On səkkizinci fəsil
Page 1 of 2
Yandı canım hicr ilə, vəsli-ruxi-yar istərəm,
Dərdiməndi-firqətəm, dərmani-didar istərəm.
Heç bir vaxt təsəvvür edə bilməzdi ki, evlər, küçələr adamı bu qədər ağrıda bilər. Evlər, küçələr, maşınlar...
Bağın yanına buruldu, o bağın ki, iyun günü yaşıl “Moskviç”in içində Təhminəni gözləyirdi. Həmin o yerdə həmin rəngli “Moskviç” dayanmışdı – və elə bil parçalandı Zaurun ürəyi və hər şeyi birdən-birə xatırladı Zaur – burada, bax bu yerdə Təhminəni gözləməsini də, səbirsizliklə barmaqlarıyla sükanı döyəclədiyini də, o gün çəkdiyi siqaretin dadını da, hətta Təhminənin səsini də. Ağ düyməli qırmızı paltar geymiş Təhminə qəfilcən onu arxadan səsləmişdi. Əlində də çanta vardı, çantada da “Kamyu” konyakı, Zaurçün xüsusi gətirmişdi bu konyakı... Qapılarının qarşısındakı səki – haçansa Spartakın çəhrayı “Volqa”sı dayanmış səki – “Volqa”nın təkərini deşmişdi o gecə – səki də eyni cür ağrıtdı Zauru. Telefon budkası da – elə həmin o gecə Təhminəyə bu budkadan zəng vurmuşdu, telefon cavab vermirdi, sonra isə bildi ki, telefon doğrudan da xarab olubmuş, çünki pulunu vaxtında verməyiblərmiş... Bu da trolleybus dayanacağı. Təhminə işə gedəndə həmişə bu dayanacaqda minərdi trolleybusa, Zaur da ötürərdi onu. Təhminə trolleybusun pəncərəsindən əl edərdi Zaura və Zaurun çox xoşladığı bir hərəkətlə saçlarını alnından atardı, gülümsünərdi.
Spartak Təhminənin ölüm xəbərini verəndən sonra bir müddət də liftin içində dayanmışdı, amma daha heç nə deməmişdi. Çünki söz qalmamışdı daha, qurtarmışdı bütün sözləri Spartakın da, Zaurun da. Nəhayət, Spartak liftin düyməsini basmışdı, liftin qapısı bağlanmışdı, lift aşağı enməyə başlamışdı. Zaur isə mənzillərinə qayıtmışdı, dəhlizdəki çemodanları, nədənsə, yataq otağına aparmışdı, yataq otağındakı çemodanları dəhlizə gətirmişdi. Bir neçə dəfə otaqdan otağa keçmişdi, nə isə götürmüş, nə isə qoymuşdu, sonra arvadına və anasına bir kəlmə demədən evlərindən bayıra çıxmışdı, liftlə deyil, pilləkənlə səkkizinci mərtəbədən aşağı düşmüşdü, küçənin tinində siqaret, dükandan kibrit almışdı və piyada Təhminəgilin evlərinə tərəf addımlamışdı... Hələ onda ağrını belə şiddətlə duymurdu, yaranın köynəyi vaxt keçdikcə artırdı və bu küçəyə, bu evə çatanda dözülməz olmuşdu. Zaur bu dözülməzliyin içindən keçib pilləkənlərlə – ona bu qədər tanış olan pilləkənlərlə, axırıncı dəfə əsəbi düşüb getdiyi pilləkənlərlə qalxmağa başladı. Və ancaq bu zaman birdən-birə qəti dərk elədi ki, Təhminə yoxdur və bir də heç vaxt olmayacaq. Bir də heç vaxt görməyəcək Təhminəni... Nədənsə, Spartak da başından çıxmırdı və bu anlar fikirləşirdi ki, bax indicə hansı yollasa bir sirr açılacaq və məlum olacaq ki, Təhminəylə Spartakın arasında heç vaxt heç bir şey olmayıb və Zaurun bütün şübhələri boş və əbəs imiş. Bu həqiqət o qədər aydın təsdiq olunacaq ki, Zaurun ağrısı, peşmançılığı birə-yüz artacaq. Özünü günahkar biləcək, Təhminənin isə heç bir günahı olmadığından Zaurun lap bağrı çatlayacaq, daha artıq iztirab çəkəcək: intihar etmək istəyəcək, hətta günahını yumaq üçün... Hardansa yadına düşdü ki, bir dəfə Təhminə onu Spartakgilin bağına aparmışdı və orada demişdi ki, bura gəlmələrinin bir səbəbi də var, Zaur bu səbəbi ya çox sonralar biləcək ya da heç bir vaxt bilməyəcəkdi. Bəlkə də bu səbəbi bax indicə, bir neçə andan sonra biləcəkdi Zaur və bu səbəb hər şeyi birdən-birə gün işığı kimi işıqlandıracaq, izah edəcəkdi və hər şey aydın olandan sonra Zaurun nəticə verməyən sonrakı peşmançılığı onun bütün həyatının sağalmaz dərdi-yarası olacaqdı...
