Page 1 of 3

NAZİRLİYİNƏ GÖNDƏRDİYİ İZAHATIN SURƏTİ

Köhnə islam əlifbasında qüsurlar mövcud olduğuna görə, mən həmin köhnə əlifba əsasında, nöqtələrin tamamilə atılması və saitlərin samit hərflərin yanında yazılmasını tə’min edən yeni bir əlifba ixtira edərək, hicri 1280-ci (1863-cü) ildə səadət evi İstanbula getdim və onu yüksək Osmanlı dövləti başçılarının nəzərinə təqdim edib, köhnə islam yazı üsulunun dəyişdirilməsinin faydalarını onlara ərz və izah etdim.

Osmanlı Cəmiyyəti-elmiyyə məclisinin üzvləri mənim yeni əlifba layihəmi nəzərdən keçirib, bəyanatımı insafla təsdiq edərək, köhnə yazı üsulunu dəyişdirməyin faydalı bir iş olduğunu e’tiraf etdilər və şəriət nöqteyi-nəzərindən də onu dəyişdirmək işinə heç bir maneə tapmadılar. Yalnız bir məsələdə çətinlik olduğunu qeyd etdilər ki, sözlərin tərkibində hərflərin bitişikliyi mənim əlifbamda da saxlanıldığına görə çap işində olan çətinliyi aradan qaldırmır. Onlar dedilər ki: “Bizim zəmanəmizdə çap işi millət üçün zəruri olan ən mühüm məsələlərdəndir. Əgər əlifbanı dəyişdirmək lazımsa, bu dəyişiklik elə icra edilməlidir ki, onun nəticəsində çap işinin asanlaşmasına da nail olaq”.

Bu mülahizəyə görə də mənim düşündüyüm vəziyyətdə köhnə yazı üsulunu dəyişdirmək Osmanlı Cəmiyyəti-elmiyyə məclisinin üzvlərinin xoşuna gəlmədi. Onlar xahiş etdilər ki, çap işinin asanlaşdırılması məqsədi ilə bizim sözlərimiz də bitişməyən hərflərdən tərtib olunsun, bütün nöqtələr atılsın və saitlərin hamısı samit hərflər sırasına daxil edilsin.

Doğrudan da Osmanlı Cəmiyyəti-elmiyyəsindəki alimlərin fikri mə’nalı və ağlabatan idi. Ona görə ki, hərflərin biri digərinə bitişməsi üzündən, hər üç dildə, yə’ni ərəbcə, farsca və türkcə yazdığımız zaman əlifbamızdakı 32 samit hərfdən hər birisinin dörd şəkli olmalıdır: başda gələn şəkil, ortada gələn şəkil, axırda gələn şəkil və ayrıca yazılan şəkil. Necə ki, aşağıdakı sözlərin yazılışından aydın olur. Məsələn, istəyirik (əbd) yazaq. (ayn) hərfi bu sözün əvvəlindədir və bu şəklində yazılır. (bə’d) yazmaq istəyirik, həmin hərf ortadadır və bu şəklində yazılır; (cəm’) yazmaq istərkən yenə də həmin hərf bu dəfə sözün sonunda gəldiyi üçün şəklində yazılır. Nəhayət (icma) sözünü yazarkən həmin ayn hərfi ayrıca yazıldığına görə şəklində yazılır.

Beləliklə, əlifbamızdakı 32 samit hərfi dördə vurduqca 128 olur. Doqquz sait hərfi, yə’ni hərəkələri də onlara əlavə etsək, 137 hərf olar. Belə olduqda, bizim mətbəələrin şrift qutularında 137 hərfin hər birindən külli miqdarda şirift olmalıdır ki, öz dilimizdə olan sözləri çap etməyin öhdəsindən gələ bilək. Hələ bundan əlavə, çap işində kəlmələr tərkibindəki hərflərin bitişik olması da xüsusi bir çətinlik törədir.

Bu işin öhdəsindən gəlmək qeyri-mümkündür. Lakin əgər 137 hərf şəkli əvəzinə 42 hərf şəkli olarsa, bu işin asanlığı mə’lumdur. Məhz bu çətinliyin öhdəsindən gəlmək üçün bizə elə bir əlifba ixtira etmək lazım gəlir ki, onun nəticəsində üç məqsədə çatmaq mümkün olsun. Yə’ni, birinci – asan oxunmaq; ikinci – asan yazmaq; üçüncü – asan çap etmək. Ancaq belə olduqda köhnə əlifbanı dəyişdirmək vacib işlərdən sayıla bilər.

Mən İstanbuldan qayıtdığım tarixdə, ikinci uşağımın ölümü üzündən çox kədərli və pərişan idim. Fikrim tamamilə dağınıq idi. Ona görə də islam yazı üsulunun deyişdirilməsinə daha əhəmiyyət verməyib sakit oturmuşdum ki, bu yaxın zamanlarda əziz qardaşım Melkum xandan bir məktub aldım. Mən onunla İstanbulda görüşüb tanış olmuşam və köhnə islam əlifbasını dəyişdirmək işində onun özümlə həmfikir olduğunu görmüşdüm. O, bu məsələ haqqında bir müddət fikirləşmiş, nəhayət, köhnə əlifbanı dəyişdirmək işinə iqdam etmiş və öz yeni əlifbasını Parisdə çap etdirib, tanış olmaq üçün mənə göndərmişdir.

Melkum xanın düşündüyü bitişməz hərflər gözəllik və yaraşıq cəhətdən misilsizdir. Doğrudan çap işini asanlaşdırmaqdan ötrü bu hərflərdən daha gözəl bir şey təsəvvür etmək olmaz. Lakin o, çap işini asanlaşdırmaq üçün hərflərin bitişməzliyini əsas məqsəd hesab edib, iki başqa məqsəddən, yə’ni oxumağın asanlığı və yazmağın asanlığı məsələsindən diqqətini yayındırmışdır. Yə’ni, bir tərəfdən yeni əlifbada da nöqtələri saxlamış, digər cəhətdən hərəkələr üçün yeni şəkillər tətbiq etməmişdir. Üçüncü isə, yazı işində hərflərin mütləq fasiləli yazılmasını üstün tutmuşdur.

Nöqtələrin qaldığı halda yazının yavaş yazılması aydındır. Çünki nöqtələri qoymaq üçün qələm hər dəfə kağızın üzərindən götürülüb təzədən qoyulmalıdır ki, bu da yazının yavaş yazılmasına səbəb olur.

Bütün saitlər samit hərflər sırasına daxil olmadıqda, oxumaq işində ən böyük çətinlik əmələ gəlir. Bəlkə də Melkum xan elə zənn edir ki, bizim köhnə əlifbanın çətinliyi ancaq hərflərin kəlmələr tərkibində bir-birilə bitişməsi üzündəndir və həmin fikirlə də kəlmələrin tərkibində hərflərin aralı və bitişik olmasını asanlaşdırmanın yeganə yolu hesab edir.

Ancaq belə deyildir. Bizim köhnə yazının çətinliyi saitlərin sözlərin tərkibində gizlənməsindədir. Yə’ni saitlərin samit hərflər sırasına daxil olmamasındadır. Məsələn: (nəsr) sözünü alaq. Birinci –

(nəsərə) əgər mə’na e’tibarilə qayib kişinin təklik halında keçmiş zaman fe’lidirsə; ikinci – (nüsirə) əgər məchul fe’ldirsə; üçüncü – (nəsrin) əgər məsdər siğəsində əlif və lamsız fail hesab olunursa; (nəsrün minəllahi – kömək Allahdandır) kimi; dördüncü – (nəsrin) əgər bu siğədə əlif və lamsız müzafün-ileyhdirsə (kəmərirtü bizi nəsrin – bir kömək sahibinin yanına getdim) kimi; beşinci – (nəsrən) əgər əlif və lamsız məsdər siğəsindədirsə, məf’ul hesab olunur (Kəs’əəltü nəsrən minəllahi – Allahdan kömək istədim) kimi. Bundan əlavə, bu şəkildə sözün sonundakı əlifə görə o, mə’lum, qayib, kişi cinsli iki şəxsin keçmiş fe’linin mə’nasını da verir. Altıncı – (nəsrü) əgər məsdər siğəsində izafə edilən faildir. (kəiza caə nəsrüllahi – o zaman ki, Allahın köməyi çatdı) ön qoşma qəbul etmiş kimi; yeddinci – (nəsri) əgər məsdər siğəsində daxildirsə, önlük və tə’yin hərfidir (kəfəztü min nəsrillahi – Allahın köməyilə qalib gəldim) kimi; səkkizinci – (nəsrə) əgər məsdər siğəsindədir

(innə) (həqiqətən) isimdir (kəinnə nəsrəllahi liqəribün – həqiqətdə Allahın köməyi yaxındır) kimi; doqquzuncu –

(nəsr) əgər cəm kəsrəlidirsə, ism-faildir. Onuncu – (nüssər) əgər bu siğədə sad təşdidlidirsə... və i.a.

Bütün ərəb sözləri belədir*.

Bir insan ömrü heç bir göstərici dəlil olmadan bütün bu variantları, yə’ni hərəkələrin hamısını əhatə etmək üçün çatışmaz. İnsanların əksəriyyəti ya hafizələrinin zəifliyi, ya da hövsələlərinin azlığı üzündən onları dərk edib yadda saxlamaq qüdrətinə və taqətinə malik olmur. Buna görə də uşaqlarımızın çoxu oxumaqdan təngə gəlib məktəbdən qaçırlar. E’rab (saitlər) kəlmələrin tərkibində əks edilmədiyindən ömrümüzün ən gözəl illərini, yə’ni cavanlığımızı sərf və nəhvi öyrənib təkmilləşdirmək üçün hədər etməyə məcburuq. Halbuki, bu cüz’i işi altı ay və ya bir ildə başa çatdırmaq olar. Buna görə də, yə’ni cavanlığımızı – ömrümüzün ən gözəl illərini boş yerə tələf etdiyimizdən ali və vacib bilikləri öyrənməkdən acizlik çəkir, onlardan məhrum qalırıq.

Dönə-dönə belə hallar olmuşdur ki, mən istər Qafqazda, istərsə də başqa yerlərdə ən məşhur müsəlman alimlərini imtahan məqsədi ilə ərəbcə kitab oxumağa vadar etmişəm. Onlar nə qədər çalışmışlarsa da, yenə hər səhifədə beş-altı dəfə, bə’zən də on dəfə sözlərin oxunuşunda səhv buraxmışlar. Hələ indiyə qədər elə bir molla görməmişəm ki, şəriət məsələsi olan bu cümləni birinci dəfə oxuya bilsin:

(Qənimət görən hər bir adam cərimə də çəkməlidir). Yə’ni vəfat etmiş bir adamın malından qənimət, yə’ni miras aparan hər bir şəxs, qəramət də verməlidir. Yə’ni ölən adamın borcunu ödəməlidir.

Hətta sərf və nəhv qaydalarını bilmək, necə ki lazımdır, ibarələri düzgün oxumaq üçün kifayət etmir. Buna görə də biz Qur’ani-məcidi düzgün oxumaq üçün hərflərin üstünə və altına fəthə, kəsrə və zəmmə düzməyə məcbur oluruq. Bə’zi ə’yanlar və sərvət sahiblərindən başqa xalqın əksəriyyəti əlifbanın çətinliyi üzündən öz ana dillərində savad almaqdan belə məhrum qalır. Əgər əlifbamız asan olsaydı, sait hərflər samit hərflərin sırasında yazılsaydı, Qur’ani-məcidi oxumaq üçün təkcə bir ay kifayət edərdi. Yə’ni uşaqlar onun bir cüzvünü oxuyub bitirdikdən sonra Qur’ani-məcidi başdan-başa oxuya bilərdilər.

Avropalıların uşaqları iki il oxuduqdan sonra onların istilahında matematika deyilən hesab elmində çətin məsələləri həll edirlər. Lakin bizim uşaqlar bu müddətdə hələ “vəlfəcri” höccələməklə məşğul olurlar. Yazıq qadınlarımız savaddan tamamilə məhrumdurlar. Əgər əlifba asan olsaydı, qadınların əksəriyyəti savadlanardı və bundan sonra öz həmcinslərinə müəllimlik edərdi. Avropa məktəblərinin çoxunda qadınlar qızların tə’lim və tərbiyəsilə məşğul olurlar.

Bizim yazı üsulumuzdakı əsas çətinliyin səbəbi sait hərflərin samit hərflər sırasına daxil olmamasıdır və əsas məqsəd də onların kəlmələrin tərkibində yazılmasıdır. Çap işlərini asanlaşdırmaq üçün hərflərin aralı və bitişməz olması ikinci dərəcəli məqsəddir. Digər cəhətdən isə kəlmələrin tərkibində hərflərin mütləq aralı yazılması da yazı işi üçün böyük eyiblərdən sayılır. Məsələn, biz bunu bilməliyik ki, hər cür xəttin sol tərəfdən sağ tərəfə çəkilməsi onun sağdan-sola çəkilməsindən asandır. Kağız üzərinə səttarə qoyub, cədvəl çəkənlər bu fikrin doğru olduğunu təsdiq edə bilərlər. Buna görə də yazını sağdansola yazan biz müsəlmanlar öz-özümüzü çətinliyə düçar etmişik. Lakin nə etməliyik? Təqsir bizdə deyil, təqsir bizim babalarımızda və ulu babalarımızdadır ki, yazımızı sağdan-sola icad etmişlər. Biz isə özümüzü bu üsulu dəyişmək qüvvəsinə malik bilmirik. Sağdan-sola yazdığımız üçün bizə mütləq lazım gəlir ki, mürəkkəbimiz avropalıların işlətdiyi mürəkkəb kimi, su ki, axıcı olmasın. Buna görə də mürəkkəbimiz qatı və ipək tellərinə suvaşıq olmalıdır. Bunun nəticəsində də məcbur oluruq ki, yazı yazdığımız zaman tez-tez yazıdan əl çəkib məəttəl olaq, ipək tellərini qələmin yarığından təmizləyək. Həm də biz quş lələyi ilə yaza bilmirik, qamış qələm ilə yazırıq ki, onu yonmaq da yazı yazarkən tez-tez təkrar olunur və katibi quş lələyindən xeyli artıq məəttəl edir. Eyni zamanda, biz avropalılar kimi sür’ətlə yaza bilmirik. Yazını yavaş yazmağa məcbur oluruq. Həm də kürsü üzərində oturub, masa üstündə yaza bilmirik; məcburuq ki, yerdə oturub belimizi əyək və yazını dizimiz üzərində yazaq. Əlbəttə, birinci vəziyyətdə oturub yazmağın ikinci vəziyyətdə oturub yazmaqdan rahat olduğu hər kəs üçün aydındır. Belə olduqda əgər biz də avropalılar kimi yazımızı aralı və bitişməz hərflərlə yazsaq, saxlanılan başqa qüsurlarla bərabər, bir səhifə kağızı yazarkən əvvəlkindən iki qat artıq vaxt sərf etməliyik.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets