Diplomatik dəftərxananın müdiri Xvostova
Zaqafqaziya ölkəsi baş Komandanlığı diplomatik dəftərxanasının müdiri Xvostova
Praporşik Mirzə Fətəli Axundzadənin yazılı məlumat vərəqəsi 5 aprel 1843-cü il
1835-ci ilin əvvəlindən mən Zaqafqaziya ölkəsi Baş idarəsi dəftərxanasının tatar (Azərbaycan – H.M.), türk, fars, ərəb dilləri mütərcimi vəzifəsində olduğum müddətdə bilavasitə mənə aid olan işlərdən əlavə, Qafqaz korpusu qərargahından və başqa yerlərdən, eləcə də Zaqafqaziya ölkəsi Baş idarəsinin diplomatik dəftərxanasından zikr olunan dillərdə göndərilmiş məktubları tərcümə etmişəm. Tərcümə etdiyim bu dəftərxanaların işlərinə aid sənədlər, müxtəlif yazılı aktları istisna etməklə, xarici dövlətlərin yüksək rütbəli məmurları, ələlxüsus Azərbaycan və Ərzurum hakimləri, sərəskərləri və onun tabeliyində olan paşalarla yazışmalardan ibarət olmuşdur. Həm də bu sonuncularla yazışmanı mən yalnız diplomatik dəftərxananın türk dili mütərcimi olmayan vaxtlarda tərcümə etmişəm. Bu dəftərxanaların mənə həvalə etdikləri bütün tərcümə işlərini, üstündən müəyyən zaman keçdiyinə görə, mən xatırlayıb müəyyənləşdirə bilmirəm. Onlardan gözə çarpanları bunlardır:
Mən 1841-ci ildə türk sultanlarının mitropolit tərəfindən verilmiş fərmanlarını, Suriya patriarxının göndərdiyi və bu sonuncunun ərəb dilində olan məktublarını tərcümə etmək üçün bu dəftərxanaya ezam edilmişəm;
Yaxın keçmişdə də İran şahı və onun yüksək rütbəli başçılarına yazılmış məktubları tərcümə etmək üçün oraya ezam edilmişdim. Bu məktublar mənim tərəfimdən tərcümə edilmiş və Abbasqulu ağa Bakıxanov tərəfindən təsdiq edilmişdir;
Bu yaxınlarda da mən türkmən ağsaqqalı Yaxşı Məhəmmədxanın oraya təqdim etdiyi üç fərmanını tərcümə etmişəm.
Keçən il kontr-admiral Putyatinin məiyyəti ilə fars dili mütərcimi sifəti ilə İran şəhəri Astrabada ezam edilmişdim. Orada mən yazılı və şifahi tərcümə sahələrində öz vəzifəmi yerinə yetirdim. Həmin ekspedisiya Xarici İşlər Nazirliyinin göstərişi ilə olduğuna görə, yazışma diplomatik dəftərxana vasitəsilə davam etmiş, ona görə də, demək olar ki, bu təqdirdə bu dəftərxana tərəfindən məzkur kontr-admiralın yanına ezam edilmişəm.
Bu yazılı ərizəni Zaqafqaziya baş idarəsi dəftərxanasının direktoruna verməkdən məqsədim diplomatik dəftərxana xətti ilə mənim zəhmətimə qiymət verilməsidir. Onun da səbəbi bundan ibarətdir: Mən Nuxada doğulmuşam, Tiflisdə evim yoxdur; mənim 7 başdan ibarət ailəm Nuxadadır. Tiflisdə olan məlum bahalığa görə indiki maaşla ailəmi buraya köçürmək və idarə etməyin bu yaxınlıqda mümkün olmadığını nəzərə alıb, 10 dekabr 1839-cu ildə təsdiq olunmuş təlimata görə bir neçə vaxta qədər diplomatik dəftərxana üçün fars və tatar (Azərbaycan – H.M.) dilləri üzrə mütərcim yeri ayırmaq lüzumunu başçılara təklif etməyə haqlı deyildim. Mən kollegiya müşaviri Vasilevskidən xahiş etdim ki, sizə müraciət edib bu mütərcim vəzifəsini onun maaşını verməklə mənə tapşırsınlar. Beləliklə, mən ailəmlə birlikdə təminat əldə etməklə daimi olaraq Tiflisə köçüb əlahəzrət imperatora xidmətimi davam etdirərdim. İndi isə sizə şəxsən bu xahişlə müraciət edirəm: indiyədək sizin nəzərinizi daim cəlb etdiyimə və dəfələrlə – tərcümələrdə mənə arxalanmaq olar – dediyinizə əsaslanaraq bu vəziyyəti əlihəzrət Aleksandr İvanoviçə çatdırıb, diplomatik dəftərxanada fars və tatar (Azərbaycan – H.M.) dilləri mütərcimi vəzifəsinin mənə tapşırılması haqqında təklif irəli sürəsiniz. Rəyasətin mənə belə diqqətli olması müqabilində söz verirəm ki, oranın türkcə mütərcimi olmayan vaxtlarda mən bütün sənədləri tərcümə edəcəyəm.
Praporşik M.F.Axundzadə
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-diplomatik-defterxananin-mudiri-xvostova
Use ← → keys to move, R for a random poem
More by this author
Zivər nə səzadır sənə ey dilbəri-ziba!Binəqs yaratmış səni ol xalqi-yekta!
Yeni əlifba haqqında mənzuməBu daimi olmayan dünyada mənim ömrüm,Həsrət və qüssə ilə başa çatdı.
Molla ƏliMolla Əli, sənə olsun mübarək.Şairliyin “qul uhiyə təbarək”*
Hekayəti-Seyyid Ələm SəlyaniSəlyanda var idi bir Seyyid Ələm,Ələmdən olmuşdu mərdi-möhtərəm.
Poems by other poets
Nə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
Satiya, dur dolanım başına, gəl dövranəSatiya, dur dolanım başına, gəl dövranə,Cami-zərrini götür, bircə dolan məstanə.
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər