Page 1 of 4

Ey, məh, mənimlə dustlarım düşmən eylədin,
Düşmən həm eyləməz bu işi kim, sən eylədin.

Torpağın altından, yerin dərinliyindən işığa can atan ot kimi, bitki kimi Zaur da yuxunun qaranlıq və qatı zəminindən səhərə doğru boylanırdı... Tül pərdəli pəncərələrdən çəpəki günəş şüası dolub otağın döşəməsinə düşmüşdü səhər... Mətbəxdən ləzzətli iylər dolub otağa süzülürdü səhər... Haradasa yarıpıçıltılı, gülüşlü, sevincli səslər qatmaqarışığıyla radionun ertə konsertiylə mənzilə dolurdu səhər. Təhminə idi yarıpıçıltıyla danışan, gülən... Qonşu Mədinəydi yarımpıçıltıyla danışan, gülən. Səhər açılmışdı, Təhminə mətbəxdə qayğanaq bişirir, çay dəmləyir, Mədinəylə laqqırtı vururdu və Zaurdan danışırdılar. Səsinin hər xalında sevinc vardı Təhminənin, gülüşünün hər çalarına bəxtiyarlıq hopmuşdu Təhminənin və bütün bu səhər sevincləri Zaurla bağlıydı...

– Tənbəlin böyüyüymüş Zaur, – deyirdi, – heç cür oyanmaq istəmir, – otağa gəldi. – Tənbəl, tənbəl, a tənbəl, yatsan olar iş əngəl, dur Zaurik, gün çıxıbdı günortanın yerinə.

Hələ də gözləri qapalıydı Zaurun, tamam ayılmamışdı, amma yuxulu da deyildi, qəribə bir orta vəziyyətdə idi – məkanı, harda olduğunu, ayın tarixini, öz vəziyyətini dəqiq təyin edə bilməzdi indi, amma eyni zamanda, xoş bir səhər hissi, qayğısız bir erkənlik, təzəlik, saflıq ovqatı duyurdu, bir yüngüllük, işıq vardı içində, elə bil içində xoş bir mahnı oxunurdu. Təhminənin səsi yenə uzaqlaşdı, yenə mətbəxdən gəldi:

– Müsibətlə durur yuxudan, elə birtəhər əl-üzünü yuyub küçəyə cumur ki, işə gecikməsin. Uşaq kimidir lap. Gərək uşaq kimi qaydına qalasan, özbaşına qoysan, səhər heç çay-çörək də yeməz... – səsi yenə yaxınlaşdı və otaqdan gəldi. – Xan həzrətləri buyurub dursunlar, yemək-içmək hazırdır.

Zaur gözlərini açdı, gülümsündü, gərnəşdi.

– Yox, çox pis öyrədiblər, ərköyün böyüdüblər, – yenə də mətbəxdə Zaurdan Mədinəyə şikayət edirdi.

Məhəbbətlərinin ilk çağlarında – adamın bütün içini çapıb-talayan görüşlərin xoş qarətindən sonra Zaurda qəribə bir istək oyanırdı – Təhminədən ayrılandan sonra dostlarıyla, sırf kişi məclisində oturmaq, yeyib-içmək, deyib-gülmək istəyi. Bəzi kişilərin öz eşq macəralarından açıq-saçıq söhbət eləmələrindən zəhləsi gedirdi Zaurun. Heç bir vaxt özü belə söhbətlər eləməzdi, illah da ki, Təhminəyə aid heç bir şeyi heç kəslə bölüşməz, qürrələnməzdi. Amma məhəbbət görüşlərindən sonra sırf kişi məclislərinin asudəliyi Zauru cəlb edirdi, çünki bura – öz zarafatları, ümumi məzəli söhbətləri, müştərək xatirələri olan dostların məclisinə – Zaur içini limhəlim dolduran bir sirlə, sehirlə, heç kəslə bölüşülməyəcək duyğularla gəlirdi. O da söhbətlərdə, mübahisələrdə, zarafatlarda iştirak edirdi, amma fikri-xəyalı buralardan uzaqlarda – Təhminənin yanındaydı və fərəhlə düşünürdü ki, yəqin Təhminə də, harada olursa-olsun, Zauru yada salır, keçmiş görüşlərinin xoş anlarını bir də fikrində canlandırır, yaşadır. İndi Zaur başa düşmüşdü ki, Təhminə də təqribən belə bir hiss keçirirmiş və Zaurla görüşlərindən sonra mütləq Mədinəylə ünsiyyət, təmas ehtiyacı duyurmuş. Aşiq olan insan eqoistləşir, ona elə gəlir ki, keçirdiyi xoşbəxtlik, səadət dəmləri başqalarına da yoluxa bilər. Halbuki başqasının sevinci insanı çox nadir hallarda eyni dərəcədə sevindirə bilər, əksərən, hər bir insan başqasının sevincinə biganə qalır, bəzən hətta, qısqanır, ya həsəd çəkir bu özgə sevincinə. Məhəbbət – iki nəfərin şəxsi işidir, deyirlər ki, üçüncü artıqdır, amma bəzən məhz bu üçüncü gərək olur iki sevişənə – səadətlərinin şahidi kimi. Bu şahid güzgü kimi lazımdır onlara – güzgüyə baxıb öz xoşbəxtliklərini görmək üçün. İndi Zaurla Təhminənin xoşbəxt günlərinin belə bir güzgüsü, belə bir şahidi peyda olmuşdu və adı Mədinə idi... Mədinə gündə neçə dəfə keçirdi Təhminəgilə – lap səhər erkən də, gecənin bir yarısında da. Çox vaxt gəzməyə də bir yerdə çıxırdılar – Təhminə, Zaur, Mədinə...

Küçədə təsadüfən rastlarına çıxan bir adam – ümumi xatirələrin qəhrəmanı olurdu: “Yadında, “Azərbaycan” kinosunun yanında o axsaq vəkilə rast gəldik: öz-özüylə danışırdı, yəqin məhkəmədəki nitqini məşq edirdi...”. “O qoca arvad yadında, Parapetin yanında itlə gəzməyə çıxmışdı, iti nə yaman özünə oxşayırdı, ay Allah?”

Bir dəfə gecəyarısı kinodan qayıdırdılar. Cavan bir oğlana rast gəldilər, oğlan evlərin tinində elektrik qutularının qapaqlarını açır və işıq reklamlarını keçirirdi. Əmanət kassaları, sığorta, yeni filmlər haqqında iri şəhər reklamlarının hərfləri bir-bir sönürdü. Belə qəribə bir peşə varmış – gecələr şəhərin reklam işıqlarını söndürmək peşəsi... Mötəbər ailə başçısı ailə üzvləri yatandan sonra mənzilin bütün işıqlarını yoxladığı, söndürülməmişini söndürdüyü kimi bu oğlan da şəhərin çıraqlarını keçirirdi. Təhminə, Zaur və Mədinə uzun zaman bu romantik peşədən danışdılar və Təhminə dedi ki, bir başqa romantik peşə sahibini də tanıyır – o da bulvardakı fontanları səhərlər işə salır və gecələr yatırdır. Bir gün xəstələnib işə çıxmasa bulvardakı fontanlar o gün fəvvarə vurmayacaqlar.

– Amma ən maraqlı peşə bilirsiniz hansıdır? – Təhminə əvvəl Zaura, sonra Mədinəyə baxdı. – Hava məlumat idarəsində işləmək. Mən özüm bir vaxt yaman metereoloq olmaq istəyirdim. Təsəvvür edirsiz, yağışdan, küləkdən xəbərdar olacaqsan, buludlar hardan gəlir, qasırğa harada qopacaq, ildırım haçan çaxacaq...

Bəzən bu gəzintilər zamanı tanışlarına rast gəlirdilər və tanışlar hər üçünü – Təhminəni, Zauru, Mədinəni diqqətlə süzürdülər. Və həmin o şəxslər ki, Təhminənin hər hərəkətini Zaurun anasına yetirərdi, indi Zaurla Təhminənin və Mədinənin gecə gəzintiləri haqqında arvada yerli-yataqlı xəbərlər çatdırır, yarasına duz basırdılar. Cin vururdu Zivər xanımın təpəsinə və o telefonu qapıb, Təhminəyə zəng edir, dişinin dibindən çıxanı deyirdi... Zaur bu barədə ancaq üçüncü, ya dördüncü zəngdən sonra bildi...

Bir dəfə gördü ki, Təhminə telefona yanaşdı, dəstəyi qaldırdı: “Bəli, mənəm”, dedi, amma birdən-birə ağappaq ağardı, dili-dodağı əsdi və bir müddət lal-dinməz dəstəyi qulağında saxlayıb asdı.

Zaur:

– Kim idi? – deyə xəbər aldı.

Təhminə:

– Düz düşməyiblər, – dedi. Zaur başa düşdü ki, yalan deyir, amma nə illah elədisə də, Təhminə bir şey demədi. Zaurun heç ağlına da gəlməzdi ki, anasıymış zəng vuran. Onun ağlına tamam başqa şeylər gəlirdi: yenə də qısqanırdı Təhminəni, yenə də elə bilirdi ki, Təhminə ondan nə isə gizlədir. Axı, doğrudan da, Təhminəyə çox tez-tez zəng vururdular, özü də dəstəkdən gələn səslərin çoxu kişi səsi idi... Təhminə telefonla çox mehriban danışırdı, sonra isə mısmırığını sallayan Zaura:

– Sən də qəribə adamsan e, Zaurik, – deyirdi, – dərzimdir də. Demişdim ki sənə, paltomu vermişəm qısaltsın. Axşam primerkaya getməliyəm.

– Nə danışırsan, Zaur, diş həkimidir də, görmürsən dişlərimi müalicə elətdirirəm, zəng eləmişdi ki, bu gün gəlməyim, işi var, gələn həftə gəlim.

Amma ikinci, ya üçüncü dəfə idi iki, bax beləcə telefonu götürür, nə isə eşidib susur və dinməzcə dəstəyi yerinə qoyurdu və bundan sonra da bir müddət halı özündə olmurdu.

– Yenə ayrı yerə düşüblər? – deyə soruşdu Zaur.

Təhminə:

– Hə, – dedi və tələsik vanna otağına keçdi... Zaura elə gəldi ki, oradan hıçqırıq səsləri eşidilir, amma yarım saatdan sonra Təhminə vannadan çıxdı, sifəti tərtəmiz və açıq idi, üzü də qayğısız gülümsünürdü.

Səhərisi gün yenə zəng olundu və Təhminə dəstəyi qaldırıb pərişan bir halda susduqda Zaur bildi ki, zəng vuran həmin adamdır, ehmallıca arxadan Təhminəyə yanaşdı, birdən kəskin hərəkətlə dəstəyi qapıb öz qulağına tutdu. Dəstəkdən hiddətli qadın səsi və elə bil zəhərlə yoğrulmuş bir nəfəs gəlirdi:

– Ay qəhbə, ay üç manatlıq şortu, sən elə bilirsən uşağımızı əlimizdən ala biləcəksən? Ay sənin ölmüşünü görüm, ay mürdəşir yusun sənin o həyasız sifətini! – Zaur dərhal dəstəyi qoydu, bu səsi dünyada heç bir başqa səslə dəyişik sala bilməzdi – anasının səsiydi bu.

Təhminə qolu-qanadı sanki qırılıb yanına düşmüş Zaura baxdı, qəmli-qəmli gülümsündü:

– Di sakit oldun? – dedi.

Zaur xəcalətindən nə edəcəyini bilmirdi, bilmirdi nə desin, nə etsin və güc-bəlayla yalnız:

– Dünən də o idi? – deyə soruşdu.

Təhminə ağır-ağır başını yellədi, sonra yavaş səslə əlavə elədi:

– Hər gün zəng eləyir. Sən bura köçəndən bəri hər gün.

Bir ay idi Təhminəgildə yaşadığı. O soyuq noyabr günü atasıyla danışdıqları, evlərindən çıxıb getdiyi axşam yadında idi. Atasıyla o ağır söhbətdən sonra, anasıyla görüşmədən qapını çırpıb evlərindən çıxmış, bura gəlmiş və hər şeyi Təhminəyə danışmışdı... Təhminə:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets