Paşa xana məktub
Paşa xana yazılmış ikinci məktubun surəti
Mənim əziz ağam, səadətiniz daimi olsun!
Alinəsəb cənabınızın hüsni-niyyəti, insanpərvərliyi, xalqsevərliyi, dövlətxahlığı və vətənpərvərliyi mənə lazımınca məlum olmuşdur. Seçmə insanların ən yüksək keyfiyyətlərindən olan bu sifətlər sizin istedadlı və qabiliyyətli zatınızda alimərtəbəli feyz və ehsan mənbəyi olan mehriban padşah həzrətlərinə yaxın olmağınızın bərəkəti sayəsində vücuda gəlmişdir. Necə ki, səmavi cisimlərdən hər birisi böyük nur mənbəyinə, yəni aləmi işıqlandıran günəşə nə qədər daha yaxındırsa, onun nuru da bir o qədər artıqdır.
Doğrudan da, hazırkı əsrdə bizim, Allah tərəfindən kömək alan bu padşahı, millətin tərbiyəsi və məmləkətin abadlaşdırılması işində günəşə oxşatmağa tam haqqımız vardır. Çünki günəş ona əyal və övlad yerində olan aləmlərin tərbiyəçisidir. Doğrudan da, İranın keçmiş şahlarından hansının zamanında ölkədə Maarif Nazirliyi yaranıb, darülfünun təsis olunmuşdu? Keçmiş padşahların hansının dövründə bizim atalarımız İran ölkəsində mətbəələr, teleqraf və dəmiryolu görmüşdülər? Hansı padşahın zamanında İran dövlətinin yer üzünün sultanlarından hər birinin ölkəsində vəkilləri, vəzirləri və konsulları olub, onun təbəələrinin işlərinə və ehtiyaclarına indiki kimi əncam verirdilər? Nə zaman iranlıların uşaqları müxtəlif elm sahələrində təhsil almaq üçün Avropa ölkələrinə göndərilirdi? Keçmiş hökmdarlardan hansının zamanında ölkənin mərkəzində tam azad bir surətdə qəzetlər çap olunub, dünyanın hər tərəfinə yayılırdı? Bütün bu işlər və əlamətlər onu sübut edir ki, xoştəbiətli padşahın, Allah onun ömrünü uzun eləsin, səadətli dövründə İran ən yüksək tərəqqi dərəcəsinə çatacaqdır. Biz, iranlıların xaricdə yaşayan din qardaşları isə bu fərəhləndirici xəbərləri eşitməkdən vəcdə gəlib, bir-birimizi təbrik edərək, bu duanı tərənnüm edirik:
“İlahi, sən, bu fəqirləri dost tutan şahı –
Ki, xalqın asayişi onun sayəsindədir,
Uzun illər boyu xalqın başı üzərində var elə!
Qəlbini müvəffəqiyyət və biliklə ruhlandır!”
O, əlahəzrətin etimad edib, yaxın tutduğu sizlər, onun qulağı və gözü yerindəsiniz. Çalışmalısınız ki, qərəz əhli hər cür yaxşı əməlləri onun nəzərindən gizlədə bilməsin və hər cür pis əməli onun gözündə yaxşı göstərə bilməsin. Həqiqətdə, onun nurlu hüzurunun həmdəmi olan sizlərin vücudu, tac sahibindən sonra, bizim din qardaşlarımızın səadət və tərəqqisinin mənbəyidir. Məhz bu mənada mən sizin alinəsəb cənabınızdan məhrəmanə və cəsarət üzündən xahiş edirəm ki, köhnə yazı üsulunun dəyişdirilməsi barədə müzakirə aparılacaq məclisdə, əgər bəzi qərəz sahibləri haqqa göz yumaraq, doğruluq və sədaqətin ziddinə rəy söylərlərsə, siz, mətləbi öz etiqadınıza müvafiq olaraq əlahəzrət şahənşahın ayağının torpağına ərz edəsiniz.
Sizə ixlası olan Mirzə Fətəli Axundzadə
1868-ci il, sentyabr ayı
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-pasa-xana-mektub
Use ← → keys to move, R for a random poem
More by this author
ÜÇÜNCÜ MƏCLİSÜçüncü məclis genə haman yerdə Molla İbrahimxəlilin çadırında vaqe olur. Molla
Dördüncü məclisDÖRDÜNCÜ MƏCLİSDördüncü məclis genə haman yerdə vaqe olur. Nuxulular vədə verilmiş otuzuncu gündə sübh çağı uzaqdan görünürlər. Molla İbrahimxəlil tez belinə bir ağ fitə bağlayır, biləklərin çırmayır, mütəarif ev libasında, çit şəbkülah başında, əmmaməsiz çadırın qabağında durub, şagirdi Molla Həmidi çağırır. Molla Həmid qabağına gələndən sonra bu növ ilə ona buyruq verir.
Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhurthumbnailYəni təmsili-güzarişi-əcib ki, keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir.
Birinci məclisBİRİNCİ MƏCLİSƏvvəlinci məclis Qarabağ vilayətində min iki yüz altmış üçüncü ildə yazın əvvəlində, novruz bayramından bir gün keçmiş Təklə-Muğanlının qışlağında vaqe olur. Şərəfnisə xanım ikinci damda ahəstə ağlaya-ağlaya yun darayır, kiçik bacısı Gülçöhrə yanında oynayır.