Əbdürrəhman ağaya
Məcdətli Dusti-mehriban Əbdürrəhman ağa cənabları, iqbalınız daimi olsun!
Allah şahiddir ki, sizin səadətmənd olmağınızın xəbəri həmişə məni ilaqeyrənnəhayə məsrur eləyibdir. Xüsusən bu ovqat Hacı molla Məhəmməd əfəndi sizin tərəqqiyatınızı təqrir edib, ziyadə xatirimin fərəhinə bais oldu. Lihaza bu fürsəti qənimət bilib həmvətənliyimizi yad və qədimi dostluğumuzu təcdidinə iqdam edirəm. Keçən sənənin cəmadiyəl-əvvəl ayında, yəni məsihiyyə tarixinin dekabr ayında sənə 1857-də sərkar şərafətmədar canişini-Qafqazın icazəti ilə onun vəziri cənab general Kruzenştern dövləti-behiyyəyi-Rusiyyənin İstanbulda müqim olan vəziri-muxtarı cənab general Butenova mənim əlsineyiislamiyyənin təhsili üçün təlif etdiyim əlifbanı tərsil edibdir ki, övliyayidövləti-Osmaniyyənin mülahizəsinə məruz etsin. Çün o vəqtdən bu zamana qədər əlifbayi-məzkurun xüsusunda heç bir xəbər İstanbuldan mənə vüsul olmayıbdır, ona görə də nigaran qalmışam, bilmirəm ki, aya, mənim əlifbam övliyayi-dövləti-əliyyeyi-Osmaniyyənin mülahizəsinə məruz olunubdur, ya yox? Lihaza, cənabi-məcdətməabınızdan kəmali-etimad ilə təvəqqe edirəm ki, mənim xatirimin şadlığı üçün bu məktubun vüsulunda hümmət edib, hər növlə səlah görsəniz, təcəssüm və təhqiq edəsiniz ki, aya, mənim əlifbam vizarəti-dövləti-behiyyəyi- Rusiyyədən övliyayi-dövləti-əliyyənin mülahizəsinə məruz olunubdurmu və əgər məruz olunubsa, onun ərbabı-mərifət və məşvərətində mülahizə olunmasına ehtimam göstərəsiniz və bu xüsusda xəbəri-sərih və fərəhəngiz yazıb yenə Hacı molla Məhəmməd əfəndinin vəsaiti ilə mənə yazasınız. Mən sizdən həmişə razı və xoşnud olmuşam, bu dəfə dəxi gərək həmvətənliyi və qədimi dostluğu mənzur edib məni özünüzdən xoşhal edəsiniz və sizin ittilaınız üçün əlifba kitabçasının dibaçəsi və əşkali-hüruf və xətti-cədidə yazılan bir qitə bu məktubun zimnində infaz olunur. Əgər padşahani-islam bu xətti-cədidin intişarına ehtimam göstərsələr, hər ayinə külli-firqeyi-islam nikbəxt olacaqdır. Məlum ola ki, bu əlifbanın kitabçasından bir cild dövləti-əliyyeyi-İrana və beş cild Firəngistanın mümtaz dövlətlərinə ki, onlar da mədrəseyi-əlsineyiislamiyə məmurdur, irsal olunubdur. Baqi cavabınıza müntəzir qalıram.
Yazıldı məhərrəmülhəramın axırında,
Tiflisdə dostunuz kapitan Mirzə Fətəli
Axundzadə tərəfindən.
İstanbulda
Məcdətli və nəcdətli dusti-mükərrəm
Əbdürrəhman ağa cənablarına vasil ola.
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-ebdurrehman-agaya
Use ← → keys to move, R for a random poem
More by this author
Rəştdə Fransa dövlətinin baş konsulu müsyö Nikolaiyə**24 fevral 1874-cü il*
Nikolaiyə1874-cü il 24 fevralda Tehrana müsyö Nikolai cənablarına yazılmış məktubun surəti**Əziz və əzəmətli dostum müsyö Nikolai!
Nikolaiyə1874-cü ilin mart ayında müsyö Nikolai cənablarına göndərəcəyim məktubun qaralaması**Əziz və əzəmətli dostum müsyö Nikolai, Allah səadətinizi daimi etsin!
Mirzə Məhəmmədrəfi Sədrül-üləmayəCənab müstətab, qüdsi əlqab ağa Mirzə Məhəmmədrəfi Sədrül-üləmaya çoxlu salam yetirirəm Allah onu səlamət eləsin!**Ağa! Əziz ağam Mirzə Əsədulla xanın xahişi ilə, onun vasitəsilə özümün türkcə “Təmsilat”ımdan bir cild yadigar olaraq cənabınıza hədiyyə göndərdim və bununla da təsadüfən istifadə edərək, sizinlə tanışlıq və dostluğun əsasını qoyub, birinci məktubumu islam dillərində yazmağı, oxumağı və çap işini asanlaşdırmaq üçün yeni əlifbanı qəbul etmək zərurəti barədə yazıram.