Altıncı fəsil
Page 1 of 3
Canlar verib sənin kimi cananə yetmişəm
Rəhm eylə kim, yetincə sənə cana yetmişəm.
Naş samolet poşol na snijenie. Proşu vas zasteqnut remni i vozderjatsya ot kureniya.
Leysan yağışdan sonra Moskva səması tərtəmiz və açıq idi. Havada saflıq duyulurdu. Yağış elə bil dərbədər buludları süpürüb, göy üzünü tərtəmiz yuyub silmişdi və ətrafa çökmüş mavilik aerovağzalın şüşə qalereyasını da əhatə eləmişdi: şəffaf qalereyanın içində adamlar görünürdü – qarşılayanlar, yola salanlar; uçub gedənlər, uçub gəlmişlər... Təyyarədən düşüb qalereyanın içiylə gedən sərnişinlər içində Zaur da addımlayırdı və qalereyanın o biri başında, qarşılayanlar içində Təhminə dayanmışdı. Zaur onu lap uzaqdan gördü, əl elədi. Təhminə də Zauru gördü və ona tərəf atılmaq istədi, amma tünd-göy rəngli xidmət paltarı geymiş qız təbəssümlə onu saxladı – qarşılayanların qalereyaya keçməyə ixtiyarı yox idi... Zaur bunu gördü, qaçdı Təhminəyə sarı, yeddi-səkkiz metrdən sonra Təhminə onun boynuna atıldı:
– Zaurik, – dedi, – nə yaxşı ki, gəldin...
Çox-çox illər sonra, qoca yaşlarında, hərdənbir ömrünün acı və xoş xatirələrini fikrində arıtlayanda, şadlıq və kədər günlərini yada salanda Zaur düşünürdü: əgər həyatı boyu bəxtiyar illəri, ayları, günləri, saatları, dəqiqələri olmuşdusa – xoşbəxt dəqiqələrinin ən xoşbəxti bax bu bir neçə an idi – Domodedova aeroportunun şəffaf qalereyasında – uzaqdan Təhminəni görəndə, ona tərəf qaçanda, Təhminəni qolları arasına alanda və Təhminə deyəndə:
– Zaurik, nə yaxşı ki, gəldin...
* * *
– Baqaj nədi, dəli olmusan?.. Elə-beləcə gəlmişəm. Gedək. Taksilər harda dayanır?
Təhminə:
– Yox, – dedi, – mən bura tez gəlmişəm, – sənin təyyarəni gözləyən vaxt buradakı meşədə gəzdim. Bilirsən nə gözəl meşədir... Gedək göstərim sənə...
Şosedən çıxıb şam meşəsinə girdilər. Zaur Təhminəni öpmək istədi, amma Təhminə barmağını dodaqlarına qoyub:
– Sss, dayan, bir qulaq as, – dedi...
İnanılası deyildi, amma Zaur həqiqətdə də eşitdi... Adamın ağlına sığışmırdı ki, burada, təyyarə uğultusundan qulaq batan müasir aerovağzalın yaxınlığında, üstündən vıyıltıyla elədən-belə maşınlar keçən şosenin lap böyründə – quşlar cəh-cəh vururdu, elə bil bütün bu hay-küyü vecinə almırdılar...
Zaur:
– Lap bülbül kimi cəh-cəh vururlar, – dedi.
– Doğrudan, adam heç inana bilmir, hə? Gül-bülbül, aşiq-məşuqə gülməlidir eləmi?.. Orta əsr qəzəllərindən çıxıb gəliblər elə bil... Amma Zaurik, bu ki, yalan deyil, əzizim, doğrudan da, elə bil bülbül oxuyur. Özü də zalım gör nə baş alıb gedib, gör necə cəh-cəh vurur... Bizimçün oxuyur, e, Zaur, eşidirsən.
Qollarını Zaurun boynuna doladı. – Qulaq as, Zaurik. – Təhminə indi pıçıltıyla danışırdı. – Gərək mən sənə bu sözü deməyəydim. Bilirəm bunu demək düz deyil, gərək deməyəm... amma... sevirəm səni, Zaurik... dəli kimi sevirəm... Sənsiz dura bilmirəm... Səndən başqa heç kəs lazım deyil mənə... bilirəm gərək deməyəydim bütün bunları sənə... – güldü. – İndi quduracaqsan yəqin, dartıb özüvü qoyacaqsan dağ başına... amma neyləyim, demək istəyirdim bunları sənə...
