Page 3 of 3 · 67%

– Yaxşı, soruşmaq ayıb olmasın, sən bütün bunları hardan bilirsən?

– Özü danışıb... Rəfiqəmə danışırmış, o da mənə söhbət eləyib... Əlbəttə, Spartak gopçudur, birinin üstünə beşin qoyub danışır, amma hər halda dili varsa, dilçəyi də var... Pul olandan sonra...

– Yaxşı, hardandır axı, bu qədər pulu?

– Demişəm sənə, alverçidir də..

– Bəs qazamata düşməkdən qorxmur?

– Əlbəttə, gec-tez ilişəcək... Amma dindirsən gör sənə nə cavab verir. Onsuz da hamı ölüb gedəcək, deyir. Dünya beş gündür, nə qədər imkan var, kef çəkəcəm, harda qırıldı-qırıldı...

– Görürəm, sən Spartakın həyat fəlsəfəsinə əməlli-başlı bələdsən.

– Zaurik, yəni doğrudan sən belə səfehsən ki, məni Spartak kimi bir əyyaşa qısqana bilərsən?

– İnanmıram ki, fikri pul və qadın olan bu əyyaş sənin kimi gözələ biganə qalsın... Yəni heç sənə girişməyə cəhd eləməyib?

– Necə yəni əlbəttə, eləyib... Lap sinə gedirdi mənimçün... Nə vədlər vermirdi, ilahi, şuba, daş-qaş, nə bilim daha nələr... Amma çox tez başa düşdü ki, mən o deyən yuvanın quşu deyiləm, belə-belə şeylərlə mənim başımı tovlamaq olmaz. Onda... ilahi, sən özün saxla. – Təhminə qəhqəhə çəkib güldü – Spartak ayrı üsula əl atdı. Mənə şeir oxumağa başladı... Allahu-əkbər... ha, ha, ha...

– Nə oldu bəs?

– Necə nə oldu? Şeirlərinin təsiri də elə şuba, daş-qaş vədləri kimi... Spartak da, baxma, o qədər də axmaq deyil, başa düşdü ki, bir şey çıxmayacaq, amma onda da... başladı ağzın boş qoyub orda-burda danışmağa, guya ki, mənimlə arasında nə isə var... Bax, sən bayaq danışanda ki, anası belə deyir, mən o saat barmağımı dişlədim, lap yəqin anasının beyninə bu fikri Spartak salıb. Anası axı onun məhəbbət macəralarıyla bərk fəxr eləyir... Elə ki, Manaf Bakıdan bir yerə getdi, Spartak o saat gətirib maşınını bizim evimizin qabağında saxlayır, bəzən gecənin yarısınacan, səhərə qədər maşın orda durur. Özü, Allah bilir, hara gedir, bəlkəm də elə evlərində yıxılıb yatır... Bir anekdot var e, eşitmisən, hərəmxana haqqında... Hərəmxana sahibi arvadlarının hər birinə deyir ki, o biri arvadımın yanına gedəcəyəm bu gecə, özü də gedib tək yıxılıb yatır.

– Niyə?

– Nə niyə? Hərəmxana sahibi niyə tək yatır?

– Yox, Spartak niyə maşını sizin evin qabağında qoyur?

– Məlumdur niyə... Şəhərdə hamı onu tanıyır axı, maşınını da tanıyırlar. Hamı da bilir ki, o evdə mən yaşayıram və ərim də bu vaxt Bakıda yoxdur... İndi gecə bizim evin qabağında Spartakın maşınını görəndə nə düşünəcəklər... Bir yandan da özünün dili bir belə...

– Yaxşı, sən niyə buna son qoymursan, demirsən ona?

– Nə deyəcəm? Zaurik, neçə dəfə demişəm ki, sənə: mənim barəmdə nə danışırlar qoy danışsınlar, vecimə deyil. Mən elə hesab edirəm ki, insanın öz daxili əxlaqı olmalıdır və əgər bu əxlaq varsa, insan öz daxili əxlaqına sadiqdirsə, bütün zahiri şeylərin heç bir əhəmiyyəti yoxdur – kim nə bilim nə dedi, nə fikirləşdi.

– Yaxşı, bir şeyi başa düşmürəm: bütün bunları bilə-bilə Spartakla haqq-salamı niyə kəsmirsən?

– Nə haqq-salam, əşi? İldə-ayda bir dəfə rast gəlirəm ona... Hərdən görürsən Spartakdan da adama xeyir dəyir, bir şey-zad lazım olanda deyirəm, o saat tapıb gətirir. Bax, məsələn, elə sənin bu “Ronson”unu o tapıb gətirdi mənə.

Zaur ad günündə Spartakın alışqana mənalı-mənalı baxmasını yada saldı, bu baxışın səbəbini ancaq indi başa düşdü və pərtləşdi.

– Əgər mən bilsəydim...

– Yaxşı, yaxşı özündən çıxma. Öz puluma almışam bu hədiyyəni, intəhası tapmağına Spartak tapdı. Pulun almaq istəmirdi, gücnən verdim... Adamın Allahı var: Spartak nə cür həllöyüş olsa da, hər halda xəsis adam deyil.

“Xəsis olmaz da – deyə Zaur fikirləşdi. – Bu qədər müftə qazancın olanda, səxavətli olmağa nə var ki. İllah da gözəl qadının yanında...”

Spartakın əliaçıqlığı, ciblərinin dolu olması, Təhminənin bu barədə ağızdolusu danışması Zauru incidirdi, əlbəttə... Zaur deyəndə ki, Spartak atasının pullarını xərcləyir, Təhminə gülmüşdü də, əksinə, demişdi, bütün ailə Spartakın hesabına dolanır, Spartakın puluna, Spartakın səxavətinə. Bu da dəyirdi Zaura. Təhminə qeyri-ixtiyari onun zəif damarına toxunurdu, axı, Zaur özü, 24 yaşında ali təhsilli gənc olsa da, hələ də atasının hesabına geyinib-gecinirdi, gəzib-dolanırdı. Amma hər halda bütün bunlara baxmayaraq, Təhminə Zauru sevirdi... Spartakın var-dövləti, səxavəti, hətta şeir oxuması da Təhminəni cəlb eləməmişdi, bu Moskva gecəsində, hotel nömrəsində Təhminə məhz Zaurun boynunu-boğazını öpüşlərə qərq edir:

– Sevirəm səni... sən hamıdan yaxşısan... mənim canımsan, əzizimsən, – deyirdi...

İndi gündüz Moskva küçələrini dolaşıb bütün gecəki sözləri, xatirələri bir daha yaddaşında oyatdıqca, çək-çevir elədikcə Zaur ancaq və ancaq bəxtiyarlıq hissi keçirirdi, heç bir xalla, heç bir fikirlə ləkələnməmiş tam bir xoşbəxtlik duyğusu. Və bu duyğu o qədər qüvvətli idi ki, aşıb-daşıb içindən çıxırdı, başqalarına, küçədən keçən yad adamlara da yoluxurdu. Zaura elə gəlirdi ki, bu hissin gücü qarşısında heç nə dayana bilməz, bu hiss hamını inandırmağa və bütün maneələri dəf etməyə qadirdir. O əmin idi ki, hətta ata-anası belə bu hissin şiddətini bilsələr, heç bir etirazları qalmaz. Məgər öz oğullarının düşmənləri idi ata-anası, məgər arzuları onu xoşbəxt görmək deyildi və əgər belədirsə, Zaur ömründə birinci dəfə olaraq sözün əsil mənasında xoşbəxt ikən nə deyə bilərdilər axı? Bu xoşbəxtlik nəinki ata-anasına, hətta qonşularına, Alya xanımgilə də sirayət etməliydi. Zaur inanırdı ki, Murtuzovlar belə, Firəngizi nə qədər Zaura ərə verməyi arzulasalar da, onun indiki xoşbəxtliyi qarşısında çəkilməliydilər, “qismət bu imiş” deyib Zaurla Təhminəyə uzun birgə ömür arzulamalıydılar. Və bütün başqa tanış-bilişlər də belə... və o cümlədən Təhminənin əri Manaf da belə... “Mənimlə xoşbəxt olmadı, barı Zaurla xoşbəxt olsun” deyə qırağa çəkilməliydi Manaf və ümumiyyətlə, bütün adamlar bu dünyada belə nadir şey olan həqiqi səadəti görüb ona qibtə eləməliydilər. Firəngiz, doğrudan, yaxşı qızdır, fağır.. Evlənmək olardı onunla, ala bilərdim onu, yaxşı ailə qura bilərdik. Amma nə edəsən ki, bu dünyada Təhminə var və Zaurun bəxtinə də məhz belə qəliz və xoşbəxt sevgi düşüb.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Nərminənin atası Səfdərə və anası Minaya məktubu

Mənim əzizlərim! Ana və ata! Uzaq Qvineya diyarından sizə çoxlu-çoxlu salam göndərirəm. Sizinçün burnumun ucu göynəyir. Əvvəlcə, sizə bir şad xəbər vermək istəyirəm: hər ikiniz baba və nənə olmusunuz. Özüm qəsdən bu barədə sizə heç nə yazmırdım ki, anam nigaran qalmasın. Bilirəm axı, yaman vasvasıdır. İndi hər şey yaxşı qurtarıb və on gün bundan qabaq balaca bir oğlan nəvəniz dünyaya gəlib. Hüsü deyir ki, atama oxşayır, ancaq burnu lap səninkidir, ay ana. Adını hələ qoymamışıq. Ay ata, mən istəyirəm sənin adını qoyaq; ancaq Hüsü deyir ki, iraq-iraq, sağ olan adamın adını qoymazlar. Dedim, sizlərdə qoymurlar, amma bizlərdə qoyurlar. Dedim bizlərdə belə qayda var ki, birinci uşağa babasının adını qoyurlar. Heç özüm də bilmirəm belə qayda var, ya yox, ancaq hər halda Hüsünün başını tovlamaq üçün belə dedim. Çünki çox istəyirdim sənin adını qoyam, ay ata. Uşağın adını çağıranda elə bilərəm siz də yanımdasınız bu qərib yerdə. Qız olsaydı sənin adını qoyacaqdım, ay ana. Ay ana, qurbanın olum, səndən yaman nigaranam. Hər gecə səni yuxuda görürəm. Elə qatmaqarışıq yuxular görürəm ki, heç olmasa mənə bir əlcə kağız yazaydın. Atama bax, gözünə su ver, hər ay müntəzəm mənə məktub yazır. Bizim əhvalımızı xəbər alsanız, güzəranımız pis keçmir. Hüsünün burda yaman hörməti var. Burda həkimlərə çox ehtiyac var. Elə xəstələr, elə xəstəliklər var ki, Allah göstərməsin. Camaat çox mehribandır. Amma çox kasıbdırlar yazıqlar.Hə, balaca Səfdər oyandı, başladı bağırmağa. Yəqin acıb, köpəkoğlu yaman qarınquludur.

1 min
Bir də mən görsəm ki...

Yazılana pozu yoxdur(?)*Nemət düyməni basdı:

49 min
Birinci nağıl

(Utopik və antiutopik nağıllar)*O vaxt döyüşə-döyüşə iki qoç gələcək: Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq, Onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən, qaranlıq dünyaya düşəcəksən.*

53 min
İkinci nağıl

Bir də gördü ki, ağ qoçnan, qara qoç budu*döyüşə-döyüşə gəlir. Məlikməmməd o saat*

1 h 25 min

Poems by other poets