Page 2 of 3 · 33%

Buradan da mə’lum olur ki, bizim ata-babalarımız hərflərin bitişikliyini gecikməni aradan qaldırmaq üçün tətbiq etmişlər ki, yazı yazarkən qələm dalbadal kağızın üzərindən götürülməsin və görünür ki, məhz buna görə də kufi xəttində nöqtələr yox idi. Əgər hərflərin yazı üsulumuzdan mütləq aralı yazılmasını qəbul etsək, o zaman məcburuq ki, biz də avropalılar kimi, soldan-sağa yazaq. Əgər belə olarsa, bütün çətinliklər aradan qalxar. Əgər belə etsək, Melkum xanın düzəltdiyi əlifba saitləri onların sırasına daxil edib, nöqtələri də atmaq şərti ilə, həm yazı, həm də çap işi üçün son dərəcədə rahat və asan bir vasitə ola bilər və mənim fikrimcə heç kəs bu hərflərdən daha gözəl hərflər düşünə bilməz.

Lakin görünür ki, əlifbanı bu cür dəyişdirmək, yə’ni avropalılar kimi yazını soldan-sağa yazmağı qəbul etmək bizim qüvvəmizdən xaricdir. Odur ki, biz elə bir əlifba yaratmalıyıq ki, onun hərflərindən hər birinin ancaq bircə şəkli olsun ki, bunun nəticəsində də çap işlərimiz asanlaşmış olsun və əgər o müxtəlif şəkillər yazının sür’ətlə yazılması xatirinə əsil tərkibini itirmədən bir-biri ilə bitişsələr və bu bitişmə əlaməti hərfin tərkib hissəsi hesab olunmayıb, sür’ətlə yazmaq vasitəsi olarsa, mətləbə xələl yetirməz.

Belə olduqda çap işləri üçün Melkum xanın yaratmış olduğu hərfləri qəbul edərik, nöqtələri tamamilə onlardan atarıq, həm də bu hərflərin biri-digərindən aydın seçilməməsi qüsurunu da aradan qaldırıb, sait hərfləri bildirmək üçün xüsusi şəkillər (hərflər) yaradıb bu əlifbaya əlavə edərik və bu yol ilə də çap işindəki çətinliklərdən birdəfəlik xilas olarıq. Bundan sonra yazı işlərinə qayıdarıq və yenə də Melkum xanın çap hərflərinə oxşar hərflər düşünüb, bitişmə əlamətləri ilə birlikdə tətbiq edərik ki, yazı yazdığımız zaman samitlər saitlərlə, yə’ni e’rabla bitişə bilsinlər; belə olduqdan sonra
(a, d, z, r, z, j, v)dən ibarət olan yeddi hərf üçün də elə şəkillər düşünməliyik ki, özlərindən sonra gələn hərflərlə bitişib, qovuşmağa qabil olsunlar. Bu yol ilə də yazı işində olan əziyyətdən də xilas ola bilərik və demək, hər üç məqsədimizə, yə’ni oxumağı asanlaşdırmaq, yazmağı asanlaşdırmaq və çap işini asanlaşdırmaq məqsədimizə nail ola bilərik. Əlifbamızın hərflərinin sayı da 41-ə endirilər ki, bunlardan 32-si samit, 9-cu sait hərflər, yə’ni e’rab adlanar. Yazıda yüngüllük məqsədilə təşdidi də saxlasaq, münasib düşər.

Köhnə əlifbamızı dəyişdirmək barədə mən Mirzə Fətəli Axundzadənin dövləti-əliyyeyi-İranın Maarif Nazirliyinə göndərdiyim izahatın surəti bundan ibarətdir.

İndi isə özümün həmin fikrimi böyük Osmanlı dövlətinin vəkalətpənah, şərafət sahibi olan sərkar sədr-ə’zəmi həzrətlərinə ərz edib, xahiş edirəm ki, əvvəla göstəriş versinlər ki, mənim həmin fikrimi Osmanlı Cəmiyyəti-elmiyyəsində müzakirə edib, dəlillər əsasında ya qəbul və ya rədd etsinlər. Sonra isə onu çap etdirib yaysınlar. Əgər bu rə’ylərdən sonra böyük Osmanlı dövlətinin başçıları elm və maarifi yayıb inkişaf etdirmək üçün köhnə islam əlifbasını dəyişdirməyin vacib iş olması barədə həmrə’y olarlarsa, o zaman bir müşavirə çağırıb, Melkum xanın özünü də oraya də’vət edərək, rə’y birliyi ilə Şərq dillərini öyrənmək və yaymaq üçün lazım olan bütün şərtləri əhatə edən yeni bir əlifbanı qəbul etsinlər.

Yeni yazı üsulu üçün tətbiqi lazım gələn bə’zi sərf-nəhv və imla qaydalarına gəlincə, onların hamısı mənim hicri 1280-ci ildə böyük Osmanlı dövlətinin başçılarına təqdim etmiş olduğum birinci kitabçamda izah edilmişdir. Bə’zi məsələləri isə lazım gələrsə, ona əlavə etmək olar. Yenə də təkrar etməyə cəsarət edirəm ki, əgər yeni qayda baş tutarsa, bütün nöqtələrin atılması və bütün e’rabın (saitlərin) hərflər sırasına daxil edilməsi vacib məsələlərdəndir. Bu iki şərt olmadan heç bir yeni dəyişiklik fayda verməyəcəkdir. Sakin nun (n) dan ibarət olan tənvinlər də yazıda və çapda görünməlidir. Yə’ni əgər tənvin rəf ilədirsə, qabağına zəmmə qoyulub, ardı sakin nun (n) gətirilsin; əgər nəsb ilədirsə qabağına fəthə və əgər cərr (önlük) ilədirsə, qabağına kəsrə qoymaq yolu ilə buna nail olmalıdır. Habelə farsca və türkcə bə’zi sözlərin, məsələn: (demiş), (qul), (görmüş) və (yer) dedikdə və bunlara oxşar sözlərin sonunda gələn açıq həmzə əvəzinə (h) olmamalıdır, bəlkə də xüsusi bir şəkil düşünülməlidir ki, sözün istər əvvəlində və axırında, istərsə də ortasında açıq həmzə yerinə həmin şəkil yazılsın.

Əgər yığıncağın iştirakçıları yazı üsulunu dəyişdirmək barədə həmfikir olsalar, o zaman çox asanlıqla bu məsələ barəsində sözdən işə keçmək olar. Məsələn, qərar qəbul etmək ki, hələlik yeni əlifbanı çap edib, ölkənin hər tərəfinə göndərsinlər və çox ucuz bir qiymətlə dövlətin təbəələrindən hər birisinə istəsə də, istəməsə də, ondan birər nüsxə versinlər. Sonra belə bir fərman verilməlidir ki, bütün müəllimlər və məktəbdarlar yeni əlifbanı uşaqlara öyrətsinlər və daha sonra Böyük Pyort kimi məcbur etmək lazım gəlir ki, rəiyyətlərin və əsilzadələrin bütün uşaqları hökmən bu yeni üsulu öyrənsinlər. Böyük Pyort dəxi köhnə rus əlifbasını ruhanilərin narazı olmasına baxmayaraq, dəyişdirmişdi. Ruhanilər yeni əlifba ilə oxuyub yazmaqdan imtina etdikləri zaman Böyük Pyort onlardan əl çəkib buyurdu ki, gedin, köhnə əlifbanı sizə və sizi köhnə əlifbaya tapşırıram. Mən öz yeni üsulumu ölkəmin rəiyyətləri və əsilzadələrinin hümməti ilə həyata tətbiq edəcəyəm. Bu günə qədər belə, rus ruhaniləri kilsələrdə olan kitabları həmin köhnə rus əlifbasında yazır və oxuyurlar ki, onun da çətinliyi və şəkilləri bizim köhnə əlifbanın, demək olar ki, doğma qardaşıdır. Bundan sonra isə böyük Fridrix kimi hökm edələr ki, istər şəhərlərdə və istərsə də kəndlərdə, habelə elat içində heç bir adamın ixtiyarı yoxdur ki, öz uşaqlarını doqquz yaşından 15 yaşına qədər yeni üsulda oxuyub yazmağı öyrənməkdən başqa bir işə və peşəyə qoysun. Hər bir kəndin əhalisini və hər bir köçəri tayfanı məcbur etmək lazımdır ki, öz uşaqlarını oxudub tərbiyə etmək üçün bir nəfər müəllim saxlasınlar.

Böyük Fridrixin qanununa əsasən ölkənin müdafiəçisi və xalqın hamisi olan padşahın öz ölkəsinin təbəələrindən hər bir şəxsin uşağı üzərində həmin uşağın atası qədər ixtiyarı vardır. Buna görə də əgər padşah bu uşağı onun öz xoşbəxtliyi naminə doqquz yaşından on beş yaşına qədər ancaq yazıb oxumağı öyrənməyə məcbur edərsə, aydındır ki, bu cür məcburiyyəti zülm adlandırmaq olmaz. Əksinə, bu, məhəbbət və mehribanlıq əlamətidir ki, bizim istilahımızda ona icbari kömək deyərlər.

Elm və mə’rifət öyrənmək təkcə məişət və güzəranı tə’min üçün lazım deyil, əksinə, insanların əxlaqını saflaşdırmaq, onların işini və rəftarını yaxşılaşdırmaq sahəsində də elm və bilik təcrübədən keçirilmiş əsas vasitələrdəndir. Avropada filosoflar meydana gəlincəyə qədər, Roma papaları xalqın elm və bilik əldə etməsinə mane olurdular. Lakin eyni zamanda, onlar keşişlər və vaizlər vasitəsilə xalqı həmişə xeyirxahlığa, xoşrəftarlığa və təmizəxlaqlı olmağa də’vət edirdilər ki, onların bu təlaşı da heç bir nəticə vermirdi. Şərarət və pozğunluq hər yerdə gündən-günə artırdı. Lakin elə ki, o ölkələrdə çap işləri ixtira olundu və xalqlar filosofların rəhbərliyi ilə papaların itaət boyunduruğunu boyunlarından atdılar, elm və bilikləri öyrənməyə başladılar, nəinki mədəni tərəqqi yoluna düşdülər, həm də Asiyaya nisbətən Avropada pozğunluq və şərarət son dərəcə azalmağa başladı. Biz müsəlmanlar isə, hicrətdən bu günə qədər minbərlərdə, məscidlərdə, camelərdə və məclislərdə ruhanilər vasitəsilə cahilləri xeyir əməllərə və yaxşı əxlaq sahibi olmağa çağırırıq. Bu xüsusda onlara cürbəcür moizələr oxuyub, nəsihətlər veririk. İndi baxaq görək, bizim moizə və nəsihətimiz onların təbiətinə nə kimi tə’sir bağışlamış və bizim 1286 il müddətində çəkdiyimiz zəhmətin nəticəsi nə olmuşdur? Oğrular, quldurlar və qatillər həmişə cahillər içərisindən çıxmış və indi də çıxmaqdadır. Moizə və nəsihət vasitəsilə onların əxlaqını yaxşılaşdırmaq yolunda bizim sə’y və zəhmətimiz hədərə getmiş və nəticəsiz qalmışdır. Beləliklə, sabit olur ki, behişt və’dəsi verib, cəhənnəmdən qorxutmaq yolu ilə verilən nəsihətlər insanları pis əməllərdən çəkindirib, yaxşı əxlaq sahibi etmək üçün kifayətləndirici və tə’sirli vasitə deyildir. Bütün cahillər behişt və cəhənnəm haqqında söhbətləri eşitmişlər və bu söhbətlərə inanırlar; lakin inanmaqla bərabər, pis əməllərdən əl çəkmirlər.

O müsəlmanlar ki, Afrikada azyaşlı oğlan uşaqlarını tutub rəhmsizcəsinə axtalayır və islam ölkələrində satırlar, habelə o şəxslər ki, bu bədbəxt uşaqları baha qiymətə satın alıb və onları bədbəxt edənləri bu çirkin əməl üçün şirnikdirirlər, hamısı dindar, hamısı cənnət və cəhənnəmə inanan adamlardır. İndi sual olunur: əgər onlar elm və bilik sahibi olsaydılar, öz həmcinsləri haqqında bu kimi rəhmsizliyə yol verərdilərmi? Pis və çirkin əməlləri tərk etmək üçün yeganə tə’sirli vasitə elmdir. Bütün dünyada alimlər, ariflər və mütəfəkkirlər içərisindən bir nəfər də olsun oğru, quldur və ya qatil çıxdığını görən və ya eşidən adam tapılarmı? Əlbəttə xeyr! Bunun səbəbi isə tamamilə aydındır. İnsan şəriət kitablarını və filosofların əsərlərini oxumağı bacardıqda, onun ağıl güzgüsü seyqəllənir və həqiqət onda görünür; hər bir yaramaz əməlin çirkinliyi onun gözünün önündə cilvələnir və belə olduğuna görə, bilikli insan ar-namus sahibi olur; pis işlərə qoşulmaqdan utanır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets