Mirzə Yusif xana
Əzəmətli ağam Mirzə Yusif xan, Allah səadətinizi artıq eləsin!
Ramazan ayının 6-sı tarixli məktubunuz yetişdi və min cür sevinc və şadlığıma səbəb oldu.
Birinci – Əli xan barədə sizə yazıram ki, sə’y və təlaşda olasınız ki, o, tezliklə xarici ölkələrdən birində səfir olsun! Əgər belə bir vəzifə onun əlinə keçərsə, mən zamin oluram ki, sizin evin kirayəsi hər üç il üçün əyər-əskiksiz sizə çatacaqdır. Əgər xaricdə belə bir vəzifə olmazsa, çalışın ki, o, İran vilayətlərindən birində hakim olsun. O zaman yenə də sizin pulunuz vüsul olacaq və siz öz haqqınıza çatacaqsınız. Buna heç bir şübhə ola bilməz. Lakin Əli xanın özü bu iki vəzifədən hər hansında olursa olsun, işdən çıxarkən yenə də çoxlu borca tutulacaqdır. Buna da heç bir şübhə ola bilməz. Fərqi ancaq bundadır ki, o zaman tələbkar siz deyil, başqa adamlar olacaqdır.
İkinci – şə’niyüksək dostumuzdan son dərəcədə razıyam və ona çox təşəkkür edirəm ki, mənim komediyalarımın tərcüməsinə əmr vermişdir.
Qismət olarsa, komediyalar çapdan çıxandan sonra 3-4 nüsxə mənim üçün hədiyyə göndəriniz və əziz mütərcimə deyiniz ki, “Sərab xanının hekayəti”ni hər yerdə “Lənkəran xanının hekayəti” yazsın. Çünki mənim xəbərim olmadan, mətbəədə Lənkəran sözünü Sərab sözü ilə əvəz etmişlər. Sərab səhvdir, Lənkəran yazılmalıdır. Çünki Sərabın yanında dəniz yoxdur.
Üçüncü – sizin məktubunuzu Hacı Mehdiyə çatdırdım. Özüm də həmin tədbirlərlə məsləhət gördüm ki, sizin mülkünüzü ya xalisə kəndləri ilə dəyişdirsin, ya da adi sövdələşmək yolu ilə alsın. Bunu Mirzə Əsədulla xana da sübut etdim. Tam razılıq və şövq ilə söz verdi ki, bir aydan sonra, yə’ni ə’lahətzər padşah və xarici işlər naziri Tehrana qayıtdıqdan sonra, o barədə, yə’ni həmin dəlillər əsasında haqqında danışdığımız evin satın alınmasının zəruri olması barədə, öz tərəfindən məktubla vasitəçilik edəcəkdir.
Dördüncü – bizim sirrimizdən xəbərdar olan fars dostlardan birinin, Bombeydə 1714, 7301 çap etməyi öhdəsinə götürdüyünü yazdığınızdan çox-çox sevindim. O, cənaba deyin ki, əgər mən də yumşaq, pərdəli və mülayim yazsaydım, mənim də əsərim Mollayi-Rumi, Şeyx Mahmud Şəbüstəri, Əbdürrəhman Cami və başqa klassik filosofların əsərləri kimi olardı. Bu adamların əsərlərindən bu günə qədər bir nəticə əldə edilmişdirmi?
Belə isə, həqiqət bu ali rütbəli həzrətlərin əsərlərində işlətdikləri üslubda deyildir. Onlar filosofluğun mə’nasını çox yaxşı anlamışlar. Lakin qorxaqlıq və cəsarətsizlik üzündən fəlsəfənin mə’nasını bütün xalqa və bütün bəşəriyyətə söyləyə bilməmişlər. Bunun nəticəsindədir ki, onların əsl məqsədləri bu günə qədər kəşf edilməmiş qalmışdır. Onların əsərlərindən heç kəs fayda görə bilməmişdir. Halbuki ingilis Bokl, fransız Volter və başqa Avropa filosofları da həmin fəlsəfəni o cənablar kimi anlamışlar. Lakin cəsarətlə, qorxusuz, pərdəsiz və açıqdan-açığa onun mə’nasını özlərinin dərk etdikləri kimi, bütün insanlara, bütün xalqa başa salmışlar və bunun nəticəsində, bütün dünyada yüksək ad qazanmışlar və Avropanın bugünkü mədəniyyətinə bais olmuşlar.
Əgər 1714, 7301 nüsxələrində olduğu kimi, bir şey artırılıb-əskildilmədən, dəyişdirilib-əvəz edilmədən, pərdəsiz, açıqdan-açığa çap edilməsi mümkündürsə, edilsin. Əgər mümkün deyilsə, onları dəyişdirmək, əvəz etmək, qurutmaq, söndürmək, tə’sir və təravətdən salmaq yolu ilə çap etməyə icazə verilmir. Qoyunuz, necə ki vardır, eləcə də qalsın!
Mümkündür ki, bir müddətdən sonra bizim oğullarımızdan və nəvələrimizdən bir nəfər mə’rifət və hünər sahibi çıxar ki, kitabı yazıldığı üslubda çap edər və bütün Asiya qit’əsində bu gün zülmət və cəhalət dənizində qərq olan insanların xoşbəxtliyinə və səadətinə səbəb olar.
Hicrətdən bu günə qədər bu sərtlikdə bir əsər yazılmamışdır. Lakin bu əsər çap edildikdən sonra dünyanın hər tərəfində biri-digərinin ardınca, bundan sonra sərt əsərlər yazılacaqdır. Bu əsəri yazmaqda mənim məqsədim təkcə xalqımın mədəniləşdirilməsi deyildir. Həm də mən təfəkkür sahiblərinin yolunu açmaq, filosoflarımızın, alimlərimizin 1287 il əsarətdə və zindanda olan fikrini azad etmək, insanları korluqdan qurtarmaq istəyirəm.
Əgər bir insan 60 və ya 70 il heyvan kimi kor-koranə yaşayıb bu dünyadan kor gedərsə, belə bir həyatın insan üçün nə ləzzəti vardır? Ümid edirəm ki, mənim sözümə qulaq asacaqsınız, mənim zövqümə və mənim fikrimin sağlamlığına inanacaqsınız və razı olmayacaqsınız ki, bə’zi puç mülahizələrə görə, əsər öz orijinallığını və kəsərini itirsin.
Çap edəcəyiniz nüsxədə siz, Tiflisdən keçərkən Əla-Zikrihissəlamın hekayəsi haqqında sizin nüsxələrdən birinə ilhaq etdiyim qeydi də əlavə etməyi unutmayınız!
Beşinci – bizim şə’niyüksək dostumuz Manukçi Sahib adlı dünyagörmüş qoca bir şəxsi mənə nişan vermişdir. O, mədəni bir şəxsdir. Zərdüştilərin rəhbəridir. Yəqin ki, onu Tehranda görəcəksiniz. Ona deyiniz ki, Mirzə Fətəli sizə salam söyləyib və uzaqdan-uzağa sizə məhəbbət bəsləyir. Əgər bu şəxsin farsca savadı varsa, 1714, 7301 nüsxəni ona göstəriniz! Əgər o, əsəri Kücəratda çap etdirmək fikrində olarsa, icazə veriniz!
Altıncı – Ruhül-qüdsün əlifbanı dəyişdirməyin lazım olmasına dair yazdığı kitabçasını münasib gördüyünüz və mümkün hesab etdiyiniz hər bir kəsə veriniz oxusun. Kitabçanın məzmunu və əqidəsi haqqında oxucuların və dinləyicilərin fikrini zəhmət çəkib bizim üçün yazınız ki, mənim və cənab Şeyxül-islamın arasında müzakirə və əyləncə vasitəsi olacaqdır.
Lakin sizə bildirirəm ki, mən Ruhül-qüdsün kitabçasını oxuduqdan sonra bitişməz və fasiləli yazılan hərflərin sözlərin tərkibində bitişik yazılan hərflər üzərində üstünlüyünə inanıb qəbul etmişəm. Bu şərtlə ki, bizim yazımız da xaçpərəstlərin yazısı kimi soldan-sağa yazılsın və oxunsun.
Şə’niyüksək dostumuza yazmışam ki, Ruhül-qüdsün həmin kitabçasını oxuyaraq, əlifbanın dəyişdirilməsi haqqında öz fikir və əqidəsini mənə yazsın.
Yeddinci – uzaqdan məni yad edib, mənə məhəbbət bəsləyən tehranlı dostlarımdan hər birinə ayrı-ayrılıqda mənim dilimdən salam yetirib deyiniz ki: Mirzə Fətəli sizin hər birinizdən xahiş etmiş ki, öz adını, ləqəbini, rütbəsini və işini şairlərin əsərlərindən alınmış bir-iki münasib şe’r ilə bərabər öz xətti ilə yazıb mənə versin ki, Mirzəyə göndərim ki, o da yadigar olaraq, dostlarının siyahısı olan dəftərə qeyd etsin.
Səkkizinci – sizin salamınızı Şeyxül-islama çatdırdım. Şeyxülislam sizi o qədər sevir ki, adınızı eşidən kimi az qaldı sevincindən uçsun. Çox arzu edir ki, siz bir qədər yaxına gələsiniz. Yə’ni Təbrizə nayibül-vəzarə vəzifəsinə tə’yin olunasınız.
Doqquzuncu – Rəşid paşa sizə salam yetirir və əlinizi öpür. Bu il yeddinci sinfə keçdi. Hazırda yeddinci sinfin şagirdidir. Bir ildən sonra o, gimnaziyanı bitirəcəkdir. Ondan sonra, sağlıq olarsa, islam dillərini öyrənmək işini təkmilləşdirməyə başlayacaqdır. Öz məktublarınızda gözümün işığı olan Hüseyn xana mənim və Rəşid paşanın dilindən salam yazın! Allah mənim və sənin övladımız olan bu iki qardaşı xoşbəxt edib, uzun illər yaşatsın! Rəşid Boklun, Renanın əsərlərini oxumuş, fəlsəfəni məndən az bilmir. Fizikanı və təbiətşünaslığı məndən yaxşı anlayır. Bu məsələlər haqqında mənimlə həmişə mübahisəyə girişir, dəlillər və sübutlar gətirir. Lakin bu il ramazan ayını başdan-başa bütün şərtləri və əməlləri yerinə yetirməklə oruc tutdu. Deyirdi ki, mən istəyirəm hamı məni təmiz müsəlman və xalis şiə kimi tanısın. Mən də mane olmurdum. Bu da bir rəftardır. Ramazan ayında hər gecə namaz qılır, dua oxuyur, lakin çox gözəl tar da çalırdı, musiqi elminə çox həvəsi vardır. Hal-hazırda tarı çox gözəl çalır.
Bu məktubumun sənə çatması haqqında məni xəbərdar etməyini xahiş edirəm.
Sənin səmimi dostun Mirzə Fətəli Axundzadə
tərəfindən yazıldı.
17 dekabr 1870-ci il, Tiflis şəhəri
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-mirze-yusif-xana
Use ← → keys to move, R for a random poem
More by this author
Gözümün işığı Mirzə Mustafa, Allah ömrünüzü uzun eləsin!Cəmadiəssaninin 29-da yazılmış əziz məktubunuz yetişdi və hədsiz sevincimə səbəb oldu. Sizin əhvalınızdan xəbər tutduğumdan çox şad oldum. Mənim şəklimi istəmişdiniz, həmin məktubun içərisində göndərirəm.
A.P.Berjeyə21 oktyabr 1876, Tiflis*Pərəstiş etdiyim Adolf Petroviç!
Həsən bəyəBizim əzizimiz və gözümüzün işığı Həsən bəy!**Sən hər qəzetində biz müsəlman tayfasına elmin fəzilətini və səməratını zikr edib, bizə hey təklif edirsən elm öyrənin, elm öyrənin!.. Çox yaxşı, sözün baməna və nəsihətin mufid və xeyirxahlığın sabit. İndi biz hazırıq ki, sənin nəsihətini əmələ gətirək. Bizə de görək, elmi harada öyrənək və kimdən öyrənək və hansı dildə öyrənək? Əgər şəhərlərdə öyrənək, şəhərlərdə məktəbxanalar yoxdur. Əgər külli-şəhər xalqı padşahlıq məktəbxanalarda oxusalar, yer tapılmaz. Deyəcəksən ki, özümüz şəhərlərdə məktəbxanalar bina edək. Çox yaxşı. Hansı istitaətlə? Bərfərz ki, etdik, müəllimləri haradan alaq? Türki və farsi və ərəbi dillərində bilən müəllimlər yoxdur və bu dillərdə elm kitabları yoxdur. Pəs necə edək? Deyəcəksən ki, rus dilində oxuyun, öyrənin! Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Aya, ünas və kənd əhlimiz necə etsinlər? Kəndlərdə də məktəbxanalar açaq və müəllim gətirək, ya yox? Əgər deyirsən açın, insaf elə, hansı istitaət ilə və hansı qüdrət ilə? Dövləti-qəviyyəyi-Rusiyyə bu istitaət və qüdrət ilə hələ kəndlərdə məktəbxanalar bina etməyibdir. Biz füqəra necə edək? Əgər deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər xalqı elm öyrənsin, onda sənin muradın əmələ gəlməz. Bir gül ilə bahar olmaz. Şəhər xalqı kənd əhlinə nisbət qətrədir dəryaya nisbət. Elmin mənfəəti o surətdə zahirdir ki, kafeyi-nas, prus xalqı kibi və Yengidünya xalqı kibi, ünasən və zükurən elmdən bəhrəyab ola. Pəs bica yerə bizə tənə etmə. Əl çək bizim yaxamızdan! Buna ancaq şakir ol ki, dövləti-Rusiyyənin təhtihimayətində keçən zəmanələrin qoşunkeşliyindən və çapqınından azad olub, asayiş tapmışıq və zindəganlıqdan razıyıq. Elm öyrənməyə istitaət gərək, ittifaq gərək, vəsilə gərək. Əvvəla, istitaətimiz yoxdur, səbəbini izhar etməyə cürət yoxdur. İttifaqımız da yoxdur. Qafqaz səfhəsində sakin olan müsəlmanların yarısı şiədir, yarısı sünni. Şiələrin sünnilərdən zəhləsi gedir, sünnilərin şiələrdən. Heç biri bir-birinin sözünə baxmaz, ittifaq haradan olsun? Vəsiləmiz dəxi yoxdur. Ondan ötrü ki, türki və farsi və ərəb dillərində on beş ilin müddətinədək ancaq bir yarımçıq savad kəsb etməyə qadirik. Əgər müttəsil oxusaq, aya, bu dillərdə elmi necə öyrənək? Sənin sözünə qoy osmanlılar və qızılbaşlar baxsınlar. Pəs olar niyə elmsizdirlər? Külli-Ərəbistan bisavaddır. Ərəblər ya dilənçilik, ya çəpovulçuluq edirlər. Külli-Anatoliya bisavaddır, külli- İran bisavaddır. Ancaq İstanbulda və Tehranda və Təbrizdə beş-altı nəfər yazan və oxuyan tapılır. Səbəb odur ki, müsəlman dillərində oxumaq çətindir. Bir də şikayət edirsən ki, sənin qəzetini alan yoxdur. Sözün çox hesabi. Kim alsın? Vəqta ki, şəhərlərdə və kəndlərdə və obalarda xanzadəmiz, bəyzadəmiz, sövdəgərzadəmiz, əkinçilərimiz, sərkarlarımız, çobanlarımız oxumaq və yazmaq bilmirlər, ünas əhli hakəza, qəzetəni alıb neyləsinlər? Cırsınlar və tollasınlar? Külli-İrəvan quberniyasının xalqı türki oxumaq bilmir. Talan yerlərdə ki, bir paraları filcümlə oxumaq, yazmaq bilirlər, alıblar. Dəxi nə istəyirsən? Sənin muradın o vaxtda kamilən yetər ki, bizim hətta çobanlarımız da Prus çobanları kibi oxumaq, yazmaq bilələr və ünas tayfamız da oxumaq bilə.
Aleksandr QriqoryeviçəMərhəmətli Cənab Aleksandr Qriqoryeviç!Böyük hörmət bəslədiyim İran şahzadəsi Rzaqulu Mirzə sizin nəcib sifətləriniz və yüksək mərifətiniz haqqında mənə çox şey söyləmişdir. Bunun nəticəsində, mən qiyabi olaraq sizə səmimi bir məhəbbət və dərin hörmət bəsləyərək, aşağıdakı xahişimlə sizə müraciət etməyi özümə rəva görürəm.
Poems by other poets
Dilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
MəniQəza qırdı şikarımı tüyürdən,Qədər mindiribdi yad ələ məni.
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər