Page 2 of 11 · 9%

Malik atəşdən bir zərf götürür qan və irinlə dolu, aparır onların qabağına, hərarətindən üzlərinin dərisi və əti tökülür.

Cəhənnəm əhlini ki, qızğın daşların üstündə qərar tutarlar, başlarında dimağları qazan içində su kimi cuşə gələr. Günahkarların dərisi və əti və damarları və sümükləri tamam yanar, tökülər. Genə Allah bu ə’zanı yaradar və atəş genə başlar tə’sir etməyə və cəhənnəmin atəşindən şərarələr qalxar dəvələr böyüklüyündə və hər kəsi ki, o şərarələrin içinə atarlar, onu xurd-xurd edib sürmə kimi narın əzər. Sonra genə həqq-təala onu əvvəlki halına salar. Və günahkarların təamı həmişə zəqqumdandır və həmişə onların başlarına dəmir gürzlər çırpırlar və məlaikeyi-ğulaz və şidad oları işkəncəyə çəkərlər və oları zəncirə bağlarlar və hərgiz onların əzabı təxfif tapmaz və olara üzləri üstə atəşin üstündən sürürlər. Olar yalvararlar, qəbul olunmaz və hərgiz oların əzabı təxfif tapmaz və olara hərgiz rəhm olunmaz. Və cəhənnəmin on doqquz xazini var ki, gözləri ildırım kimi bərq vurar. Cəhənnəm əhli fəryad çəkərlər ki: “Ey xazinlər, bir gün bizə əzabdan nəcat verin!” Xazinlər deyərlər ki: “Aya, sizə peyğəmbərlər gəlmədilər?”. Cavab verirlər ki: “Gəldilər, biz oları təkzib etdik”. Pəs xazinlər deyərlər ki: “Sizin istiğasəniz sizə fayda verməz, atəşdə daimi qalacaqsınız, nəcatdan naümid olun!”.

Mərg cəhənnəm əhlinə üz verməz ki, ölüb əzabdan xilas olalar. Cəhənnəm günlərinin birisinin tulu dünya günlərinin min ilinə bəra-bərdir. Cəhənnəm əhli fəryad və istiğasə və nalə edər ki: “Ey pərvərdigar, bizi cəhənnəmdən çıxar, ta ki, şayistə əməl edək”. Xitab yetişər ki: “Aya, sizə dünyada ömür verməmişdim ki, mütəzəkkir olasınız və aqibətinizi fikir edəsiniz və göndərmədimmi sizin tərəfinizə peyğəmbəri-nəzir, yə’ni qorxudan? İndi çəkin bu əzabı ki, sizə rəhm yoxdur”.

Cəhənnəmin övsafını axund Molla Sadıq dəxi ziyadə təqrir etdi. Mərhum axund Molla Məhəmməd Baqir Məclisi vaqiən insaniyyət göstərib, cəhənnəm xüsusunda şərhi-kəşşaf yazmış imiş. Amma hamısını yazmağa mənim təvanam yoxdur. Bu qədərə iktifa etdim.

Ey Cəlalüddövlə, bir xəyal elə ki, cəhənnəm əhli kimdir? Yarı əql ilə, yarı şəriət dilincə və dəlilincə səninlə danışacağam. Sırf əqliyyə dəlaili sonra eşidərsən.

Hələ qülaq as, üsulid-dinin bir əsli ədalətdir, yə’ni müsəlman olan kəs gərək xaliqi adil bilsin. Xaliq məni yaradıbdır.

Ey Cəlalüddövlə, bir para mütəəxxirini-üləmanın bimə’na əqvalını qoy kənara ki, guya mənim qabiliyyətim şəqavəti təqaza edibdir, yainki mən əvvəli-xilqətdə özüm təklifi rədd etmişəm və cəhənnəmə səzavar olmağa özüm səbəb olmuşam. Ondan ötrü ki, əvvəli-xilqətdə mənə təklif edəndə, əgər behişti və cəhənnəmi mənim qabağıma çəkib təklif ediblər və mən rədd etmişəm, onda mən gərək divanə olam və divanəyə bazxast etmək aqil tərəfindən nə şayistədir? Və əgər behişti və cəhənnəmi mənə göstərməmiş təklif ediblər, pəs mükəllif gərək dünyada dəxi zəhmət çəkib mənə bəşir və nəzir göndərməsin; zira ki, mən əvvəli-xilqətdə bəşarətsiz və nüzzarsız bir yol təklifi rədd etmişəm, dəxi dünyada bəşir və nəzir göndərməyin hasili yoxdur və təklifi qəbul edənlərə dəxi bəşir və nəzir göndərməyin heç lüzumu yoxdur. Ondan ötrü ki, olar onsuz da təklifi qəbul edibdirlər.

Xülasə, ey Cəlalüddövlə, bir belə cəfəng əqidə – əgər dürüst təəqqül edəsən, – heç miləldə tapılmaz; bəhər surət...

Xaliq məni yaradıbdır. Bərfərz dünyada mənə yüz il ömr veribdir. Hamıya mə’lumdur ki, bu yüz il nə qərar ilə keçir. Nə qədər sahibidövlət, nə qədər sahibi-qüdrət olsam da, genə alam və əsqamdan və hümumü ğümumdan azad olmayacağam. Bərfərz ki, bu yüz ildə mən hər gün qətli-nəfsə mürtəkib olmuşam və hər gün xaliqə şərik qərar vermişəm və bundan başqa ənvavü əqsam zünuba iqdam etmişəm və ölmüşəm. Ədalətin təqazası budur ki, xaliqi-adil məni cürmümün cəzasında müstəhəqqi-üqubət etsin. Mən razıyam ki, yüz ilin əvəzinə sahibi-ədalət xaliq məni yüz il, bəlkə iki yüz il, bəlkə üç yüz il, bəlkə dörd yüz il, bəlkə beş yüz il, bəlkə min il cəhənnəmdə yandırsın. Bundan ziyadə məni yandırmağa xaliqin, ədalət mucibincə, haqqı varmı? Xaliq dünya həyatından nə çox ziyadə ne’mətlər mənə kəramət edibdir ki, bu növ üqubətə məni giriftar edə və cəhənnəmdə ətim-əndamım çürüyə, tökülə, sümüklərim əzilə, sürməyə dönə, genə mənim yaxamdan əl çəkməyə; təzədən mənə ət və sümük verə, başlaya genə əzab verməyə ila zəmani-namütənahi. Aya, dünyanın yüz ilinin ləzzəti cəhənnəmin bir gününün əzabına bərabər olurmu? Çünki cəhənnəmin bir günü dünyanın min ilinə müsavidir, bavücudi ki, bu xaliqi sən gərək ərhəmərrahimin və mə’dəni-kərəm və mənbəi-rəhmət biləsən; bir belə cəhənnəm sahibi xaliq və bir belə müntəqim xaliq mirğəzəbdən və cəlladdan və qəssabdan və hər qisim züllamdan bədtərdir. Əgər xaliq mənim ilə belə rəftar edəcəkdi, niyə məni yaratdı? Mən haçan ondan həyat istədim? Əgər aqibətim belə ola, zəhrimar olsun onun yüz il dünya həyatı, hərçənd müttəsil ne’mət və fərəhlə olsa da. Əgər cəhənnəm doğrudur, xaliqi-rəhim və adil, nəzərdə bir vücudinaməhbub, bir vücudi-məkruh və zalim görünür və əgər yalandır, bəs ey vazilər və ey alimlər və ey şarlatanlar, niyə biçarə avamı pərvərdigari-aləmin niəmatından məhrum edirsiniz? Niyə onun eyşini təlx eləyirsiniz? Niyə onu cəhənnəm qorxusu ilə qoymursunuz sair miləl ilə mülaqat edə və ülum və sənaye öyrənə? Dünya gör-götür düynyasıdır, siz bu biçarə avamı bu növ pərpuçat ilə qoymursunuz niəmatiilahidən bərxurdar olmağa.

Nəğəmat çalma, haramdır; nəğəmata qulaq asma, haramdır; nəğəmat öyrənmə, haramdır; teatr, yə’ni tamaşaxana qayırma, haramdır; teatra getmə, haramdır; rəqs etmə, məkruhdur; rəqsə tamaşa etmə, məkruhdur; saz çalma, haramdır; saza qulaq asma, haramdır; şətrənc oynama, haramdır; nərd oynama, haramdır [rəsm çəkmə, haramdır; evdə heykəl saxlama, haramdır]. Bavücudi ki, bu şeylər zahirən əməli-səbük görünür isə də, amma xəbərdar deyilsiniz ki, e’tidal üzrə olduqda, zehnə cila verir və əqli cövhərləndirir; çünki insanın təbiəti fərəh və hüzn ilə məxluqdur və hər bir cənbənin qüvası var; əgər o qüvalar işlənməsələr, künd olurlar; necə ki, qolu bir il tərpətməyəsən, quruyur. Pəs vəsaili-fərəhü sürurdan kənarəcu olmaq həvassı məəttəl edər və əqli paslandırır və əgər e’tidal üzrə olmasa, yə’ni fərəh və sürurun qüvasını işlətməkdə ifrat olunsa, qüvalar təhlilə gedər. Siz gərək elmi-təbiətdən xəbərdar olasınız ki, bu işarənin həqiqətini fəhm edə biləsiniz. Əgər bu ləzayizin hirmanı dünyada tərəqqiyə bais olsaydı, zahid gərək idi ə’qəli-nas olaydı. Bavücudi ki, kövdəni-nasdır və əbləhi-zəmanədir. Ancaq şürbi-müskiratı mən’ edin ki, filvaqe’ islamda müskiratın hörməti bimisl qanundur; zira ki, bədən müskiratdan, e’tidaldan təcavüz olunduqda, bişübhə, əmrazi-müxtəlifəyə

+

mübtəla olur və axırda bilkülliyyə izmehlal tapır. Ancaq qumarı mən’ edin ki, dünyada insanın ömrünü biməsrəf və ləzzətini zəhrimara döndərən bir adət, bəlkə bir mərəzi-laəlacdır.

Bir para kutəhnəzər əşxas e’tiqad edir ki, cəhənnəm qorxusu cəraimin ədəmi-süduruna baisdir. Aya, hansı müsəlmandır ki, yalqız cəhənnəm qorxusundan xalqın malını, əlinə düşəndə yeməyə, tüksüz uşaq əlinə düşəndə dəyməyə? Özgənin qızına və arvadına fürsət tapsa əl vurmaya?

*Tamam oğrular, quldurlar və qatillər əvamünnasdan və cəhənnəmə inanan kəslərdən zühur edər. Heç ürəfadan oğru, ya quldur, ya qatil görübsənmi? Afriqiyyədə cinsi-bəşərdən ətfali-xurdsali-zükuru tutub, eyni qəsavəti-qəlb ilə xacə edib məmaliki-islamiyyədə heyvanat kimi satanlar və oları iştira edənlər, tamam cəhənnəmə e’tiqad edənlərdirlər və bu ətfali-mə’sumənin bədbəxt olmaqlarına səbəb üqəla müsəlmanlardan olan müştərilərdirlər ki, həcc mövsimində və sair məqamlarda onların iştirasına talib olurlar. Əgər iştira olmasa, baye’lər nə fayda mənzur edəcəklər ki, bir belə əməli-şəniə iqdam etsinlər?

Pəs * cəraimin ədəmi-süduruna bais cəhənnəm deyil, bəlkə xövfisiyasəti-dünyəviyyədir və sərzənişi-əmsal və əqrandır və namus və qeyrət və əql və elmdir və həm təbiəti-bəşəriyyətdə vədiə olunan bir qüvvə və bir xasiyyətdir ki, əməli-xeyr ilə əməli-şərrə və əməlihəsən ilə əməli-səyyiə təşxis vermək üçün və əməli-xeyrdən məhzuz və əməli-şərrdən münzəcir olmaq üçün insanı qabil edər. Məsələn, bir tifli-yetimi-bisahibi-miskinə rəhm etməyi hər təbiət anlar ki, əməlixeyrü həsəndir və həzz aparır və bir tifli-yetimi və bisahibi-miskini vurmağı hər təbiət fəhm edər ki, əməli-şərr və səyyiədir və zəcr tapar və habelə sair cəraim xüsusunda dəxi təbiətin özü də rəhnümadır. Pəs hər qədri ki, elm ilə insanın əqlinin cövhərinə seyqəl verilsə, elm ilə və həm təbiətin köməyi ilə, o qədər məasidən özünü kənara tutar. Məəhaza qanuni-siyasət də gərək nəzərdə olunsun. Amma nə o qanuni-siyasət ki, zimnində qətli-nüfus və qət’i-ə’za ola, bəlkə o növ qanuni-siyasət ki, dövəli-müəzzəmədə mə’mul olur. Və illa puç e’tiqadat, cəhənnəm qorxusu və behişt ümidi hərgiz cəraimin süduruna mane deyil və cəhənnəm və behişti pakdamənliyə səbəb bilmək, zənnixətadır. Bəli, zahirən, bir para əşxas belə xəyal edirlər ki, olar filvaqe cəhənnəm qorxusundan və behişt ümidindən pərhizkardırlar. Amma iştibahdadırlar. Əgərçi onların özlərinə belə zahir olur, cəhənnəm qorxusunun və behişt ümidinin zahirdə filcümlə dəxli var isə də, batində başqa barik səbəblər dəxi bu halətə müqəvvidir ki, şəxs özü oları dərk edə bilmir. Əzqəbili-əğrazi-nəfsaniyyə – üləmanın nəzərində möhtərəm olmaq kimi, avamdan izzət və e’tibar mənzur etmək kimi və sair bu misilli zadlar kimi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Köhnə islam əlifbasını dəyişdirmək barədə kolonel Mirzə Fətəli Axundzadənin keçən il əlahəzrət İran şahənşahının maarif nazirliyinə göndərdiyi izahatın surəti

NAZİRLİYİNƏ GÖNDƏRDİYİ İZAHATIN SURƏTİ*Köhnə islam əlifbasında qüsurlar mövcud olduğuna görə, mən həmin köhnə əlifba əsasında, nöqtələrin tamamilə atılması və saitlərin samit hərflərin yanında yazılmasını tə’min edən yeni bir əlifba ixtira edərək, hicri 1280-ci (1863-cü) ildə səadət evi İstanbula getdim və onu yüksək Osmanlı dövləti başçılarının nəzərinə təqdim edib, köhnə islam yazı üsulunun dəyişdirilməsinin faydalarını onlara ərz və izah etdim.

20 min
Mirzə Yusif xana

Əzəmətli ağam Mirzə Yusif xan, Allah səadətinizi artıq eləsin!Ramazan ayının 6-sı tarixli məktubunuz yetişdi və min cür sevinc və şadlığıma səbəb oldu.

6 min
İran dövlətinin Tiflisdəki sabiq konsulu Mirzə Yusif xan cənablarına

Əziz məktubunuz yetişdi. Əhvalınızdan xəbər tutub, şad və xoşhal oldum. Yeni vəzifənizi təbrik edirəm. Doğrudan da təbrikəlayiq vəzifədir. Arzunuza çatdınız, istədiyiniz iş, yə’ni qanunlar tərtib etmək sizə qismət oldu. Tiflisdə mənim və cənab Şeyxül-islamın oxuyub həzz aldığımız və üzünü köçürtdüyümüz risalənin tərtibində çəkdiyiniz zəhmət də hədər getmədi. İndi belə bir şərait yaranmışdır ki, bütün fikirlərinizi imkandan həqiqətə tətbiq edə bilərsiniz.İndi mən və cənab Şeyxül-islam sizə belə məsləhət görürük ki, bütün İran ərazisində məhkəmə işlərini tamamilə ruhanilərin əlindən alaraq, Ədliyyə Nazirliyinə tapşırasınız ki, bundan sonra ruhanilər bir daha məhkəmə işlərinə qarışa bilməsinlər. Qoy onlar da Avropa ruhaniləri kimi təkcə namaz, oruc, moizə, peşnamazlıq, kəbin-talaq, ölülərin dəfni və sair bu kimi dini məsələlərlə məşğul olsunlar...

4 min
İkinci ayrıca məktub

Əzəmətli ağam!Sizə bildirirəm ki, cənab Şeyxül-islamın sə’yi nəticəsində, nəhayət, İbn-Xəldunun ərəb dilində olan “Tarix” kitabını İstanbuldan gətirtdik. Onun birinci fəslindən alınan iki parça “Mə’lum əsərin” (“Kəmalüddövlə məktubları”nın. – mütərcim) mətləblərinə haşiyə kimi əlavə edilməlidir. Haman parçaların üzünü köçürüb göndərirəm. Bu iki qeyddən başqa üçüncü bir qeyd də göndərirəm ki, “Mə’lum əsərin” nüsxəsinə yazılmalıdır. Birinci qeydin işarəsi – Firdövsinin:

1 min

Poems by other poets