Zaur da pıçıltıyla dedi:
– Təhminə, yəqin, mən də sənə deməməliyəm bu sözləri, amma mən də deyəcəyəm: ölürəm səninçün, Təhminə... Sənsiz bir saat, bir dəqiqə qala bilmirəm... Bax, indi bu saat yıxılıb ölə bilərəm xoşbəxtliyimdən. İstəyirsən çıxım şoseyə, özümü atım maşının altına, bax bu saat, bu dəqiqə...
– Dəli, maşının altına niyə atırsan özünü.
Onlar meşənin içiylə gəzirdilər və Zaur elə hey danışırdı. Təhminəni televizorda görməsindən, öz ad günündən, qonaqlardan, qonşulardan, hətta Firəngizi ona ərə vermək niyyətlərindən... Zaur indi yaşadıqları anların səadətiylə o dərəcədə sərxoş idi ki, bu xəbərin Təhminəni ağrıda biləcəyini heç ağlına da gətirmirdi: içi bəxtiyarlıqla limhəlim elə dolmuşdu ki, bu bəxtiyarlığın bütün ətrafdakılara da sirayət edəcəyinə, onları da xoşbəxtlik dəryasına qərq edəcəyinə şübhəsi yoxdu... Doğrudan da, bu xəbəri eşidəndə ani bir kölgə keçdi Təhminənin sifətindən, amma o dərhal gülümsündü və Zaurun Firəngizlə evlənməsini zarafata saldı.
Təhminə onu öpürdü. Moskvaya gəlmələrindən, verilişdən danışırdı, deyirdi ki, burada yaman bəyəniblər verilişi də, Təhminənin veriliş aparmasını da... Meşədən çıxıb şoseylə addımladılar. Moskvayacan piyada getmək istəyirdilər, – Moskvaya isə yetmiş kilometr qalırdı...
Zaur indi sevdiyinə də əmin idi, sevildiyinə də və sevgi onu elə qüvvətli bir xoşbəxtlik duyğusuna bürümüşdü ki, heç bir şey bu səadəti yaralaya bilməzdi və ona görə də Zaur Spartak söhbətini də elə-belə, sözarası saldı, dedi ki, bu qeybətlər neçə gün məni dəli-divanə eləmişdi... neçə gecə yuxumu qaçırmışdı.
Təhminə:
– Ay səfeh, gör bir kimə qısqanırsan, – dedi. – Adam da hər axmaq sözə, hər iyrənc qeybətə inanar?.. Spartak gicbəsərin biridir... heç ağlıva sığışdıra bilərsən ki, onunla mənim aramda bir şey ola bilər? Yəni heç məni tanımırsan? Ya onu tanımırsan bəlkə? Demişəm sənə ki məsələ necədir. Spartak mənim bir rəfiqəmlə görüşürdü və həmin o rəfiqəmin xahişi ilə bir-iki dəfə zəng eləmişəm Spartakgilə, bu, düzdür! Anası da yəqin sonra bilib ki, zəng eləyən mənəm... Amma mənimlə ömründə iki kəlmə kəsməyib anası, o da ki, qalsın davamız ola... Mən yəni o günə qalmışam ki, onun anasıyla ağız-bağıza verim?.. Əcəb fikirdəsənmiş mənim haqqımda.
Zaur indi, Spartak sarıdan tam bir arxayınçılıq duyarkən Dadaşın dediyi o televiziya rejissoru haqqında da soruşmaq istədi, heç olmasa bilsin görək o da burada Moskvadadırmı. Amma bunun nə mənası vardı, madam ki, Təhminə Zauru bura, yanına çağırmışdı və Zaur gəlmişdi, – onda deməli, həmin o rejisorun Moskvada olub-olmamağının Təhminəyçün heç bir təfavütü yox imiş... Yaxşı, bəs Dadaşın dediyi o baza müdirləri, alverçilər – Təhminənin tanış-bilişləri, o barədə necə, söz salsınmı? Amma Təhminə, sanki Zaurun fikirlərini oxuyubmuş kimi özü danışmağa başladı:
– Zaurik, – dedi, – bunu bil: mənim barəmdə çox şey danışırlar və bundan sonra, məhz bax elə sənə daha çox iftiralar uydurub deyəcəklər... Əgər ürəklərinə damsa ki, biz səninlə doğrudan-doğruya xoşbəxtik, bunu heç bir vaxt bağışlamayacaqlar bizə... Yüz çirkab tökəcəklər başımdan və çalışacaqlar ki, bunların hamısı sənin qulağına çatsın. Amma mən istəyirəm ki, sən bir neçə şeyi dəqiq biləsən, Zaur. Birincisi odur ki, mələkə-zad deyiləm, bu barədə heç bir illüziyan olmasın. Amma bu da həqitətdir ki, mən hələ heç kəsi səni sevən kimi sevməmişəm və indiyəcən hələ heç kəsə də deməmişəm ki, onu sevirəm... Bax ən böyük, ən əsas həqiqət budur... Zaurik, dünyada bir həqiqət, bircə həqiqət var – qəlbin həqiqəti və səadət, xoşbəxtlik də elə budur, vallah. Bax, bu axşam var dünyada, bu meşə var, quşlar oxuyurdu bu meşədə, sən varsan, mən varam, bir-birimizi sevirik, bir yerdə olanda bəxtiyar oluruq, – budur bax həqiqət və bundan başqa heç bir ayrı həqiqət yoxdur. Sən uçub Moskvaya gəlmisən, orada aerodromun qalereyasında uzaqdan səni görüb bilirsən necə sevindim! Bəs sən?..
– Mən də...
– Görürsən... Bax bu dəqiqələr var e, bu şoseylə Moskvaya gedirik ikimiz – sən və mən, – bəxtiyarlıq budur, Zaurik, həqiqət, ən böyük həqiqət də budur... Ayrı bir həqiqət arama bizim münasibətlərimizdə... Bir yerdə olduğumuz dəqiqələrin xoşbəxtliyi ilə yaşa... Budur əsil həqiqət...
...düz deyirmiş Təhminə...
* * *
Uzun zaman şoseylə piyada getdilər, sonra yoruldular, avtobusa mindilər, avtobus adamla dolu idi – balıq ovundan qayıdan tilovlu adamlar da çox idi avtobusun içində. Nogin meydanında düşdülər... Moskva çayının sahili ilə addımladılar...
Təhminə:
– Bu da mənim iqamətgahım, – dedi. “Rossiya” otelinin pəncərələrindən axşam işıqları şölələnirdi, çəhrayı pərdələr işıqları öz rənginə boyayırdı...
Frunze sahilinə çatdılar, damında aeroflotun reklamı yanan üçmərtəbəli evin həyətindən keçib Krım körpüsünə çıxdılar...
Onlar heç kəsin tanımadığı böyük və şən şəhərdə azadlıq, asudəlik duyğularında məst kimiydilər, qol-boyun olub halay-valay vuravura gəzirdilər. Elə bil illərin yükünü də atmışdılar üstlərindən, – elə bil on altı-on yeddi, ən çoxu on səkkiz yaşındaydılar, tanımadıqları adamlarla salamlaşırdılar və bu adamlar da təəccüblə onlara cavab verirdi, gül alırdılar və cavan oğlanlarla qızlara bağışlayırdılar, telefon avtomatlara girib Bakı nömrələriylə Moskva abonentlərinə zəng vururdular və Dadaşın nömrəsinə cavab verən boğuq səsli kişidən Dadaşı xəbər alırdılar. Mübahisə edirdilər: eyni telefon nömrələrinin Bakıdakı və Moskvadakı sahiblərinin səsləri oxşayır bir-birinə, ya yox... Oteldəki liftlərin üstündə də mərc çəkirdilər. Hansı tez gələcək. Zaur ikinci, Təhminə üçüncü deyirdi. Üçüncü əvvəl gəldi və Zaur Təhminəyə bir manat uduzdu... Məlumat köşkünün qarşısında növbəyə durdular, növbələri çatanda soruşdular: “Moskvada xoşbəxt adamın ünvanını verə bilərsinizmi”, məlumatçı qız mat-mat onlara baxırdı və hər ikisi “Soruşsalar, bizim ünvanımızı verin”, – dedilər... Tirə girdilər... Zaur sərrast nişan atıb ətir uddu. Təhminəyə bağışladı. Təhminə dedi ki, mütləq bu ucuz ətiri də bahalı fransız ətirlərinin tərkibinə qatacaq, – onda qoxusunun sirri lap açılmaz olacaq – səadət qatılacaq bu qoxuya – deyirdi... Dondurma satan arvaddan dondurma alarkən ona Mixail Vasilyeviçdən çoxlu salam dedilər... Arvad gözünü döydü, hansı Mixail Vasilyeviç?.. Küçəni düz keçmədilər, milis saxladı onları, üç manat cərimə istədi. Zaur pulu uzadandan sonra milis qəbz verdi... Təəccüblə qəbzi aldılar, serjant Trofimovun imzasından, cərimənin səbəbindən və məbləğindən başqa orada bugünkü tarix də yazılmışdı – 25 sentyabr. Zaur qəbzi cırıb atmaq istəyirdi. Təhminə qoymadı, səliqəylə büküb çantasına atdı...
Kitabxana.az · https://kitabxana.az/en/works/anar-besmertebeli-evin-altinci-mertebesi-altinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Mənim əzizlərim! Ana və ata! Uzaq Qvineya diyarından sizə çoxlu-çoxlu salam göndərirəm. Sizinçün burnumun ucu göynəyir. Əvvəlcə, sizə bir şad xəbər vermək istəyirəm: hər ikiniz baba və nənə olmusunuz. Özüm qəsdən bu barədə sizə heç nə yazmırdım ki, anam nigaran qalmasın. Bilirəm axı, yaman vasvasıdır. İndi hər şey yaxşı qurtarıb və on gün bundan qabaq balaca bir oğlan nəvəniz dünyaya gəlib. Hüsü deyir ki, atama oxşayır, ancaq burnu lap səninkidir, ay ana. Adını hələ qoymamışıq. Ay ata, mən istəyirəm sənin adını qoyaq; ancaq Hüsü deyir ki, iraq-iraq, sağ olan adamın adını qoymazlar. Dedim, sizlərdə qoymurlar, amma bizlərdə qoyurlar. Dedim bizlərdə belə qayda var ki, birinci uşağa babasının adını qoyurlar. Heç özüm də bilmirəm belə qayda var, ya yox, ancaq hər halda Hüsünün başını tovlamaq üçün belə dedim. Çünki çox istəyirdim sənin adını qoyam, ay ata. Uşağın adını çağıranda elə bilərəm siz də yanımdasınız bu qərib yerdə. Qız olsaydı sənin adını qoyacaqdım, ay ana. Ay ana, qurbanın olum, səndən yaman nigaranam. Hər gecə səni yuxuda görürəm. Elə qatmaqarışıq yuxular görürəm ki, heç olmasa mənə bir əlcə kağız yazaydın. Atama bax, gözünə su ver, hər ay müntəzəm mənə məktub yazır. Bizim əhvalımızı xəbər alsanız, güzəranımız pis keçmir. Hüsünün burda yaman hörməti var. Burda həkimlərə çox ehtiyac var. Elə xəstələr, elə xəstəliklər var ki, Allah göstərməsin. Camaat çox mehribandır. Amma çox kasıbdırlar yazıqlar.Hə, balaca Səfdər oyandı, başladı bağırmağa. Yəqin acıb, köpəkoğlu yaman qarınquludur.
Bir də mən görsəm ki...Yazılana pozu yoxdur(?)*Nemət düyməni basdı:
Birinci nağıl(Utopik və antiutopik nağıllar)*O vaxt döyüşə-döyüşə iki qoç gələcək: Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq, Onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən, qaranlıq dünyaya düşəcəksən.*
İkinci nağılBir də gördü ki, ağ qoçnan, qara qoç budu*döyüşə-döyüşə gəlir. Məlikməmməd o saat*
Poems by other poets
Gah gedirəm, gah gəlirəm bu dama,Yar, mənim gəldiyim qiyamədəndir.
Həsbi-halŞəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
GörəndəKönül cavanlaşır əlli sinində,Sevgili alagöz yarı görəndə.