Page 1 of 5

Yar ilə əğyarı həmdəm görməyə olsaydı səbr
Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!

Axşam doqquzda Şabalovkaya gəldi, telestudiyanın qarşısında var-gəl eləməyə başladı. Studiyanın çöl qapılarından içəri elə hey adam girib-çıxırdı. Zaur da bir on beş dəqiqə bayırda gözləyib içəri girdi. İçəri foyedə də adam çox idi, dəmir məhəccərin yanında milis durmuşdu və foyenin o biri tərəfinə keçənlərin buraxılış vərəqələrini yoxlayırdı. Zaurun, təbii ki, buraxılış vərəqi yox idi, odur ki, foyenin o biri tərəfində qaldı... Foyenin bu tərəfi tüstü içində idi və hətta divardakı lövhədə də göstərilirdi ki, papiros çəkmək yeri məhz elə buradır. Lövhənin altında, döşəmənin üstündə dairəvi sink qutu qoyulmuşdu, belə qutularda lent saxlayırlar, indi isə həmin qutunun yarısı külqabı olmuşdu, papiros, siqaret kötükləri ilə dolu idi. Arabir bu qutunun yanına gəlirdilər, acgözlüklə bir-iki dərin qullab vururdular və siqareti divara basıb (divar kül ləkələrindən qapqara idi) qutuya atırdılar... Qara cemperli qız çiyninə palto ataraq küçəyə çıxdı, kimisə harayladı, geri qayıtdı... Başqa bir eynəkli qız telefonla harasa zəng eləməyə cəhd edirdi. Qara cemperli qız növbətçi milisə yanaşaraq kağız verdi ona: – Vot, pojaluysta, spisok akterov, oni seyças proydut, – dedi.

Sallaq bığlı oğlan foyeyə çıxdı və bayırdan gəlmiş meşin pencəkli, özü kimi sallaq bığlı başqa bir gənci görüb:

– Privet, starina, – dedi, – uqosti siqaretoy. Kakie u tebya?

– Bete. Nu kak tebe?

– Çto?

– Nu, vçera. Fellini.

– Nu, starik, qrandiozno. Ya oçumel, starik, ssena v tunele – eto oboldet mojno.

– Da, koncçno, starik... No vse je znaeş, pomoemu, Fellini ot barokko prişel k rokoko...

Nədənsə bu cümlə Zaura xüsusi ləzzət verdi, pıqqıldayıb gülməkdən özünü güclə saxladı... Eynəkli qız axır ki, niyyətinə çatdı, telefonda istədiyi adamın səsini eşidib:

– İr, eto ya Yulka, – dedi – Bitıy ças torçu zdes ne moqu do tebya dozvonitsya.

Təhminə foyenin o başından gəlirdi, uzun paltar geymişdi, yanında da iki kişi və uzun, sarışın bir qadın vardı.

Zaura tanış gəlirdi bu qadın və az sonra yadına düşdü ki, onu ekrandan tanıyır – Moskva televizorunun diktoru idi. Kişilərdən biri də, görünür, moskvalı idi, o biri isə... Zaur, heç vaxt görməmişdi bu adamı, amma dərhal tanıdı, kim olduğunu təyin elədi. Şübhəsiz, həmin televiziya rejissoru, adı Təhminənin dilindən düşməyən Muxtar Məhərrəmov bu idi. Muxtar çox da yaşlı adam deyildi, amma başı ağarmışdı, birçəkləri tamam ağ idi, başında da ağ tüklər qaradan çox idi. Dolu bədəni bir az lırt təsir bağışlayırdı, bu təəssüratı qırış zamş pencəyi, əzik köynəyi və səliqəsiz bağlanmış qalstuku da artırırdı, bu adam, deyəsən, üst-başına heç fikir verən deyildi. Ağıllı və kədərli gözləri vardı. Muxtarın sifəti yorğun idi. Həm də bu yorğunluq bir gərgin günün, bir yuxusuz gecənin əzginliyi deyildi, illərin yorğunluğu idi. Bu yorğunluqda həyatdan bezarlıq da olmasa, hər halda, dünyanın hər üzünə bələdçilikdən doğmuş bir pərişanlıq vardı, bu adam elə bil yaşının illərindən qat-qat artıq yaşamışdı dünyada və hər şeyi də bilirdi insanlar haqqında.

