Page 3 of 10 · 20%

Gözəllər məskəni Gümrü şəhrində,
Gözəllər şahına mayıl olmuşam.
O büllur qaməti, o gül camalı,
Aparıb əqlimi sayıl olmuşam.

Ömrün bahar çağı gəldik üz-üzə,
Kimdi bu ceyrani buraxan düzə?
Qaşları kamandı, kirpiklər nizə,
Oxlayıb könlümü, zayıl olmuşam.

Qırxların əlindən badə içmişəm,
Əzəl başdan bir gözəli seçmişəm.
Məqribdən məşriqə bir yol keçmişəm,
Haqq verən paylara qayıl olmuşam.

Söz tamama yetdi. Sərdar paşa Sona xanıma dedi:

  • Sona xanım, bu işi belə qoymaq olmaz.
    Amma ... indi biz ayrılmalıyıq.
    Sona xanım ayrılmaq istəməsə də, deyilənə əməl etdi.
    Sona xanım bağçadan gedəndən sonra Sərdar orada Nağdəli bəylə qarşılaşdı.
    Nağdəli:
  • Ayə qardaş, sənə nə olub, niyə titrəyirsən? Axı mən sənə dedim, səhərlər Gümrünün havası soyuq olur. Düz iki saatdır ki, sən burada oturmusan, deyən sənə soyuq dəyib, tir-tir əsirsən.
    Sərdar boğula-boğula dilləndi:
  • Məni elə soyuq tutub ki, qançıradan da betər olmuşam.
    Sonra üzünü Nağdəliyə tutaraq dilləndi:
  • Bəy, sözlərimə yaxşı-yaxşı qulaq as, qonaqların gəlibmı?
    Nağdəli:
    – Aşıqlar səni gözləyirlər.
    Sərdar:
    – Onda gedək məclisə baş çəkək. Amma cox otura bilməyəcəm. Soyuq məni haldan salıb, sonra üz vurmayasan ha. Bir xahişim də var, məclis qurtaran kimi anamı hökmən göndər gəlsin bizə.
    Sərdar paşa və Nağdəli bəy məclisə daxıl oldular. Sərdar keçib anasının yanında oturdu. Cavan qızlar, gəlinlər meydandan çıxmaq bilmirdilər.
    Sərdar üzünü Yetim Taptığa tutaraq dilləndi:
  • Ustad, icazə versəniz, sinəmə bir - iki kəlmə söz gəlib, deyim, sonra gedəcəm, çünki Qarsdan Osman paşa və istəkli qonaqlar gəlib, məni gözləyirlər. Tez aşıq Vəli sazı Sərdara uzatdı.
    Aldı görək Sərdar bu dəmdə nə dedi:

Bu gün bu məclisə bir can gəlibdi,
Buyursun meydana, nənəm oynasın.
Al yaşıl geyinib çıxsın ortaya,
Gözəllər sultanı anam oynasın.

Başına döndüyüm gül üzlü Pərim,
Əlim qələmimdi, sinəm dəftərim.
Buyursun meydana sərvi sərvərim,
Telləri xurmayi durnam oynasın.

Biçarə Sərdarı salmısan dərdə,
İndi çox gülürsən burdakı mərdə;
Dolaşmaya simlər, vurmaya pərdə,
Adını deyirəm Sonam oynasın.

Xanımlar xanımı Zeynəb xanım ayağa durdu, süzə - süzə öz qızı Fatmanı və Sona xanımı meydana dəvət etdi. Məclıs qızışdı, nə qızışdı.
Bu fürsətdən istifadə edən paşa məclisi tərk etdi.
Sərdar paşa necə dedisə, Nağdəli bəy də elə etdi. Artıq gün batırdı. Nağdəlinin bəzəkli at faytonunda, Zeynəb qızı Fatma xanımla bərabər Sərdarın evinə gəldilər. Artıq Osman paşa da burada idi.
Osman paşada artıq yaş öz işini görmüşdü, güclə ayaq üstə dururdu. Qulluqcular Osmanın başına fırfıra kimi fırlanırdılar. Sərdarın rəngi ağappaq idi. O başına gələn bu işləri Osmana və anasına danışdı.
Sərdar:

  • Osman, mənim ata əvəzim, sən də mənim anam, dərdimə bir çarə qılın.
    Osman:
  • Ay bala, bizim yeganə carəmiz səni evləndirməkdi, bir də ki beş - on günlük dünyadı, kim bilir, kiminin axrı necə olacaq? İki dünya bir olsa da, mən səni evləndirməliyəm. Çünki atam Bəkirin axırıncı vəsiyyətinin vədəsi gəlib çıxıb. Bundan sonra rahat ölə bilərəm.
    Sonra Osman paşa üzünü mehtərlərə tutub möhkəm-möhkəm qışqırdı:
  • Ayə, ay mehtərlər, ayə, ay zalım uşağı, ayə, harada qalmısınız, ay Boğos, ay Setrək, səhər o başdan atları çölə buraxmayın. O qıllı Minasa da deyin ki, təcili Qarsa getsin, bütün qohum-əqraba, dost-tanış, kimi tapsa, desin ki, təcili Gümrüyə gəlsinlər. Bir-iki günə kimi Sərdarın toyudur. Osman paşa əlini cibinə saldı. Bir bağlama pul çıxarıb mehtərlərə verdi, bu da mənim sizlərə toy məqəricim. Əyə, zalım uşağı, zalım, sizin nə vaxt əyin-başınız düzələcək, gedin özünüzə pal - paltar alın. Cəld, haydi, gözümə bir də bu qiyafədə görünməyin. Sonra üzünü Sərdara tutaraq dilləndi:
  • Ay bala, axı mən sənə demişdim, bunları buralarda çörək verib saxlama. Bunlardan adama xeyir gəlməz. İlanın ağına da nəhlət, qarasın da.
    Elə bu dəmdə Zeynəb Osmanın sözünü kəsərək dilləndi!
  • Osman qardaş, məni bağışla, sözünü kəsdim, bəlkə uşaqları çağırtdırmayasan. Bu iş məni heç açmır. Sən yaxşı bilirsən ki, mənim başıma nələr gəlib. Olmazmı bir az ölçə, biçəsən? Lalələrin solması məni heç açmır axı!?
    Osman sözə başladı:
  • Ay bacı, bu yazıdır, bir sevin.
  • And olsun, o Allahın birdi-birliyinə, əgər Sərdarın başından bir tük əksik olsa, düzü - dünyanı yıxıb dağıdaram. Sərdarın ürəyinin yumşaqlığından şəhər müxənnətlərlə doludu, hamısı da adamı arxadan vuranlardı. Eşıdıblər ki, mən gəlmişəm siçan deşiyini satın alıblar. Ay bala, bir az sərtlik də lazımdır. Yeri gələndə şallaq da işə düşməlidir.
    Daha Zeynəb Osmanın bir sözünü iki eləmədi.
    Deməzsənmi, oğlan evində toydu, ancaq qız evinin xəbəri yoxdu.
    Səhər Nağdəli bəy öz xanımı Güllüzara dedi:
  • Arvad, hazırlaş, gedək Sərdargilə. Zalım oğlu səhərin ala qaranlığında baxçada oturmuşdu, gördüm ki, tir-tir əsir, möhkəm soyuq tutub. Gedək bir paşaya baş çəkək. Güllüzar dinmədi:
  • Ay arvad, nə olub sənə!
    Güllüzar isteza ilə dilləndi:
    -Heç, öz bacından xəbərin yoxdu. Təbiblər əldən-dildən düşüblər, bir bacına baş çəksən! Nağdəli başı alovlu bacısının yanına qalxdı. Üzünü təbiblərə tutaraq:
    -Ayə, bu qıza birdən-birə nə oldu? Qocaman Gümrü təbibi Nuru yazıq-yazıq dilləndi:
    -Bəy, qız çox halsızdır, amma qorxulu bir şeyi yoxdur. Qoyun bir az dincəlsin.
    Nağdəli təbibə pul verib, yola saldı. Sonra üzünü Güllüzara tutaraq dilləndi:
    -Ay arvad, bu nə işdi, başımıza gəldi, yaxınlarımın hamısı yatağa düşüblər. Birdən Nağdəlinin gözü Sonanın sinəsinə sataşdı. Həmailin yeri Sonanın sinəsində günəşin işığından iz salmışdı. Güllüzar yenə istehza ilə dilləndi:
    -Nə baxırsan, həmin altun həmayılı dostunun boynunda görmədinmi? Elə bil Nağdəlinin başına qaynar su tökdülər: Sözündən belə çıxır ki,... yox – yox, bu ola bilməz, axı onun belə şeylərə ehtiyacı yoxdu. Güllüzar, sən məni lap dəli eliyəcən, ya da ki, mən dəli olmuşam. Bu dəmdə Sona gözlərini açıb dilləndi:
    -Qardaş, həmin həmayili mən paşaya səhər o başdan bağçada vermişəm.
    Nağdəli pərt halda dilləndi:
  • Ay arvad, indi mən başa düşdüm ki, bunların xəstəliyi nədi?!
    Güllüzar:
  • Bu hələ harasıdı, bağca lalələrlə doludu, bax bu lalələrdən başqa baxçadakı lalələrın hamısı sönüb. Nağdəli iki əllə başını tutdu.
  • Ay arvad, həqiqətənmi sən məni dəli yerinə qoymusan, lalə nədi, zad nədi, axı bağçada belə güllərin bitdiyini görməmişəm.
    Güllüzar:
  • Get, bax. Nağdəli baxçaya düşəndə gördü ki, həqiqətən də hər şey Güllüzarın dediyi kimidi. Bu dəmdə çöldən at səsləri eşidildi.
    Nağdəli çölə çıxdı. Elə bil onun həyətinə böyük bir ordu gəlmişdi. Həyət baca yaraqlı - yasaqlı əsgərlərlə doluydu.
    Bu dəmdə Osman paşa gər səslə dilləndi:
  • Ay ev yiyəsi, ay ev yiyəsi, qonaq qəbul etmək istəmirsinizmi? Nağdəli Osman paşanı yaxşı tanıyırdı, çünki Osman bu böyük mahalın paşası idi.
    Nağdəli sakit tərzdə:
  • Babam, xoş gəlmisiniz, gözümüz üstə yeriniz var!
    Paşa faytondan düşüb ağır yerişlərlə içəri daxıl oldu:
  • Ay oğul, mənim gəlnimi mənə göstərin, ölmədim bu günü də gördüm, dedi.
    Nağdəli:
  • Baba, nə gəlin, sən nə danışırsan, Allahım, deyən mən dəli olmuşam. Osman üzünü bu dəfə Güllüzara tutdu:
  • Qızım, məni gəlinim Sonanın yanına apar.
    Paşanın bir sözü iki ola bilməzdi, kişi həm də sözü təkrar etməyi xoşlamırdı. Güllüzar sakitcə:
  • Gəl, baba, deyib, Sonanın yataq otağına qalxdılar.
    Sona həmin Sona deyildi. Osmanı görən kimi kişinin əlindən öpdü.
    Osman:
  • Ay maşallah, bir su pərisini görürəm, deyib, Sona xanımın alnından öpdü.
    -Qızım, coxdandı buralarda olmurdum, şəhəri gəzməyə çıxmışdım, yolüstü dedim, sizə bir baş çəkim. Əlindəki iri bağlamani Sona xanıma verərək dilləndi:
  • Bu da məndən sənə düyün hədiyyəsi.
  • İş bununla bitmir ha, Nağdəli bəy, hazırlaş bir- iki günə kimi sizdə olacağam, nə çətinliyin varca de, çəkinmə, deyib yavaş- yavaş həyətə düşməyə başladı.
    Nağdəli:
  • Baba, niyə belə tez axı?
    -Darıxma, oğul, darıxma, o qədər gəlib gedəcəyəm ki, axırda özünüz əlimdən bezəcəksiniz deyib, Bəkir paşa faytona mindi.
    Sona xanım bağlamanı açanda bağlamada bir cüt qızıl bilərzik və bir ədəd üst hissəsi qızıldan hazırlanmış “Müqəddəs Quranı Kərim” kitabını gördü.
    Kitabın üst hissəsində bu sözlər həkk olunmuşu: “Qiyamətə qədər qoruyun”.
    Bilərziklərin hər birinə isə bu sözlər həkk olunmuşdu: Hamza , Hasan.
    Artıq Sona xanıma tam məlum oldu ki, bu qoca dərvişin dediyi hədiyyələrdi. Bilərziklər oğlanlarına, Müqəddəs kitab isə qızına çatmalıdı.
    Ancaq bu sirri Sona xanım heç kimə açmadı.
    Hər iki ailədə toya hazırlıq işləri başlandı.

Random poem

More by this author

Poems by other poets