Altı aya yaxındır ki, cənabınızdan məktub almamışam və sizə göndərdiyim iki nüsxə məktubum da indiyə qədər cavabsız qalır. Halbuki, onlara cavab yazmalı idiniz. Bilmirəm, mənə qarşı kəmiltifat olmuşsunuz, ya xeyr. Əgər kəmiltifat olmuşsunuzsa, səbəbini bildirin görüm, məndən nə günah baş vermişdir? Hər halda, əgər siz mənə qarşı min dəfə də kəmiltifat olsanız, mən sizə olan səmimiyyətimə və məhəbbətimə zərrə qədər də olsun xələl yetirməyəcəyəm. Çünki mən sizi nəcib xasiyyətli, idraklı, vəfalı dost, məhəbbət və pərəstişə layiq bir insan kimi tanımışam.

Bilirəm ki, işiniz çoxdur. Lakin yenə də xahiş edirəm ki, mənim bu məktubuma qısaca da olsa, bir cavab yazasınız və eyni zamanda keçmişdə göndərdiyim iki məktubun sizə yetişməsi barədə də məlumat verəsiniz. O məktublardan birinin zərfi içərisində Süavi əfəndinin əlifbaya dair əqidəsi barədə yazdığım tənqidi də sizə göndərmişdim.

Yazılası təzə bir əhvalat yox idi. Ancaq bunu bildirirəm ki, 2-3 ay bundan əvvəl Tehrandan Tiflisə Əbdürrəsul xan adlı bir kişi gəlmişdi. O vaxtlar da mən əlifba haqqında Tehrana bəzi yazılar göndərmişdim. Buna görə də onun gəldiyini eşidən kimi görüşünə getdim. İran konsulu Əli xanın evində mənzil etmişdi. Hər tərəfdən söhbət düşdü. Nəhayət, söz mənim əlifba haqqında Tehrana yazıb göndərmiş olduğum məsələlərə gəlib çatdı. Həmin şəxs çox israrla məndən xahiş etdi ki, həmin yazıların surətini sabahısı gecə gətirib, onun üçün oxuyam. Mən onun xahişini qəbul etdim və sabahısı axşam yazıları gətirdim və ona oxumağa başladım. Lakin həmin şəxs, fövrən, qabağına bir şüşə araq qoyub, noğul-məzə də gətirtdirib, dalbadal araq içməklə məşğul oldu. Belə ki, bir-iki dəqiqə ərzində ağlı başından getdi. Mən qəlbən çox incidim, amma incikliyimi üzə vurmadım və o qədər dözdüm ki, konsulun nökərlərindən biri otağa daxil olub dedi ki: “Əbdürrəsul xanı bir nəfər o biri otaqda çağırır”.

Əbdürrəsul xan bu xəbəri eşidən kimi dərhal dik atılıb getdi. Mən bildim ki, onun üçün fahişə gətirmişlər. Halbuki, konsulxana ədalət məhkəməsidir və bir növ müqəddəs yer sayılır. Ona görə də belə bir yerə hər gedib-gələn üçün fahişə gətirmək mənim fikrimcə əcnəbi xalqlar gözündə çox çirkin əməllərdən sayılır.

Hər halda, mən yazıları oxumağı dayandırıb, əsəbi halda oturdum. Bir qədər sonra Əbdürrəsul xan pərişan və şaşqın halda qayıdıb dedi: “Filankəs, yazılarını oxu, qurtar!”

Mən dedim: “Mən yazılarımı ancaq elə bir adama oxuyaram ki, başında ağlı ola, qəlbində aramı. Sizin isə indi içdiyiniz arağın təsirindən nə başınızda ağıl var, nə də fahişənin gəlməsi münasibətilə qəlbinizdə aram”.

Konsul Əli xan dedi: “Filankəs, haqlısınız! Yazıları oxumaq başqa bir asudə vaxta qalsın. Əbdürrəsul xana icazə verin, aycamallı qızın yanına getsin!”

Mən dedim: “Buyursun!..”

Əbdürrəsul xan dərhal qalxıb, tərsa qızının yanına getdi. Bir neçə dəqiqədən sonra onların olduğu otaqdan qalmaqal səsi eşidildi. Məlum oldu ki, “şəni yüksək olan” xan, qızın üstünə qusmuş və onun paltarını bulamışdır. Qız şikayətə başlamış və min cür söyüş və nalayiq sözlərlə onun yanından qaçmışdır. Xanın isə nə özündən xəbəri var, nə də qızdan. Sərxoş və ağlı itmiş halda ölü kimi otağın fərşinə düşüb qalmışdı.

Elə ki mən bu əhvalatı gözümlə gördüm və evə qayıtdım; həmin gecə bu beytləri Əbdürrəsul xanın vəsfində yazdım.


Mənim əzəmətli ağam!

Siz bilirsiniz ki, mən şər-şür adam deyiləm. Lakin əgər bir nəfər hörmətimi saxlamayıb, özünü mənim qarşımda Əbdürrəsul xan kimi ədəbsiz göstərərsə, mən ona nifrət edərəm və haqqında pis danışmaq-dan özümü saxlaya bilmərəm.

Xələc alayının komandiri sərhəng Mahmudağanın qardaşı, Kirman alayının komandiri sərhəng Əliağa da Tehranda bu adamı türkcə həcvə qoymuşdur. Ona görə də, bəzi misralarda Əliağaya xitab olunur. Onun həcvindəki bəzi misraların məzmunu münasibətilə bu misralar göstərilən şərh ilə Təbrizdə və Tehranda əldən-ələ gəzəcəkdir.

Əzəmətli ağam!

Siz mənim polkovnik olmağım münasibətilə hələ mənə təbrik yazmamışsınız. Yazıq Süruş vəfat etmişdir. İndi onun haqqındakı tənqidi Tehrana göndərmək olar. Öz vəziyyətinizdən bir qədər yazın, görüm nə işlə məşğulsunuz. Eşitdiyimə görə, bu sətirləri yazanın əsərini çap edibsiniz. Çox yaxşı işdir və mədəniyyət sahəsində atılan ilk addımdır. Eləcə də məlum olur ki, “Napoleon qanunları”nı farscaya tərcümə edirsiniz.

Vallah, yaltaqlanmadan və riyasızlıqla deyirəm ki, sizin bu işlərinizə ürəkdən sevinir və hümmətinizə ixtiyarsız pərəstiş edirəm. Kaş mən də sizin yarınız qədər işgüzar olaydım. Nə fayda ki, başımda çoxlu coşqun fikirlər varsa da, onları yazmaq işində tənbələm və özüm də öz tənbəlliyimdən şikayətçiyəm. Bəlkə də mənim tənbəlliyimə səbəb öz xalqıma mənsub olanların məni təşviq etməməsidir. Altı aydan çoxdur ki, əlifba haqqında Tehrana elə bir müfəssəl və həkimanə izahat göndərmişəm ki, mənim fikrimcə əgər Afrika və Amerika vəhşilərinə yazsaydım, mütləq təsir edərdi. Lakin bunlar Tehrandakı dövlət başçılarının təbiətinə əsla təsir etmir, bu günə qədər onlar mənə cavab belə verməmişlər. Mən yazıq nə edim? Əlacım bircə ona qalmışdır ki, siz Tehrana gedəsiniz, ya maarif naziri, ya ticarət naziri, ya da tənzimat naziri olasınız ki, bəlkə mənim işlərim bunun sayəsində irəliləməyə başlasın.

Bu günlərdə babilərin toplaşması nəticəsində Tehranda başqa bir qovğa yaranmışdır. Görək, işin sonu nə ilə bitəcəkdir. Gözümün nuru Hüseyn xanın vəziyyətindən yazın görüm nə işdədir və nə ilə məşğuldur?

Mənim Rəşidim beşinci sinfi bitirib, altıncı sinfə keçmişdir. Fransız dili üzrə bu il irəliləməsi aydın görünür.

Adres: Cəlal sahibi, əzəmətli ağam, dövləti-əliyyeyi-İranın Fransadakı səlahiyyətli səfiri Mirzə Yusif xan cənabları mütaliə buyursunlar. Darüssəltəneyi-Parisdə.

Sizə ixlası olan Mirzə Fətəli
1869-cu il, avqust ayı. Qocur yaylağı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci məktub

Hörmətli qardaşım! İqbalınız daimi olsun!Yırtıcı xasiyyətli və vəhşi təbiətli ərəblər* Misir kitabxanasından başqa iranlıların da bütün kitablarını və yazılarını yandırdılar, iranlıların xoşsifət padişahlarının asarını dünyadan silib yox etdilər, onların ədalətli qanunlarını tamamilə Yer üzündən itirdilər. Bunların əvəzində əsirlik qaydalarını, yə’ni despotizm üsulunu və yəhudi dininə oxşayan dinlərini İran ölkəsində sabit və bərqərar etmişlər. Bununla belə biz korlar, axirətdə xudavəndi-aləm bu qaniçənlərin şəfaəti ilə bizə behişt verib sərin su içirdəcəkdir kimi səfeh bir arzu ilə babalarımızın, elm və fənnin bu düşmənlərini özümüz üçün övliya hesab edirik. Əgər axirətdə sərin su varsa, qoy bu qaniçənlər özləri içsin ki, həmişə onun həsrətində olmuşlar. Xudavəndi-aləm onları bu dünyada öz rəhmətinə layiq bilməmişdir. Onların yurdunu cəhənnəm kimi etmişdir. Onların xörəyini kərtənkələ və əqrəblərdən etmişdir, bir içim sərin suyu onlara rəva görməmişdir. Çoxunu “əl’ətəş” deyə-deyə dünyadan aparmışdır. İndi necə ola bilər ki, axirətdə onların şəfaəti ilə bizə sərin su içirdəcəkdir? Bizim bu nadanlığımız üçün heyflər olsun! Ola bilər ki, həmvətənlərimdən bə’ziləri mənim bu cür kəskin yazmağımı caiz görməyib, e’tiraz məqamına gəlib, dünyada məzhəbsiz, e’tiqadsız, imansız yaşamaq çətin olduğunu söyləsinlər. Onların cavabında rəhmətlik Xacənin bu beytini oxumaq istərəm:

6 min
Üçüncü məktub

Mənim kəramətli qardaşım, Allah iqbalınızı baqi etsin.Bu gün, bütün dünyanın xarab olması bu səbəbdəndir ki, Asiya tayfaları tamamilə, Avropa xalqları qismən, dinlərin doğduğu yer olan və buradan dinlərin Avropanı istila etdiyi Asiya qit’əsindən peyğəmbərlərin zühuru sayəsində və peyğəmbərlərdən sonra onların dinlərini rəvaclandırmağa çalışmış və insanların e’tiqadında müqəddəslik və vilayət dərəcəsinə çatmış olan vəsilərinin, imamlarının, naiblərinin və xəlifələrinin moizələri sayəsində üluhiyyət işıqlarının əsərlərindən olub da süfli varlıqlarda yəqinən, ülvi əcramda zahirən ondan yüksək bir varlıq təsəvvür olunmayan bir insan əqlini, özlərinin cürbəcür şəxsi qərəzləri nəticəsində tamamilə şərafət və e’timad dərəcəsində salmışlar, bu günə qədər əbədi həbsdə saxlamışlar. İşlər və xəyalat sahəsində qətiyyən onu istinadgah və dəlil saymamışlar və nəqli daima əqlə tərcih edərək üstün saymışlar.

11 min
[Həkimi-ingilis Yuma cavab]

Miladi 1768 tarixində Yum adlı bir ingilis həkimi Hind və Bombey müsəlman alimlərindən bu fəlsəfi məsələni soruşmuş və onlardan cavab istəmişdir. Lakin bu vaxta qədər islam alimləri tərəfindən bu məsələyə aid qəti, qaneedici bir cavab verilməmişdir.Məsələ budur:

4 min
[Molla Ələkbərlə mübahisə]

Hicrətin 1290-cı ilində polkovnik Mirzə Fətəli Axundzadənin Qafqaz ruhani idarə- sinin üzvlərindən biri olan səlyanlı Axund Molla Ələkbərə göndərdiyi məqalənin surəti.*Bəhai “Ərbəin”də demişdir ki: “Bir çox ixtisaslı və ixtisassız alimlərin rə’ylərinə görə əzabdan qurtarmaq və savab əldə etmək

18734 min

Poems by other poets