Münif əfəndiyə
Əziz qardaşım Münif əfəndi!
İstanbulda olduğum günlərdə sizin və əziz qardaşım Arif bəyin haqqımda göstərdiyiniz məhəbbət və mehribanlıq heç bir vəchlə yadımdan çıxmamışdır və elə bir gün olmur ki, sizin yaxşılığınızdan danışmayım. Lakin təəssüf ki, sonralar məsafənin uzaqlığı məni sizin əziz vücudunuzu görməkdən məhrum etmişdir.
Hazırda İstanbulda yaşayan əziz qardaşım Melkum xan, keçən il islam əlifbasını dəyişdirmək üçün özünün düzəltmiş olduğu hərflərin şəkillərini çap etdirərək, aramızda olan möhkəm dostluğa əsasən rəyimi bilmək üçün mənə göndərmişdi. Odur ki, mən bu yeni şəkillərin üstün cəhətini müşahidə edib, bəzi nöqsanlarını da görərək, bu iki cəhət haqqında ətraflı izahat yazıb həmin şəkillərlə birlikdə İran dövləti nazirlərinin müzakirəsi üçün göndərdim və xahiş etdim ki, bu məsələyə diqqət yetirib, bir tədbir görsünlər ki, köhnə əlifbanı dəyişdirmək yolu ilə Şərq dillərini öyrənmək işində müsəlman balaları çətinlik və məşəqqətdən xilas olsunlar. İndi İran nazirləri mənim həmin izahatımın müqabilində bu cavabı yazmışlar ki, eyni ilə sizə yazıram:
“Ən əlverişli və ən layiqli iş bu olardı ki, Mirzə Fətəli Axundzadə, islam əlifbasını dəyişdirmək barədə öz fikirlərini Osmanlı dövləti başçılarına ərz etmiş olsun. Çünki bu fikrin müzakirəsi əvvəldən o dövlətdə aparılmışdır.
Biz İran millətinin əlifbamızı dəyişdirməyə əsla ehtiyacı yoxdur. Çünki bizim üç cür xəttimiz vardır: nəstəliq, şikəstə və nəsx ki, gözəllik və yaraşıq cəhətdən bütün yer üzündə mövcud olan xətlərin hamısından üstündür. Biz heç bir vəchlə bu xətlərimizi tərk etməyəcəyik, Mirzə Fətəli Axundzadə və ya Melkum xanın yeni xəttini tətbiq etmirik və etməyəcəyik də.
Belə olduqdan sonra mən Mirzə Fətəli Axundzadə lazım bilirəm ki, əlifbanı dəyişdirmək barədə yazdığım həmin ətraflı izahatın surətini Osmanlı dövlət başçılarının xidmətinə ərz edim. Əlbəttə, o məqsədlə yox ki, onu icra etsinlər, bəlkə də göstəriş versinlər ki, bu yeni fikrimizi yenə də Osmanlı Cəmiyyəti-elmiyyəsi müzakirə edib, çap etdirsinlər ki, islam xalqlarının gələcək nəsilləri üçün bir sənəd olaraq qalsın və onlar bilsin ki, biz islam əlifbasını dəyişdirməyin vacibli iş olduğunu anladıq, lakin müasirlərimiz buna razılıq vermədilər və günəşdən aydın olan bu məsələni lüzumunu, qəbuledilməz bir sıra dəlillərlə inkar etdilər və buna görə də min təəssüflə və həsrətlə bu dünyadan getdik. Bəlkə də gələcəkdə bizim mədəniyyət dairəsinə qədəm qoyacaq övladlarımız bu məqsədimizi arzudan əmələ çevirsinlər.
Əziz qardaşım olan siz Münif əfəndidən, dostluq və qardaşlıq naminə, mənim ərizəmi, yuxarıda qeyd etdiyim izahatla bərabər, şərafətli sərkar sədr-əzəmin xidmətinə yetirib, mənim fikirlərimin Osmanlı Cəmiyyəti-elmiyyəsində müzakirə və nəşr edilməsi üçün o cənabdan icazə almağınızı xahiş edirəm.
Bu məsələ haqqında şərafətli sərkar sədr-əzəm tərəfindən veriləcək hər cür tapşırığı Tiflisdəki Osmanlı konsulu vasitəsilə mənə xəbər verməyinizi rica edirəm. Əgər bu məsələ Osmanlı Cəmiyyəti-elmiyyəsində müzakirə və nəşr edilərsə, çapdan çıxdıqdan sonra ondan iki nüsxə mənə göndərin.
Eyni zamanda, nəzərinizə çatdırmağı lazım bilirəm ki, öz şəklimi və habelə üzərində Bəhramın yeddi qəsrinin təsviri çəkilmiş qızıl davatlı və minalanmış bir qələmdanı yadigar olaraq sizə təqdim edirəm. Bundan başqa, şəklimdən beş nüsxə də əlavə göndərirəm. Onlardan birini əziz qardaşım Arif bəyə verib, salamımı ona çatdırın! Birini isə mən orada olduğum zaman Osmanlı Cəmiyyəti-elmiyyəsində iştirak edən gəncə təqdim edin! Mən onun adını unutmuşam. Xatirinizə salıram ki, onunla məni siz tanış etdiniz və dediniz ki, Ərzurum valisinin oğludur. Şəkillərdən üçünü isə əlifba məsələsinin vacib məsələ olduğunu etiraf edən Osmanlı dövlətinin məsul işçilərinə verin!
Bunlardan başqa həmin məktubumla bərabər, sizə Süavi əfəndinin əqidəsinə qarşı yazdığım tənqidi məktubu da göndərirəm. Onu da Osmanlı Elmi cəmiyyətində çap etdirib, yaymağınızı xahiş edirəm ki, elm və savad sahibləri bilsinlər ki, köhnə əlifbanın islahı haqqında Süavi əfəndinin fikir və məsləhətləri ağılsız və mənasızdır!
Əziz qardaşım Münif əfəndi!
Bir də öz xahişimi təkrar edirəm ki, köhnə əlifbanı dəyişdirmək haqqında və yeni əlifbanın tətbiqi işində səyinizi əsirgəməyəsiniz. Bu xüsusda hər gün danışmaq və çalışmaq sizə mümkündür. Yəqin ediniz ki, bundan sonra dünyada yüz il yaşasanız belə, bundan yaxşı bir iş görə bilməyəcəksiniz. Əgər avropalıları bu məsələ ilə tanış etmək məqsədilə İstanbulda çıxan fransızca qəzetlərdən birində əlifbanı dəyişdirmək haqqında məqalə yazılarsa, çox yaxşı olar. Ola bilsin ki, avropalılar bu işdə bizə kömək etsinlər. Hər halda, belə bir işin yaxşı nəticəsi ola bilər.
İstanbuldan yola düşərkən, sizə dilcavabı şikayət etdiyim oradakı düşmənimi cənabınız yaxşı tanıyırsınız. Mən bu məsələdə onun bədxahlığından, fitnə və fəsad törətməyəcəyindən yenə də xatircəm deyiləm.
Bir də cənabınız mənə söz vermişsiniz ki, türkcə çap edilmiş əsərlərimi osmanlı dilinə tərcümə etdirib, nəşr edəcəksiniz. Bu vədiniz hələ də nəticəsiz qalır. Son zamanlarda eşidirəm ki, İstanbulda teatr binası tikilir. Əgər belə olarsa, mənim əsərlərimin o teatrda tamaşaya qoyulması münasib bir iş olar. Bu xüsusda da mənə yazıb bildirməyinizi xahiş edirəm.
Kolonel Mirzə Fətəli Axundzadə
Tiflis, 1870-ci il, yanvar ayı
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-munif-efendiye
Use ← → keys to move, R for a random poem
More by this author
“Zülm” məsdərdir. Onun ismi-faili “zalim” və ismi-məf’ulu “məzlum”dur. Məsdər olan zülmü aradan qaldırmaq üçün iki şey lazımdır: ya zalım zülmdən əl çəkməlidir, ya da məzlum zülmə dözməməlidir. İdrakın təsdiqi ilə zülmü dəf etməkdə bu iki yoldan başqa heç bir yol təsəvvür edilə bilməz....Hazırkı əsrin əvvəllərinə qədər, təxminən on min ilin ərzində bütün peyğəmbərlər, filosoflar və şairlər zülmün aradan qaldırılmasını istəyərək, belə bir əqidədə idilər ki, onu aradan qaldırmaq üçün zalıma moizə oxuyub nəsihət vermək lazımdır. Ona görə də bu uzun müddət ərzində onlardan hər biri öz bildikləri kimi, əqidələrini sözdən işə, əmələ keçirmişlər. Məsələn: peyğəmbərlər zülmü aradan qaldırmaq, zülmdən əl çəkmək müqabilində zalimə behişt və’dəsi vermiş və zülmü davam etdirən zalimləri cəhənnəmlə qorxutmuşlar. Filosoflar zülmü dövlətin zəvalının səbəbi bilərək, dövlətin davamı üçün ədalətli olmağı məsləhət görmüşlər. Bu barədə peyğəmbərlər bir çox kitablar və hədislər, filosoflar isə saysız-hesabsız əsərlər yazmışlar. Şairlər həm Asiyada, həm də Avropada, məsələn, Sə’di kimi, öz əsərlərində zülmü pisləmiş və ədaləti tə’rifləmişlər ki, zalim zülmdən əl çəkib ədalətli olsun. Lakin bir çox təcrübələrin nəticəsində tamamilə aydın olmuşdur ki, bəşəriyyətin ən şərəfli nümayəndələri olan bu adamların əsrlər boyu zülmü aradan qaldırmaq yolunda çəkdikləri zəhmətlər bütünlüklə nəticəsiz və faydasız qalmışdır. Zülm isə dünyada əsla aradan qaldırılmamışdır. Zülmü aradan qaldırmaq üçün moizələr və nəsihətlər zalimin təbiətinə qətiyyən tə’sir göstərməmişdir.
“Kəmalüddövlə məktubları”nın nəşri barədə İsakova yazdığım məktubun surətiMərhəmətli cənab Yakov Alekseyeviç!Sizin yaxşı sifətləriniz haqqında dəfələrlə tə’rif eşitmişəm. Odur ki, mən Peterburqda olan başqa nəşriyyatları nəzərə almadan, qeyd edəcəyim bir məsələ barədə bilavasitə sizə müraciət edirəm. Məndə “Hindistan şahzadəsi Kəmalüddövlənin məktubları” adlı farsca bir əlyazması vardır. Mən onu rus dilinə tərcümə edərək, indi öz tərcüməmi orijinalla bərabər, sizin sərəncamınıza göndərirəm. Bu tərcüməni əvvəldən axıra qədər oxumağı sizdən acizanə xahiş edirəm. Əgər, sizin fikrinizcə, bu kitab rus oxucuları üçün maraqlı görünərsə, o zaman bu kitabı istər orijinal halda, istərsə də onun tərcüməsini, satışdakı müvəffəqiyyətlərinə görə, bir və ya bir neçə dəfə çap etmək ixtiyarını əldə etmək üçün mənimlə hansı şərtlər əsasında saziş bağlamaq istədiyinizi mənə bildirməyinizi xahiş edirəm.
Ərəbcə, farsca və türkcədən ibarət olan islam dillərinin yazısı üçün yeni əlifbaMayor Mirzə Fətəli Axundzadənin əsəri. Min iki yüz yetmiş dördüncü il hicri, səfər ayı*oktyabr, 1857*
Diplomatik dəftərxananın müdiri XvostovaZaqafqaziya ölkəsi baş Komandanlığı diplomatik dəftərxanasının müdiri Xvostova**Praporşik Mirzə Fətəli Axundzadənin yazılı məlumat vərəqəsi 5 aprel 1843-cü il*