Görünür, Muxtar Məhərrəmov elə sayaq adam idi ki, dünyada heç bir şeylə təəccübləndirmək olmazdı onu. Belə adamlar bədbəxtlikdən heç nəyə ürəkdən sevinə bilmirsə, xoşbəxtlikdən heç nəyə də dərindən kədərlənmirlər... Qəribədir, adamların başları da müxtəlif cür ağarır: bəzilərinin başı ağappaq qar kimi ağarır, bəzilərininki elə bil kif-atır... Muxtarın çallığı kül rəngində idi, amma elə bil yalnız saçları yox, sifəti də kül rəngində idi, alnında və dodaqlarının ətrafında dərin qırışlar, gözlərinin altında qara həlqələr vardı və Muxtar içində boğulmuş adam təsiri bağışlayırdı. Bircə dişləri ağappaq idi və Muxtar güləndə nazik qara bığlarının altından ağaran dişləri sifətinə xoş bir ifadə verirdi...

Təhminə Zauru görüb əl elədi, amma gəlmədi ona tərəf, dayanıb dostlarıyla danışırdı... Söhbətləri nə isə uzanırdı, amma Zaur səbirlə gözləyirdi, bilirdi ki, indicə Təhminə onlarla görüşüb ayrılacaq, Zaurun yanına gələcək və onlar yenə də dünənki kimi Moskva küçələrini elədən-belə ölçəcəklər... Yenə də cürbəcür adamlar foyeyə girib-çıxır, vəsiqələrini göstərirdilər, yenə də ayrı-ayrı cümlə qırıqları, ayrı-ayrı sözlər dəyirdi Zaurun qulaqlarına: “trakt, monitor, Xutsiev, Xesin, Fellini...”

Nəhayət, Təhminə dostlarıyla vidalaşmağa başladı, əvvəlcə əlini kişiyə uzatdı, kişi Təhminənin əlindən öpdü, sonra qadın diktorla qucaqlaşıb öpüşdülər, sonra isə hər ikisinə bir daha əl eləyib, çıxışa tərəf addımladı. Muxtar da moskvalılarla görüşüb Təhminənin yanınca gəlirdi. Zaur heç bu variantı ağlına gətirməmişdi...

Təhminə:

– Tanış olun, – dedi. – Zaur – Muxtar... Hər ikinizə bir-biriniz haqqında o qədər danışmışam ki, elə tanış kimisiniz.

Muxtar:

– Çox şadam, – dedi və əlini uzatdı.

Zaur da əlini uzadıb nəzakətlə:

– Mən də şadam, – dedi.

Təhminə:

– Gedək, – dedi və onlar küçəyə çıxdıqda hər ikisinin qoluna girdi.

– Yolumuz hayanadır, hara gedirik indi? – Təhminə heç birinə müraciət eləmirdi, amma birinci Muxtar cavab verdi:

– Sənin kefin hara istəsə...

Təhminə:

– Bilirsən nə var, Zaur, – dedi. Zaur öz-özünə qeyd elədi ki, Muxtarın yanında ona “Zaurik” yox, Zaur deyir. – Muxtarın başına gözəl bir fikir gəlib, bizi yeməyə dəvət eləmək istəyir. Məncə dahiyanə fikirdir bu, sən necə bilirsən?

Zaur tutulmuşdu, axı ona elə gəlirdi ki, bu axşam da ikisi olacaqlar, dünənkitək... Amma budur bax bu Muxtardır nədir, hardansa çıxdı ortalığa və Təhminə də indi onun adından dəvət eləyir Zauru şam yeməyinə. Belə görünür ki, Muxtarın hesabına... Özü niyə dinmir bəs?

Muxtar:

– Zaur, – dedi, – əgər, axşam elə vacib işiniz yoxdursa, gedib bir yerdə oturmaq pis olmazdı məncə, hə?

“Gör bir məsələni necə qoyur? Vacib işiniz yoxsa... Burada mənim Təhminədən başqa nə vacib işim ola bilər?.. Yəni məgər bilmir bizim Təhminəylə münasibətlərimizi?.. Təhminə qandırmayıb onu?..” Pis bir fikir gəldi Zaurun başına: “Bəlkə elə mən özüm də Təhminəylə həmin bu Muxtarın əsil münasibətlərindən bixəbərəm... Bu nə söhbətdir belə: “vacib işiniz yoxsa...”. Tutalım ki, mənim vacib işim olsaydı, mən Təhminəni bununla qoyub gedəcəydim bəyəm...”. Amma qəribədir ki, Zaur Muxtara yox, Təhminəyə əsəbiləşirdi... bu ikibaşlı münasibətlər üçün əsəbiləşirdi... Bir istədi acıqcan desin ki, hə, vacib işim var, amma qorxdu ki, onu saxlayan olmasın, elə Təhminə də o cümlədən, madam ki, vacib işin var, xoş gəldin...

– Yox, bir elə işim yoxdur, – dedi.

Muxtar:

– Lap yaxşı, – dedi. – Onda kino evinə gedək.

Taksi saxladılar – Muxtar qabaqda oturdu, Zaurla Təhminə dalda. Muxtar ünvanı dedi.

Gəlib çatdılar, Muxtar sürücünün haqqın verəndə də Zaur özünü birtəhər hiss elədi, indi burada qabağa düşmək, “yox, mən verərəm” demək gülünc olardı, axı, yeməklərinin daha böyük xərcini Muxtar çəkəcəkdi. Eyni zamanda Muxtarın hesabına taksiylə gəlmək, yemək də heç açmırdı Zauru: Şam yeməyinin hesabını verməyə isə heç bir imkanı yoxdu, cibində cəmi-cümlətanı onca manat pulu qalmışdı.

Taksidə gələrkən Zaur susmuşdu. Muxtarla Təhminə danışırdılar, verilişləri haqqında, Moskva televiziyasının imkanları haqqında, onları bir neçə müddətdə sıx bağlamış olan ümumi işləri barədə söhbət edirdilər. Burada imkanlar, doğrudan da tamam başqadır. Bakıda iki trakt məşq olanda Allahımıza şükür eləyirik, burada isə rejissor yeddi-səkkiz trakt ala bilir... Aparaturaları da necə kamildir, heç olmasa o sinxron videoyazı aparatının bircəciyi bizim studiyada olaydı. Amma bütün bu söhbətlərin dibində bir qürur hissi də vardı: bunlara baxmayaraq yaxşı bir veriliş hazırlaya, apara bilmişdilər. Hətta, Təhminəyə yarızarafat-yarıciddi burda qalıb işləməyi də təklif eləmişdilər. Muxtarı isə lap çoxdan bura dəvət edirlər. Kino evinin qapısında Muxtar üzvlük biletini göstərdi: – Bunlar da mənim qonaqlarımdır, – dedi və onlar içəri keçdilər. Elə pilləkəndəcə Muxtar hansı tanışlarınasa rast gəldi, mehriban görüşdülər, şirin söhbətə başladılar... Təhminə iri güzgünün qarşısına keçdi, saçlarını düzəldir, dodaqlarını boyayırdı.

Zaur isə neyləyəcəyini bilmirdi, siqaret çəkmək istəyirdi, amma bilmirdi: məhz burda siqaret çəkmək olar, ya yox... Elə bil onu tamam unutmuşdular. Muxtarın təzə-təzə tanışları yanaşırdı ona, Təhminə isə güzgünün qabağında bərk məşğul idi.

Foyedəki adamları Zaur ömründə birinci dəfə görürdü, amma çoxunun sifəti yaman tanış gəlirdi. Ekrandan tanıyırdı onların sifətlərini. Məşhur, adı dillər əzbəri olan aktyorlar deyildi bunlar əlbəttə, amma hər halda çox filmlərdə çəkilmişdilər və odur ki, sifətləri də yaddaşlarda həkk olunmuşdu. Zaur yadına sala bilmirdi ki, bax bu müasir dəblə geyinmiş qadını hansı filmdə görüb, özü də sadə rus kəndlisi geyimində... Bax bu dama-dama pencəkli oğlan isə hansı filmdəsə alman zabitini oynayırdı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets