Page 1 of 2

Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz.

Bu həm bir qəm ki, el tənindən əfqan eyləmək olmaz.

Nə müşkül dərd olursa, bulunur aləmdə dərmanı.

Nə müşkül dərd imiş eşqin ki, dərman eyləmək olmaz.

– Neçə yaşındasız?

– Bunun nə dəxli var?

– Dəxli çoxdur. Uşaq deyilsiz, öz hərəkətlərinizə nəzarət eləməlisiniz, cəmiyyət qarşısında məsuliyyət duymalısız.

– Cəmiyyətin bura nə dəxli var axı?

– Necə nə dəxli var? Biz cürbəcür siqnallar alırıq. Gərək bu siqnallardan müəyyən nəticələr çıxaraq. Bizim komsomol təşkilatı, hətta, sizin məsələnizi büroya çıxarmaq istəyirdi... Siz özünüz də deyəsən, axı büronun üzvüsünüz?

– Bəli.

– Görürsünüz. Siz komsomol bürosunun üzvüsüz, özgələrə nümunə olmaq yerinə özünüzü bu cür nalayiq aparırsız. Yalnız komsomolçular deyil, idarəmizin başqa mötəbər işçiləri də sizin hərəkətlərinizdən çox narazıdırlar.

Zaur dərhal “Dadaş” deyə düşündü.

– Yoldaşlar belə hesab edir ki, sizin özünüzü belə aparmağınız kollektivimizin üstünə kölgə salır, gənclərin əxlaq tərbiyəsinə mənfi təsir göstərir, ümumən bizim əxlaq kodeksimizə ziddir.

– Mən ərizə verib çıxa bilərəm işdən.

– Yaxşı-yaxşı, özünüzdən çıxmayın. Mən kollektivin fikrinə biganə qala bilmərəm... Siz də hələ cavansınız. Bütün ömrünüz qabaqdadır, parlaq gələcəyiniz ola bilər, əgər indidən ağlınızı başınıza yığsaz, lazımsız hərəkətlərə yol verməsəz, əgər siz...

Zaur onun sözünü ağzında yarımçıq qoyub otaqdan çıxdı.

* * *

Zaur qapını öz açarıyla açıb içəri girdi, indicə yazıb verdiyi ərizənin – işdən çıxmaq haqqında ərizənin – hər sözünü bir də beynində götür-qoy edirdi... Yaxşı, bəs hara işə düzələcək? İşə düzəlmək üçün ona kömək edə biləcək tanış-bilişini yadına salmaq istəyirdi... Geoloji ekspedisiyanın birinə qoşulmaq olardı, bu barədə fikirləşən kimi Azər Mərdanovu xatırladı. Universitetdə bir yerdə oxumuşdular, o vaxtdan bəri dost idilər. Azər indi, deyəsən, haradasa Filizçay tərəfdədir. Əgər bu iş düzəlsə, Zaurun taleyi tamam dəyişə bilər və Təhminəylə münasibətlərində də müəyyən bir dəyişiklik əmələ gələr: axır günlər Təhminənin evində – nə deyirsən de – hər halda bir vaxt Manafın mənzili olan evdə – yaşamaq onunçün ağır idi... Manaf, əlbəttə, Zaurun orada yaşamasından xəbərdar idi, amma bir dəfə də olsun Təhminəni evi dəyişmək haqqında qərarı icra etmək üçün tələsdirməmişdi. Təhminə də bunu qiymətləndirirdi və özü tələsirdi, tezliklə mənzilini iki ayrı-ayrı otağa dəyişmək istəyirdi, amma olunan təkliflərdən heç birini bəyənmirdi. Bu məqsədlə də çox zaman uzun-uzadı telefonla danışar, cürbəcür mənzilləri gəzirdi və hətta, hansı mənziləsə – Zaur bunu biləndə lap dəli olmuşdu – Spartakla birlikdə getmişdi. Özü demişdi bu barədə Zaura...

Zəng oldu, Zaur telefonu götürdü:

– Zaur? Salam, Muxtardır.

Zaur:

– Tanıdım, – dedi, – Təhminə evdə yoxdur.

– Haçan gələcək?

– Bilmirəm.

– Bağışlayın.

Zaur divanın üstündə uzanıb papiros çəkirdi, tavana baxırdı. Harda ola bilər Təhminə? Hər halda işdə deyil, yoxsa Muxtar evə zəng eləməzdi. Bəs hardadır? Bu barədə fikirləşmək mənasızdır. Soruşsan deyəcək ki, dərzidəydim, ya çəkməçidə, ya diş həkiminin yanında, ya rəfiqəmgildə, ya mənzilə baxmağa getmişdim – yüz cür variantı vardı və bu variantların heç birinin düz olub-olmamasını yoxlaya bilməzdi, yoxlamaq istəməzdi Zaur, amma heç birinin yüz faiz doğru olduğuna inana da bilmirdi.

Telefon zəng çaldı. Zaur dəstəyi qaldırdı:

– Bəli:

Dəstəyi dərhal asdılar: du, du, du...

Zaur fikirləşdi ki, yəqin yenə zəng vuracaqlar, hər dəfə divandan qalxıb telefona yanaşmağa ərinirdi, odur ki, dolabçanı divana tərəf çəkdi, indi uzandığı yerdən əlini uzadıb dəstəyi qaldıra bilərdi...

Yarım saat də keçdi və yenə telefon səsləndi. Zaur dəstəyi qaldırdı, elə bildi yenə asacaqlar, amma Muxtarın səsini eşitdi:

– Siz allah bağışlayın, Zaur, Təhminə hələ gəlməyib?

– Yox

– Bəs hardadır görəsən?

– Bilmirəm.

– Xahiş edirəm gələn kimi mənə zəng vursun. Vacib işim var. Özüm də arabir zəng vuracam.

Zaur heç nə demədi...

Balaca əncir ağacına baxırdı. Təhminə hey bu ağacdan danışardı, daha doğrusu, bu ağacı onlara hədiyyə gətirmiş alpinist dostlarının söhbətlərini təkrar edərdi, haradasa Naxçıvanda, dağlarda tapmışdılar bu ağacı, Gəmiqayanın yanında. Gəmiqaya adlı yerdə, rəvayətə görə, Nuhun gəmisi lövbər salıbmış və oralarda alpinistlərin dediklərinə görə qayaların üzərində maraqlı şəkillər var. Qobustan qaya rəsmləri kimi...

Telefon zəng vurdu:

– Bəli.

Yenə asdılar: du, du, du...

Zaur səhərdən dilinə bir şey vurmamışdı, amma yerindən durub mətbəxə keçmək, naharı qızdırmaq istəmirdi. Heç bir şey istəmirdi. Ümumiyyətlə, yalnız bax beləcə uzanmaq, papiros çəkmək və heç bir şey haqqında düşünməmək istəyirdi. Hətta, geoloji ekspedisiya barəsində, Filizçay partiyası, Mərdanov Azər barədə belə düşünmək istəmirdi. Ona elə gəlirdi ki, əslində heç yoxdur da belə geoloji partiya və varsa da, hər halda, Zaurun ora düşməsi qeyri-mümkün bir xülyadır... Ümumiyyətlə, ona elə gəlirdi ki, həyatında heç bir çıxış yolu yoxdur, indiki həyatını dəyişə biləcək və eyni zamanda onu keçmiş həyatına qaytarmayacaq üçüncü bir yol, üçüncü bir variant yoxdur və hər şey bitib-tükənib onunçün, bütün yollar bağlanıb, bütün qapılar örtülüb, bütün pəncərələr qapanıb...

Yenə də zəng oldu, Zaur gülümsündü ki, bu cavabsız zənglər dəqiq və müəyyən bir ardıcıllıqla səslənir, düz yarım saatdan bir...

– Allo.

Asdılar.

Saat doqquzdan sonra Zaur nigaran olmağa başladı. Axı bilirdi: Təhminə bu gün işləmir və işləməyən günlərdə heç vaxt belə gec gəlmir evə. Bəlkə cədvəli dəyişiblər. Təhminə kimisə əvəz eləyib. Bunu öyrənmək çox asan idi, durub televizoru qura bilərdi, amma ayağa qalxıb otağın o biri küncünə keçməyə, televizoru yandırmağa həvəsi yox idi. Həm də ki, işdə olsaydı, Muxtar onu evdə axtarmazdı... Pəncərədən Mədinəgilə tərəf boylandı, onun da işıqları yanmırdı...

Saat onu keçəndə ciddi nigaran oldu, qorxurdu ki, birdən Təhminənin başında bir qəza olar. Düz saat 11-də bir də zəng elədilər, asdılar. Muxtar daha zəng eləmirdi. Əlbəttə, dəstəyi asan Muxtar deyildisə... Yəqin ki, o deyildi, belə xasiyyətli adam deyildi Muxtar. Əgər o deyildisə, “vacib bir iş üçün” daha zəng vurmurdusa Muxtar, deməli, Təhminəni tapmışdı və Zaur da daha nigaran olmamalıydı. Təhminənin başında qəza-filan yox idi.

On ikinin yarısında gəlib çıxdı Təhminə və dəhlizdə paltosunu çıxaran vaxt yenə telefon səsləndi.

Zaur:

– Telefonu götür, – dedi.

Təhminə:

– Sən götür, – dedi.

– Mən götürəndə asırlar, – dedi.

Təhminə yorğun-yorğun:

– Bilirəm. – dedi. Çox əzgin görünürdü Təhminə.

Telefon isə hey səslənirdi.

Zaur:

– Muxtar zəng eləmişdi, – dedi, – dedi ki, vacib işi var.

Bu sözlərdən sonra Təhminə aramla telefona yanaşdı, dəstəyi qaldırdı, nə isə eşidib dərhal asdı və ağır-ağır kürsüyə çökdü.

Zaur diqqətlə ona baxırdı.

– Hardaydın? – dedi.

Təhminə:

– Canımı götürüb sənin ananın əlindən qaçmışdım, – dedi və birdən hönkürüb ağladı.

Zaur yerindən durdu, Təhminəyə yanaşdı, əllərini onun çiyinlərinə qoydu:

– Nə olub sənə? – dedi.

– Bacarmıram day, Zaur, bacarmıram... Təngə gəlmişəm. Hər gün mənə zəng vurub küçə söyüşləriylə söyür, çirkab qalmayıb başıma tökməsin... Mənim nə günahım var ki, sən işdən çıxmaq barəsində ərizə yazmısan, hə? Mənim heç xəbərim də yox idi bundan. Amma anan məni hədələyirdi ki, məhkəməyə verəcək, milisə xəbər eləyəcək, daha nə bilim nə... Mənim nə təqsirim var, ilahi? Sən allah, sən ölülərinin, dirilərinin canı, qayıt evinizə, Zaur, mənim də canım qurtarsın. Rahat buraxın məni, sən allah, sən də, sənin anan da. Daha səbrim çatmır, çatmır səbrim, vallah...

Qaçıb vannaya girdi...

Zaur divarın oboylarına baxırdı... Həmin oboylara ki, Təhminənin dediyinə görə, Zaur gələn gün çiçək açmışdılar, indi torşerin alaqaranlıq işığında bu oboylar tamam başqa cür görünürdü... Zaur siqaret çəkirdi, cürbəcür fikirlər gəlirdi başına – özü barədə, Təhminə barədə, anası barədə düşünürdü.

Təhminə vannadan çıxdı, əynində mavi xalat vardı və həmişəki kimi hamamdan sonra sifəti sakit, arxayın, tərtəmiz idi; elə bil bütün qayğılarını, dərd-qəmini, əzab-iztirablarını yuyub atmışdı.

Telefon səsləndi, Zaur telefona tərəf atıldı, dəstəyi qaldırdı və indi asılacağını bildiyi üçün tələsik özü:

– Ay ana, axı sən niyə belə edirsən? – deyə bircə cümlə dedi. Xəttin o biri başında susmuşdular, bir müddət bu sükut davam etdi. Zaur yenidən sözə başlamaq istəyirdi ki, qəflətən dəstəkdə bərkdən güldülər kişi səsiylə bərkdən qəhqəhə çəkdilər...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets