irqin, başqa dünyanın adamlarını görmək zehni sarsıdırdı...
Otelin qabağında okean sahili də qəribə təsir bağışlayırdı: bütün çimərlik boyu bir-birindən müəyyən məsafələrdə dirəklər basdırılmışdı. Uzaqdan qəbiristanlığa oxşayırdı bura. Eyni boylu-biçimli əsgər məzarlarına... Kimləri basdırıblar bu çimərlikdə – dənizdə batanlarımı? Yox, bu dirəklər sərhəd dirəkləriydi – çimərliyin ayrı-ayrı sahələri “Enqor” otelinin ayrı-ayrı nömrələrinə mənsub idi: bu nömrələrin sakinlərinə... Sahil qarış-qarış parçalanmış, bölünmüş, paylanmışdı, okean isə sərhədsiz, azad idi...
Üç gün qaldılar Dakarda, Atlantik okeanında çimdilər, şəhəri dolaşdılar, – uca, ağappaq binaları, qamışla samandan quraşdırılmış komaları gördülər, Kermel bazarını və əsrlərdən bəri qolu bağlı qulların zindanı olan Qore adasını gəzdilər...
Sabah isə geri, vətənə qayıtmalıydılar.
Zaur: “Vallah, sağ olsun anam, – deyə düşünürdü, – axı, bu səyahətə çıxmağımızı o təkid elədi. “Sonra oğul-uşaq basacaq sizi, macalınız olmayacaq belə-belə səyahətlərə, nə qədər cavansız, əliz-qoluz bağlı deyil, gedin gəzin də”... Anası düz deyirdi, – belə səyahət insana ömründə olsa-olsa bircə kərəm düşür... Anası onu çox dilə tutdu.
Zaur etiraz eləmirdi, amma doğrusu, çox elə meyili də yox idi. Axır vaxtlar hər şeyə necə yanaşırdısa, bu səyahətə də eyni cür münasibət bəsləyirdi – tam bir biganəlik, laqeydlik... “Nə olar, gedərik-gedərik, getmərik-getmərik”... Bir yana baxanda, səyahətlər, xoş günlər, həyatın bütün başqa naz-nemətləri – məgər Zaur bütün bunların xətrinə dəyişməmişdimi ömrünü? Amma indi bu barədə düşünmək istəmirdi, ümumən heç bir şey düşünmək istəmirdi.
Qaranlıqda pıçıltıyla arvadını çağırdı:
– Yatmısan? – Cavab çıxmadı. Bilirdi ki, cavab çıxmayacaq. Firəngizin nə zaman yatdığını sakit, dinc nəfəs almasından bilirdi. “Firəngiz heç zaman xoruldamır”. Bu, nikahlarının ilk ayında Zaurun elədiyi ən böyük və xoş kəşflərdən idi. Doğrudan da, Firəngizin xoruldaya biləcəyini təsəvvür eləmək də mümkün deyildi. Zaur fikrində həmişə Firəngizi çox bahalı şüşədən cilalanmış şəffaf güldana bənzədirdi. Ağla sığışdırmaq olmurdu ki, belə bir güldan xoruldaya bilər, qışqıra bilər və bir də Zaurda belə bir təsəvvür vardı ki, qəfilcən bu güldana naqolay toxunmaq, onu salıb sındırmaq olar... Özündən altı yaş kiçik olan bu qıza, onun arvadı olmuş Firəngizə münasibətində dolaşıq bir duyğu kələfi vardı – həm nəvaziş, həm qayğı, həm də qalın bir pərdə... Firəngiz çox utancaq idi, kimsə onun haqqında danışanda qıpqırmızı qızarar, yanaqlarını puçur-puçur həya təri basardı. Bu, bəzən Zauru əsəbiləşdirərdi, nədənsə dərhal Firəngizin ailəsi – atası Murtuz, anası Alya, qardaşı Spartak gəlib dururdu gözlərinin qarşısında: o zaman Zaura elə gəlirdi ki, Murtuzun kobudluğu, “mənəm-mənəmliyi”, Alyanın özündən müştəbehliyi, Spartakın cüvəllağılığı kimi Firəngizin isməti, məsumluğu da yapma bir naxışdır, aləmə nümayiş etdiriləsi zahiri bir dəyərdir. Amma Firəngizi təklikdə, ailəsindən ayrı-ayrılıqda qavrayanda, Zaur qıza daha mehriban münasibət bəsləyirdi, onun, doğrudan da, çox təvazökar, utancaq olduğuna inanırdı, saflığına və uşaq təmizliyinə, sadəliyinə həsəd aparırdı: düşünürdü, nə yazıq ki, mən özüm daha heç bir vaxt belə saf və sadədil, dinc və arxayın ola bilməyəcəyəm...
Bəlkə də Zaurun nicatı məhz bundaydı – özüyçün deyil, başqalarıyçün, Firəngiz üçün, gələcək övladları üçün yaşamaqda... Və elə bir həyat qurmaqda ki, zahirən belə həyat hamıya – o cümlədən Firəngizə və gələcək övladlarına bəxtiyar bir yaşayış kimi görünsün... Və bəlkə o zaman – Firəngizin, gələcək övladlarının gözlərində bu xoşbəxtliyi, arxayınlığı, qayğısızlığı görərkən Zaur özü də səadətin yoluxucu təsirini duyacaq, öz içində ailə sevincinin əks-sədasını eşidəcəkdi.
Zaur gələcək güzəranlarını, mənzillərinin quruluşunu, avadanlığını xəyalında canlandırmağa çalışdı, amma hiss elədi ki darıxır, ürəyi qısılır. Ayrı bir şey haqqında düşünmək istədi, fikri bir məsələdən başqasına qaçdı, bilmədi nə barədə düşünsün və ümumiyyətlə bir şey haqqında düşünmək vacibdirmi... Bəlkə də yox, amma onda da bilmirdi ki, qəfil ayıldığı bu gecə saatlarını – yata və dura bilmədiyi bu qeyri-müəyyən vaxt boşluğunu nəylə doldursun... Görəsən aşağıda, otelin qarşısındakı eyvanda neçə dənə gün çətiri var? Azı iyirmi – otuz dənə... Nə rəngdədirlər onlar? Qırmızı, sarı, yaşıl, göy, mavi, çəhrayı, sarı... yuxu doğrudan da onu çəkib apardı...
Kitabxana.az · https://kitabxana.az/en/works/anar-besmertebeli-evin-altinci-mertebesi-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Fəthi-meyxanə üçün oxuyalım fatihələr*Ola kim, üzümüzə açıla bir bağlı qapu.*
On üçüncü fəsilAh idi həmnəfəsim ah ki, ol həm axır,*Çıxdı ikrah qılıb gülbeyi-ehzanımdan.*
On dördüncü fəsilMəhrəm qoyub önərmə sinəmdə qanlı dağı,*Söndürmə öz əlinlə yandırdığın çırağı.*
On beşinci fəsilQeyr ilə hər dəm nədir seyri-gülüstan etdiyin?*Bəzm urub, xəlvət qılıb, yüz lütfü ehsan etdiyin?*
Poems by other poets
میخواست زحمت من درویش کم کند
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
YükümEşqidən kamil olan, xeyli iqbaldı yüküm.Dürlü qumaş cəm etmişəm, yaşıldı, aldı yüküm.