Pilləkənin ikinci mərtəbəsində adamlar vardı, onlar tövşüyə-tövşüyə taxtaların içinə tablanmış iri şkafı qaldırırdılar, xəz yaxalıqlı qara palto geymiş kişi – yəqin ki, şkafın sahibiydi – hamballara göstəriş verirdi:
– Sola çevirin, beləsinə keçməyəcək deyirəm sizə, soldan götürün, soldan. – Sonra Zauru gördü və ona müraciət elədi. – Keçmək istəyirsiz? – hamballara: – Yol verin, yoldaş keçsin, – dedi.
Zaur adamların arasından, şkafın yanından keçdi və xəz paltolu adam yenidən göstərişlər verməyə başladı:
– İndi bir az aşağıdan götürün, aha, bu tərəfini qaldır, ay qoçaq!
Zaur üçüncü mərtəbəyə qalxdı. Təhminənin qapıları taybatay açıq idi, qapının üstündə isə yenicə vurulmuş lövhəcik görünürdü: “Əməkdar mühəndis rasionalizator Q.Kərimov.
Qapıda vız başlı, ala-bəzək xalatlı bir qadın dayanmışdı – güman ki, əməkdar rasionalizatorun arvadı idi. Şkafı da görünür, təzə ev sahiblərinin mənzillərinə qaldırırdılar. Xəz yaxalıqlı palto geyinmiş adam yəqin elə mühəndis-rasionalizator Q.Kərimov idi ki, vardı... Zaur qeyri-ixtiyari açıq qapıdan içəri baxdı – və elə bil ürəyi həmin bu qapının arasında qaldı. Təhminənin boşalmış otağında ancaq bir neçə stul və stol vardı, – Təhminənin deyil, Kərimovların stolu, stulları. Nə qədim divar saatı, nə Təhminənin fotoları, nə balaca əncir ağacı – alpinistlərin hədiyyəsi qalmışdı, bircə oboylar həmin oboylar idi... Zaur çevrildi, qarşıdakı qapının ağzında dayandı və zəngi basdı.
Uşaq səsi gəldi qapının ardından, sonra hirsli qadın qışqırığı:
– Əşi, bir dayan görək də kimdi! – Uşağa qışqırırdı Mədinə. Qapı açıldı. Mədinə:
– Zaur, – dedi, çənəsi əsdi. Bir də təkrar elədi – Zaur, – və ağladı...
Zaurun göz yaşı yox idi. Hiss edirdi ki, ağlaya bilmir, amma haradansa, içinin dərinliklərindən boğazına qəhər qalxırdı, boğazında tıxanıb qalırdı.
Qorşokda oturmuş beşyaşlı toppuş uşaq, anasının ağlamasını görüb bir müddət matdım-matdım baxdı, sonra özü də bərkdən bəyirməyə başladı...
Qarşı qapıdakı xalatlı arvad təəccüblə onlara baxdı, sonra içəri keçdi və qapısını da örtdü. Mədinənin otağının yarıaçıq qapısından balaca televizorun ekranı görünürdü və bu da Zaurun yarasına duz basırdı elə bil. Zaur fikirləşdi ki, bir aydan artıq Təhminəgildə qalıb, Mədinəylə qonşuluqda yaşayıb, amma bir dəfə də Mədinənin evində olmayıb.
Mədinə paltarının ətəyiylə gözlərini silərək:
– Gəl içəri, – dedi.
Zaur içəri girdi. Uşaq hələ də ağlayırdı. Mədinə qorşokla birlikdə onu götürüb harasa apardı və sakit elədi. Zaur kiçik və köhnə televizorun sönük ekranına, otağın kasıb avadanlığına baxırdı – hiss olunurdu ki, bu otağın sahibi sıxıntı və ehtiyac içində dolanır... Uşaq, nəhayət, sakitləşdi və Mədinə yaş əllərini silə-silə otağa gəldi. Zaurun qabağında oturdu.
Zaur siqaret yandırdı, Mədinə:
– Haçan gəlmisən? – dedi. Zaura “sən” deyirdi, elə bil dərd onları yaxınlaşdırmış, bir-birinə doğma, məhrəm etmişdi.
Zaur:
– Bu gün, – dedi, – yarım saat bundan qabaq.
Uşaq:
– Mama, bəs biz haçan gedəcəyik? – dedi.
– Gedərik, gedərik, bala, görürsən əmi bizə qonaq gəlib, – sonra Zaura müraciətlə əlavə etdi, – səhərdən day zəhləmi töküb. Yapışıb yaxamdan ki, kinoya gedək... Heç mənim kinoya getməyə həvəsim var?
Uşaq ağlamsınıb:
– Bəs haçan gedəcəyik? – dedi.
– Gedərik, gedərik, get orda topla oyna, mən də gəlirəm indi.
Oğlan könülsüz otaqdan çıxdı və Mədinə:
– Belə işlər, Zaurik, – dedi. – Təhminə getdi əlimizdən... – və yenidən ağladı...
Zaur bilmirdi nə desin, neyləsin, Mədinəni ovutmalıydımı, ya onun özünü ovudan gərəkdir indi?
Nə isə demək xatirinə:
– Mənə Spartak xəbər verdi, – dedi.
Bəlkə, indi Spartakın adını çəkən zaman Mədinə birdən bir sirr açacaq və bu sirri bütün diri qalmış insanlardan yalnız tək bir Mədinə bilir. Və o zaman hər şey aydınlaşacaq, Zaur da belə bir səhv etdiyinə görə minqat artıq peşmançılıq çəkəcəkdi. Amma onu da bilirdi Zaur ki, Mədinə heç bir sirr-filan açmayacaq, çünki heç bir elə sirr-filan bilmir və əslində də, yoxdur yerli-dibli belə bir sirr... heç bir səhv də yoxdur, heç bir şey də yoxdur, hər şey necə vardısa eləcədir, bircə Təhminə yoxdur.
– Serroz, qara ciyərində, iyirmi günün içində tələf olub getdi. – Mədinə eynilə Spartakın sözlərini təkrar etdi. Sonra isə hər şeyi danışdı Zaura, bütün ağır təfərrüatlarıyla, fiziki ağrılar barəsində, şişlər barəsində.
– Heç ölmək istəmirdi yazıq. Xəstəlikdən qabaq tez-tez deyirdi ki, ölmək istəyirəm, sözdü də deyirdi, amma elə ki, doğrudan xəstələndi, ağrılar, əziyyətlər başlandı, xəstəxanaya düşdü və xəstəxanada da bildi ki, doğrudan da ölür, onda qaragün elə yalvarırdı ki, qurtarın məni, ölmək istəmirəm. Amma axıracan kişi qızı kimi mərd-mərdanə apardı özünü...
Uşaq yenidən otağa gəldi:
– Ana, bəs haçan gedəcəyik axı, kinoya?
Bu saat, bu saat, mənim göyçək balam, indicə gedəcəyik... Axır saatına qədər Muxtar gəlirdi yanına... Manaf da gəlirdi, necə yaxşı adam imiş Manaf, Zaur, heç bilməmişik vallah, bütün dəfn xərcini özü çəkdi, üç, yeddi də verdi, bu yaxında qırxıdır, amma day qırxını verə bilməyəcək, dəyişdilər də mənzili... Bir injener köçüb bura arvadıyla, bir çətən də külfəti var.
Kitabxana.az · https://kitabxana.az/en/works/anar-besmertebeli-evin-altinci-mertebesi-on-sekkizinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Ah idi həmnəfəsim ah ki, ol həm axır,*Çıxdı ikrah qılıb gülbeyi-ehzanımdan.*
On dördüncü fəsilMəhrəm qoyub önərmə sinəmdə qanlı dağı,*Söndürmə öz əlinlə yandırdığın çırağı.*
On beşinci fəsilQeyr ilə hər dəm nədir seyri-gülüstan etdiyin?*Bəzm urub, xəlvət qılıb, yüz lütfü ehsan etdiyin?*
On altıncı fəsilƏgər tutsam qəmim eldən nihan, səbrü-qərarın yox,*Və gər şərhi-qəmi-pünhanım etsəm qəmküsarın yox.*
Poems by other poets
Aşıqların dastanları,Sözü ayrım elindədi.
Pəncərədən gördüm səniGözəl bir yay axşamıydı.Küçəmizdən keçən zaman
Sənət qəhrəmanlarınaDemişlərdi mənə: “Sən də bir şey yazBu fənn ordusunun nəfərlərinə.
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları