Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy!

Sən hər qəzetində biz müsəlman tayfasına elmin fəzilətini və səməratını zikr edib, bizə hey təklif edirsən elm öyrənin, elm öyrənin!.. Çox yaxşı, sözün baməna və nəsihətin mufid və xeyirxahlığın sabit. İndi biz hazırıq ki, sənin nəsihətini əmələ gətirək. Bizə de görək, elmi harada öyrənək və kimdən öyrənək və hansı dildə öyrənək? Əgər şəhərlərdə öyrənək, şəhərlərdə məktəbxanalar yoxdur. Əgər külli-şəhər xalqı padşahlıq məktəbxanalarda oxusalar, yer tapılmaz. Deyəcəksən ki, özümüz şəhərlərdə məktəbxanalar bina edək. Çox yaxşı. Hansı istitaətlə? Bərfərz ki, etdik, müəllimləri haradan alaq? Türki və farsi və ərəbi dillərində bilən müəllimlər yoxdur və bu dillərdə elm kitabları yoxdur. Pəs necə edək? Deyəcəksən ki, rus dilində oxuyun, öyrənin! Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Aya, ünas və kənd əhlimiz necə etsinlər? Kəndlərdə də məktəbxanalar açaq və müəllim gətirək, ya yox? Əgər deyirsən açın, insaf elə, hansı istitaət ilə və hansı qüdrət ilə? Dövləti-qəviyyəyi-Rusiyyə bu istitaət və qüdrət ilə hələ kəndlərdə məktəbxanalar bina etməyibdir. Biz füqəra necə edək? Əgər deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər xalqı elm öyrənsin, onda sənin muradın əmələ gəlməz. Bir gül ilə bahar olmaz. Şəhər xalqı kənd əhlinə nisbət qətrədir dəryaya nisbət. Elmin mənfəəti o surətdə zahirdir ki, kafeyi-nas, prus xalqı kibi və Yengidünya xalqı kibi, ünasən və zükurən elmdən bəhrəyab ola. Pəs bica yerə bizə tənə etmə. Əl çək bizim yaxamızdan! Buna ancaq şakir ol ki, dövləti-Rusiyyənin təhtihimayətində keçən zəmanələrin qoşunkeşliyindən və çapqınından azad olub, asayiş tapmışıq və zindəganlıqdan razıyıq. Elm öyrənməyə istitaət gərək, ittifaq gərək, vəsilə gərək. Əvvəla, istitaətimiz yoxdur, səbəbini izhar etməyə cürət yoxdur. İttifaqımız da yoxdur. Qafqaz səfhəsində sakin olan müsəlmanların yarısı şiədir, yarısı sünni. Şiələrin sünnilərdən zəhləsi gedir, sünnilərin şiələrdən. Heç biri bir-birinin sözünə baxmaz, ittifaq haradan olsun? Vəsiləmiz dəxi yoxdur. Ondan ötrü ki, türki və farsi və ərəb dillərində on beş ilin müddətinədək ancaq bir yarımçıq savad kəsb etməyə qadirik. Əgər müttəsil oxusaq, aya, bu dillərdə elmi necə öyrənək? Sənin sözünə qoy osmanlılar və qızılbaşlar baxsınlar. Pəs olar niyə elmsizdirlər? Külli-Ərəbistan bisavaddır. Ərəblər ya dilənçilik, ya çəpovulçuluq edirlər. Külli-Anatoliya bisavaddır, külli- İran bisavaddır. Ancaq İstanbulda və Tehranda və Təbrizdə beş-altı nəfər yazan və oxuyan tapılır. Səbəb odur ki, müsəlman dillərində oxumaq çətindir. Bir də şikayət edirsən ki, sənin qəzetini alan yoxdur. Sözün çox hesabi. Kim alsın? Vəqta ki, şəhərlərdə və kəndlərdə və obalarda xanzadəmiz, bəyzadəmiz, sövdəgərzadəmiz, əkinçilərimiz, sərkarlarımız, çobanlarımız oxumaq və yazmaq bilmirlər, ünas əhli hakəza, qəzetəni alıb neyləsinlər? Cırsınlar və tollasınlar? Külli-İrəvan quberniyasının xalqı türki oxumaq bilmir. Talan yerlərdə ki, bir paraları filcümlə oxumaq, yazmaq bilirlər, alıblar. Dəxi nə istəyirsən? Sənin muradın o vaxtda kamilən yetər ki, bizim hətta çobanlarımız da Prus çobanları kibi oxumaq, yazmaq bilələr və ünas tayfamız da oxumaq bilə.

Təvəqqe edirəm ki, mənim bu kağızımı biduni-ziyd və nöqsan onun cavabı ilə öz qəzetəndə basasan.

Yazıldı Qafqaz səfhəsində sakin olan
milləti-islamın təqdirən vəkili-naməlum
tərəfindən

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mirzə Yusif xana

Əzəmətli ağam Mirzə Yusif xan, Allah səadətinizi artıq eləsin!Ramazan ayının 6-sı tarixli məktubunuz yetişdi və min cür sevinc və şadlığıma səbəb oldu.

6 min
İran dövlətinin Tiflisdəki sabiq konsulu Mirzə Yusif xan cənablarına

Əziz məktubunuz yetişdi. Əhvalınızdan xəbər tutub, şad və xoşhal oldum. Yeni vəzifənizi təbrik edirəm. Doğrudan da təbrikəlayiq vəzifədir. Arzunuza çatdınız, istədiyiniz iş, yə’ni qanunlar tərtib etmək sizə qismət oldu. Tiflisdə mənim və cənab Şeyxül-islamın oxuyub həzz aldığımız və üzünü köçürtdüyümüz risalənin tərtibində çəkdiyiniz zəhmət də hədər getmədi. İndi belə bir şərait yaranmışdır ki, bütün fikirlərinizi imkandan həqiqətə tətbiq edə bilərsiniz.İndi mən və cənab Şeyxül-islam sizə belə məsləhət görürük ki, bütün İran ərazisində məhkəmə işlərini tamamilə ruhanilərin əlindən alaraq, Ədliyyə Nazirliyinə tapşırasınız ki, bundan sonra ruhanilər bir daha məhkəmə işlərinə qarışa bilməsinlər. Qoy onlar da Avropa ruhaniləri kimi təkcə namaz, oruc, moizə, peşnamazlıq, kəbin-talaq, ölülərin dəfni və sair bu kimi dini məsələlərlə məşğul olsunlar...

4 min
İkinci ayrıca məktub

Əzəmətli ağam!Sizə bildirirəm ki, cənab Şeyxül-islamın sə’yi nəticəsində, nəhayət, İbn-Xəldunun ərəb dilində olan “Tarix” kitabını İstanbuldan gətirtdik. Onun birinci fəslindən alınan iki parça “Mə’lum əsərin” (“Kəmalüddövlə məktubları”nın. – mütərcim) mətləblərinə haşiyə kimi əlavə edilməlidir. Haman parçaların üzünü köçürüb göndərirəm. Bu iki qeyddən başqa üçüncü bir qeyd də göndərirəm ki, “Mə’lum əsərin” nüsxəsinə yazılmalıdır. Birinci qeydin işarəsi – Firdövsinin:

1 min
Türkcə “Təmsilat”ı tərcümə edən Tehran sakini Mirzə Məhəmməd Cəfərə

Əziz və mehriban qardaşım Mirzə Məhəmməd Cəfər, Allah ömrünüzü uzun eləsin!Şirin məktubunuz yetişdi, sonsuz sevincimə və qəlbimin şadlığına səbəb oldu.

10 min

Poems by other poets