Onuncu fəsil
Page 3 of 4 · 50%
Zaur təəccüblə:
– Bütün günü idarədə bir yerdəsiniz, söhbətinizi eləyib qurtarmırsınız ki, evə gələn kimi yenə bir saat Muxtarla telefonla laqqırtı edirsən?
Təhminə gülə-gülə:
– Zaurik, niyə başa düşmürsən, – deyirdi, – idarədə hamı ancaq işlə məşğuldur, söhbətə, qeybətə macal qalmır. Amma telefonla qeybət qırırıq. Axı Muxtarın da qeybətlə arası kökdür. Nə deyirsən de, öz aramızdır, arvadların adı çıxıb, kişilər qeybəti arvadlardan çox xoşlayırlar. Mənim dostlarımın çoxusu...
Zaur onun sözünü yarımçıq kəsib:
“– Mənim dostlarım, mənim dostlarım”, – deyə Təhminənin ağzını əydi, – yaman çoxdur sənin dostların... Yadında saxla, adam istəyəndə ki, dostu çox olsun, axırda bir nəfər də həqiqi dostu qalmır.
Təhminə soyuq bir tərzlə:
– Nədi, yəni özünü nəzərdə tutursan?.. Hədələyirsən məni? Ya xəbərdarlıq edirsən?
Zaur:
– Necə istəyirsən o cürə başa düş, – dedi. İlk dəfə onda toqquşdular.
Təhminə dinmədi. Kirimişcə geyindi, heç nə demədən çıxıb getdi... Zaur onun hara getdiyini bilirdi, axşam verilişi vardı, yarım saatdan sonra Zaur televizoru qurdu və ekranda Təhminəni gördü. O axşam bütün verilişlərə baxdı və verilişlərin arasında elan edən Təhminəni gördü... Axırıncı verilişin qurtarmasına iyirmi dəqiqə qalmış Zaur geyinib küçəyə düşdü, maşın tutdu, televiziyanın qabağına gəldi. Birinci mərtəbədəki mənzillərin pəncərələrindən televiziya ekranının mavi şüası görünür və Təhminənin səsi gəlirdi... Təhminə verilişin qurtardığını elan etdi, hamıya “gecəniz xeyrə qalsın” dedi... Beş-on dəqiqə də keçdi və Zaur Təhminənin tələsik addımlarla trolleybus dayanacağına tərəf qaçdığını gördü. Zaur çağırdı, Təhminə onu gördü, gülümsündü. Onlar qucaqlaşdılar, adamsız gecə avtobusuna mindilər və avtobus onları Təhminənin evinə – onların evinə tərəf apardı...
* * *
– Sən gərək məni qısqanmayasan, Zaurik, – qaranlıqda onun pıçıltıları sanki sözlərə xüsusi bir siqlət verir, həqiqət aşılayırdı, bu sözlərə inanmamaq olmurdu – qısqanmaq bilirsənmi nə deməkdir, deməli, sən özün öz zəifliyini etiraf edirsən. Amma heç kəsə qısqanmamaq hamıdan güclü olmaq deməkdir. Mən istəyirəm sən güclü olasan, Zaurik, hamıdan güclü... Özünə inanasan... Bir də mənə inanasan, Zaurik... İnan mənə... Mən sənə xəyanət etmərəm... Nə qədər ki, biz bir yerdəyik...
* * *
Axşamlar tez-tez musiqiyə qulaq asardılar. Təhminənin çoxlu lent yazıları vardı, amma bu yazıların toplanmasında heç bir dəqiq prinsip, ya sistem yox idi. Müxtəlif musiqi parçalarını yazdırmışdı – yalnız özünün sevdiyi musiqiləri. Çox vaxt yalnız klassik musiqini və “Leyli və Məcnun” operasını dinləmək istəyirdi... Hər axşam bir qədər rəqs etmək də xoşlayırdı, ağır ritmli caz musiqisi-blüzləri çaldırırdı və otağın dar sahəsində Zaurla qol-boyun olub, uzun zaman rəqs edirdilər. Gözlərini yumar, uzun saçlarını Zaurun çiynindən onun kürəklərinə sallayar, qollarıyla Zaurun boynunu qucaqlardı.
Çox vaxt xalq mahnıları çaldırardı: xatirəsində hər mahnı nə ilə isə bağlı idi... Musiqiyə xüsusi bir münasibət bəsləyirdi və deyirdi ki, Zaur onu atıb gedəndən sonra musiqi sonuncu və yeganə pənahı olacaq. “Onda musiqi qurtaracaq məni, – deyirdi, – yoxsa ölərəm, ya da içkiyə qurşanaram”. Saatlarla “Küçələrə su səpmişəm”, “Səndən mənə yar olmaz”, “Aman ovçu”, “Pəncərədən daş gəlir”, “Girdim yarın bağçasına”, “Papirosum yana-yana”, “Qaragilə” mahnılarına, ən çox da “Laçın” mahnısına qulaq asardı... Qəlbinin ən dərin, ən gizli hisslərini, söz tapıb ifadə eləyə bilmədiyi duyğularını elə bil bu mahnıların melodiyalarında, sözlərində tapırdı. Bu sözlər – məhəbbət, ayrılıq, nisgil, ümid haqqında mahnı sözləri – dünya qədər qədim və əbədi sözlər – elə bil Təhminənin ürəyinin, varlığının dibindən, ən dərin, ən gizli guşələrindən qopub gəlirdi.
– Zaurik, gör bir nə qədər sadədir və gözəldir: “Küçələrə su səpmişəm, yar gələndə toz olmasın” gör necə sevərlərmiş bir vaxtlar, Zaurik, indi gör necə sevirlər. Məsələn, sən mən keçən küçələrə heç su səpərsənmi, toz olmasın deyə?
Zaur:
– Bakıda mümkün deyil bu, – deyirdi, – küçənin bir başına su səpənəcən xəzri o biri başını yenə toza qərq eləyəcək.
– Eh, ruhun yoxdur sənin.
Ayrı mahnı səslənirdi və Təhminə də indi başqa sual verirdi: “Qoy məni öldürsünlər bir alagöz qız üstə”. – Zaurik, sən heç razı olarsanmı ki, səni bir alagöz qız üstündə öldürsünlər? Öldürmək yox, e, Allah iraq eləsin, öldürmək-zad nədir, amma bax, məsələn, sevdiyin alagöz qızın üstündə razı olarsanmı ki, bir qədər çətinliyə, əzab-əziyyətə dözəsən?
– Məlumun olsun ki, mən çox çətinliklərə, əzab-əziyyətə dözürəm, bir qaragöz qız üstdə...
– Eh, Zaurik, heç nə başa düşmürsən sən. Ürəyin genişliyinə bax e: “Qoy məni öldürsünlər, bir alagöz qız üstə”. Bəs bu sözləri bilirsən, qulaq as, fikir ver: “Bir evdə ki, sən tək gözəl olmadı, o ev viran olub, talanmaq gərək”. Zaurik, bu sözlər xalqın təfəkkürünü yüz dənə qalın elmi kitabdan daha gözəl ifadə edir.
Maqnitofondan mahnı səslənirdi: “Səndən mənə yar olmaz” – və Təhminə Zaurun düz gözlərinin içinə baxa-baxa bu sözləri təkrar edirdi: “Səndən mənə yar olmaz”. Zaur, doğrudan da, təəccüblənirdi. Təəccüblənirdi ki, sevdiyi, amma indiyə qədər belə diqqət vermədiyi xalq mahnıları onun və Təhminənin münasibətlərindəki ən dərin, ən mübhəm duyğuları bu qədər səlis və aydın, bu qədər təsirli və yanıqlı, belə sərrast və dəqiq ifadə edə bilirlər. “Pəncərədən daş gəlir, ay bəri bax, bəri bax, xumar gözdən yaş gəlir, ay bəri bax, bəri bax. Səni mənə versələr, ay bəri bax, bəri bax, Allaha da xoş gələr, ay bəri bax, bəri bax...”.
Təhminə bu sözləri də təkrar edir:
– Doğrudan da, Zaurik, səni mənə versəydilər, Allaha da xoş gələrdi, – deyirdi, amma nə olsun ki, verməyəcəklər səni mənə, dünyasında verməzlər, bilirəm axı...
Papirosum yana-yana,
Od düşüb şirin cana.
Vallah, qoyub gedərəm, ay gülüm,
Qalarsan yana-yana...
Bu mahnıdakı hədə zarafatyana bir hədə idi, amma bu zarafatın dibində acı və qaçılmaz bir həqiqət də var idi.
Axı necə olurdu, necə olurdu ki, haçansa, çox-çox qabaqlar yaşamış insanlar, onların – Zaurla Təhminənin – bu gün duyduqlarını eynilə onlar duyduqları kimi duymuş, belə gözəl və sadə sözlərlə, yanıqlı və əbədi melodiyalarla ifadə edə bilmişlər?.. Hisslərin yaşı, tarixi yoxdur, insanlar həmişə, hər yerdə eyni cür duyublar, eyni duyğular keçiriblər – məhəbbət, qısqanclıq, ağrı, sevinc, güman, nisgil, ümid, həsrət duyğuları – və eyni cür nəticələrə də gəliblər: ağrıyla-acıyla “səndən mənə yar olmaz” qərarını veriblər və bu qərarın özündə şıltaq bir yalan, tərs bir işvə var, necə yəni səndən mənə yar olmaz, səndən başqa da mənim, ya məndən başqa da sənin yarın ola bilərmi, mümkündürmü bu, əlbəttə, yox, əlbəttə, biz bir-birimiz üçün yaranmışıq, kim bizi ayıra bilər, əlbəttə, əlbəttə, biz bir-birimizinik, əlbəttə “səndən mənə yar olmaz...”
“Laçın” mahnısı səslənəndə isə Təhminə həmişə ağlayırdı, bu mahnı qəlbinin hansısa, Zaura belə məlum olmayan tellərini tərpədirdi, gözləri dolurdu, yaş gilə-gilə yanaqlarına süzülürdü. Niyə, nədən bu sözlər Təhminəyə belə dərin təsir göstərirdi: “Elçiləri qırılmış. Özü elçi düşən yar...”.
* * *
Təhminəgilə köçəndən bəri ilk dəfə maaşını alan kimi Zaur bazara getdi... Maaşının tən yarısını xərclədi – meyvə, qoz-fındıq, kişmiş, qərənfil və hətta, ət aldı. Nə isə indiyəcən yaşamadığı bir hiss – evdarlıq hissi duyurdu və pilləkənləri fərəhlə, sevinclə, tələsə-tələsə qalxırdı. Təhminə kefinə soğan doğramadı? İki kilo əti o yan-bu yana çevirdi, üz-gözünü turşudub:
– Adam belə ət alar, – dedi, – başdan-ayağa sür-sümükdür, bir də şəntir. Hardan ağlına gəldi bazarlıq eləmək? Heç olmasa mənə deyəydin, göndərərdim səni Fazilin yanına, mənim tanışımdır, həmişə ətin yaxşı yerindən saxlayır mənimçün... Evdə səni pis öyrədiblər, yəqin ömründə bazarlıq eləməmisən, hə?
Zaur hirslə:
– Bəli, – dedi – bazarda tanış ətçim də yoxdur.
– Elə görünür ki, yoxdur, yoxsa belə uşaq kimi başını aldadıb zirzibili verməzdilər qoltuğuna.
Zaur dinmədi, qaşqabağını salladı və ta axşama kimi Təhminəylə kəlmə kəsmədi.
Axşam televizorla filmə baxırdılar, yenə də dinib-danışmırdılar. Filmdə toy səhnələri vardı... Təhminə birdən gözlənilməz bir tərzdə Zaura müraciət elədi:
– Zaurik, bilirsən necə istərdim ki, mənim də toyum olsun. Özü də lap elə bizim bütün dədə-baba qaydalarıyla: əvvəl elçilər gəlsin, həri alsınlar, sonra nişan, sonra toy... Uzun ağ paltar, çalğıçılar, gəlin havası, güzgü, şamlar...
Kitabxana.az · https://kitabxana.az/en/works/anar-besmertebeli-evin-altinci-mertebesi-onuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Yaxşı görünür surəti məhvəşlərin, əmma*Yaxşı nəzər etdikcə, sərəncamı yamandır!*
Dördüncü fəsilHəm vüsali vurur od canıma, həm hicranı*Bir əcəb şəm ilə düşdü səri-karim bu gecə.*
Beşinci fəsilDegildim mən sənə mail, sən etdin əqlimi zail.*Mənə tən eyləyən qafil səni görcək utanmazmı?*
Altıncı fəsilCanlar verib sənin kimi cananə yetmişəm*Rəhm eylə kim, yetincə sənə cana yetmişəm.*
Poems by other poets
Nə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
The Treasury of Mysteries, chapter 48Each moment, the clever actor behind this curtain shows a strange scene on the curtain.The minstrels are seated on the carpet, but there is none to dance. The sea is full of pearls, but there is no diver.
Üç yaşına çatıramTale küsüb, qismət qaçıb, bəxt yatıb,Kövrəlmişəm, üç yaşına çatıram.
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.