Mirzə Yusif xan Müstəşarüddövləyə

Əzəmətli ağam, səadətiniz daimi olsun!

Əziz məktubunuz məhərrəm ayının 2-də yetişdi. Poçtun gecikdiyinin səbəbini bilmirəm. Hər halda, sədr-əzəmlik təsis olunduqdan sonra sizdən başqa tehranlı dostlarımın hamısı məni birdəfəlik unutmuşlar. Mənim aligövhər şahzadəm məni daha yadına salmır və üç məktubuma cavab göndərməmişdir. Mirzə Məhəmməd Cəfər Qərəcədaği artıq komediyaların tərcüməsi barədə susmuşdur. Əli xan məni elə unutmuşdur ki, guya heç tanımırmış. Tiflisə gələn və mənimlə məktublaşmaq vədini verən kaşanlı Mirzə Tağı Təbib bir guşəyə elə sığınmış ki, varlığından heç bir əsər görünmür. Hətta bizim dünyagörmüş qoca dostumuz zərdüştinəsəb Manukci Sahib də vəd etdiyi “Əncümənaraye-huşəng” kitabını göndərməyi bir yana qalsın, özünü elə kənara çəkmişdir ki, sanki nəfəs çəkməyə cürəti yoxdur. O da mənim üç məktubuma cavab yazmamışdır.

Nə isə, əvvəllər vəziyyət başqa cür idi, indi isə başqa cür olmuşdur. Vəziyyət elə qalmadı, belə də qalmayacaq! Bütün dostların susmasını üzürlü hesab edirəm. Sizin işarənizi anlamaq üçün fikirləşmək lazım deyildir. Son dəfə Tiflisə gəldikdə sizə verdiyim şeirləri yəqin ki, oxumuşsunuz:

“Haramzadəyə bel bağlamayın! Zəncini yumaqla ağartmaq olmaz”.

Təbiətlərində yaltaqlıq və alçaqlığın təsiri olan adamlar belə, mənim nəzərimdə yüksək təbiətli və qeyrətli adamlardır. Lakin bizim hərifin təbiətinə yaltaqlıq və alçaqlıq da təsir etmir. Hər kəsdən ki, qorxur, çəkinir, özünü ona xeyirxah göstərir. Alçaq təbiətli, yaramaz, rəzil və qorxaqların xasiyyəti belədir.

Siz nə iş üçün Bakıya gəlmişsiniz? Buradan haraya gedəcəksiniz? Bəs sizin Ədliyyə Nazirliyiniz və Tiflisdə mənimlə Şeyxülislama göstərdiyiniz avropasayağı qanun məcəllənizin aqibəti nə oldu? Ədliyyə naziri vəzifəsini Zəhirüddövləyə vermişlər. Tiflisdə mən Zəhirüddövlədən soruşdum ki, savadınız varmı? Cavabında dedi ki: “Xeyr, savadım yoxdur”. Bəs savadsız adam necə nazir olacaqdır? Bəs sizin həmin nazirlik haqqında Tehran qəzetinin bir neçə nömrəsində dərc etdirib oxuculara sabun köpüyünə oxşayan fikirləriniz haqqında elan etdiyiniz o taraqqa-turuqlu islahat haraya getdi?! Sizin həyata keçirmək istədiyiniz qanunlar bugünkü İranda ona oxşayır ki, bir arabaya bir at, bir ulaq, bir camış və bir öküzdən ibarət müxtəlif yerişli dörd heyvan qoşasan. At surətli gedəndir, ulağın yerişi ortadır, camış ağır gedəndir, öküz isə özünü tərsliyə qoyub, başqalarının da yeriməsinə mane olandır. Belə bir vəziyyətdə, əlbəttə, araba əsla irəli getməyəcəkdir. At öz yoldaşlarına deyəcəkdir ki: “Gəlin qeyrət edin, arabanı çəkək!” Ulaq istər-istəməz buna razı olaraq, alababat hərəkət edəcəkdir. Camış atın sözünü ikrahla dinləyəcək və ağır-ağır hərəkət edəcək, öküz isə nə atın sözünü dinləyəcək, nə də yerindən hərəkət edəcəkdir.

Təfəkkür sahibi olan siz, arabanın irəli getməsini istəyirsiniz. İrandakı liberallar sizin xəyalınızın tərəfdarı olmaqla, mən dediyim at kimidirlər. İranın yerdə qalan camaatı isə ulaq, camış və öküz təbiətindədirlər ki, istər-istəməz sizin fikirlərinizə ya şərik olur və ya onu rədd edirlər. Bütün İran camaatı at təbiətində olmalı, onların hamısı liberal olmalıdır. O zaman sizin arabanız yola düşə bilər.

Bunlar hamısı sizin üçün bir təcrübədir. Siz bilməlisiniz ki, nə qədər ki, “Kəmalüddövlə” çap edilməmiş və bütün əhalinin fikrində kök salmamışdır, nə qədər ki, biri digərindən ayrı yazılan bitişməz hərflərə malik olan əlifba bitişik yazılan hərflərə malik əlifbanın yerini tutmamışdır, nə qədər ki, kəndli, şəhərli və bütün əhali savadlanmamışdır və elm sahibi olmamışdır, sizin zəhmətləriniz hamısı heçə – puça çıxacaqdır.

Avropadan gətirdiyiniz və bütün ayələri və hədisləri öz fikirlərinizin sübutu üçün dəlil hesab etdiyiniz kitab avropalıların fikrinin məhsulu idi. Siz elə bilirsiniz ki, onu əxz etməklə, məqsədə çatmaq olar. Lakin siz bilmirsiniz ki, mənəvi və fikri tərəqqi ölkədəki zahiri və əməli tərəqqidən əvvəl baş tutmayıbdır. İnsan təcrübə sahibi və ağıllıların düzəltdiyi planların sirlərini dərindən öyrənmədikcə, başqalarının təcrübəsini olduğu kimi mənimsəməkdən heç bir nəticə əldə edə bilməz.

Siz görəcəksiniz, bizim hərif axırda haraya çatacaqdır.

Əgər Ruhül-qüds də gəlib öz əlifbasını həyata tətbiq etməzsə, onun bütün səyləri və zəhmətləri nəticəsiz qalacaqdır. Məgər bütün camaat ayələri və hədisləri anlayırlar? Ayələr və hədislər bu işə çarə edə bilərmi? İran camaatı avropalıların fikirlərini qavramaq istedadına malik olmalıdır.

Avropalıların təcrübələri və hünərlərini mənimsəməkdən əvvəl onların xəyalı iranlıların şüurunda özünə yer tapmalıdır.

Deyəcəksiniz ki, Mirzə Fətəli, sənin də fikirlərin həyata keçiriləsi deyildir!

Bəli, hələlik, bu da doğrudur. Lakin mənim fikirlərim heç olmazsa haqdır. Bir zaman gələcəkdir ki, bizim arzularımız mənim xəyalımla həqiqətə çevriləcəkdir.

Sizin bir daha Tiflisə yolunuz düşəcəkdir, ya yox? Mən və Şeyxülislam sizi görmək həsrətindəyik. Ruhül-qüdsün məktubunu sizə elə bir vasitə ilə göndərdim ki, şübhəsiz, çatacaqdır.

Bilmirəm mənə nə kitab göndərmişsiniz. Mən sizdən heç bir kitab almamışam. Əlbəttə, nə vaxt və kimin vasitəsilə göndərdiyinizi yazın! Şeyxülislam sizə çoxlu salam göndərir. Əgər zəhmət olmazsa, özünüzün vəziyyətinizdən, əhvalatınızdan və İranın yeniliklərindən ətraflı bir məktub yazıb göndərin! Əmin olun ki, onun məzmununu məndən və Şeyxülislamdan başqa heç kim bilməyəcəkdir. Biz sizin əhvalatınızı bilməyin təşnəsiyik.

“Tehran” qəzetindən çox şikayətli və rəncidəyəm. Mazəndəran səfəri təəssüratının və Dovşantəpə ov səfərinin əhvalatının nömrədən-nömrəyə keçməsi az qalmışdır ki, bizi Tiflisdən qaçaq salsın. Oğlum Rəşid sizin əlinizi öpür. Gimnaziyanı bitirmiş, hazırda evdə ərəb və fars dillərini öyrənməklə məşğuldur, fransız müəllimi də vardır. İndi fransız dilini çox yaxşı bilir. Qabiliyyətli cavandır. İstedad və əxlaqından qəlbən çox razıyam. Xudavəndi-aləm gözümün işığı Hüseyni və onu öz himayəsində saxlasın ki, bizdən sonra onlar bizim yadigarlarımızdır.

1872-ci il martın 3-də Tiflisdə, sizə ix-
lası olan Mirzə Fətəli tərəfindən yazıldı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

“Həqayiq” qəzeti redaktoruna

1290-cı [1873] ildə Tiflisdən “Həqayiq” qəzeti redaktoruna**Mənim əziz qardaşım, səadətiniz daimi olsun!

7 min
Nikolaiyə

[Müsyö Nikolaiyə]**Mənim əzəmətli və əziz qardaşım! Səadətiniz daimi olsun!

3 min
Qeyd

18 iyun 1873 tarixində Qocurdan Tiflisdəki Osmanlı konsulunun müavini Ömər Səbri bəyə bir məktub göndərib xahiş etmişəm ki, mənim bir məktubumu İstanbulda “Həqayiq” qəzetinin mühərririnə göndərsin. Məktubla bərabər, iki yeni əlifba layihəsi də göndərmişəm ki, onlardan biri latın hərflərindən, digəri isə köhnə islam əlifbası hərflərindən tərtib olunmuşdur. Bundan əlavə, mənim bir məktubumu da Voliç əfəndinin adına, digər bir məktubumu isə Tiflisdəki Fransa konsulu vasitəsilə Paris şəhərində müsyö Nikolainin adına göndərib, həm də öz dostu Səid bəydən və “Həqayiq” qəzetinin mühərririndən xahiş etməsini istəmişəm ki, bu iki layihə barəsində ona cavab yazsınlar. Həmin tarixdə “Kəmalüddövlə” əsərini fransız dilinə tərcümə etmək haqqında Paris şəhərinə müsyö Nikolainın adına məktub göndərmişəm.Yenə də həmin tarixdə Voliç əfəndiyə əlifba haqqında məktub yazıb, xahiş etmişəm ki, mənim məktubumu çap edib, yeni əlifba layihəsini elan etmək barədə “Həqayiq” qəzetinin mühərriri qarşısında İstanbulda vasitəçilik etsin və cavabını mənə göndərsin.

1 min
Mirzə Yusif xana

Sabiq Tiflis konsulu Mirzə Yusif xana Təbrizdə naibül-vəzarə vəzifəsinə təyin olunması münasibətilə yazılmış məktubun surəti**Əzəmətli ağam, səadətiniz daimi olsun!

2 min

Poems by other poets